Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3752/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı, 07 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2987/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı birinci instansiyası məhkəməsində məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsi etibarnamə əsasında anası X2 tərəfindən hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Həmçinin anası da məhkəmə baxışı iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ona göndərilməmiş, qətnamə anası X2 tərəfindən götürülmüş, həmin vaxt anası Maral Xəlilovanın barəsində Füzuli Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi olduğundan o, həm qətnamənin surətini iddiaçıya təqdim edə bilməmiş, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(011)-2987/2021 qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)- 53/2022 nömrəli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-cimaddələri ilə təqsirli bilinərək, CM-nin 178.2.2, 1278.2.4-cü maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4, 312-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Maral Xəlilovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəza çəkməsinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesab edilmişdir. Odur ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(011)- 2987/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin iddiaçıya münasibətdə bərpa edilməsinə dair qərardad qəbul edərək mülki işi apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı, 07 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2987/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, apelyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini iddiaçı xx.xx.2021-ci il tarixdə məktuba imza çəkərək qəbul etmişdir. Beləliklə, aydın olur ki, iddiaçının apellyasiya şikayəti vermək üçün faktiki şəraiti və 1 ildən artıq vaxtı olmuşdur, lakin iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə vaxtında müraciət etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, apelyasiya şikayəti vermiş iddiaçının müddətin bərpası barədə ərizəsində göstərdiyi səbəb apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Odur ki, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2987/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsindən apelyasiya şikayəti geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı, 07 aprel 2023cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin yuxarıda adı çəkilən qətnaməsini xx.xx.2021-ci il tarixdə, eləcə də digər tarixlərdə almamış, qətnaməni iddiaçının anası, yəni iddiaçının nümayəndəsi Maral Xəlilova almış, həmin vaxt Maral Xəlilovanın barəsində Füzuli Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi olduğundan o, həm qətnamənin surətini iddiaçıya təqdim edə bilməmiş, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)-2987/2021 №-li qətnaməsindən apellyasiya şikayəti verməmişdir. X7 Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)-53/2022 nömrəli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4, 312-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Maral Xəlilovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəza çəkməsinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesab edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı, 05 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
14. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
17. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
18. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2987/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi 01 oktyabr 2021-ci il tarixdə İddiaçı ünvan 1 ünvanına göndərilmişdir.
21. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixdə imza edilərək alınmışdır.
22. İddiaçı qeyd edir ki, qətnamə onun özü tərəfindən deyil, anası Maral Xəlilova tərəfindən alınmış, anası barəsində Füzuli Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi olduğundan qətnamənin ona verilməsi mümkün olmamışdır.
23. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının anası barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)-53/2022 nömrəli hökmü ilə cəza təyin edilmiş, cəza çəkməsinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesab edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi – anası tərəfindən alınmış olsa belə onun qətnaməni İddiaçı çatdırma imkanı olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi Maral Xəlilova barəsində Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçildiyi iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-53/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilir. Göründüyü kimi, iddiaçının dəlilləri müddətin bərpası üçün üzrlü hal hesab edilə bilməz.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı, 07 aprel 2023-cü il tarixli tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev