Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3753/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 Sədrəddin qızının iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(008)-986/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 11 may 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 may 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli nizamnaməsinin 4.3-cü bəndindən görünür ki, cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən direktorun təyin edilməsi və geri çağrılması "xxxx" MMCnin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Naxış Farm” MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 28 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin direktoru olmuşdur. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, hal-hazırda aptekdə 63591.73 manat məbləğində mal qalığı mövcuddur. Mövcud malların saxlanılması üçün direktor V. Heydərovaya həvalə edilmiş və akt direktor Cavabdeh1 tərəfində imzalanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının “Allahverdiyev M.A” sərbəst auditorunun xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müstəqil ekspertin Naxış Farm MMC-də aparılmış audit nəticəsində Naxış Farm MMC-də 87258.44 manat məbləğində kənarlaşma olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 Naxış Farm MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir Cavabdeh1 tərəfindən direktor olaraq imzalanmış 20 sentyabr 2023-cü il tarixli 101 nömrəli əmrdən görünür ki, aptek bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh2 ilə Naxış Farm MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh1 tərəfindən direktor olaraq imzalanmış 20 sentyabr 2023-cü il tarixli 102 nömrəli əmrdən görünür ki, aptek bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh1 ilə Naxış Farm MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı 101 və 102 nömrəli əmrlərin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Məşğulluq altsistemində (ƏMAS) Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmrin və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62,6 kv.m.olan qeyri-yaşayış sahəsində xüsusi lisenziya əsasında aptek təsərrüfat subyekti kimi fəaliyyət göstərir. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aptekdə satıçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh1 əmək müqaviləsinə dəyişikliklər edilmiş və o, xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini İddiaçı MMC-nin direktoru kimi davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 və mühasib İ.N.Şipilovanın iştirakı ilə akt tərtib edilərək imzaları ilə təsdiq edilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə aptekdə olan tibbi preparatların faktiki mövcudluğu yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində aptekə 76437,21 manat məbləğində mal daxil olmuş, 12845,38 manat geri qaytarılma olmuşdur. Həmin dövrdə aptekdə 63591,73 manat məbləğində mal qalığının olduğu müəyyən olunmuş və malların saxlanılması direktor Cavabdeh1 həvalə edilmişdir. 2023-cü ilin sentyabr ayında aparılmış daxili araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin qanuni təmsilçisi (direktoru) olmuş Cavabdeh1 və xx.xx.2023-cü il tarixdək İddiaçı MMC-də satıçı vəzifəsində işləmiş Cavabdeh2 qabaqcadan əlbir olaraq və onlara olan etibarından və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus olan aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmişlər. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 tərəfindən İddiaçı MMC-yə məxsus "xxxx" aptekdə malların dövriyyəsi və satışın nəticələrinin auditinə dair xx.xx.2023-cü il tarixli auditor rəyi tərtib edilmiş və həmin rəyə əsasən ümumilikdə 87258,44 manat kənarlaşma müəyyən edilmişdir. Kənarlaşmanın və nöqsanların müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktor Cavabdeh1 üzərində olmuşdur. Həmçinin, aparılan araşdırmaya mane olmaq və birgə törətdikləri cinayət əməllərini ört-basdır etmək məqsədi İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus olan asan imzadan sui-istifadə edərək, aparılan auditin nəticəsini gözləmədən və bu barədə təsisçinin qərarı olmadan özünü və bacısı Cavabdeh2 barəsində 101 və 102 nömrəli əmrlər verməklə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam vermiş və həmin əmrləri Əmək və Məşğulluq altsistemində (ƏMAS) asan imza vasitəsilə yerləşdirmişdir. Halbuki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu iddiaçıya yalnız xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Belə ki, cavabdehlər qeyd olunduğu kimi yoxlamanın nəticəsini gözləmədən özbaşınalıq edərək iş yerlərini tərk etmişlər və cəmiyyətin adına olan asan imzanı və mühasibatlığa aid digər zəruri sənədləri də götürüb aparmışlar. Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 101 və 102 nömrəli əmrlərin məzmunu da ƏM-nin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(008)- 986/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmri və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrinin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin - Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin matriallarına əlavə edilmiş MMC-nin nizamnaməsindən məlum olur ki, MMC-nin direktorunun təyin edilməsi və onu geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi zamanı Cavabdeh1 "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmışdır. Beləliklə məlum olur ki, cavabdeh V.X2 qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından xx.xx.2023-cü il tarixli 102 nömrəli əmr etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin, yəni əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin ərizəsi olunduğu göstərilsə də, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili belə bir ərizənin olmadığını məhkəmənin diqqətinə çatdırmiş, cavabdeh tərəf isə belə bir ərizənin ümumi yığıncağa verilmiş olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübut mülki iş matriallarına əlavə etməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi iddia tələbinin - Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 101 nömrəli əmrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş matriallarına əlavə edilmiş Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, sözügedən əmək müqaviləsinə işçinin ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2ın nümayəndəsi və vəkili sözügedən ərizənin işçi tərəfindən iş yerinə təqdim edildiyi bildirsə də, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili isə belə bir ərizənin mövcud olmadığını bildirmiş, cavabdeh tərəfin isə ərizənin qanunla nəzərdə tutulmuş qaydada iş yerinə təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, mülki işin hallarından görünür ki, sözügedən əmrlərin verilməsi zamanı digər cavabdehin direktoru olduğu MMC-nin fəaliyyətində maliyyə məsələləri ilə bağlı çatışmazlıqlar müəyyən edilmişdir. Cavabdehlər isə yaxın qohum olduğundan və onlar MMC-nin fəaliyyətində yaranmış çatışmazlıqlardan boyun qaçırmaq məqsədi ilə görünüş üçün əqd bağlayaraq əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin mənasından da görünür ki, görünüş üçün bağlanmış əqd əhəmiyyətsiz olduğundan iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 101 nömrəli əmr etibarsız hesab edilməlidir Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmr Cavabdeh1 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam vermə ilə bağlıdır. Həmin əmək müqaviləsi üzrə isə Əmək və Məşğulluq altsistemi (ƏMAS) bildirişlərindən göründüyü kimi Cavabdeh1 direktor vəzifəsindən azad edilməsi ilə deyil, satıcı kimi vəziəsindən azad edilməsi ilə bağlıdır. İş materiallarına iddiaçı tərəfindən (məhkəmə baxışı zamanı) əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli təsisçilərin qərarından görünür ki, Cavabdeh1 heç də iddiada və məhkəmə qətnaməsində qeyd edildiyi kimi özü–özünü MMC-nin direktoru vəzifəsindən azad etməmişdir, direktor kimi təsisçilərin qeyd edilən qərarı ilə azad edilmişdir. İddiaçının iddiasının əsası kimi istinad etdiyi 2 mühüm sənəd bir-birinə ziddiyyətlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya cavabdehlərin 87258 manat məbləğində mənimsəməsinə görə onların Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə azad edilməli idi, belə ki belə azad edilməni iş materiallarına əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli audit rəyinə görə müəyyən edilmişdir. Lakin Cavabdeh1 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi barədə təsisçilərin qərarının tarixi 10 sentyabr 2023-cü il tarixdir. Necə olur ki, kənarlaşmaya dair audit rəyi xx.xx.2023-cü il tarix olduğu halda, kənarlaşma əsası kimi istinad etdikləri təsis qərarı əvvəlki tarix ola bilər. İddiaçı tələbinin hüquqi əsasını cavabdehlər o cümlədən, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus işlədikləri aptekdən 87258,44 manat məbləğində pul vəsaitinin mənimsənilməsi ilə əsaslandırmışdır. Qeyd edilən mənimsəmə Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət əməlidir ki, iddiaçı cavabdehin mənimsəmə ilə bağlı məsuliyyətə cəlb edilməsinə dair hər hansı məhkəmə qərarını təqdim etməmişdir. Ümumiyyətlə bununla bağlı belə qərar mövcud deyil. İddiaçının istinad etdiyi “Allahverdiyev M.A” sərbəst auditorunun xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsi 87258 manat məbləğində kənarlaşmanın Cavabdeh1 tərəfindən mənimsənilməsini mütləq olaraq müəyyən etmir. Bundan başqa, qeyd edilən audit rəyi məhkəmədə tədqiq olunmamış və ziddiyyətlərdən ibarətdir. Məhkəmə tərəfindən ümumiyyətlə mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmrin aid olduğu xxxxxxx000100 nömrəli əmək müqaviləsinin cavabdehin hansı vəzifədə olması ilə bağlı olması ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə iddianı təmin edərkən qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh1 özü-özünü MMC-nin direktor vəzifəsindən çıxarmaq səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Halbuki, mübahisə predmeti olan - xx.xx.2023-cü il tarixli 102 saylı əmr Cavabdeh1 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə ƏM-nin 68.2 maddəsi ilə xitam verilməsi ilə bağlıdır və sözügedən xxxxxxx000100 nömrəli əmək müqaviləsi üzrə Cavabdeh1 ƏMAS sistemində direktor kimi deyil, satıcı kimi qeydə alınmışıdr. Bundan başqa, məhkəmə əsassız olaraq qeyd etmişdir ki, guya cavabdeh - işçi Cavabdeh1 özü-özünü MMC-nin direktoru vəzifəsindən azad etmişdir. Halbuki, iş materiallarına iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin təsis qərarından görünür ki, Cavabdeh1 özü-özünü azad etməmişdir və itəsə də azad edə bilməzdi, belə ki, həmin qərar təsisçilər tərəfindən imzalanmışdır və Cavabdeh1 direktor vəzifəsindən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilsə, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnamə məhz cavabdeh - Cavabdeh1 aid hissədə mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin – Cavabdeh1 aid hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
349. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.
350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Əmək Məcəlləsi:
2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 69-cu maddəsinin 1, 2 və 3-cü bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç)işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildəpozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aptekdə satıcı vəzifəsinə işə qəbul etmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh1 əmək müqaviləsinə dəyişikliklər edilərək onun "xxxx" MMC-də əmək fəaliyyətinin direktor olması qeyd edilmişdir. Əmək müqaviləsinə dəyişikliklər edilməsi Əmək və Məşğulluq altsistemində (ƏMAS)da yerləşdirilməsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. İddiaçı Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 101 və 102 nömrəli əmrlərin məzmunun ƏM-nin 84-cü maddəsinin tələblərinə də uyğun olmaması əsası ilə həmin əmrlərin etibarsızlığını mübahisələndirmişdir. Belə ki, hər iki əmri direktor kimi Cavabdeh1 imzalamaqda səlahiyyəti olmamışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə özünü və bacısı Cavabdeh2 barəsində 101 və 102 nömrəli əmrlər verməklə əmək müqavilələrinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən xitam vermiş və həmin əmrləri Əmək və Məşğulluq altsistemində (ƏMAS) asan imza vasitəsilə yerləşdirmişdir. İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, MMC-nin direktorunun təyin edilməsi və onu geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İşin mübahisəsiz hallarından biri də, Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi zamanı onun, "xxxx" MMC-nin direktoru vəzifəsində işləsə də özünün əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmasıdır. Buna görə də məhkəmə kollegiyası, cavabdeh V.X2 qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından və direktor olduğu halda əmrdə özünü satıcı kimi işdən azad etməsinə dair xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin etibarsız hesab edilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Cavabdeh1 apellyasiya şikayətinin məhkəmə tərəfindən mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmrin aid olduğu xxxxxxx000100 nömrəli əmək müqaviləsi üzrə Cavabdeh1 satıcı kimi qeydə alınmasını, direktor olmadığını araşdırmamasına dair dəlili ilə bağı qeyd edir ki, iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla satıçı vəzifəsinə işə qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə dəyişikliklər edilməsi nəticəsində xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini "xxxx" MMC-nin direktoru kimi davam etdirdiyi üçün o, MMC-də artıq satıcı vəzifəsində işləmədiyinə görə həmin vəzifədən də işdən çıxarıla bilməzdi. Cavabdeh1 özünün satıcı kimi əmək müqaviləsinə xitam verilməsinə dair “102” saylı əmri verərək əmri "xxxx" MMC-nin direktoru kimi imzalaması, onun əmr verilən tarixdə hansı vəzifədə işləməsini təsdiq edir. Bundan başqa MMC-nin nizamnaməsinə əsasən, MMC-nin direktorunun təyin edilməsi və onu geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyi halda Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalaması qanuni sayıla bilməz. Digər tərəfdən xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin, yəni əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin, yəni özünün ərizəsi olduğunu göstərsə də, cavabdeh tərəfindən belə bir ərizəsinin verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində eyni zamanda qeyd etmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi barədə təsisçilərin qərarının tarixi 10 sentyabr 2023-cü il tarixi olması nəzərə alınsa, necə olur ki, kənarlaşmaya dair audit rəyi xx.xx.2023-cü il tarix olduğu halda, kənarlaşma əsası kimi istinad etdikləri təsis qərarı əvvəlki tarix ola bilər?. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlillərinə münasibətdə bildirir ki, hazırki mübahisə predmeti Cavabdeh1 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi barədə təsisçilərin xx.xx.2023-cü il tarixli qərarı deyil, onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrinin etibarsız hesab edilməsi olmuşdur ki, göstərilən əmrin işin qeyd olunan halları ilə etibarsız olması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyəti dövrü üzrə madiyyət vəziyyəti müstəqil auditor tərəfindən cəmiyyətin direktoru kimi onun iştirakı ilə yoxlanılmış, yoxlama zamanı cəmiyyətdə ciddi pozuntular aşkar edilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli audit aktı ilə rəsmiləşdirilmişdir. Cəmiyyətin direktoru Cavabdeh1 yoxlamanın nəticələri ilə razı olmamış və audit aktını imzalamaqdan imtina etməklə yanaşı, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 istər iddiaya etirazın və ya apellyasiya şikayətinin dəlillərin əsaslı olmasına dair istinad etdiyi halların həqiqət olması nəzərə alınsa belə, hər bir halda ortaya sual çıxır ki, əgər Cavabdeh1 MMC-də satıcı olmuşsa, niyə 101 və 102 saylı əmrləri, eləcə də, iddiaçının iddiada istinad etdiyi xx.xx.2022-ci il tarixli aktı nəyə görə məhz direktor kimi imzalamışdır?. Məhkəmə kollegiyası hesab edir ki, 102 saylı əmrin əmək qanunvericiliyinə uyğun verilmədiyi müəyyən edildiyi üçün onun etibarsızlığı üçün kifayət qədər hüquqi əsas olduğundan, eləcə də, cavabdeh V.X2 qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin etibarsız hesab edilməli olması nəticəsinə gələn birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(008)- 986/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov