Məhkəmə qərarları › İş №2(103)-3754/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3754/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3754/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 38 kv.m sahədən ibarət iki otaqlı mənzili 024221 nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının keçmiş əri X6 məxsus olmuşdur. xx.xx.2005-ci ildə iddiaçının əri vəfat etmişdir. xx.xx.2005-ci ildə qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli arayışdan görünür ki, sözügedən mənzildə tək qeydiyyatda olan şəxs İddiaçı olmuşdur. RX seriyalı ******* saylı çıxarışdan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 1 nömrəli mənzilinin İddiaçı məxsus olması görünür. İddiaçı xx.xx.2017-ci ildə DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən alınmış arayışda Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olmasını bilmişdir. Qanunvericiliyə əsasən mənzilə qeydiyyat mülkiyyətçinin razılığı ilə həyata keçirilir. Lakin cavabdeh iddiaçının razılığı olmadan qanunsuz olaraq onun mənzilinə qeydiyyata düşmüş, bu isə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun atası Namaz Hümbətovun ikinci arvadıdır. Mübahisəli mənzil onun valideynləri sağ ikən birgə nikahları dövründə alınmışdır. O, həmin ailənin yegənə övladıdır. O ərə getməsinə baxmayaraq anası vəfat etdikdən sonra da mütəmadi atasının yaşadığı evə gedib gəlmişdir. Atası vəfat etdikdən sonra iddiaçı ilə münasibətləri soyuq olduğundan bir müddətdir ki, ata evinə getmir. Onun hazırki mübahisədən və məhkəmənin icraatında belə bir işin olmasından məlumatı olmamış o, qətnamə barədə işin icra mərhələsində xəbər tutumuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzilə dair bağışlama müqaviləsi bağlanarkən cavabdehin razılığı alınmalı idi. Həmçinin, nümayəndə etiraf etmişdir ki, cavabdeh uzun illərdir ki, ailə quraraq mübahisəli mənzildən çıxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayndəsi və vəkili iddia əriizəsinin məzmununa uyğun izahat vermiş və əlvə olaraq bildirmişdir ki, cavabdeh 1988-ci ildə ailə quraraq mübahisəli mənzildən çıxmışdır. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İV-JQ seriyalı 466376 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 xx xxxxxx 1988-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş ÖM seriyalı 024221 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş ÖM seriyalı 238701 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ-İ seriyalı 166704 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2005-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 2 №-li Forma arayışının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı ev X3 məxsusdur, ailə tərkibi bir nəfərdən ibarətdir, həmin evdə yalnız xx.xx.1988-ci il tarixdən İddiaçı qeydiyyatdadır. İş materiallarında olan RX seriyalı ******* №li xx.xx.2013-cü il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Bilgəh qəsəbəsi Zəfəran sovxozunda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh şəxsiyyət vəsiqəsi almasına əsas verən sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2/36 №-li məktubdan görünür ki, Cavabdeh Bilgəh qəsəbəsi Zəfəran sovxozu ev 28 ünvanında pasport qeydiyyatındadır. Hal-hazırda harada yaşaması barədə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. Apellyasiya baxışı zamanı məhkəməni sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 1 saylı mənzili ilkin olaraq xx.xx.1999-cu il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. 17 saylı DNK-nın 4Ə/1-47 reystr nömrəli xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən Hümbətova (Rüstəmova) Simuzər Qasım qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, cavabdehin Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən 28 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onunun həmin evə istifadə hüququnun qalıb-qalmaması ilə bağlıdır; iddiaçı, onun evdə qeydiyyatda olmasına baxmayaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyü vaxtdan evə istifadə hüququnun itirilmiş hesab olunduğunu irəli sürmüşdür. Kollegiya, cavabdehin qeyd edilən dəlili ilə razılaşmır; belə ki, hamıya bəlli olan haldır ki, ailə quraraq evdən gedən qadın bunu geri qayıtmaq niyyəti ilə etmir və onun əvvəlki yaşayış sahəsində qeydiyyatda qalması, gələcəkdə oraya qayıtmaq istəyi kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və işdəki sübutların məcmusu da cavabdehlərin mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, cavabdehin ailə qurub ərinin evinə köçərkən atasının evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, apelyator artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar