Məhkəmə qərarları › İş №2(103)-3754/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3754/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3754/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)- 4858/2020 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 2035,89 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2065,89 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İB ilə abonent Cavabdeh arasında 28.07.2019-cu il tarixli AKX-0120114/07-2019 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “İddiaçı” İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz stifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. 09.12.2016-cı il tarixli, ******* saylı akta əsasən 312 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 853,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, Cəmi 2313 manat məbləğində “İddiaçı” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərdən əlavə cavabdehin borc məbləğindən əlavə 2017-ci ilin yanvar ayına kimi iddiaçıya 277,11 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2035,89 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(008)- 4858/2020 nömrəli qətnaməsi ilə iddianin qismən təmin edilməsi, Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 210 manat məbləğində zərər, 3 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməə=si, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı “İddiaçı” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4858/2020 saylı iş üzrə 10.11.2020-ci il tarixli qətnaməsininin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı “İddiaçı” İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə “İddiaçı” İB-nın hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (İddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini “qış” və “yay” aylarına təsadüf etməsi durumuna görə hesablamışdır. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə düzgün olan qanunların müddəaları da tədbiq edilməmişdir. İddiaçı qismində “İddiaçı” İB, Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş müvafiq qətnamənin nəticəsi ilə razılaşmır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “İddiaçı” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir, ümumiyyətlə məhkəmə iclaslarında belə iştirak etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, tərəflərindən göstərilənləri nəzərə alacaq apellyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı olan “İddiaçı” İB də buna görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X2»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Lakin iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının 14.03.2011ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdır. Məhkəmə kollegiyası bu hesablamanı qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq edilmiş «xxxx»nin 2.4-cü bəndində Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, «SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi akt deyl. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qnununun 1.0-ci maddəsinə əsasən bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1 normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. Həmin Qanun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsin 1-ci maddəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Odur ki, ARDNŞ dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, son dörd akt üzrə dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır. Son dörd aktın biri yay ayına təsadüf etdiyindən o ay üzrə 30 manat, üçü qış ayına təsadüf etdiyindən o aylar üzrə 60 manatın tutulması ədalətli olardı (1 ay x 30 manta = 30 manat, 3 ay x 60 manata = 180 manat, cəmi 210 manat). Qalıq borcun yaranma mənbəyi göstərilməmişdir. Odur ki, o hissədə də iddiə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın 210 manat hissədə təmin (iddia tələbinin 10 faizi), qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 210 manat məbləğində zərər, 3 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(008)- 4858/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar