Məhkəmə qərarları › İş №2(103)-3755/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3755/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3755/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” barədə tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1892/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehin və azyaşlı uşağının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, məhəllə 2942D, 59 B saylı evin, 156 saylı 2 otaqlı mənzilindən (yeni qaydalarla isə Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 663, M7, m. 6) çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı vəsatət təqdim edərək onun yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, B.Yusifov küçəsi, ev 11, mənzil 9 olduğu üçün mülki işin aidiyyatı üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1892/2022 saylı qərardadı ilə Cavabdeh mülki işin aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Hazırda Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Onun üçün qeydiyyatda olduğu Bakı Şəhəri Nərimanov Rayon məhkəməsində iştirak etmək daha əlverişlidir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Onun da rəsmi qeydiyyatı ünvan 2 ünvanındadır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1892/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının tələbi cavabdehin mənzildən çıxarılması, yəni əmlakın başqasının qanunsuz sahibliyindən geri götürülməsidir. Mübahisə predmeti olan əmlak da ünvan 3 ünvanında yerləşir. Bu hal məhz qanunla başqa qayda nəzərdə tutulan hal olmaqla müstəsna aidiyyət qaydalarına uyğun olaraq mənzilin yerləşdiyi yer üzrə baxılmalı olan tələbdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçı aidiyyət qaydalarına riayət etməklə edərək iddianı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verməklə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh mülki işin aidiyyəti üzrə göndərilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1892/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar