Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3757/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair” 2(003)-338/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Cabbarlı küçəsi, 15 saylı evə köçürülməyi və həmin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X2 və xx.xx.2013-cü il tarixdə X1 adlı uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurandan sonra 2011-ci ilin may ayında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Cabbarlı 15 ünvanında 0,025 ha torpaq sahəsində tikilmiş üçotaqlı evi almışlar və köçüb orada yaşamışlar. Həmin evin mülkiyyət sənədi olmadığından, evin sahibi tərəfindən iddiaçının adına verilmiş etibarnamə ilə alınmışdır. Həmin evin alınmasına 34500 manat məbləğində pul xərcləmişlər. Həmin pulun yarısından çoxunu öz valideyinləri vermişdir. Cavabdehin bütün cehiz əşyaları da həmin evdədir. Uşaqları da həmin evdə doğulmuşdur, birgə yaşadıqları dövrdə iddiaçı heç bir səbəb olmadan mütəmadi olaraq onu söyüb, döyüb, təhqir etmişdir. Onun cavabdehə qarşı dözülməz rəftarı nəticəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının cavabdehi iki uşağı ilə evə buraxmadığına görə verdiyi iddia tələbi əsasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2499/2017 saylı qətnaməsi ilə azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Cabbarlı 15 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Həmin evin alınmasına xərclənən pulun guya iddiaçı tərəfindən verilməsini sübut edə bilməmişdir. Halbuki, qeyd edilən evin əldə olunmasına xərclənmiş pulun yarıdan çoxunun cavabdehin valideyninin verməsi həmin evə köçürülməyə dair iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində evin əvvəlki sahibi Axundov Təhmasib dindirilərkən təsdiq edilmişdir. Həmin fakt qanun qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. İddiaçı mütəmadi cavabdehi söyüb, təhqir edib, döyməsi ilə bağlı dəfələrlə polis orqanına şikayət etmişdir. Onun həmin evə köçürülməsi cavabdehi və uşaqları orada yaşamaqdan məhrum edəcəkdir və onların başqa yaşayış yeri yoxdur. Apelyasiya baxışı zamanı iddiaçının vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Ailə qurarkən onlar Bilgəh qəsəbəsində yaşamış, sonra 2011-ci ilin may ayında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmışlar. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X2 və xx.xx.2013-cü il tarixdə X1 adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahı pozulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2499/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları xx xxxxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 180-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan özbaşına tikiliyə köçərək yaşamasına etiraz etməyə və onun həmin tikilidə yaşamasına mane olmağa subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-338/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3757/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3757/2020
28.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver