Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-376/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mehdizadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2022ci il tarixli qətnaməndən cavabdeh Şirkətin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdeh Şirkətin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Şirkətə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilin yol-nəqliyyat qəzasına uğraması nəticəsində sığorta ödənişi olaraq ona ödənilməlı olan 3.750 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 manat, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün aldığı hüquqi yardıma görə vəkilə ödədiyi xərcin əvəzi olaraq 400 manat, cavabdeh Şirkətin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdeh Şirkətdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Şirkət, sığortaçı kimi iddiaçıya dəymiş real zərərə görə ödəməli olan sığorta ödənişini tam həcmdə ödəməkdən imtina etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə (hazırki iş üzrə tərəf olmayan) Cavabdeh2 adlı şəxs idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş və bununla da, iddiaçıya 1.400 manat məbləğində maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri təsdiq olunmuş Cavabdeh2 sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh Şirkət tərəfindən icbari sığorta edilmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixində (hazırki iş üzrə tərəf olmayan) Cavabdeh1 adlı şəxs idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan **- VE-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş və bununla da, iddiaçıya 4.390 manat məbləğində maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri təsdiq olunmuş Cavabdeh1 sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh Şirkət tərəfindən icbari sığorta edilmişdir. İddia ərizəsinə əlavə edilmiş səlahiyyətli orqanların qərarlarından görünür ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisələrinin törədilməsində iddiaçının təqsiri olmamış, həmin hadisələrin törədilməsində yuxarıda adları qeyd edilmiş Cavabdeh2 və Cavabdeh1 təqsirli bilinmiş, həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilərək cəzalandırılmış, iddiaçının mülkiyyətində olan avtomobil həmin hadisələr zamanı zədələnmiş və iddiaçıya maddi ziyan vurulmuşdur. “Porsche” markalı avtomobillərə texniki xidmət göstərən "xxxx" MMC tərəfindən verilmiş “Qüsur aktlarından” görünür ki, hər iki yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobil istismara yarasız vəziyyətə düşmüş, avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 5.790 manat məbləğində vəsait tələb olunur. Yol-nəqliyyat hadisələrini törətmiş Cavabdeh2 və Cavabdeh1 cavabdeh Şirkət tərəfindən sığortalandığı üçün, iddiaçı, ona vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Şirkətə müraciət etmişdir. Şirkətin mütəxəssisləri iddiaçının avtomobilinə baxış keçirtdikdən sonra qərara gəlmişlər ki, iddiaçıya dəymiş maddi zərər cəmi 750 manat təşkil edir. Buna görə də, Şirkət, qeyd edilən həmin məbləği iddiaçıya ödəmək istəmiş, lakin iddiaçı, həmin məbləğ ilə razı olmadığı üçün ödənişi qəbul etməkdən imtina etmişdir. Bununla da iddiaçı ilə cavabdeh Şirkət arasında mülki mübahisə yaranmış, mübahisə məhkəmədən kənar olaraq həllini tapmamış, bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin məhkəməyə verilməsi üçün 63 manat məbləğində dövlət rüsumu, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün aldığı hüquqi yardıma görə isə vəkillə bağladığı müqaviləyə əsasən 400 manat xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh Şirkətin qanunsuz hərəkəti nəticəsində o mənəvi zərər çəkmişdir ki, həmin zərəri 200 manat məbləğində dəyərləndirir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Şirkətdən 3.750 manat məbləğində maddi ziyanın, hüquqi xidmətə görə 400 manat və 63 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4213 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh Şirkətdən tutulub dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixlərdə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində iddiaçıya məxsus avtomobilə cəmi 3.750 manat məbləğində ziyan dəymişdir. Rayon Məhkəməsi iddia tələbinin “mənəvi zərərə görə 200 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Çünki iddiaçı tərəfindən həmin tələbinin əsaslı olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın 750 manat hissəsində təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdeh Şirkətin nümayəndəsi tərəfindən iş üzrə əlavə sübutların təqdim edilməsinin zərurəti ilə əlaqədar hazırlıq iclasının təxirə salınması ilə bağlı vəsatət verilmiş, lakin vəsatət Rayon Məhkəməsi tərəfindən heç bir əsaslandırma olmadan təmin edilməmiş və müvafiq qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, beləliklə, ekspertə yalnız mülki iş materiallarında olan və iddiaçı tərəfindən verilmiş sənədlər təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 9/1656 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən, ekspertin cavabdeh tərəfindən tərtib olunmuş qüsur aktlarından yalnız birinə istinad etdiyi, lakin zərərin qiymətləndirilməsi zamanı, ümumiyyətlə, cavabdeh Şirkət tərəfindən tərtib olunmuş qüsur aktlarından heç birinin nəzərə alınmadığı məlum olmuşdur. Buna görə də təqdim olunan ekspert rəyinin iş üzrə mötəbər sübut qismində hesab edilə bilməyəcəyi qeyd olunmuş və avtomobilə dəymiş real zərərin müəyyənləşdirilməsi məqsədi ilə Şirkətin təqdim etdiyi qüsur aktları və avtomobilə məxsus foto şəkillər də işə əlavə olunmaqla təkrar ekspertiza keçirilməsi barədə vəsatətlə müraciət edilmiş, iş üzrə təkrar ekspertiza keçirilməsi xahiş olunmuşdur. Lakin vəsatət Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. "xxxx" MMC sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyil və Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil deyil. Bu səbəbdən avtomobilə dəymiş zərəri qiymətləndirməyə həmin MMC-nin ixtiyarı yoxdur, buna görə də işə baxılması zamanı həmin MMC tərəfindən tərtib olunmuş qüsur aktları mötəbər sübut kimi qəbul edilə bilməz, sığorta hadisələri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirilmiş və avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə 300 manat (xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən), xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə 450 manat (xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən) olmaqla, ümumilikdə 750 manat zərər dəydiyi müəyyən edilmişdir. d) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
7. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
8. Cavabdeh Şirkət də iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin məzmunundan həmçinin bəlli olur ki, cavabdeh Şirkət qətnamənin hüquqi xidmətə görə 400 manat və 63 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ondan iddiaçının xeyrinə tutulması barədə hissəsini də mübahisələndirmir. Cavabdeh Şirkətin qətnamədən verdiyi apellyasiya şikayətində ifadə etdiyi tələb ondan ibarətdir ki, maddi zərərin əvəzi olaraq onun tərəfindən iddiaçıya cəmi 750 manat məbləğində pul ödənilməlidir.
9. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Odur ki, qeyd edilən prosessual normanın tələbindən çıxış edən Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və onların verdikləri izahatlar barədə məlumat
11. Cavabdeh Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, apellyasiya icraatı zamanı ekspertiza tərəfindən verilmiş rəy ilə razı deyil, çünki ekspertiza Rayon Məhkəməsinə verdiyi əvvəlki rəyi təkrarlayıb. Buna görə də, o, həmin rəyin nəzərə alınmamasını və apellyasiya şikayətinin təmin edilməsini Məhkəmədən xahiş edir.
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. f) hazırki işdə olan sübutlar barədə məlumat
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AD seriyalı, 754660 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobil iddiaçıya məxsusdur.
14. Bakı Şəhər X3 İdarəsinin Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş TP seriyalı, ******* sayı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, xx.xx.2021-ci il tarixdə **-SY-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Cavabdeh2 həmin avtomobil ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş və bununla da, iddiaçıya maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
15. Bakı Şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş TP seriyalı, ******* sayı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, xx.xx.2021-ci il tarixdə **-BM-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Cavabdeh1 həmin avtomobil ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş və bununla da, iddiaçıya maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qüsur aktından” görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobil zədələnmişdir. Avtomobilin təmiri üçün lazım olan pul vəsaiti 1.400 manat təşkil edir.
17. Həmin MMC tərəfindən eyni tarixdə verilmiş digər “Qüsur aktından” görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobil zədələnmişdir. Avtomobilin təmiri üçün lazım olan pul vəsaiti 4.390 manat təşkil edir.
18. "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qüsur aktından” görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobil zədələnmişdir. Avtomobilin təmiri üçün lazım olan pul vəsaiti 300 manat təşkil edir.
19. "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli digər “Qüsur aktından” görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobil zədələnmişdir. Avtomobilin təmiri üçün lazım olan pul vəsaiti 450 manat təşkil edir. g) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
20. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə (hazırki iş üzrə tərəf olmayan) Cavabdeh2 idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş və bununla da, iddiaçıya maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri təsdiq olunmuş Cavabdeh2 sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh Şirkət tərəfindən icbari sığorta edilmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixində (hazırki iş üzrə tərəf olmayan) Cavabdeh1 idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş və bununla da, iddiaçıya maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri təsdiq olunmuş Cavabdeh1 sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh Şirkət tərəfindən icbari sığorta edilmişdir.
21. İşin yuxarıda qeyd edilən halları iş üzrə tərəflər arasında mübahisə doğurmur.
22. İş üzrə tərəflər arasında mübahisə doğuran hal yuxarıda qeyd edilən yolnəqliyyat hadisələri nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğidir. Belə ki, iddiaçı tələb edir ki, ona dəymiş maddi zərərin əvəzi olaraq cavabdeh Şirkətdən onun xeyrinə 3.750 manat məbləğində pul tutulsun, cavabdeh Şirkət isə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün ondan iddiaçının xeyrinə 750 manat məbləğində pul tutulmalıdır.
23. Rayon Məhkəməsi iş üzrə tərəflər arasında mübahisə doğuran bu məsələyə aydınlıq gətirilməsi və iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
24. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 9/1656 №-li rəydən görünür ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin həcmini 3.750 manat təşkil edir.
25. İşə baxmış Rayon Məhkəməsi də, həmin rəyə əsaslanaraq qət etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Şirkətdən iddiaçının xeyrinə 3.750 manat məbləğində pul tutulmalıdır.
26. Yuxarıda artıq qeyd edildiyi kimi, apellyasiya şikayətində cavabdeh Şirkət həmin nəticə və nəticənin əsasını təşkil edən ekspert rəyi ilə razı olmadığını bildirmişdir.
27. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını nəzərə alaraq əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli, 9/8521 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Porsche Cayenne” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.750 manat müəyyən edilir.
29. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf ekspert rəyi ilə razılaşmasa da ekspert rəyini şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-ni 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməklə səhvə yol verməmişdir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1.). Qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd-sığorta şəhadətnaməsi verməlidir (maddə 901.1.). Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüflilik əlamətlərinə malik olmalıdır (maddə 922.). Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir 9maddə 925.1.). Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir (maddə 925.5.).
32. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
33. Məhkəmə qeyd edir ki, cavabdeh Şirkət (hazırki iş üzrə tərəf olmayan) Cavabdeh2 və Cavabdeh1 ilə bağladığı “Sığorta müqavilələri” üzrə üzərinə öhdəlik götürmüşdür ki, o, həmin şəxslərin tərədə biləcəkləri yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxslərə vurula biləcək zərərin əvəzini ödəyəcək. Belə olan halda hesab edilməlidir ki, bu halı nəzərə almış Rayon Məhkəməsi hazırki apellyasiya baxışının predmeti olan nəticəyə gəlməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
34. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Şirkət tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
38. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Şirkət tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.