Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3761/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(001)-7/2025 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 22 may 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə qanuni sahibliyində olan torpaq sahəsinə Cavabdeh MMC tərəfindən özbaşına və qanunsuz müdaxiləyə son verilərək ərazidən çıxarılması və qanunsuz müdaxilə nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə bələdiyyəsinin 13 mart 2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən və uzun müddət bağ- bostan kimi istifadədə olan 1200 kv.m torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə satın almışdır. Həmin torpaq sahəsinə dair onunla Cavabdeh MMC arasında 10 iyun 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarə müddəti 10 iyun 2026-cı il tarixədək və icarə haqqı 100 manat müəyyən edilmişdir. Cavabdeh icarə haqqını ödəmədiyindən o, 24 iyul 2018-ci il tarixdə müqaviləni birtərəfli qaydada ləğv etmiş, bu barədə bildiriş göndərmişdir. İcarə müqaviləsinə xitam verildikdən 2 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh MMC heç bir hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binasının tikintisi üçün icazə almış, hətta onun heç bir məlumatı olmadan 14 may 2020-ci il tarixdə tikinti işlərinə başlamışdır.
3. Cavabdeh MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonunun M.Ə.X1 Elşad Balay oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında 08/03 saylı, xx.xx.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edildiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)-3222/2020 nömrəli qərardadına əsasən iş üzrə icraat dayandırılmışdır.
4. Həmin inzibati iş üzrə yekun məhkəmə aktına əsasən iddia təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(001)-13/2024 nömrəli qərardadına əsasən iş üzrə icraat təzələnmişdir.
5. Bundan sonra iş üzrə ekspert (mütəxəssis) rəyinin alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(001)-7/2025 nömrəli qərardadına əsasən iş üzrə icraat yenidən dayandırılmışdır.
6. Mütəxəəssis rəyi alındıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(001)-7/2025 nömrəli qərardadına əsasən iş üzrə icraat təzələnmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(001)- 7/2025 nömrəli qərardadına iş üzrə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh MMC) “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 255/2022 saylı 27 may 2022-ci il tarixli qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
8. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 255/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs Cavabdeh MMC) qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-255/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-256/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş (hakim Pərviz Hüseynov) və hazırda həmin qətnamə qanuni qüvvəsini almamışdır. Hazırki mülki iş üzrə iddia tələbi torpaq sahəsinin boşaldılması ilə bağlı olduğundan və həmin torpaq sahəsi üzərində tikintiyə icazə verilməsi Bakı İnzibati Məhkəməsində mübahisələndirildiyindən, həmin iş üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-255/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı hələ qanuni qüvvəyə minmədiyindən hazırki mülki işə baxmaq mümkün deyil. Odur ki, hazırki iş üzrə icraat MPM-nin 254.1.4-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 255/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minənədək dayandırılmalıdır.
9. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı davam edən inzibati mübahisə bu iddia üzrə icraatı dayandırmaya əsas ola bilməz. Çünki iddiaçıya 0,12 ha torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 saylı qərarı ləğv və yaxud da etibarsız hesab edilməyib və hazırda da qüvvədəddir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli Cavabdeh MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə 53 saylı Sərəncamı və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədi fiziki və hüquqi şəxslərin inzibati orqanların inzibati praktikasına etimadına zidd qəbul edilib “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 11.2-ci maddəsinə əsasən isə inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.5-ci maddəsinə əsasən isə, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də, qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Hər iki inzibati orqanın M.Ə.Rəsulzadə Bələdiyyəsinin qanuni qüvvəsində olan sərəncamını ləğv etmədən iddiaçının mülkiyyətinə verdiyi torpaq sahəsinə dair digər şəxsin (Cavabdeh MMC-nin) xeyrinə sərəncam verməsi etimadın qorunması doktrinasına zidd olub. Yəni, Cavabdeh MMC-nin həmin torpaq sahəsinə daxil olması və orada tikinti işləri aparması istənilə halda qanunsuz olub. Bu isə o deməkdir ki, o, iddiaçıya vurduğu maddi zərərə görə kompensasiya ödəməlidir. Başqa sözlə desək, qərardadda Mülki Prosessual Məcəllənin 254.1.4-ci maddəsinə idtinad qanunsuz və əassızdır, inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir işin həll edilməsinin bu mülki mübahisəyə hər hansı aidiyyatı yoxdur. Belə olan halda, sözügedən qərardad qanunsuz hesab edilməlidir. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli 2(001)- 7/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, şikayət təmin olunaraq qərardad ləğv edilməlidir.
14. İlk növbədə onu qeyd etmək lazımdır ki, tikintiyə icazənin ləğv edilməsi barədə iddia hazırkı iş üzrə İddiaçı tərəfindən qaldırılmışdır. Hazırkı iddianın mahiyyətini isə iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə Cavabdeh MMC tərəfindən özbaşına və qanunsuz müdaxiləyə son verilərək ərazidən çıxarılması və qanunsuz müdaxilə nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi təşkil edir.
15. Cavabdeh MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonunun M.Ə.X1 Elşad Balay oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında 08/03 saylı, xx.xx.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)-3222/2020 nömrəli qərardadına əsasən iş üzrə icraat dayandırılmış, bu iddia təmin olunmamış, iş üzrə yekun qərar qanuni qüvvəyə minmiş və 4 il sonra iş üzrə icraat təzələnmişdir. Həmin qərara əsasən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olduğu təsdiqini tapmışdır.
16. İşə baxan birinci instansiya məhkəməsində artıq həmin torpaq sahəsində əsasıl tikintilərin aparıldığı müəyyən olunmuş, buna görə də dəymiş zərərin müəyən olunması məqsədilə mütəxəssis rəyi alınmış və rəy alınana qədər də iş üzrə icraat dayandırılmışdır. Qeyd olunan xüsusatlar təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə aktının qəbul olunmaması hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz.
17. Bundan başqa bir halı da nəzərə almaq lazımdır ki, iddia ərizəsinin verilməsindən 5 ildən çox müddət keçmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar.
18. Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Avropa Məhkəməsi bir sıra qərarlarında ağlabatan müddətin qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının vacibliyini bildirmişdir: işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət hakimiyyəti orqanlarının hərəkətləri və ərizəçi üçün riskin dərəcəsi. Məhkəmə instansiyalarında hər hansı bir işə yenidən baxılmasının müddətləri ağlabatan müddət anlayışı çərçivəsində olmaqla yanaşı, hər bir halda müvafiq məhkəmə icraatı üçün prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlərdən artıq olmamalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraatın yenidən dayandırılması məhkəmə araşdırmasının müddətinin həddən artıq uzadılması ilə nəticələnir ki, bu da ağlabatan müddət tələbinə cavab vermir.
20. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş materialları müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(001)- 7/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(001)- 7/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.