Məhkəmə qərarları › İş №2(103)-3764/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3764/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3764/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-395/2024 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən əskik verilmiş 5,1 kv.m mənzil sahəsinə görə 12.750 manat pul məbləğinin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-395/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-395/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçılar qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-395/2024 saylı qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətləri nəzərdən keçirib, belə qənaətə gəlir ki, şikayətlər qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) riayət edilmədən tərtib edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Bu sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməməsi onun qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formaya və qaydaya uyğun olaraq tərtib edilmədiyindən iddiaçıların şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 361-ci, 363-cü, 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-395/2024 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar