Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3764/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi Dermentli Oksananın, Cavabdeh1 nümayəndəsi-vəkili Rəfiyeva Aygül İlham qızının, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-311/2025 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokola görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Hazırda iddiaçı cavabdehlərin binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etdiklərini bildirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixədək borcları yaranmış cavabdehlər Cavabdeh1-binanın saxlanması xərclərinə görə 542 manat, X1-binanın saxlanması xərclərinə görə 705,6 manat, Cavabdeh2-binanın saxlanması xərclərinə görə 913,7 manat, həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 48 manat, korrespendensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMCyə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, binanın saxlanması xərcləri, o, cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi: liftlərə xidmət göstərilməsi, saz, vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMMC tərəfindən həyata keçirilir. MMMC-nin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin xx.xx.2024-cü il tarixə borcları yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Daha sonra iddia tələbinə dəqiqləşmə təqdim edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixədək borcları yaranmış cavabdehlər Cavabdeh1binanın saxlanması xərclərinə görə 766,7 manat, Cavabdeh2-binanın saxlanması xərclərinə görə 1191,6 manat, həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 48 manat, korrespondensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 311/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 766,7 manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 48 manatın 13,8 manatı tutularaq İddiaçı MMMC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokola görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdehlər MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə iddianın Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5591/2023 nömrəli qətnaməsindən göründüyü kimi Cavabdeh2 mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edildiyindən preyudusiallıq baxımından iddia bu hissədə rədd edilməlidir. Həmçinin qeyd olunmuşdur ki, "xxxx" MMC Cavabdeh2 tələb hüququnu İddiaçı MMMC-yə ötürmüşdür. Məhkəmə iddianın “500 manat hüquqi xidmət haqqı xərci və korrespendensiya xərcləri 50 manat” hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəf həmin xərclər barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və Cavabdeh1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(005)-311/2025 saylı qətnaməsi ilə İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Alahverdiyev Səhrab, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Birinci instansiyada da qeyd olunduğu kimi İddiaçı MMMC-nin adı əvvələr "xxxx" MMC olmuşdur. Belə ki, İddiaçı MMMC yaranan zaman "xxxx" MMC bütün tələb hüquqlarını İddiaçı MMMC-yə ötümüşdür. Eyni zamanda İddiaçı MMMC-də "xxxx" MMC-nin borclarını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Belə ki, məhkəmə iddianı qismən təmin etməsinin səbəbi kimi göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5591/2023 saylı qətnaməsi ilə Cavabdeh2 mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5591/2023 saylı qətnaməsinin 28-ci bəndində qeyd olunmuşdur: “İş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun kserosurətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat borcu var”. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5591/2023 saylı qətnaməsinin 100-cü bəndinə əsasən isə “Cavabdeh2 iddia verilən tarixə, yəni xx.xx.2022-ci il tarixədək kommunal xidmət haqqı və avtomobil dayanacağına görə borcu 1352,6 manat müəyyən olunmuşdur”. Burdan da göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsi Cavabdeh2 xx.xx.2022-ci il tarixədək yaranan mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsini qət etmişdir. Hazırda İddiaçı MMMC-nin Cavabdeh2 qarşı iddiası isə xx.xx.2022-ci il tarixdən sonra yaranan mənzil-kommunal xidmətləri borcu ilə bağlıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-311/2025 saylı qətnaməsi əsassızdır və məhkəmə düzgün qərar qəbul etməmişdir. Buna görə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-311/2025 saylı qətnaməsi ləğv edilərək iddia tam məbləğdə təmin edilməlidir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, bina üçün göstərilən iddia edilmiş xidmətlər ya tam göstərilməyib, ya da keyfiyyətsiz olub. Bu səbəbdən, tələb olunan məbləğin ödənilməsi hüquqi baxımdan əsassızdır. Mənzil Məcəlləsinin 140.3-cü maddəsinə görə, ümumi yığıncaq tərəfindən qəbul edilən ödənişlər məcburi xarakter daşıya bilər. Lakin bu ümumi yığıncaqda iştirak etməmiş və qəbul edilən qərarla bağlı əvvəlcədən məlumatlandırılmamışdır. Hazırda iddiaçı ilə hər hansı bir müqavilə bağlamamış və məcburi ödənişləri qəbul etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, mənzil sahibləri yalnız öz mülkiyyət hüquqlarına mütənasib olaraq ümumi bina xərclərinin ödənilməsində iştirak etməyə borcludurlar. Lakin bu işdə məhkəmə konkret hansı xidmətlərin onun mənzilinə aid olduğunu və bu xidmətlərdən istifadə edib-etmədiyini araşdırmadan qərar qəbul etmişdir. Bundan başqa ondan tələb edilən borc əmlakının sahəsinə mütanasib deyildir. Çıxarışla müəyyən edilmiş kvadtratdan artıq hesablanılır. Qətnamədə göstərildiyi kimi, binanın ümumi xərcləri mənzil sahiblərinin ümumi yığıncağında qəbul edilən qərarla müəyyən edilib. Lakin həmin yığıncaqda onun iştirakı olmamış və razılığı alınmamışdır. Lakin bu qərardan əvvəlcədən xəbəri olmamışdır və ona razılıq verməmişdir. Mənzilkommunal xidmətlərinin tam və keyfiyyətli şəkildə göstərilmədiyi halları dəfələrlə bildirmişdir. Xüsusilə, liftlərin təmirinin yarımçıq qalması, blokların işıqlandırılması ilə bağlı problemlər və həyət təmizliyində ciddi çatışmazlıqlar mövcuddur. Xidmətlər tam şəkildə göstərilmədiyinə görə, onların ödənişinin tam şəkildə tələb olunması əsassızdır. Eyni zamanda məhkəmə borcun məbləğini dəqiq araşdırmadan və İddiaçı MMMC-nin təqdim etdiyi sənədlərin düzgünlüyünü yoxlamadan qətnamə çıxarmışdır. Bu səbəbdən, xidmətlərin tam göstərilmədiyi halda ödənişin məcburi tələb edilməsi Mülki Məcəllənin 385-ci maddəsinə əsasən müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi kimi qiymətləndirilməlidir və hüquqi əsası yoxdur. İddiaçı tərəfindən borcun məbləği və ödənişlərin əsaslandırılması sübut edilməli idi. Məhkəmə bu sübutların təqdim edilibedilmədiyini dəqiq araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra-çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.- 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43, 45-ci maddələrinə əsasən, Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra-ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - Cavabdeh2 binanın saxlanması xərclərinə görə 1191,6 manat pulun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a, 32 saylı mənzil olan İddiaçı MMMC X2 adına xx.xx.2022-ci il tarixdə 1122-MM9-0256 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı MMMC-nin xx.xx.2019-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədi ilə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay ona ödəməlidir. Borc ilə bağlı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci tarixədək ümumi borcu 1191,6 manat, Cavabdeh1 xx.xx.2025-ci il tarixə ümumi borcu 766,7 təşkil edir. İddiaçı MMMC-nin nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103) 5591/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında razılaşmadan görünür ki, "xxxx" MMC tələb hüququnu "xxxx" MMMC-yə ötürmüşdür. Məhkəmə Kollegiyası ilk olaraq Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf həmin MMMC-nin iştirakçısı olmamasına dair hallara istinad etsə də, sözügedən yaşayış binasının idarə edilməsinin iddiaçı tərəfindən həyata keçirilməsinin cavabdeh tərəfindən etiraf edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış olmasa belə, MMMC tərəfindən kommunal ödənişlərin ödənilməsinin tələb edilməsi, xəbərdarlıq məktublarının göndərilməsi və s. həmçinin idarəçiliyin faktiki olaraq iddiaçı tərəfindən həyata keçirilən binada cavabdehin də mənzilinin olması yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından iddiaçının ondan kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, cavabdehin bu xidmətlərlə bağlı ödənişləri etməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “R.Məhərrəmovanın şikayəti üzrə” 22 sentyabr 2020-ci il tarixli qərarında izah etmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanılması və təmir üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh ilə kommunal xidmətlə bağlı müqavilə bağlanmadığından, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı mövcud olduğu halda onun bu qərar əsasında belə öhdəlik daşıyıcısı olmasına məhkəmə düzgün qiymət vermişdir. Göründüyü kimi iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, mənzil qanunvericiliyinin imperativ göstərişinə əsasən müvafiq müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırda tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da, cavabdeh iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır. Tutulmalı olan vəsaitin məbləğinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixə ümumi borcu 766,7 təşkil etmişdir və həmin məbləğin müəyyən edilməsi adi riyazi üsulla hesablanmaqla bunun üçün xüsusi bilik tələb edilmir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 766,7 manat məbləğində borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bununla belə Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən - Cavabdeh2 mənzil-kommunal xidmətlərinə görə pulun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissəsində qeyd etmişdir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5591/2023 nömrəli qətnaməsindən göründüyü kimi Cavabdeh2 mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edildiyindən preyudusiallıq baxımından iddia bu hissədə rədd edilməlidir. Həmçinin qeyd olunur ki, "xxxx" MMC Cavabdeh2 tələb hüququnu İddiaçı MMMC-yə ötürmüşdür. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5591/2023 nömrəli qətnaməsinə istinad etməklə iddia tələbini Cavabdeh2 münasibətdə səhv nəticəyə gəlmiş, həmin qətnamə ilə müəyyən edilmiş halları hazırki işin faktiki halları baxımından düzgün qiymətləndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5591/2023 saylı qətnaməsindən görünür ki, iş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat borcu var. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 məhz xx.xx.2022-ci il tarixədək yaranan mənzil-kommunal xidmətlərinə görə 1352,6 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsini qət etmişdir. Hazırda İddiaçı MMMC-nin Cavabdeh2 qarşı iddiası isə xx.xx.2022-ci il tarixdən sonra yaranan mənzil-kommunal xidmətləri borcu ilə bağlıdır. Belə ki, borc ilə bağlı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci tarixədək ümumi borcu 1191,6 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməyərək iddia tələbini Cavabdeh2 aid hissədə təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsaslı olmaqla təmin edilməlidir. Digər tərəfdən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “500 manat hüquqi xidmət haqqı xərci və korrespendensiya xərcləri 50 manat” hissəsində düzgün olaraq təmin etməmişdir. Belə ki, şikayətdə ididanın tam təmin edilməsi xahiş olunsa da iddiaçı “500 manat hüquqi xidmət haqqı” və “50 manat korrespondensiya xərcləri” ilə bağlı xərclərin çəkildiyini təsdiqləyən sənədləri (məsələn, müqavilə, qəbz, bank çıxarışı və s.) təqdim etməmişdir ki, bu da xərclərin mövcudluğu və məbləği sübuta yetirilməmiş sayılır. Bununla da birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının sübut təqdim etməməsi səbəbindən iddianı bu hissədə rədd etməklə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun qərar qəbul edib. Bu, həm prosessual ədalət prinsipinə, həm də sübutların qiymətləndirilməsi qaydalarına tam uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh2 binanın saxlanması xərclərinə görə 1191,6 manat pulun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 311/2025 saylı qətnaməsi iddia tələbini təmin edilməyən - binanın saxlanması xərclərinə görə Cavabdeh2 1191,6 manat borcun tutulmasının rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh2 1191,6 (min yüz doxsan bir manat, altımış qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMMC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov