Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3767/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Yusifov Ülvi Rövşən oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 1754/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının oğlu Vüqar Manafovla xx xxxx 2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuş, lakin nikahları Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, həmin mənzildən istifadə etmir, orada yaşamır. Onun qeydiyyatda qalması iddiaçının mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-1754/2019 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli mənzilə gəlin köçməsi, həmin vaxtı mənzilin mülkiyyətdə olmaması, bu səbəbdən də istifadə hüquqlarının yaranması, nikahlarının pozulması, qarşılıqlı razılıq əsasında uşaqlardan birinin həyat yoldaşının, birinin isə onun yanında qalması, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən alə münasibətlərinə xitam verildiyi halda istifadə hüququ saxlanılmasa da, onun madd vəziyyəti nəzərə alınmaqla istifadə hüququnun saxlanılmalı olması, istifadə hüququna yalnız kompensasiya ödənilməeklə xitam verilməli olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili)apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,cavabdehin iddiaçının oğlu ilə ailə münasibətləri pozulduğundan o,təqribən 2il olar ki,mənzildən çıxmış və hazırda kirayədə yaşayır.Hesab edir ki,cavabdehin mənzildən istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehin iddiaçının keçmiş gəlini olması, yəni iddiaçının oğlu Vüqar Manafovla xx xxxx 2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurması, nikahlarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulması, bundan sonra cavabdehin mübahisəli mənzildən çıxaraq başqa yaşayış yerinə getməsi (iddiaçı cavabdehin daha əvvəl, yəni 2017-ci ildə mənzildən getməsini, cavabdehin nümayəndəsi isə nikah pozulan vaxtı, yəni 2018-ci ildə mənzildən çıxmasını bildirir), hazırda da mübahisəli mənzildə yaşamaması işin mübahisə olunmayan halıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh iddiaçının oğlu ilə ailə qurub mübahisəli mənzilə köçən zamanı mənzil xüsusi mülkiyyətdə olmasa da, sonradan, yəni 2010-cu il tarixdə iddiaçının adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, hazırda da onun mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası, mübahisəli məsələyə tam və hərtərəfli hüquqi qiymət verilməsi üçün sonradan yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinə, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması cavabdehin (mülkiyyətçinin) mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən xx xxxx 2014-cü il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır (Qeyd: Konstitusiya Məhkəməsində baxılmış həmin işin faktiki hallarına əsasən, iddiaçı X.Məmmədova cavabdehlərin oğlu V.Bəylərovla 2001-ci ildə faktiki ailə qurmuş, qayınatası M.Bəylərovun istifadəsində olan mübahisəli evə gəlin köçmüş, lakin mübahisəli yaşayış evi x xxxx 2011-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişlər). Beləliklə, mübahisəli yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı 2010-cu il tarixə təsadüf etdiyindən məhkəmə kollegiyası həmin vaxtı qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını nəzərdən keçirməyi zəruri hesab edir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, cavabdeh qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Cavabdeh isə qeyd edilən kateqoriya şəxslərə aid deyildir. Göründüyü kimi, cavabdehin hazırki vəziyyətdə mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək hüququ mövcud deyildir. Bu səbəbdən də,məhkəmə kollegiyası cavabdehin mübahisə evə köçən zamanı qüvvədə olmuş qanunvericiliyə (əvvəlki Mənzil Məcəlləsi)əsasən,ondan istifadə etmək hüququnun yaranıb-yaranmamasını araşdırmağa zərurət görmür.Çünki,yuxarıda qeyd edilənlər nəzərə alınmaqla bunun hazırki vaxtda mübahisənin qanuni həlli üzrə gəlinən nəticəyə hər hansı təsiri olmayacaqdır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması faktı da, onun hazırki vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin - istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hissəsinə münasibət bildirərək, qeyd edir ki, cavabdehin Mülki Məcəllənin 228-ci maddəsi anlamında mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmadığından, ona kompensasiya ödənilməklə xitam verilməsi də mümkün deyildir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənir ki, həmin norma da kompensasiya ilə bağlı məsələlər nəzərdə tutulmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Cavabdeh apellyasiya şikayətində, həmçinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək onun istifadə hüqunun müəyyən müddətə saxlanılmalı olmasını göstərmişdir. Belə ki,Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, qanunverici qeyd edilən normada yalnız keçmiş ailə üzvünün müəyyən əsaslar mövcud olduğu təqdirdə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması imkanını müəyyən etmişdir. Yuxarıda qeyd edilələrə əsasən isə cavabdeh ümumiyyətlə iddiaçının ailə üzvü sayılmamışdır. Belə olan halda isə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin hazırki mübahisəyə tətbiqi mümkün deyildir. Hətta, yuxarıda qeyd edilən halı nəzərə almasaq belə, işin faktiki hallarına əsasən cavabdeh artıq uzun müddətdir (ən azı 2 il) ki, mübahisəli mənzildən çıxaraq başqa yaşayış sahəsində yaşayır və keçən müddət ərzində mənzilə qayıtmamış, ən azından buna cəhd etməmişdir (mənzilə köçürülməsi barədə iddia qaldırmamış və s.). Belə olan halda isə, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti də müəyyən edilmir. Cavabdeh tərəf qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının hazırki iddianı qaldırmaqda mülkiyyətçi hüquqlarının həyata keçiriməsindən irəli gələn maraqlarının olması aşkardır. Çünki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi qətnamənin mövcudluğu iddiaçıya,həmçinin qeydiyyatda bağlı məsələnin həlli üçün də əhəmyyətlidir («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur). Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş,maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 1754/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 1754/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3767/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3767/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver