Məhkəmə qərarları › İş №2(103)-3767/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3767/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3767/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ½ hissədə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və mülkiyyətindən istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın “evə köçürülmə” tələbinə dair hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı sözügedən fərdi yaşayış evində yaşamır. Uçuq vəziyyətdə olan və şəraiti olmayan həmin evdə cavabdeh qızı və oğlu ilə birlikdə yaşayırdı. X3 Müharibəsində şəhid olmuşdur. İddiaçı ilə isə birlikdə yaşamaları qeyrimümkündür. Belə ki, o, birgə yaşayış qaydalarına əməl edən insan deyil, düzgün həyat tərzi sürmür, daim ona və ailəsinə əziyyətlər vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinin bir hissəsi (qalan hissədən – ½ hissə) İddiaçı adına Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 07.09.2005-ci il tarixli, 2V01-41 reyestr nömrəli qanun üzrə vətəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 16.09.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırda həmin fərdi yaşayış evində (o cümlədən iddiaçının mülkiyyətində olan hissəsində) Cavabdeh ailəsi ilə birlində yaşayır. İddiaçı, mülkiyyətində olan sözügedən mənzildə yaşamasına cavabdeh tərəfindən maneə yaradıldığını bildirərək, həmin mənzilə köçürülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, evin uçuq və şəraitsiz vəziyyətdə olduğunu və iddiaçı ilə birlikdə yaşamalarının qeyri-mümkün olduğunu bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, iddiaçı bu tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə ki, həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Hazırkı işdə mübahisəli evin bir hissəsi Aybəniz İvrahimovanın mülkiyyətindədir. Tərəflərin izahatlarından və apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh ailə isə birlikdə iddiaçının mülkiyyətində olan hissə də daxil olmaqla həmin evdə yaşamaqla, iddiaçının evin mülkiyyətində olan hissəsinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam hüququ) həyata keçirilməsindən məhrum etmişdir. Göründüyü kimi, bu iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddianın baxılan hissədə təmin edilməsi qanuni və əsaslıdır. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3515/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar