Məhkəmə qərarları › İş №2(103)-3768/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3768/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3768/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Elbrus qızının cavabdeh X2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab olunması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Elbrus qızının cavabdeh X2 qarşı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-364/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, A.Məmmədov küçəsi, 13 saylı evin, 2 saylı mənzili (bundan sonra – mənzil) V.İ.Lenin adına toxuculuq kombinantının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında iddiaçıya verilmiş, qərarda onunla birlikdə ailə üzvləri - əri Əmircan Sədullayev, övladları Zenfira Sədullayeva (cavabdeh), Oqtay Sədullayev, Natavan Sədullayeva və gəlini Fəridə Sədullayevanın adları göstərilmişdir.

2. Mənzil 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-2231/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı əsasında iddiaçının adına özəlləşdirilmiş və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

3. Cavabdeh iddiaçının övladıdır, o, Mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qaydada ərizə vermişdir. Cavabdeh hazırda iddiaçıya məxsus Mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Elbrus qızı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mənzildə özü, oğlu, gəlini, nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Lakin cavabdeh uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, ona məxsus olan bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Uzun illərdir hazırki mənzildə yaşamır, mübahisəli mənzili tərk etmiş, onlarla birgə təsərrüfat aparmamış, kommunal xərclərin ödənilməsində iştirak etməmişdir.

6. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-364/2023 saylı qətnaməsi (hakim Pərviz Zamanlı) iddia tələbi təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

7. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın digər əsasla rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

8. Apelyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh 2015-ci il tarixdə mübahisəli mənzilin bir hissəsi olan bir otağı mübahisəli mənzilin bir hissəsi kimi tikərək həmin hissədən istifadə etmişdir. Belə olan halda 2009-cu il tarixdək qüvvədə olan qanunvercilik normalarının ümumiyyətlə hazırkı mübahisəyə tətbiq edilməklə iddianın təmin edilməsi əsassızdır və cavabdeh üçün hüquqi nəticələr yaradır. Belə ki, münasibətlər MM-nin 228ci maddəsi ilə tənzimlənməli olduğu halda məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, cavabdehin mülki hüquqi mənada istifadə hüququndan məhrum etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edilməklə iddianın təmin edilməməsi hissəsində də əsassızdır. Belə ki, qeyd edilən qərar qanuni qüvvəsini almamış, hazırda mübahisə edildiyindən həmin qərarda göstərilən əsaslar hazırkı işdə preyudisal əhmiyyət kəsb etmir. Əksinə hazırkı işdə müəyyən edilən nəticələr inzibati iş üzrə nəticəyə gəlmək üçün əsasdır və bu iş üzrə müəyyən edilən hallar həmin işin nəticəsinə təsir edəcəkdir.

c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh hazırda həmin tikilidə özü yaşayır. Həmin tikili əsas evə bitişikdir. Əvvəllərdə həmin tikilini kirayə versə də bu onun istifadə hüququnun xitamı üçün əsas ola bilməz. Hazırda iddiaçı tərəfin digər bir iddia ilə, yəni qanunsuz tikilinin sökülməsi tələbinə dair iş Xətai Rayon Məhkəməsinin icraatındadır. Sözügedən tikilinin həmin əsas evə aidiyyətinin olması da buradan görünür. Eyni zamanda cavabdehin evdə qeydiyyatdan çıxarılması barədə Bakı İnzibati Məhkəməsinin qərarındanda apellyasiya şikayəti vermişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Apelyasiya baxışının hədləri

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq

2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

15. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

16. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

18. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

19. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53- cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı

20. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə. 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh uzun müddətdir ki, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamır. Uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi ilə bağlıdır. Cavabdeh Mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmiş, bununla da onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 60-cı maddəsi ilə əsaslandırmışdır.

26. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

27. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

28. İddiaçının iddia tələi cavabdehlərin mənzilə istifadə hüquqlarının itrilmiş hesab edilməsidir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi maddi hüquq normalarını yəni 01 oktayabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını düzgün tətbiq etsə də, işin mahiyəti üzrə gəldiyi qənaəti ilə razılaşmamaqla aşağıdakıları qeyd edir.

30. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.

31. Cavabdehin sözügedən mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal cavabdehin tətbiq edilən qanunvericilik normalarının tələbləri baxımından mövcud olan istifadə hüququnun itirilib-ititrilməməsidir.

32. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi təkzib olunmaqdadır. Çünkü işdəki sübutların məcmusu onun mənzili birdəfəlik tərk etdiyi, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir.

33. Mübahisəli mənzil iddiaçıya xx.xx.1987-ci il tarixli qərar əsasında verilmiş, həmin qərarda onunla bərabər ailə üzvləri kimi əri, övladları və gəlinin də adları, həmçinin cavabdehin də adı qeyd edilmiş, cavabdeh həmin tarixdən mənzildə yaşamış, iddiaçının mənzil üzərində xüsusi mülkiyyət hüququ isə xx.xx.2013-cü ildə qeydə alınmışdır. Mənzil özəlləşdirilərkən mülkiyyətçinin ailə üzvlərinin, həmçinin cavabdehin də razılığı alınmışdır. Cavabdeh də iddiaçının övladı olmaqla mənzildən istifadə hüququ əldə etmişdir.

34. Sözügedən evə dair həmin dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış olması fərqli nəticəyə gəlinməsinə əsas yarada bilməz; belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

35. İddiaçı iddia edir ki, cavabdeh 1997-ci ildə ailə quraraq mübahisəli mənzildən getmiş və həmin vaxtdan etibarən mənzildə yaşamır. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə qonşular tərəfindən tərtib olunmuş akt və notarial qaydada təsdiq olunmuş ərizələr təqdim etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında, təqdim etdiyi etirazda, habelə apellyasiya şikayətində cavabdehin 2015-ci ilədək Mənzildə yaşadığını, həmin tarixdən sonra isə Mənzilin arxa hissəsində ona bitişik otaq tikdirərək orada yaşadığını, daha sonra kommunal xidmətləri ayıraraq yaşadığı həmin otağı kirayəyə verdiyini bildirmişdir.

36. Birinci instansiya məhkəməsi cavabdehin 2015-ci ildən sonra yenidən Mənzilə köçərək orada yaşamamasını cavabdehin mübahisəli mənzillə əlaqələrinin kəsilməsi və mənzildən daimi getməsi kimi qiymətləndirmiş, yekunda cavabdehin mənzilə istifadə hüququnun artıq itmiş olduğu barədə nəticəyə gəlmişdir.

37. Halbuki, iş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən də görünür ki, mübahisəli mənzilin arxa hissəsində ona bitişik otaq tikilmişdir. Həmin özbaşına tikilinin cavabdeh tərəfindən inşa olunduğunu, mübahisəli mənzilin divarına bitişik olduğunu tərəflərin heç biri mübahisələndirməmişdir. Bundan əlavə, Kollegiya onu da nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mübahisəli mənzilin divarına bitişik özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı özbaşına tikilinin Cavabdeh məxsus olması və tərəfindən kirayə verildiyini qeyd etmişdir. Cavabdeh tərəf isə 2015-ci ildən etibarən həmin mənzilə bitişik inşa edilmiş tikilidən istifadə etdiyini və hazırda orada yaşadığını bildirmişdir. Müəyyən vaxtlarda isə kirayəyə verməsini də cavabdeh bildirmişdir.

38. Kollegiya qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda “yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” meydana gəlir.

39. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

40. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzillə bağlı əlaqələrini kəsməmiş, 2015-ci ildən etibarən mənzildə yaşamasa da, sözügedən mənzilə bitişik özbaşına tikilidən istifadə etməklə, yaxud kirayə verməklə həmin mənzillə bağlılığını itirməmişdir. Yəni iddiaçının hər hansı bir müddət orada yaşamaması həmin mənzilə münasibətdə daimi olaraq oradan istifadə etməməsi və daimi əsasları getməsi anlamına gələ bilməz. Kirayə vermənin özü belə həmin mənzilə olan hüquqlarının itməsinə səbəb olmur. Çünki belə halda müvəqqəti olaraq orada yaşayan şəxslərdən kirayə haqqını almaqla oradan gəlir əldə etməsi də mənzilə bağlılığının itməməsi anlamına gəlir. İddiaçı tərəfindən cavabdehə qarşı tikilinin sökülməsi barədə iddia qaldırması da ona dələlət edir ki, şəxs hazırda da orada yaşayır və həmin tikili bilavəsitə istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilən mənzilə bitişik olmaqla tərkib hissəsidir. Belə olan halda, kollegiys hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ hazırda da mövcuddur və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və yanlış nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı sayılmaqla təmin edilməklə qətnamə ləğv edilməli və iddia tələbi yuxarıda qeyd edilən əsasla təmin edilməməlidir.

42. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat manat dövlət rüsumu İddiaçı Elbrus qızından alınaraq X2 ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh X1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-364/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat manat dövlət rüsumu İddiaçı Elbrus qızından alınaraq X2 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar