Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3770/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Hümbətəliyeva Səriyyə Xəlil qızının vəkili X4 iştirakı ilə Hümbətəliyeva Səriyyə Xəlil qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin ona məxsus pul vəsaiti hesabına alınması faktının müəyyən edilməsi və həmin pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hümbətəliyeva X1 Tariel Zal oğluna, Cavabdeh2 və Cavabdeh3 Tariel qızına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 158 nömrəli mənzilin onun 110 000 manat pul vəsaiti hesabına alınması faktının müəyyən edilməsi və həmin pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1926-cı il təvəllüdlü olmaqla 92 yaşındadır, Ağdam rayonundan məcburi köçkün düşərkən bütün varını-dövlətini orada qoyaraq 1990-cı illərin əvvəllərində Bakı şəhərinə gəlmiş, Nərimanov rayonunda qızlarından birinin evində məskunlaşmış, mənzilini müvəqqəti yaşayış üçün onlara verən qızı ailəsi ilə birlikdə Moskva şəhərinə getmiş, həmin mənzildə Gülnaz adlı ən kiçik qızı və Tofiq adlı böyük oğlu ilə yaşamış, qızı Gülnaz 2012-ci ildə, böyük oğlu Tofiq isə 2014-cü ildə vəfat etmişlər. Sağ qalan digər övladları - iki qızı və Tariyel adlı bir oğlu öz ailələri ilə birlikdə Bakı şəhərində əvvəldən yaşamış, Tariyel hələ səksəninci illərdən Bakı şəhərinə qeydiyyata düşmüş, işinə görə gah Bakıda, gah da Ağdamda yaşamışdır. Dünyadan köçmüş böyük oğlu bacarıqlı olmuş, Bakı şəhərinə gəldikdən sonra köhnə dosttanışlarının vasitəçiliyi ilə özünə iş tapmağa və pul-para qazanmağa başlamış, vəziyyəti yaxşı olmuş, ona da o, baxmış, Nərimanov rayonunun İbrahimpaşa küçəsində birgə yaşamaları üçün mənzil almış, lakin bu ev xoşuna gəlmədiyindən oraya köçüb yaşaya bilməmişlər. Oğlu Tofiq ölümündən əvvəl ağır xəstəliyə tutulmuş, İbrahimpaşa Dadaşov küçəsində alıb təmir etdirdiyi yeni mənzili sataraq pulunu ona vermişdir ki, ı özünə ev alıb orada yaşasın, ona-buna yük olmasın, heç kimə möhtac olmadan yaşasın. 100000 (yüz min manat) məbləğində olan həmin pulu elə Tofiqin sağlığında apararaq “xxxxxxxxx" ASCnin Gənclik filialında öz adına açdırdığı hesaba yatırmış, oğlunun sağlığında və vəfatından sonra da bu hesaba pul qoymuş, uzun xəstəlikdən sonra Tofiq xx.xx.2014-cü il tarixdə vəfat etmiş, vəfatından sonra onun vərəsəsi özü olmuş, Tofiqin miras əmlakını qəbul etmişdir. Oğlunun dəfn işlərini və hüzn mərasimlərini yola verdikdən sonra digər oğlu Tariyelə və qızlarına xəbər göndərərək ona Nərimanov rayonunda, metronun “Gənclik” stansiyası yaxınlığında bir mənzil tapmalarını xahiş etmiş, Tariyelin tapdığı ünvan 1-də yerləşən 158 nömrəli mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlmiş, Tariyellə belə şərtləşmişdir ki, ikiqat rəsmiləşmə xərcləri çəkilməməsi üçün mənzili onun adına alıb ona bağışlasın. Bu Tariyelin də ürəyindən olmuşdur, çünki övladları içində alacağı mənzilə yiyələnməyi istəyən Tariyel olmuşdur. Tariyellə şərt kəsmişdir ki, necə ki, Tofiq ona, yəni anasına baxır və qulluq edirdi, o, da anasına ömrünün sonuna qədər baxacaq, qulluğunda, xidmətində duracaqdır. Mənzilin alınması üçün bankdakı 105 460 manat pulunu vermiş, 5-6 min də əlavə etmiş, cəmi 111000 (yüz on bir min) manatı mənzilin alınmasına vermişdir. Alqı-satqıdan bir-iki gün öncə bankdan pulu çəkmiş və notariusa gedərək müqavilə bağlamış, müqavilə bağlanarkən özü Tariyelin maşınında gözləmiş, alqı-satqıdan sonra mənzilə köçərək orada yaşamağa başlamış, mənzilə pasport qeydiyyatına alınmışdır. İlk vaxtlar Tariyel ona baxmış, həftənin müəyyən günləri demək olar ki, hər günü gələrək onunla qalmış, gündəlik problemlərini həll etmiş, lakin son vaxtlar bunlar azalmağa başlamışdır. Artıq keçən il onlar (Tariyel və ailəsi) mənzilə köçmək istədiklərini bildirmiş, onu mənzildən çıxarmaq istəmişlər. Məcbur qalıb Moskvadakı qızının Bakı şəhəri, Nərimanov rayonu, Gəraybəyli küçəsindəki 9-cu mərtəbədə yerləşən mənzilində yaşamağa başlamışdır. Beləliklə, Tariyel bağışlanmış əmlakı qəbul etmiş, lakin öz öhdəliklərinin icrasından boyun qaçırmış, aralarındakı şərtləri pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, işin faktiki halları barədə qeyri-obyektiv nəticəyə gəlmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər (cavabdehlərin nümayəndəsi və vəkilləri X7 xx.xx.2020-ci il tarixinə təyin olunmuş prosesə gələrək işlə tanış olması üçün prosesin təxirə salınmasını xahiş etmiş, xahişi təmin olunaraq proses təxirə salınmış, lakin o, növbəti iclasa gəlməmişdir). Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “...Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti ilə əlaqədar heç bir maddi hüquq normasına istinad etməmişdir. Hümbətəliyeva Səriyyə Xəlil qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “xxxxxxxxx” ASC-nin Gənclik filialında öz adına açdırdığı hesabda 100.000 (yüz min manat) pul vəsaiti olmuş, habelə xx.xx.2014-cü il tarixdə oğlunun vəfatından sonra onun vərəsəsi kimi tanınaraq oğluna məxsus müəyyən məbləğdə pulu da miras əmlak kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mübahisələndirilən mənzil məhz iddiaçının Tofiq adlı oğlunun vəfatından sonra, yəni xx.xx.2014-cü il tarixdən təxminən 3 ay sonra xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Eyni zamanda, xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X5 tərəfindən satıcı- X6 50.000 (əlli min manat) pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş, “xxxxxxxxxxxxxxxxx” MMC-nin 14/FL/02-19 saylı qiymətləndirmə hesabatından görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzilin 2014-cü il tarixə bazar qiyməti 110.000 manat məbləğində müəyyən edilmişdir. Bildirir ki, alqı-satqı zamanı məbləğin 50.000 göstərilməsi rüsum və vergilərin azaldılması ilə bağlı olmuşdur. Belə ki, həmin mənzilin 50.000 manata alınması 2014-cü il üzrə bazar qiymətlərinə uyğun olmadığından ağlabatan hesab edilə bilməz. Mənzilin alınması zamanı X3 məhz tərəfindən 110.000 manat pul verilmişdir”. Kassasiya şikayətinin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən alqı-satqı müqaviləsinin notarial orqanında bağlanılmasına, həmin müqavilənin həqiqiliyinin şübhə altına alınması üçün əsasların olmamasına istinad etməklə səhvə yol vermişdir. Belə ki, İddiaçı alqı-satqı müqaviləsini mübahisələndirməmiş, əksinə həmin alqısatqı müqaviləsi əsasında alınmış mənzilə görə 110.000 manat pulu oğlu Cavabdeh1 verdiyini və onun geri alınmasını göstərmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı dəlilləri ilə əlaqədar onun adında “xxxxxxxxx”da 100.000 manat vəsaitin olubolmaması, həmin vəsaitin nə vaxt bankdan çıxarılması, mənzilin alqı-satqısı ilə əlaqədar müqavilənin nə vaxt bağlanması məsələləri araşdırılıb, həmin faktlar hüquqi cəhətdən dəyərləndirilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi bunu etməmiş və beləliklə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə əlaqədar tələblərini yerinə yetirməmişdir”. Kassasiya instansiyasının mövqeyini də əsas götürməklə məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; buna görə də şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, ünvan 1də yerləşən 158 nömrəli mənzil xx xxxx 2014-cü il tarixdə bağlanmış şalqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən 50 000 manata satın alınmış, xx.xx.2014-cü il tarixdə mənzil onun adına mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir; iddiaçı həmin mənzildə pasport qeydiyyatında olmaqla Cavabdeh1 anası, digər cavabdehlər isə onun (Cavabdeh1) ailə üzvləridirlər. İddiaçı sözügedən mənzilin əslində özü tərəfindən alındığını, oğlu Tariyellə arasında olan şifahi razılıq əsasında mənzilin onun adına rəsmişdirilməsinə etiraz etmədiyini, mənzilin alınması məqsədilə Tariyelə 110 000 manat pul verdiyini, lakin mənzilin qiymətinin daha az göstərildiyini, hazırda Tariyelin ona baxmaq barədə öhdəliyini yerinə yetirməyərək onu mənzildən çıxardığını iddia etməklə müvafiq tələbi irəli sürmüş, cavabdeh(lər) isə, mənzilin iddiaçının pulu ilə alındığını inkar etməklə yanaşı, iddiaçının iddia müddətini də ötürmüş olduğunu bildirmişlər. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının Cavabdeh1 mənzil alınmasına görə verdiyini iddia etdiyi pulun ondan tutularaq özünə (iddiçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya hesab edir ki, ağlabatan mühakimə əsasında iddiaçının bildirdiyi faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması nəticəsinə gəlmək mümkündür; belə ki, iş materiallarından iddiaçının adına xx.xx.2013-cü il tarixdə “xxxxxxxxx” ASC-yə 100 000 (yüz min) manat depozit yerləşdirildiyi, həmin pul vəsaitinin (faizləri ilə birlikdə 105 460 manatın) xx.xx.2014-cü il tarixdə hesabdan çıxarıldığı, xx xxxx 2014-cü il tarixdə (iki gün sonra) isə Cavabdeh1 ünvan 1-də yerləşən 158 nömrəli mənzilə dair alqı-satqı müqaviləsi bağlayaraq mənzili satın aldığı aydın olur – 88 yaşlı qadının 105 460 manat pul vəsaitini başqa təyinat üzrə xərcləməsinin inandırıcı olmadığını, ümumiyyətlə bunun irəli də sürülmədiyini nəzərə alan kollegiyanın qənaətinə görə, həmin vəsaitin sözügedən mənzilin alqı-satqısına sərf olunduğunu qəbul etmək daha məntiqlidir. Bununla belə kollegiya, iddia tələbinin qismən əsaslı olduğunu vurğulayır; belə ki, iddiaçı mənzilin 105 000 manata alındığını iddia etsə də, iş materiallarından mənzilin 50 000 manata satın alındığı aydın olur və buna görə də iddia tələbi həmin məbləğ həddində təmin oluna bilər. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən kollegiya, cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizələrinə də qiymət verməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavadehlərin nümayəndələri (vəkilləri) iddia tələbinin xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə ilə əlaqədar olduğunu göstərməklə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya qeyd edir ki, əvvəla, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəalarının nəzərdən keçirilməli olduğu yuxarıda şərh olunmuşdur; digər tərəfdən isə, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 1095-ci maddələrinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh1 ünvan 1-də yerləşən 158 nömrəli mənzili xx.xx.2014-cü il tarixdə aldıqdan sonra iddiaçı oraya pasport qeydiyyatına düşmüş, 2017-ci ilə qədər həmin mənzildə yaşamış, 2017-ci ildə oğlu (Cavabdeh1) ilə arasında mübahisə yaranmışdır. Bu hal isə, iddiaçının iddia müddətini ötürmədiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə iddia qaldırmaq və həmçinin apellyasiya şikayəti vermək üçün iddiaçının ödədiyi dövlət rüsumunun və bank xidmətinin məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Hümbətəliyeva Səriyyə Xəlil qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin ona məxsus pul vəsaiti hesabına alınması faktının müəyyən edilməsi və həmin pulun geri qaytarılması” tələbinə dairiddiası qismən təmin edilsin. ünvan 1-də yerləşən 158 nömrəli mənzilin Hümbətəliyeva Səriyyə Xəlil qızına məxsus pul vəsaiti hesabına alınması faktı müəyyən olunsun və həmin mənzilin alınmasına görə verdiyi pulun əvəzi qismində 50 000 (əlli min) manat Cavabdeh1 alınaraq Hümbətəliyeva Səriyyə Xəlil qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Dövlət rüsumlarına (bank xidmət haqqı ilə birlikdə) görə iddiaçının ödədiyi 26,40 (iyirmi altı manat 40 qəpik) Cavabdeh1 alınaraq ona verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3770/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3770/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver