Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3775/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı Sabunçu X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX04749xx/xx-2022 saylı qazın alqı-satqısı müqaviləsinə görə Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən istehlakçı hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür.
2. Abonent saldosuna görə abonent kodu **********00161 olan abonentə - cavabdehə 2022-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayının sonunadək qazdan istifadə nəticəsində 814,18 manat debitor borc hesablanmış, həmin borcdan onun hesabında olan 303,4 manat silinmiş, qalan 554.10 manat isə hazırki iddia ilə tələb olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 554.10 manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 584.10 manat borcun (pulun) İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış müqaviləyə əsasən Birlik tərəfindən abonentə məxsus fərdi yaşayış evi qazla təchiz edilmişdir. Cavabdeh müqavilənin tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin ödənilməmiş 2022-ci ilin yanvar-oktyabr ayları üzrə 814,18 manat sərfiyyat borcu və limitdən əlavə 43,32 manat sərfiyyat borcu, cəmi 857,50 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayına qədər cavabdeh 303,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə cavabdehin hazırda debitor borcu 554,10 manat təşkil edir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nilufər Cəfərli) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-7443/2022 nömrəli 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 554.10 debitor borcu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 584.10 manat pulun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evini təbii qazla təmin etmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək qazdan istifadə nəticəsində 554.10 manat borcu yaranmışdır.
7. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, Mülki Məcəllənin 385.1, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qəbul edilərkən, ona məlumat verilməmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən ona məxsus olan Maştağa qəsəbəsində, Vişnovka bağ sahəsi adlanan ərazidə yerləşən bağ evinə quraşdırılmış “Smart” tipli qaz sayğacını 2022-ci ilin əvvəlində xəbəri olmadan dəyişdirilərək, mexaniki tipli qaz sayğacı ilə əvəz etmişlər. Əvvəlki “Smart” tipli sayğacın balansında 3034 m3 olmuş, yəni tərəfindən əvvəlki illər ərzində 1m3 üçün 0.10 manat olmaqla ümumilikdə 303.40 manat əvvəlcədən ödənilmişdir. Mexaniki tipli sayğac quraşdırıldıqdan sonra bilərəkdən və ya ehtiyatsızlıqdan sayğacın bağ evinə tərəf çıxışına salnik qoyulmamış, bu səbəbdən də həmin sahədən qaz sızması olmuşdur. 2022-ci il ərzində həmin bağ evində yaşayış olmamış və təmirlə əlaqədar olaraq günün gündüz saatlarında evin həyətində usta işləmiş və həyətə daş döşənmişdir. Ustanın istirahəti üçün ayrılmış texniki otaqda həmin saatlarda 1 ədəd elektrikli yağ radiatoru və 1 ədəd tək gözlü elektrik peçi istifadə edilmişdir. Sonradan məlum olmuşdur ki, qaz sızması nəticəsində əvvəlki sayğacın üzərində olmuş və tərəfindən əvvəlcədən ödənilmiş 303,40 manat pul (3034 m3 təbii qaz) silinməklə əlavə olaraq 551,35 manat dəyərində qazdan istifadəyə görə borc hesablanmışdır. Hesablanmış borcun son limit həddi ilə hesablanması bu məbləğdə öz əksini tapır. Onun müraciəti əsasında 2022-ci ilin iyun ayının 21-də borc barədə məlumatları olmuş və müraciəti əsasında cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərək nasazlıq aradan qaldırılmışdır. ARDNŞ İddiaçı İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusuna salnik qoyulmaması, bu səbəbdən də qaz sızmasının olması müəyyən edilmişdir. Sayğacın sökülməsi barədə çəkiliş də aparılmış, qeyd edilən xüsusatlar həmin çəkilişlə də aydın müəyyən edilir. Tərəfindən borcun silinməsi barədə İddiaçı İB-nə qarşı cavabdeh təşkilatın ünvanının yerləşdiyi yerin məhkəməsinə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1383/2023 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Vişnovka bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh **********00161 saylı abonent hesabında 4209 m3 qaz sərfiyyatı silinməsi, Abonent Cavabdeh **********00161 saylı abonent hesabına 303,4 manat məbləğində pul vəsaiti bərpa edilməsi qət edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
25. İddiaçı hazırda 2022-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayının sonunadək qazdan istifadə nəticəsində yaranmış borc məbləğindən ödənilməmiş qalan 554,1 manatın cavabdehdən tutulmasını tələb etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5397/2023 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı iddia qaldıraraq, cavabdeh İddiaçı tərəfindən onun evinə quraşdırılmış və xx.xx.2022-ci il tarixdə sökülərək, götürülmüş “Smart” tipli qaz sayğacının üzərində olmuş və onun tərəfindən əvvəlcədən ödənilmiş 3.034 m3 qazın onun hazırki hesabına qaytarılması, həmçinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni sayğacın quraşdırılması zamanı yol verilmiş nasazlığın aradan qaldırıldığı tarixədək, əsassız olaraq ona hesablanmış 4.209 m3 qaz sərfinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1383/2023 saylı qətnaməsi iddiaçı Cavabdeh abonent hesabına 303,40 (üç yüz üç manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin qaytarılması hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddianın həmin hissədə qismən təmin edilməsi, iddiaçı Cavabdeh **********00161 saylı abonent hesabına 264,04 (iki yüz altmış dörd manat, dörd qəpik) manat məbləğində pul vəsaitinin qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5397/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(011)-1383/2023 saylı qətnaməsi qismən – “iddiaçı Cavabdeh abonent hesabından 4.209 m3 həcmdə qaz sərfiyyatının silinməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
28. Sözügedən qətnamədə göstərilmişdir ki, birinci instansiya məhkəməsi qaz sayğacında olan nasazlığın 2022-ci ilin iyun ayında aradan qaldırıldığını və iyun ayından başlayaraq qaz sayğacının real sərfiyyatı göstərdiyini nəzərə almamış və bütün məbləği bərpa etmişdir. Halbuki, 2022-ci ilin yanvar-oktyabr aylarında həmin ünvanda az həcmdə olsa da, təbii qazdan istifadə edilmişdir, bu həcmin dəyəri isə qaytarıla bilməz. Bu səbəbdən məhkəmə kollegiyası real sərfiyyatın əks etdirildiyi 2022-ci ilin iyul ayında 9,75 manat, avqust ayında 7 manat, sentyabr ayında 6,75 manat və oktyabr ayında 2,75 manat dəyərində təbii qazdan istifadə edildiyini, bu aylar üzrə sərfiyyatın orta aylıq məxrəcinin (9,75 + 7 + 6,75 + 2,75 = 26,25 / 4 = 6,56) 6,56 manat təşkil etməsini nəzərə alıb və bu məbləğin 6 ay üzrə sərfiyyatın müəyyən edilməsi üçün meyar kimi əsas tutub hesab edir ki, (6,56 x 6 ay = 39,36) 39,36 manat məbləğində pul 2022-ci ilin yanvar-iyun ayları üzrə real sərfiyyat məbləği qismində götürülməli və bu məbləğ 303,40 manat puldan çıxılmaqla (303,40 – 39,36 = 264,04), qalan 264,04 manat iddiaçının abonent hesabından əsassız silinmiş məbləğ olaraq onun hesabına qaytarılmalıdır.
29. Göründüyü kimi qüvvədə olan qətnamə ilə 2022-ci ilin yanvar-iyun ayları üçün sərfiyyat məbləği müəyyən edilmiş və zərər qismində həmin məbləğ - 39,36 manat abonentin hesabına qaytarılmalı olan 303,40 manatdan çıxılmışdır.
30. Belə olan halda İddiaçı İB-nin hazırki tələbində yenidən yanvar-iyun ayları üçün debitor borcu tələb etməsi əsassız olmuşdur. Odur ki, həmin hissədə iddia tələbi əsassız olduğundan qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
31. Abonent saldosundan görünür ki, 2022-ci ilin iyul ayında 9,75 manat, avqust ayında 7 manat, sentyabr ayında 6,75 manat və oktyabr ayında 2,75 manat olmaqla, ümumilikdə 26,25 manat dəyərində təbii qazdan istifadə edilmişdir, iddiaçı da haqlı olaraq istifadə edilmiş təbii qazın dəyərini tələb etmişdir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7443/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi qismən (Cavabdeh 527,85 manat debitor borcu tutulması hissəsində) ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə (Cavabdeh 2022-ci ilin iyul-oktyabr ayları üçün 26,25 manat debitor borcun İddiaçı İB-nin xeyrinə tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.