Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3776/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştırakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müsabiqə nəticələrinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumu ödənilməməsi əsası geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qeyd etmişdir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. İşin faktiki hallarından da görünür ki, həmin təşkilatda əmək fəaliyyəti ilə məşğul olduğundan burada dövlət rüsumundan azad olunmuşdur. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə dövlət rüsumunun ödənilməməsini əsas gətirilərək apelyasiya şikayətini geri qaytararkən hüquqi səhvə yol verdiyindən qəbul olunmuş qərardadın ləğv olunması, apellyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Hüseynov şikayət ilə razılaşmayaraq, iddiaçının əvvəllər Azərbaycan Republikası Dövlət Neft Şirkətində işlədiyini, aralarında əmək müqaviləsinin olmadığını, hal-hazırda isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçisi olmadığını, şikayətin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayətinin icraata qəbulu haqqında məsələyə yenidən baxılması üçün mülki iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi hazırkı apellyasiya şikayətini qaytararkən “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar. İddiaçı da şikayətində məhz həmin maddəyə istinad etsə də, rayon məhkəməsi şikayətin həmin dəlilinə əhəmiyyət verməmiş, bununla bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Bu səbəbdən, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı məsələnin “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinin təsiri altına düşübdüşməməsi məsələsi tərəflərin iştirakı ilə yoxlanılmalıdır. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən, rayon məhkəməsi hazırkı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmalı idi. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərin iştirakı olamadan baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364-cü maddələrinə əsasən icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364-cü maddələrinə əsasən icraata qəbulu haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3776/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3776/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver