Məhkəmə qərarları › İş №2(103)-3776/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3776/2025

22.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3776/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X20, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlunun, İddiaçı22, X6, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, Nağdəliyev Novruz Gəncəli oğlunun və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: tapşırığın icrası nəticələrini vermək) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X40 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-938/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2012-ci il tarixdə Cəhri kənd ağsaqqallarının müzakirəsinin nəticəsindən görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər: Cavabdeh1 başda olmaqla, Cavabdeh2 həvalə olundu. Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər. Ailədə neçə oğul varsa, ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər; Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdan 5-10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər; Bundan sonra hüzürü düşən şəxslər məclislərində israfçılıq olmasın deyə çay, qənd, limon, xurma və halva qoyulması tələb olunur; Məclis axşam 20:00-a və ya 20:30-dək davam olunsun ki, hamı çatdırıb iştirak edə bilsin; Qəbiristanlığda layihədə göstərildiyi kimi 1, 2, 3, 4-cü cərgədə böyüklər, 5-ci cərgədə 2 yaşdan 5 yaşa qədər uşaqlar, 6-cı cərgədə ana bətnində tələf olunmuş və 1 yaşına qədər uşaqlar dəfn olunsun; Dəfn kimliyindən asılı olmayaraq ardıcıl formada sıra ilə getməsi, baş daşlarının ucuz və sadə formada düzəldilməsi tələb olunur; Bundan sonra hər bir kəs yeni ailə qurarsa 100 manatdan başlayaraq vəsait yığımında iştirak etməsi vacibdir; Hər təsərrüfat üçün 5 manat üzvlük haqqı verilsin ki, bundan sonra çadırların qurulması, müəyyən xidmətlərin və bizə lazım olan işçilərin məvacibi ödənilsin.

2. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2013-cü il tarixli, 313 nömrəli məktubda göstərilmişdir ki, onun RİH Başçısına ünvanladığı, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı çıxarışı ilə mülkiyyətində olan, Məmmədli bələdiyyəsi ərazisində yerləşən 2,5 ha torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi barəsindəki müraciətinə Memralıq və tikinti şöbəsində baxılmışdır. Məlumat üçün bildirirlər ki, mülkiyyətində olan torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin müsbət rəyi alınmalıdır.Yuxarıda qeyd edilənləri nəzərə almaqla ona məxsus torpaq sahəsindən kənd qəbiristanlığı kimi istifadə edilməsinə etiraz etmirlər.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2013-cü il tarixli 04-22/7- 435 nömrəli məktubda göstərilmişdir ki, onun xx.xx.2013-cü il tarixli ərizəsinə cavab olaraq bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisində yerləşən 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salınması ilə əlaqədar tərəflərindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən torpaq sahəsi ilə ətrafdakı yaşayış məntəqələri arasında normativ sanitariya-mühafizə zonasına riayət edildiyi, sahədən mühəndis kommunikasiyaların keçmədiyi, eləcədə Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 313 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikasında qüvvədə olan tikinti normalarının və sanitariya qaydalarının tələblərinin təmin edilməsi şərti ilə həmin sahədə kənd qəbiristanlığının salınmasına etiraz etmirlər.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2013-cü il tarixli 15/424 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron rayonu Məmmədli kəndi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya RX 010142 nömrəli Çıxarışına əsasən mülkiyyətinə aid, ümumi sahəsi 2.5 ha olan ərazinin kənd qəbiristanlığı məqsədilə istifadə olunmasına ekoloji tələblər baxımından ilkin etirazı olmadığını bildirir. Ərazinin yerləşmə mövqeyi üzrə CH-245-71 nömrəli norma sənədinin tələblərinin (300m) təmin olunduğu və Abşeron rayon İH-nin ilkin razılığının olması nəzərə alınsın. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərinə əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi təmin olunmalı və ərazi təyinatı üzrə istifadə olunmalıdır.

5. xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd camaatının vəsaiti hesabına alınıb. Həmin torpaq sahəsini almaq üçün Cavabdeh2 36000 manat ödəniş edilib. xx.xx.2024-cü il tarixdə 7920 kv.m torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Ümumi torpağa çıxan xərc 114000 manatdır. 114000:25000 kv.m=4.56 qx22 kv.m=100 manat.

6. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay haqqı ilə Cavabdeh1 mülkiyyətindədir. Torpaq sahəsi onun adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinə verilmiş Çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 183/200 hissə, X27, X28, X7, X41, X15, X35, X36, X37, X29, X21, X8, X9, X16, X2, X22, X38 və X23 1/200 hissə (hərbirinə) olmaqla onların mülkiyyətinə vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X42, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlu, İddiaçı22, X30, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət edərək, onların Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış 2,5 ha, yəni 25000 m2 torpaq sahəsinin, qeyd-şərtsiz və əvəzsiz olaraq tapşırıq verənlərə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh1 tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün xx.xx.2012-ci ildə torpaq sahəsi almaq qərarına gəldilər və bu işi şifahi tapşırıq müqaviləsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə etdilər. Cavabdehlər qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Bir müddət sonra cavabdehlər onlara bildirdilər ki, lazım olan torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. Lakin bu günədək, cavabdehlər onların tapşırığı ilə və pulları ilə alınan torpağı onlara verməyiblər və bununla da Azərbaycan Respublikası MM-nin 782-ci maddəsində nəzərdə tutulan şərtləri pozublar. Cavabdehlər iki kəndin camaatının qəbiristanlıq ehtiyacları üçün alınan həmin torpaq sahəsini bu günədək onlara verməyiblər ki, onlar o torpağa qanuni qəbiristanlıq statusu alsınlar. Cavabdehlər hər dəfə bir bəhanə gətirməklə, MM-nin 782-ci maddəsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməkdən yayınırlar. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoymuşlar. Deməli, həmin torpaq sahəsi harada olmasından asılı olmayaraq, Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının yalnız qəbiristanlıq ehtiyacları üçün istifadə edilməlidir. Lakin cavabdehlər həmin torpaq sahəsini Cəhri və Gülşənabad kənd sakinlərinin rəsmi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və sərəncamına vermirlər ki, onlar həmin torpaq sahəsinə qanuni status alaq və qanunda nəzərdə tutulan qaydada istifadə edə bilək. Biz hər dəfə bunu cavabdehlərdən tələb edəndə Cavabdeh1 bildirir ki, Məmmədli bələdiyyəsinin ərazisində onun xüsusi mülkiyyətində olan torpaq sahəsi var və onlar ölülərini orada basdıra bilərlər. Əvvəla, qanun xüsusi mülkiyyətdə olan, kənd-təsərrüfatı təyinatlı torpaqda qəbiristanlıq salmağı qadağan edir. İkincisi, onlar ölülərini kiminsə xüsusi mülkiyyətində olan torpaq sahəsində basdırmaq üçün torpaq almamışlar. Üçüncüsü, onlar cavabdehə görə qəbiristanlıq üçün torpaq almamışlar ki, ölülərini basdıranda kiməsə əlavə haqq ödəsinlər. 2023-cü ilədədək Cavabdeh1 hər dəfə torpağı iki kəndin camaatına verəcəyini vəd edirdi. Lakin 2023-cü ildə onlara məlum oldu ki, cavabdeh yalan danışır və aldığı torpaq sahəsini ona tapşırıq verənlərə vermək fikri yoxdur.

11. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Burada hamı paylı mülkiyyətçidir. Əvvəl tam pay onun adına idi, lakin hazırda o, iki dəfə ayrı-ayrı şəxslərə, cəmi 17 nəfərin hər birinə 1/200 pay satıb. Ağsaqqallardan ibarət iclasda onun adına alınması təklif olunmuşdur. X51 sağdır, digərləri rəhmətə gediblər. X14 balansındadır. X14 ərazisində yerləşdiyi üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Məktuba əsasən yerli bələdiyyəyə müraciət etmələri tövsiyə olunub.

12. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul edir. Ağsaqqalların iştirakı ilə qərara gəlindi ki, qəbiristanlıq üçün torpaq sahəsi alınsın. Pulun çox hissəsini o qoyub. Torpaq Cavabdeh1 adına alınmışdır. İndi də torpağı kənd sakinlərinin bəzilərinin ona yaxın olan adamların adına keçirir. Həmin torpağın alınması Cavabdeh1 və ona həvalə olunub. Lakin çıxarış Cavabdeh1 adına alınıb, amma əslində o torpaq onun deyil, iki kəndin sakinlərinin pulu hesabına alınıb. Cəmiyyət yaradıb Cəmiyyətin adına alınmalı idi. Faktiki orada dəfn olunanlar var və onlardan qohumlarını dəfn edən zaman pul alınır. Ona görə iddia tələbinin təmin olunmasını və kənd sakinlərinin haqqı olan torpağın onlara qaytarılmasını xahiş etmişdir.

13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-938/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçılar əslində Cavabdeh1 xüsusi mülkiyyətində olan 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cəhri qəsəbə bələdiyyəsinə verilərək kateqoriyasının dəyişdirilməsini və həmin əraziyə qəbiristanlıq statusunun verilməsini xahiş edirlər. Çünki həmin torpaq sahəsində iddiaçıların yaxınlarına məxsus qəbirlər mövcuddur. Həmin torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla cavabdehin xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salına bilməz. Bundan əlavə, qəbiristanlıq bələdiyyənin müraciəti əsasında salınır. Eyni zamanda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Sənədlərdən görünür ki, Cavabdeh1 bu barədə ərizə ilə müraciət etmişdir, lakin müraciəti Məmmədli Bələdiyyəsi etməli idi. Həmçinin, iş materiallarından müəyyən olunur ki, fiziki şəxslər bələdiyyələrə könüllü maddi yardım şəklində əmlak verməklə yanaşı, bələdiyyələrə əmlak vəsiyyət edə bilər ki, bu da, bələdiyyə əmlakının yaranması mənbələri kimi müəyyən olunmuşdur.

15. Həmçinin, qəbiristanlığın salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər. İş materiallarından da göründüyü kimi Məmmədli Bələdiyyəsinin belə bir müraciəti yoxdur.

16. Hazırda Cavabdeh1 Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını bildirsə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir.

17. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə əsasən cavabdehlərə qəbiristanlıq alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün, Cavabdeh1 xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 777.4, 778.1, 778.2, 778.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 2.1.1, 3.1, 5.1.1, 5.1, 5.2, 6.1, 9.1.3, 10.1, 16.1-ci bəndlərinə, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1, 2, 3, 91-ci maddələrinə, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2, 1.6-cı bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 7.2-ci maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamə ilə razılaşmayan İddiaçı1 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, onlar kənd camaatından pul toplamaq, münasib torpaq sahəsi almaq, oranı qəbiristanlıq üçün uyğun hala gətirmək, zəruri sənədləşmə işlərini aparmağı, şifahi tapşırıq müqaviləsi ilə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 tapşırmışlar. Bu tapşırıq hətta kənd ağsaqqallarından X10, X11 və X44 imzası ilə yazılı qərarla rəsmiləşdirilmişdir. Həmin şəxslərdən son ikisi dünyasını dəyişib, Tofiq Məmmədov isə sağdır. Tapşırığı alandan bir müddət sonra Cavabdeh1 camaata elan etmişdir ki, o, tapşırığı layiqincə yerinə yetirib, yəni Abşeron rayonu Məmmədli Bələdiyyəsinə 75.000 manat ödəməklə 2,5 ha torpaq sahəsi alıb, zəruri sənədləşdirmə işlərini təmin edib. 2016cı ildən başlayaraq, sözügedən torpaq sahəsində dəfn mərasimləri təşkil edilmişdir. İndiyədək 100-ə yaxın şəxs orada dəfn edilib. 2023-cü ilin mayında ona və Cəhri kənd camaatına məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsini Məmmədli bələdiyyəsindən yox, X63 adlı şəxsdən (Ünvan: Abşeron rayonu, Məmmədli kəndi) alıb, bu torpaq sahəsi həmin şəxsin kənd təsərrüfatı təyinatlı pay torpağı olub və Cavabdeh1 bu torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirib və torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Deməli, orada dəfn həyata keçirilə bilməz və İnzibati Xətalar Məcəlləsinin 516- 1.3.-cü maddəsinə əsasən, “dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə, beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub”. O, həmin torpaq sahəsini öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirəndə də camaatından razılıq almayıb, bütün bunları onlardan gizlin edib. Bu problem ona və hər iki kəndin sakinlərinə məlum olandan sonra camaat arasında narazılıqlar başladı, kənd sakinləri öz yaxınlarının kiminsə şəxsi mülkiyyətində olan torpaq sahəsində dəfn edilməsini istəmədilər və tələb etdilər ki, o, torpaq sahəsini təcili qaytarsın. Həmin torpaq sahəsini qanuni baxımdan dəfn tədbirlərinə uyğun vəziyyətə salmaq üçün, kənd camaatı tələb etdilər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 782.1.-ci maddəsinə (“Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.”) və 194-cü maddəsinə (Tələbin güzəşti) əsasən, o, həmin torpaq sahəsini bağışlama müqaviləsi ilə Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirsin ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün bələdiyyə lazım olan hərəkətləri etsin. Bu məqsədlə, iddiaçılar Cəhri qəsəbə bələdiyyəsi ilə lazım olan razılaşmanı əldə etdilər və Cəhri qəsəbə bələdiyyəsinin sədri həmin torpaq sahəsini bələdiyyənin mülkiyyətinə qəbul etməyə razı olduğunu rəsmi məktubla bildirdi (iş materiallarına əlavə edilib). Cavabdeh müxtəlif bəhanələrlə müqavilə və qanunla üzərinə düşən öhdəliyini icra etməkdən yayınmağa başladı. Cavabdeh2 iddianı qəbul etdi. İddiaçılar bu torpağa qəbiristanlıq statusu verilməsini xahiş etmirlər. Məhkəmə torpağın kateqoriyasını, təyinatını dəyişən, qəbiristanlıq statusu verən orqan deyil. Məmmədli Bələdiyyəsinin bu işə, bu torpaq sahəsinə nə aidiyyatı var? Heç bir. Balakən və ya Astara bələdiyyəsinin hüququ var ki, gəlib Abşeron rayonunun ərazisində istənilən fiziki və ya hüquqi şəxsdən istədiyi qədər torpaq alsın. Həmin torpaq sahəsindən hansı təyinatla istifadə edəcəyi isə qanun və o bələdiyyənin arasında olan məsələdir. Hakim Cavabdeh1 qanunsuz, dələduzluq hərəkətlərinə hüquqi qiymət verib, xüsusi qərardad çıxarıb prokurorluğa göndərmək əvəzinə, onun bu qanunsuz hərəkətindən özünün qanunsuz qətnaməsini əsaslandırmaq üçün istifadə etməyə çalışmışdır. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən, “Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Hakim iddiaçıların öz iddialarının hüquqi əsası kimi istinad etdikləri maddi hüquq normalarına qiymət verməmiş, onları rədd edib-etməməsi barədə heç bir mövqe bildirməmişdir. Başqa sözlə, qətnamə MPM-nin 220-ci maddəsinə uyğun deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi Cəhri Bələdiyyəsinin mülkiyyətinə verilməlidir. Belə ki, cavabdehə gələcəkdə bir şey olsa onun övladları torpaq sahəsində dəfnlərə icazə verməyə bilər. Həmin torpaq sahəsində Cəhri kəndinin camaatı dəfn olunur. İstəyir ki, dəfnlər qanuni qaydada həyata keçirilsin. Dəfn üçün əlavə xərclər ödənilməsini istəmir. Torpaq sahəsində dəfnlər hal-hazıradək həyata keçirilir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etdiyini bildirdi və şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, kənd camaatı cəmiyyətin yaradılmasını onlara tapşırmışdır. Lakin cəmiyyət yaradılmamışdır. Kənd camaatı dəfn üçün qəbiristanlığa gedəndə Cavabdeh1 onlardan pul tələb edir, heç bir hesabat vermir. Digər cavabdehin qardaşı bu məsələni qaldırmışdır. Dəfn sıra ilə gedir, lakin camaat qorxur ki, torpaq sahəsinin digər hissəsi satılacaqdır. Kənd camaatı qəbiristanlıqda vəfat etmiş qohumlarını 10 metrdən bir dəfn etmək istəyir, lakin cavabdeh buna icazə vermir. Cavabdeh1 dəfn üçün Babək adlı qəbir qazana 300 manat ödənilməsini tələb edir. Camaat özü qəbir qazmaq istəyir, lakin Cavabdeh1 buna imkan vermir.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 15.000 nəfərdən cəmi 1-2 nəfər narazıdır torpaq sahəsinin onun mülkiyyətində olmasından. Hal-hazıradək dəfnlər həyata keçirilib, heç kim narazılıq bildirməyib. Bu mübahisə ailə münaqişəsi zəmnində başlayıb və bu məsələni qaldıran şəxs dələduzluqda ittiham olunan şəxsdir. Qəbiristanlıq nümunəvi qəbiristanlıqdır. Ona torpaq sahəsinin alınması üçün təxminən 114.000 manat pul verilmişdir. 75.000 manat torğağın alınmasına, qalan məbləğ abadlaşdırma işlərinə xərclənmişdir. Ona bildirilmişdir ki, ictimai qurum yaradıb torpağı onun balansına alacaqlar. Onu edə bilmədilər. Bel ki, Ədliyyə Nazirliyi imtina etmişdir. Hal-hazıradək qəbiristanlıqda 80 qəbir var. Mübahisə yarananda kənd camaatı ilə belə qərara alınmışdır ki, torpaq sahəsini 200 nəfərin adına rəsmiləşdirsinlər. Sonra torpaq sahəsinin üzərinə həbs qoyuldu, paylı mülkiyyətə bölə bilmədilər. Hazırda da Ədliyyə Nazirliyinə müraciət olunmuşdur ki, ictimai birlik yaradılsın, torpaq sahəsi birliyin mülkiyyətinə verilsin. Lakin nöqsan olduğundan ərizə geri qaytarılmışdır. Torpaq sahəsinin alınmasına cəmi 354 nəfər pul ödəmişdir. Narazı kimdirsə onun ödədiyi pul qaytarılmalıdır. Camaat buna razıdır. Torpaq sahəsinin bazar dəyərini narazı şəxslərə qaytarmağa etiraz etmir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları Bənd 3.1. Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. Bənd 5.1. Qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir. Bənd 5.2. Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. Bənd 5.3. Yeni qəbiristanlığın salınması barədə qərar aşağıdakı hallarda qəbul edilir: 5.3.1. qəbiristanlıq köçürüldükdə; 5.3.2. qəbiristanlıq bağlı elan edildikdə; 5.3.3. yeni yaşayış məntəqəsi salındıqda. Bənd 6.1. Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. Bənd 9.1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda qəbiristanlıq salına bilməz. Bənd 10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.

28. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı: Bənd 1.2. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Bənd 1.6. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir. Bənd. 3.1. Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilməsi nəzərdə tutulan kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilmənin əsaslandırılması, torpaq sahəsinin ölçüsü, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahəsi olduqda həmçinin suvarılan və ya dəmyə olması barədə məlumatlar, habelə kateqoriyaya aid edilən, digər kateqoriyaya keçirilən və məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin planlaşdırılan istifadə istiqamətləri aydın göstərilməklə aşağıdakı subyektlər Xidmətə müraciət edir: 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 91. Torpağın mülkiyyətçisi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə Cəhri kənd ağsaqqallarının müzakirəsinin nəticəsi olaraq, Cəhri və Gülşənabad kənd sakinləri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan şifahi tapşırıq müqaviləsinə əsasən kənd sakinlərinin vəsaitləri hesabına qəbiristanlıq ehtiyaclarının təmin edilməsi üçün torpaq sahəsinin (qəbiristanlığın) alınması cavabdehlərə həvalə edilmişdir.

35. Bunun nəticəsi olaraq Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsini almış və həmin torpaq sahəsi xx.xx.2012-ci il tarixdə onun adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

36. Daha sonra torpaq sahəsinin 183/200 hissəsi Cavabdeh1 adına, qalan hissəsi isə hər birinə 1/200 hissə olmaqla, X24, X25, X3, X39, X12, X31, X32, X33, X26, X17, X4, X5, X13, X1, X18, X34 və X19 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

37. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Beləliklə, tapşırıq müqaviləsi üzrə tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi üzrə tapşırığın özü də qanunvericiliyə zidd olmamalıdır.

39. Qeyd edilməlidir ki, qanunvericilikdə fiziki şəxslərin qəbiristanlıq almaq və ya torpaq sahəsi alaraq orada qəbiristanlıq salmaq kimi hüquqları nəzərdə tutulmamışdır. Yəni, cavabdehə verilən tapşırıq (Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması) qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

40. Bununla belə, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində qəbiristanlıq salınmış və hal-hazıradək orada dəfnlər həyata keçirilir. Bundan başqa, onun tərəfindən torpaq sahəsində qəbiristanlığın salınmasına icazənin verilməsi üçün Dövlət qurumlarına, habelə İctimai Birliyin dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur.

41. O da nəzərə alınmalıdır ki, qəbiristanlıq üçün torpaq sahəsinin alınması üçün 354 nəfər pul ödəsə də, iddia yalnız 30 nəfər tərəfindən qaldırılmış, apellyasiya şikayətini isə iddiaçılardan yalnız İddiaçı1 vermişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(007)-938/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar