Məhkəmə qərarları › İş №2(103)-3777/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3777/2022

30.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3777/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə (bundan sonra: Cavabdeh MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktorunun 05 noyabr 2021-ci il tarixli 1763 nömrəli əmrinin ləğv edilməsi, onun nəqliyyat və logistika şöbasinin nəqliyyat sektorunun yük avtonəqliyyatı sürücüsü vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 fevral 1980-ci ildə Şəhərlərarası Rabitə Televiziya Ərazi istehsalat birliyində sürücü kimi iş fəaliyyətinə başlamışdır. 01 oktyabr 1999-cu ildə Birlik ləğv olunduğu üçün Cavabdeh İstehsalat Birliyinin nəqliyyat sexinə sürücü vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin 22 iyun 2015ci il tarixli 183 saylı sərəncamına əsasən Cavabdeh İstehsalat Birliyinin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. 07 fevral 2018-ci ildən Cavabdeh MMCnin yeni redaksiyada təsdiq edilməsi haqqında əmrinə əsasən Təchizat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir. 10 iyul 2019-cu ildən Cavabdeh MMC-nin baş ofisinin strukturunun təsdiq edilməsi haqqında əmrinə əsasən Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin direktorunun 05 noyabr 2021-ci il tarixli 1763 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən həmin əmri poçt vasitəsilə göndərmiş və əmrin surəti əmək kitabçası ilə birlikdə ona 07 noyabr 2021-ci il tarixdə çatdırılmışdır. İşəgötürən ona 03 sentyabr 2021-ci il tarixli 1BD05-08/62 saylı xəbərdarlıq məktubu göndərərək xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyini, xəbərdarlıq müddəti ərzində əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə biləcəyi, 03 sentyabr 2021-ci il tarixdən başlanan xəbərdarlıq müddətinin 04 noyabr 2021-ci il tarixdə başa çatacağını bildirmişdir. Xəbərdarlıq məktubunu aldıqdan sonra ailə və maddi vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə, X2, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etsə də, cavabdeh bu halları nəzərə almadan onunla əmək müqaviləsinə hazırda mübahisələndirdiyi əmrlə xitam vermişdir. 16 noyabr 2021-ci il tarixdə cavabdehə poçt vasitəsilə mediasiya prosesinin tətbiqi barədə müraciət göndərmiş və müraciət cavabdehə çatdıqdan sonra 24 noyabr 2021-ci il tarixdə Mediasiya Şurasına ərizə göndərərək mediatorun təyin edilməsini xahiş etmişdir. Lakin rəsmi dəvət edilməsinə baxmayaraq, cavabdeh mediator Akif Kərimovun təyin etdiyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O, 26 fevral 1980-ci ildən işdən azad olunana kimi eyni vəzifədə nöqsansız işləmiş, dəfələrlə mükafat almışdır. Ştatda saxlanılan digər sürücü X1 həmin vəzifədə 2013-cü ildən işləyir. 5 il əvvəl idarə etdiyi yük avtomobilinin mühərrikini xarab etdiyi üçün əmək haqqı alsa da, işsiz olmuş və xx.xx.2021-ci ilin iyun ayının 1-də o, məzuniyyətdə olan işçini əvəz edərkən UAZ-3301 markalı 318 nömrəli yük avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilin təmiri üçün dövlət 1500 manat sığorta ödənişi etmişdir. Buna baxmayaraq, işəgötürən ixtisarla əlaqədar onu deyil, iddiaçını işdən azad etmişdir. O, 2012-ci ildən “şəkərli diabet tip İİ” diaqnozu ilə xəstədir və himayəsində 62 yaşı olan arvadı var. Ailənin yeganə qazanc gətirəni odur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1246/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1246/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən maddi hüquq normasının tələblərini pozaraq daha yüksək peşəkarlıq səviyyəsinə malik olduğu halda, ştatlar ixtisar olunarkən onu işdə saxlamamışdır. Məhkəmə qeyd edilən faktı araşdırarkən bu qaydanın işçilərin sayının azaldılması hallarına aid olduğunu göstərmiş və onun vəzifəsi ləğv edildiyindən ştat mövcud olmadığı üçün həmin vəzifədə işləməyin də mümkün olmaması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, maddi hüquq norması ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması üçün iki ayrı-ayrı halın olmasını ehtiva edir: işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən hazırkı mübahisə onun işlədiyi sürücü ştatının ixtisar olunması və eyni vəzifədə 2013-cü ildən işləməklə işinə etinasız yanaşan, qəza törədərək dövlət büdcəsindən sığorta ödənişi edilməsinə səbəb olan digər sürücünün ştatının saxlanılmasına görə yaranmışdır. Lakin məhkəmə qeyd edilən halları araşdırmamaqla göstərdiyi maddi hüquq normasını da düzgün təfsir etməmişdir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh öhdəsində avtomobil olmayan sürücünün deyil, onun işlədiyi ştatın ixtisara salınması halını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etmədiyi halda, məhkəmə onun tələblərini təmin etməmiş, cavabdehin etirazını əsaslı hesab etmişdir. Halbuki cavabdeh öz etiraz və izahatlarında onun iddia tələbində göstərilən halları təkzib edə biləcək nə bir xüsusat göstərməmiş, nə də məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, onun işlədiyi ştatdan əlavə cavabdeh cəmiyyətdə başqa sürücü ştatlarının olması, ştatı saxlanılan sürücünün öhdəsində avtomobil olmamaması, həmin sürücünün yol nəqliyyat hadisəsi törətməklə işəgötürənə maddi zərər vurması halında, cavabdehin onun işlədiyi ştatı ixtisara salması qanunsuz olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi və onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 10 iyul 2019-cu ildən Cavabdeh MMC-nin baş ofisinin strukturunun təsdiq edilməsi haqqında əmrinə əsasən Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı 21,06.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, o cümlədən həmin əmrə əsasən Cavabdeh MMC-nin strukturunda iddiaçının tutduğu yük avtonəqliyyatı sürücüsü vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumat verilmişdir. Həmçinin, sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması və yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktorunun xx.xx.2021-ci il tarixli 1763 nömrəli əmrinin surətindən görünür ki, Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, İddiaçı əmək haqqı və son haqq-hesab (istifadə etmədiyi məzuniyyət günləri üçün 23 təqvim günü nəzərə alınmaqla) hesablanaraq ödənilməsi, kollektiv müqavilənin 4.3-cü bəndinə əsasən ona orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi NRYTN-nın xx.xx.2021-ci il tarixli Ə-87/21 nömrəli əmri və NRYTİHİ Bakı şöbəsinin razılıq məktubu göstərilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı uyğun vakant vəzifə olmadığı üçün ona hər hansı iş təklif edilməmişdir. Həmçinin, İddiaçı işdən çıxma ilə bağlı müavinət ödənilmişdir. İş materiallarında olan əmək haqqı barədə hesabatın surətindən görünür ki, 2021-ci ilin noyabr ayında Cavabdeh MMC tərəfindən İddiaçı 1138,18 manat işdən çıxarma müavinəti, istifadə edilməmiş məzuniyyət günləri üçün 430,56 manat kompensasiya, noyabr ayı 23,13 manat əmək haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 107,76 manat olmaqla, cəmi 1699,63 manat pul hesablanmış və tutulmalar çıxıldıqdan sonra 1642,09 manat ödənilmişdir. İş materiallarında olan Göyçay RMX Poliklinika şöbəsinin Ambulator stasionar xəstənin tibbi kartından çıxarışın surətindən görünür ki, İddiaçı 2012-ci ildən “şəkərli diabet tip İİ” diaqnozu ilə xəstədir. İş materiallarında olan sübutların məcmusu və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş prosedurların pozulması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı onun ştatının ixtisara düşməsi barədə Əmək Məcəlləsinə uyğun olaraq əvvəlcədən xəbərdar edilmilş, ona başqa iş tapması üçün şərait yaradılmış, işdən azad edilərkən son haqq-hesab ödənilmiş, əmrin surəti və əmək kitabçası iddiaçıya təqdim edilmişdir. İddiaçı qeyd edilən halları mübahisələndirməmişdir. İddiaçının iddiasının və apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, o, daha təcrübəli sürücü olduğuna görə və işlədiyi müddətdə heç bir pozuntuya yol vermədiyinə görə, bununla da peşəkarlıq səviyyəsi daha yüksək olduğu üçün onun deyil, həmin müəssisədə çalışan digər sürücünün ştatı ixtisar edilməli idi. Belə ki, həmin sürücü ondan daha az iş stajına malik olmaqla, işlədiyi müddətdə müəssisənin avtomobili ilə yolnəqliyyat hadisəsi törətmiş və müəssisəyə ziyan vurmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtlərindən müəyyən edilir ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ştatın ixtisarı əsası ilə ləğv edilməsi və bu zaman işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin hüququ kimi müəyyən edilmişdir və bu hüququn məhdudlaşdırılması və yaxud hər hansı şəkildə şərtləndirilməsi nəzərdə tutulmamışdır. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən hazırkı iş üzrə Cavabdeh MMC-də aparılan struktur dəyişiklikləri çərçivəsində iddiaçının tutduğu yük avtonəqliyyatı sürücüsü ştatı ixtisar etmişdir. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarına, habelə işin müəyyən edilən hallarına əsasən bu qənaətə gəlmək olur ki, İddiaçı Cavabdeh MMC-də tutduğu sürücü ştatının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İddiaçının peşəkarlıq səviyyəsi daha aşağı olan işçi olduğu halda, onun ixtisara düşməsinin qanunsuz olmasına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, işçilərin peşəkarlıq səviyyəsini müəyyən etmək səlahiyyəti qanunvericiliklə işəgötürənə məxsusdur və hazırkı halda işəgötürən bu səlahiyyətindən istifadə etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, iddiaçının özünün də bildirdiyi kimi, aparılan struktur dəyişikliyi zamanı digər sürücünün deyil, məhz onun tutduğu yük nəqliyyatı avtomobilinin sürücüsü ştatı ixtisar olunmuşdur. Belə olduğu halda iddiaçının onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. İddiaçının İİ tip şəkərli diabet xəstəsi olması, buna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı dəlilinə münasibərdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsnin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Göründüyü kimi, bu qadağa işçinin yalnız şəkərli diabet xəstəsi olması əsası ilə işdən azad edilməsi ilə bağlı müəyyən edilmişdir. Hazırkı halda iddiaçının işdən azad edilməsi onun şəkərli diabet xəstəsi olması ilə bağlı olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının həmin dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 05 noyabr 2021-ci il tarixli 1763 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1246/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar