Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-378/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin iddia, Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “özbaşına inşa edilmiş tikililərin sökülməsi, kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin ərazisində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı məxsus 11 saylı torpaq sahəsinin əvəzinə 300.000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
3. Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) İddiaçı iddia tələbi təmin olunmamış, cavabdehin iddia tələbi təmin olunaraq, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən 300.000 (üç yüz min) manat kompensasiya verilməsi yolu ilə İddiaçı torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilmiş və həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüquqlarının tanınması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Seriya RX № ******* saylı, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsi ilkin iddia üzrə İddiaçı şəxsi mülkiyyətindədir. Həmçinin işin ikinci mübahisəsiz halı ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh iddiçıya məxsus torpaq sahəsini mənimsəmiş və orada qurğular yerləşdirərək tikili ucaltmışdır. Bu halı cavabdehin nümayəndəsi məhkəmə iclaslarında (proseslərin audio və video yazısı mövcuddur), həmçinin qarşılıqlı iddia ərizəsində də etiraf etmişdir. İlkin iddia tələbini rədd edən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun torpağında hər hansı bir qurğu və tikilinin ucaldılmasını sübuta yetirməmiş, ümumiyyətlə torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı müdaxilə edilməmişdir. Cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus torpağı məhkəmədən istifadə etməklə ələ keçirmək istəyir, öz növbəsində hakim də buna imkan yaratmış, hətta cavabdehin tələblərindən kənara çıxaraq iddiaçıya məxsus torpağı cavabdehin mülkiyyətinə vermişdir.
5. Apellyator şikayətində qeyd etmişdir ki, o, rayon məhkəməsində mübahisəlitikintinin aparıldığı torpaq sahəsinin iş üzrə təqdim edilmiş iddiaçıya məxsus çıxarışla üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsi barədə vəsatətlə çıxış etsə də, cavabdehin nümayəndəsi həmin sahənin Cavabdeh MTK-ya Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 138 saylı sərəncamı ilə verildiyini və hazırda həmin torpaq sahəsindən tikinti məqsədləri üçün istifadə edildiyini bildirərək, bu məsələlərin araşdırılmasına ehtiyac olmadığını bildirmişdir.
6. Eyni zamanda, ilkin iddia ərizəsinin 2-ci tələbinə aid hissəsini (İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə) hakim o əsasla rədd etmişdir ki, “qanunvericilik torpaq sahəsində inşa edilən tikililər arasında ara məsafəsinin saxlanılmasını nəzərdə tutur, tikili ilə qonşu torpaq sahəsi arasında ara məsafəsinin saxlanılması qanunla müəyyən olunmur”. Halbuki, iddiaçıya məxsus torpağa dair dövlət tərəfindən verilmiş çıxarışda “məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi” qeyd edilmişdir.
7. Rayon məhkəməsi cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə dair subyektiv hüququnu Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 138 saylı Sərəncamı və Səbail rayon İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə əsaslandırmışdır. Baxmayaraq ki, həmin sənədlərin məzmunu ilə tanış olduqda müəyyən olunur ki, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20; Əlibəyov Qardaşları küçəsi 15,17,17A,17B,19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1- 4 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK –ya həvalə edilmişdir. Göründüyü kimi, dövlət tərəfindən cavabdehə yalnız qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların inşası həvalə edilmiş, vətəndaşlara mülkiyyət hüququ ilə məxsus boş torpaq sahələri bağışlanmamışdır.
8. Bundan başqa, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanı Səbail Rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamında əhatə edilməmişdir və cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə dair mülkiyyət hüququna xitam verilərək öz mülkiyyət hüququnun tanınması barədə iddia tələbləri ilə çıxış etmək kimi subyektiv hüququ yoxdur.
9. Cavabdehin bu iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, cavabdeh mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə iddia tələbinin dəlillərinə münasibət bildirməyərək və mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə əsaslanaraq qarşılıqlı iddia ərizəsini iddiaçının belə bir iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd etməli idi.
10. Apellyator göstərilənlərə əsasən, Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və ilkin iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriya ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014- cü il tarixli, AA 061144 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
15. Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 138 saylı sərəncamına əsasən, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarını və “Yerli icra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq,“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun Səbail rayon,Bayıl qəsəbəsi, Xanlar küçəsi 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi 15,17, 17A, 17B, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə xx.xx.2017-ci il tarixli aktını, xx.xx.2017-ci il tarixli xx/xx-03495 saylı məktubunu, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli Q-280 saylı razılıq məktubunu və Cavabdeh MTK-nın S-101 saylı, xx.xx.2017-ci il tarixli müraciətini nəzərə alaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının 127 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov küçəsi 15,17,17A,17B,19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 1,3 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır.
16. Səbail rayon İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yaşayış binalarının (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil etmişdir. Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanlarında tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə Cavabdeh MTK arasında razılaşmalar əldə oluqdundan və müqavilələr imzalandıqdan sonra verilməsini müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödənilməsi, müqavilənin 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatma yolu ilə seçilmiş mənzil sahəsi ilə təmin edilməsi öhdəlik kimi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur.
17. 21.12.2017-ci il tarixdə tərtib edilmiş və Səbail rayon İcra Hakimiyyəti Başçısının müayini tərəfindən təsdiq edilmiş aktın kserosurətindən görünür ki, Səbail RİH-nin təsərrüfat şöbəsinin böyük məsləhətçi memarı Kamil Məmmədov Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 138 No-li xx.xx.2017-ci il tarixli sərəncamına əsasən 1.30 ha torpaq sahəsində instrumental təriqilə ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və Cavabdeh MTK-nın nümayəndəsi A.Səfərov yerində təhvil vermişlər, Səbail rayonu, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 1.30 ha torpaq sahəsinin Cavabdeh MTK-nın nümayəndəsi A.Səfərov cizgidə olduğu kimi yerində qəbul etmişdir.
18. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10,12,14,16,18,20, Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK tərəfindən yerinə yetirilərək, çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanı Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamında əhatə edilməmişdir.
19. "xxxx" MMC tərəfindən tərtib edilmiş MB-14/0549 saylı, xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixə hesablanmış bazar dəyəri 200.000 manat təşkil etmişdir. Həmin ərazidə 0,01 ha torpaq sahəsinin 29.04.201-ci il tarixə hesablanmış bazar dəyəri 50.000 manat təşkil etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7961/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin (və ya hansı hissədə üst-üstə düşüb-düşmədiyi) müəyyən edilməsi sualı qoyulmuşdur.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/470 saylı rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-378/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsində (boş qalan ərazidə) onun təyinatına uyğun istifadəsi, yəni fərdi yaşayış evinin inşasının mümkün olub-olmamasının müəyyən edilməsi sualı qoyulmuşdur.
23. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4955 saylı ekspert rəyindən məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin çoxmərətəbəli yaşayış binasına bitişik yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq, İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşasının mümkün olmadığı müəyən edilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
24. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29 İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:
27. Maddə 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;
28. Maddə 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;
29. Maddə 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;
30. Maddə 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;
31. Maddə 3.1.5. dəniz limanının ərazisinin artırılması.
32. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Mülki Məcəllə:
33. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
34. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
42. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
43. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
44. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
46. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
47. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
48. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
49. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
50. Apellyasiya Məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, idiaçının apellyasiya qismən şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmənin bütün təşəbbüslərinə baxmayaraq, tərəflər arasında hazırkı mübahisənin barışıq sazişi ilə həlli hazırkı mərhələdə mümkün olmamışdır.
53. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.
54. İddiaçı iddia ərizəsindən görünür ki, onun tələbi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin ərazisində, eləcə də, həmin torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərə alınmadan cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsindən ibarətdir.
55. Başqa sözlə, iddiaçı əvvəlki vəziyyətin bəpa olunmasını tələb edir.
56. Apellyasiya icraatı zamanı aparılmış araşdırmalar zamanı (hər iki tərəfin izahatları, ekspertiza rəyləri ) ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyd olunan torpaq sahəsinin də yerləşdiyi ərazidə cavabdeh tərəfindən yüksək mərtəbəli böyük yaşayış kompleksi tikilmiş, həmin binalara xidmət edəcək yardımçı sahələr (qazanxana və sair) isə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Eyni zamanda, müəyyən olunmuşdur ki, həmin ünvanda inşa edilən yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin inşası tamamlanmışdır.
57. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanının Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə əhatə olunmadığı göstərilmişdir.
58. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriya ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir, həmin torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqəsi torpaq sahəsi olduğu, təyinatının isə fərdi yaşayış evinin tikintisi üçün olduğu qeyd edilmişdir.
59. Araşdırma zamanı Məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertizalar təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/470 saylı rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
60. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4955 saylı ekspert rəyindən məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin çoxmərətəbəli yaşayış binasına bitişik yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq, İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşasının mümkün olmadığı müəyən edilir.
61. Cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş və başa çatdırılmış yaşayış kompleksinə olduqca böyük miqdarda vəsaitin sərf olunduğu mübahisəsizdir. Eyni zamanda, tikintinin aparıldığı həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də həmin binalarda mənzillər almış (əldə etmiş) digər şəxslərin də yeni inşa edilən binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur.
62. Belə olan halda məlum olur ki, hazırkı halda iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsi barədə tələbi mahiyyət etibarı ilə həmin ünvanda inşası tamamlanmış yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin sökülməsi ilə bağlıdır ki, bu tələbin təmin edilməsi isə iqtisadi baxımdan çox böyük maliyyə xərcləri tələb etməklə yanaşı, həm də çoxsaylı digər vətəndaşların mənzil hüquqlarının bərpaolunmaz dərəcədə pozulmasına gətirib çıxarmış olacaqdır. Bunun isə həm iqtisadi -maliyyə xərcləri baxımından, həm iddiaçı ilə həmin binalarda mənzil hüququ olan çoxsaylı digər vətəndaşların toqquşan maraqlarının tarazılaşdırılması baxımından, həm də qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğu aşkardır. Çünki oxşar hallarla bağlı qanunvericilidə xüsusi tənzimləmə nəzərdə tutulmuşdur.
63. Belə ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
64. Demək ki, hazırkı halda iddaçının cavabdehə qarşı mahiyyət etibarı ilə əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbi təmin edilə bilməz, bununla belə, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı torpaq sahəsinin real bazar dəyərinə müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
65. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.
66. Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı məxsus 11 saylı torpaq sahəsinin əvəzinə 300.000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
67. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
69. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
70. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»
71. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanının Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə əhatə olunmadığı göstərilmişdir.
72. Belə olan halda, məlum olur ki, qarşılıqlı iddia tələbi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsasına görə təmin edilə bilməz.
73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
74. Həmin qərarın 5-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi savadlı və hüquqi cəhətdən düzgün tərtib edilməlidir.
75. Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
76. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
77. Yuxarıda qeyd olunan normalara əsasən Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir.
78. Belə ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş xx.xx.2021-ci il tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı məxsus 11 saylı torpaq sahəsinin əvəzinə 300.000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
79. Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsində qarşılıqlı iddia ərizəsində yuxarıdakı tələblərin təmin edilməsi ilə yanaşı, həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının tanınması da qərara alınmışdır.
80. Bununla da məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxmaqla qətnamənin ləğvinə əsas olan prosessual pozuntuya yol vermişdir. Nəticə:
81. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
82. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizələri və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, iddiaçı Ə.Həsənovadan ekspertiza tədqiqatlarının dəyəri 200 (100+100=200) (iki yüz) manat tutulmalıdır.
83. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməsin. İddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizələri və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (100+100=200) (iki yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına İddiaçı tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev