Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3780/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasına qarşı (Bakı şəhər Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasına qarşı (Bakı şəhər Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və s.” tələblərə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 919/2024 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasında (bundan sonra “cavabdeh”) aşbaz vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh müəssisənin müdiri vəzifəsinə Səidə Xudiyeva təyin olunmuşdur. Bundan sonra müəssisə üzrə müvafiq əmrlərlə iddiaçıya xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunmuş, habelə xx.xx.2023-cü il tarixdə töhmət, xx.xx.2023-cü il tarixdə isə şiddətli töhmət növündə inzibati tənbehlər verimişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini istədiyindən həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət etmiş və həmin təqdimata Komitənin xx.xx.2023-cü il tarixdə keçirilmiş növbədən kənar iclasında baxılaraq, təqdimat təmin edilməsi və uşaq bağçasının aşbazı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilərək, cavabdeh müəssisəyə göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 133 nömrəli əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi – uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 133 nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi – uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 129 nömrəli və xx.xx.2023-cü il tarixli, 130 nömrəli intizam tənbehi əmrlərinin ləğv edilməsi, əmək kitabçasında və AR ƏƏSMN-nin “əmək və məşğulluq alt sistemi”ndə müvafiq dəyişikliklər edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, məruz qaldığı mənəvi zərərə görə 6.000 manat, maddi zərərə görə isə 1.210 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, belə əsaslandırmışdır ki, işlədiyi dövrdə “aşpaz” vəzifəsini tutmağına baxmayaraq faktiki yerinə yetirdiyi işlər “uşaq yeməkləri üzrə aşpaz” vəzifəsinin əmək funksiyalarına uyğun olduğundan (həmin vəzifə üzrə əməyin ödənilməsi 5-ci dərəcə üzrə aparılır) Bakı şəhəri üzrə Təhsil İdarəsinə və AR ƏƏSMN-nin X17 Xidmətinə müraciət etmiş və müraciətindən sonra dərəcəsi 3-cü dərəcədən 5-ci dərəcəyə qaldırılmışdır. İşlədiyi dövrdə həmişə öz əmək funksiyalarını layiqincə, məsuliyyətlə, vicdanla və vaxtında icra etmiş, nümunəvi işçi kimi kollektivdə fərqlənmiş və heç bir intizam tənbehi almamışdır. xx.xx.2023-cü il tarixdən etibarən isə çalışdığı 345 saylı körpələr evi – uşaq bağçasında müvafiq qanun pozuntuları cərəyan etməyə başlamışdır. Onlara aiddir: 345 saylı körpələr evi – uşaq bağçasının əvvəlki müdiri Bənövşə Həsənova yol verdiyi bəzi pozuntulara görə valideynlərin şikayəti əsasında Təhsil Nazirliyin Daxili Nəzarət Şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində vəzifəsindən kənarlaşdırılmış, onu yerinə isə X14 müdir vəzifəsinə təyin edilmişdir. 30 oktyabr 2023-cü il tarixdə ilk dəfə bağçaya gəlmiş Səidə Xudiyeva 31 oktyabr 2023-cü il tarixdə onu otağına çağıraraq bildirmişdir ki, guya o, digər aşpazları gündəlik uşaqlar üçün yemək hazırlanması üçün verilən ərzaqların təhvil-təslim kitabına qol çəkməməyə öyrətmişdir. Bundan əlavə, ona bildirmişdir ki, Təhsil Nazirliyinin vəzifə şəxsləri tərəfindən verilmiş göstərişə əsasən onu vəzifəndən kənarlaşdıracaqdır. S.Xudiyevanın bu fikirlərinə cavab olaraq bildirmişdir ki, o, heç kimi təhsil-təslim kitabına qol çəkməməsi barədə öyrətməmiş və bağçanın baş aşpazının təhvil-təslim kitabına qol çəkməməsinin səbəbi ona ərzaq anbarının müdiri (anbardar Şahid2) tərəfindən təqdim edilən məhsulların nəzərdə tutulmuş gündəlik normalardan dəfələrlə az olmasıdır. Əlavə olaraq bildirmişdir ki, heç bir intizam pozuntusuna yol vermədiyi və əmək funksiyalarını vaxtında icra etdiyi halda Təhsil Nazirliyində ona qarşı belə bir mövqeyin ola biləcəyinə inanmır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə S.Xudiyeva mətbəxə gələrək aşpazın əmək funksiyalarına aid olmayan işləri ondan və digər aşpazlardan tələb etməyə başlamışdır. Belə ki, o, onlardan yemək bişirilmiş çirkli qabların yuyulmasını tələb etmişdir. O və digər aşpazlar isə buna etiraz edərək, qeyd olunan işlərin onların əmək funksiyalarına aid olmadığını, bu işlərin “mətbəx işçisi” tərəfindən yerinə yetirilməli olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, müəssisədə “mətbəx işçisi” vəzifəsində çalışan 2 işçi – Vüsalə Rüstəmova və Ramilə Ağaquliyeva (qeyd edi ki, R.Ağaquliyevanın rəsmi vəzifəsi “mətbəx işçisi” olsa da, o faktiki olaraq müəssisədə “tərbiyəçi-müəllim” vəzifəsində çalışır) var və bu işləri görmək onların vəzifəsidir. Həmçinin, onunla “mətbəx işçisinin” əmək funksiyalarını icra etməyi ilə bağlı “əvəzçilik üzrə əmək müqaviləsi”, “müvəqqəti başqa işə keçirmə barədə müqavilə” və ya “başqa işçinin əmək funksiyasını icra etməklə bağlı müqavilə” bağlanılmadığından S.Xudiyevanın bu cür tələbi tamamilə qanunsuz və əsassız idi. S.Xudiyeva isə bundan qəzəblənərək onun (və digər aşpazların) üstünə qışqıraraq ərizəsini yazıb işdən çıxmağını tələb etmişdir. O, isə çalışdığı müəssisənin dövlət müəssisəsi olduğunu, onun sadəcə olaraq müəssisəni qanunvericilik çərçivəsində idarə etmək səlahiyyətinin olduğunu, onun qanunsuz tələblərini heç vaxt icra etməyəcini bildirmişdir. Bundan sonra o, gün ərzində dəfələrlə dəhlizdə qışqıraq işdən çıxma barədə ərizə yazmaqla onları təhdid etmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixində müəssisədə metodist vəzifəsində çalışan Elnurə Məlikova ona boş vərəqlər gətirərək, müdirin işdən çıxma barədə ərizə yazmağını tələb etdiyini, əks halda onunla bağlanmış əmək müqaviləsini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəyini bildirmişdir. O, isə ərizə yazmaqdan imtina etmiş və müdirin qanunsuz hərəkətlərinə qarşı dözümlülük nümayiş etdirmişdir. Göstərilənlərdən aydındır ki, Səidə Xudiyevanın məqsədi onu (ondan sonra isə növbə ilə digər aşpazları) tutduğu vəzifədən kənarlaşdırmaqdan və öz “komandasını” bağçaya gətirib mətbəxdə onun (eləcə də digər aşpazların) tutduğu vəzifəyə təyin etməkdən ibarətdir. Bundan sonra S.Xudiyeva onun işdən qanunsuz çıxarılmağı üçün bir sıra işçilərə - metodist Elnurə Məlikovaya, anbardar Şahid2, tibb bacısı Şahid3, təsərrüfat müdiri Şahid4 və digər işçilərə işdən çıxarılacaqları ilə hədə-qorxu gələrək, barəsində akt tərtib edilmiş, guya həmin aktda “yol verdiyi pozuntular” həmin işçilər tərəfindən təsdiq olunmuşdur. Beləliklə, o, hüquqlarını qorumaq məqsədilə müəssisə rəhbəri S.Xudiyevanın yol verdiyi qanun pozuntuları barədə AR Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, AR ƏƏSMN-nin X17 Xidmətinə, AR İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Azərbaycan Təhsil İşçiləri X20 Respublika Komitəsinə və digər aidiyyəti qurumlara şikayət formasında müraciət etmişdir. Həmin vaxtdan sonra daim qorxu və təhdidlər altında hər gün işə gedərək öz əmək funksiyalarının icrasını davam etdirmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Səidə Xudiyeva iclas keçirərək təyin olunduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ona 3 dəfə intizam tənbehi verdiyini (halbuki həmin intizam tənbehlərinin heç birindən xəbəri olmayıb), sonuncu intizam tənbehi kimi isə onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxardığını bildirmişdir. Səbəb kimi isə göstərmişdir ki, ondan mətbəxdə qabların, qazanların və s. yuyulmasını tələb etmiş (hansı ki, bu iş onun əmək funksiyalarına aid olmayan işlərdir), o isə həmin işləri görməkdən imtina etmişdir. Həmçinin, S.Xudiyeva iclas zamanı əlavə etmişdir ki, onun qanunsuz hərəkətləri barədə yuxarıda adları göstərilən aidiyyəti dövlət orqanlarına müraciət etməyindən narazıdır və onun həmin müəssisədə işləməyinə heç cür razı ola bilməz. O, həmin iclasda yenidən öz mövqeyini nümayiş etdirərək, həmin işlərin onun yox, “mətbəx fəhləsi” (mətbəx işçisi) vəzifəsini tutan şəxslərin əmək funksiyasına aid olduğunu, həmin vəzifə üzrə “əmək”, “əvəzçilik” və ya “müvəqqəti əvəz etmə” üzrə onunla müqavilə bağlanmadığını və həmin işlərin icrasının ondan tələb edilməsinin qanunsuz olduğunu bildirmişdir. Eləcə də onun qanunsuz hərəkətlərinə etiraz edərək, heç bir hüquq pozuntusuna yol vermədiyini və işdən çıxarılacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş iclas zamanı S.Xudiyeva işdən çıxarıldığını bildirsə də, onu nə işdən çıxarılma əmrinin, nə barəsində tətbiq edilmiş intizam tənbehi əmrlərinin surəti, nə əmək kitabçası, nə də son haqq-hesab sənədləri təqdim edilmədiyindən növbəti günlərdə işə gedərək əmək funksiyalarının icrasını davam etdirmişdir. Yəni, 24 (cümə günü) və 27 (bazar ertəsi günü) noyabr 2023cü il tarixlərdə iş yerində olaraq əmək funksiyalarının icrasını həyata keçirmişdir. Həmin tarixlərdə S.Xudiyeva hər gün dəfələrlə “öz adamlarını” üzərinə göndərərək, ondan iş yerini tərk etməyi tələb etmiş, işçiləri yığaraq onun əleyhinə tərtib etdiyi hansısa sənədlərə imza atmağa məcbur etmişdir. Hətta bir neçə iş yoldaşı göz yaşları içində ona yaxınlaşaraq məcburiyyət qarşısında həmin sənədlərə imza atdıqlarını, imza atmayacaqları təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədələndiklərini ona bildirmişdirlər. Baş verən hadisələr, yəni ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirlər səhhətinə də təsirsiz ötüşməmişdir. Belə ki, keçirdiyi dərin mənəvi sarsıntı və iztirab nəticəsində 24 noyabr və 27 noyabr 2023-cü il tarixlərində işdə olarkən 2 dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və X10 Stansiyasına müraciət etmişdir. Hər iki həkim müdaxiləsində (müayinəsində) qan təzyiqinin 160 və 180 olduğu müəyyən edilmişdir. Keçirdiyi güclü sarsıntı və stress nəticəsində əmək fəaliyyətini davam etdirməyinin mümkünsüz olduğu görərək, xx.xx.2023-cü il tarixdə həkimə müraciət etmiş və həkim müayinəsindən sonra əmək qabiliyyətinin müvəqqəti olmamasına görə “essensial hipertenziya” diaqnozu ilə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində həkim göstərişi ilə işdən azad edilərək, tibbi müayinə və müalicələr almışdır. Xəstə olduğu müddətdə xx.xx.2023-cü il tarixdə əmək haqqının həmişə olduğundan az məbləğdə köçməsi ona məlum olmuşdur və bununla bağlı müəssisənin mühasibatlığına müraciət etdikdə ona bildirilmişdir ki, əmək müqaviləsinə xitam verildiyi üçün əmək haqqı az məbləğdə köçürülmüşdür. Həmçinin, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə də əlaqə saxlayarkən ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə baxmayaraq, ona nə işdən çıxarılmağıyla bağlı əmr, nə əmək kitabçası, nə də digər intizam tənbehi əmrləri təqdim edilməmişdir. Eləcə də AR ƏƏSMNnin “əmək və məşğulluq alt sistemində” onunla bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000301 nömrəli əmək müqaviləsi “qüvvədə” statusunda olmuşdur. Əlavə olaraq, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, işdənçıxarma əmrinin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri ona təqdim edilməmişdir. Bu səbəbdən də 24 və 27 noyabr 2023-cü il tarixlərdə iş yerində olaraq əmək funksiyalarının icrasını həyata keçirmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində ödənişli kuryer vasitəsilə 345 saylı körpələr evi – uşaq bağçası müdiri S.Xudiyevanın məktubu və məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli 128 nömrəli “əmək tənbehi” əmri, xx.xx.2023-cü il tarixli 129 nömrəli “əmək töhməti” əmri, xx.xx.2023cü il tarixli, 130 nömrəli “əmək intizam töhməti” barədə əmri və xx.xx.2023-cü il tarixli, 133 nömrəli “əmək müqaviləsinə xitam verilməsinə dair” əmri ona təqdim edilmişdir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi – uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 133 nömrəli əmri və digər intizam tənbehi əmrləri əsassızdır və ləğv edilməlidir. Belə ki, əmək funksiyasına aid olmayan işlərin tələb edilməsi əmrdə qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, 120 nömrəli əmrlə İddiaçı işində ciddi nöqsanlara və əmək tapşırıqlarına əməl etmədiyinə və verilən xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığına görə şiddətli töhmət verilmişdir. Bu hal ilə bağlı qeyd etmək istəyir ki, əvvəla Əmək Məcəlləsində “əmək tapşırıqları” anlayışı təsbit edilməmişdir və işəgötürənin həmin anlayışdan hansı məqsədlə istifadə etdiyi məlum deyil. Bununla yanaşı, 345 saylı körpələr evi – uşaq bağçasının müdiri S.Xudiyeva ondan əmək funksiyalarına daxil olmayan işlərin görülməsini – yəni mətbəxin təmizlənməsini, qabların və qazanların yuyulmasını tələb etmişdir. O, isə yuxarıda da qeyd etdiyi kimi buna etiraz edərək, qeyd olunan işlərin onun əmək funksiyalarına aid olmadığını, bu işlərin “mətbəx işçisi” tərəfindən yerinə yetirilməli olduğunu bildirmişdir. Bunların səbəbi isə o olmuşdur ki, həmin vaxt müəssisədə “mətbəx işçisi” vəzifəsində çalışan 2 işçidən biri – Vüsalə Rüstəmova məzuniyyətdə olmuş, digər “mətbəx işçisi” vəzifəsində çalışan Ramilə Ağaquliyeva isə rəsmi olaraq bu vəzifəni tutsa da faktiki olaraq müəssisədə “tərbiyəçimüəllim” vəzifəsində çalışdığından müdir həmin işlərin görülməsini ondan tələb etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.1996-cı il 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin” Vahid X4 uşaq bağçalarında çalışan “aşpaz”ın vəzifə funksiyaları təsbit edilmişdir. Həmin əmək funksiyalarına aşağıdakılar aiddir: - Uşaq məsləhətxanalarında, körpələr evində, uşaq bağçalarında, məktəblərdə və digər iaşə müəssisələrində uşaqlar üçün xörəklərin, süd qarışıqlarının, müxtəlif yarmalardan sıyıqların, tərəvəzdən xörəklərin, tərəvəz, meyvə, meyvə-tərəvəz, və ət-tərəvəz məzələrin, qəlyanaltıların, xuruşların, vineqretlərin/həftəbecər hazırlanması. Ət və toyuq bulyonlarının; sümük bulyonunda vegetrian, püreyəbənzər (əzmə), soyudulmuş və xörəyin üstünə tökülən supların (şorbaların) bişirilməsi. Müxtəlif növlü tomat, xama, süd və meyvə souslarının; sufle, küftə, qiymələnmiş ət, toyuq və balıq məhsullarından sair xörəklərin; ət, yumurta və kəsmik (süzmə) ilə tərəvəz qarışıqlarının hazırlanması. Qaynar və soyuq içkilərin, meyvə və tərəvəz şirələrinin, xoşabların, palda və paludələrin (kisellərin), jele, muss və s. üçüncü xörəklərin hazırlanması. Mayalı və şirin xəmirin hazırlanması və ondan müxtəlif bulka məmulatlarının bişirilməsi. Südəmər, ilkin, məktəbəqədər və məktəbyaşlı uşaqlara onların yaş normalarından asılı olaraq xörəklərin paylanması. Göründüyü kimi, yuxarıda göstərilən əmək funksiyaları içərisində çirkli qabların yuyulması və ya mətbəxin yığışdırılması ilə bağlı heç bir müddəa müəyyən edilməmişdir. Həmin işlər qeyd olunan Vahid X4 32-ci paraqrafında əks olunmuş 2-ci dərəcə “mətbəx işçisi”nin vəzifə funksiyalarına uyğun gəlir (istifadə olunmuş qabların qabyuyulan yerə və təmiz qabların istehsalat sexlərinə çatdırılması, iş yerinin hazırlanması və yığışdırılması). AR İnzibati Xətalar Məcəlləsinin193-cü maddəsinə (işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə) əsasən, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədəqorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək inzibati xətadır və bu cür əməllərə yol vermiş işəgötürən “min manatdan iki min manatadək məbləğdə” cərimə edilir. Beləliklə, işəgötürən ondan əmək funksiyalarına aid olmayan işlərin görülməsini tələb etmiş, bununla AR İXM-in 193-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, o, bu işlərin görülməsindən imtina etdikdə isə onun bu əməlin intizam pozuntusu kimi qiymətləndirilərək ona intizam tənbehi verilmişdir. Qanunsuz intizam tənbehləri Əmrində həmçinin qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, 120 nömrəli əmrlə İddiaçı işində ciddi nöqsanlara və əmək tapşırıqlarına əməl etmədiyinə və verilən xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığına görə şiddətli töhmət verilmişdir. Əvvəla onu bildirir ki, yuxarıda da göstərdiyi kimi müəssisədə çalışdığı 4 il müddətində heç bir intizam pozuntusuna yol verməmiş və heç bir intizam tənbehi almamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə S.Xudiyeva tərəfindən keçirilmiş iclasda ona məlum olmuşdur ki, barəsində 3 dəfə intizam tənbehi tətbiq edilmişdir. Belə ki, həmin günədək barəsində heç bir araşdırma aparılmamış, aparılsa da, ona məlumat verilməmiş, heç bir izahatı alınmamış və barəsində tətbiq edilmiş intizam tənbehi əmrləri ilə tanış edilməmişdir. Hətta həmin gün də barəsində tətbiq edilmiş intizam tənbehi əmrləri ona təqdim edilməmişdir. O, bu hallarla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayətlə müraciət etdikdə isə ona bildirilmişdir ki, “S.Xudiyeva həmin əmrlərdə bir sıra səhvlərə yol verib və həmin əmrlərdə düzəliş etməsi ilə bağlı S.Xudiyevaya göstəriş verilib. Düzəliş edildikdən sonra əmrləri sizə təqdim edəcək”. Şikayətlərindən sonra ilk dəfə olaraq xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində ödənişli kuryer vasitəsilə 345 saylı körpələr evi – uşaq bağçası müdiri S.Xudiyevanın məktubu və məktuba əlavə edilmiş sənədləri nəzərdən keçirərkən ona məlum olmuşdur ki, barəsində xx.xx.2023-cü il tarixli, 128 nömrəli “əmək tənbehi” xəbərdarlıq əmri, xx.xx.2023-cü il tarixli, 129 nömrəli “əmək töhməti” – töhmət əmri, xx.xx.2023-cü il tarixli, 130 nömrəli “əmək intizam töhməti” – sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir. Təsərrüfat müdiri Şahid4 yazılı məlumatından görünür ki, uşaq bağçasının mətbəxində təmizlik və sanitar-gigiyena qaydalarının kobud şəkildə pozuntusuna yol verilir. Əvvəla müəssisənin təsərrüfat müdiri Şahid4 faktiki olaraq heç bir gün də təsərrüfat müdiri vəzifəsində çalışmamışdır. Həmin işçi həmişə qanunsuz olaraq “tərbiyəçi-müəllim” olaraq fəaliyyət göstərmişdir. Baxmayaraq ki, onun bu cür fəaliyyətlə məşğul olmaq üçün zəruri pedaqoji təhsili yoxdur, S.Xudiyeva seçdiyi və onun istədiyi sənədlərə qol çəkən (onunla əlbir olan) işçilərə xüsusi jest edərək, öz şəxsi maraqları naminə qanunların tələblərini pozmuş, həmin qadını “tərbiyəçi-müəllim” olaraq işlətməkdədir. Digər bir tərəfdən həmin Şahid4 yazılı məlumatında qeyd olunan məsələ yuxarıda da qeyd etdiyi kimi, onun əmək funksiyalarına aid olan məsələ olmamışdır. Mətbəxi təmizləmək və sanitariya qaydalarına riayət etmək “mətbəx işçisi”nin vəzifəsi olduğundan, müdir ya başqa işçilərlə “əvəzçilik üzrə əmək müqaviləsi” və ya “müvəqqəti əvəzetməyə dair müqavilə” bağlamaqla mətbəxin təmizliyinə cəlb etməli, ya da müəssisənin tabel cədvəlində “mətbəx işçisi” vəzifəsini tutan Ramilə Ağaquliyevanın qanunsuz olaraq çalışdığı “tərbiyəçi-müəllim” işindən kənarlaşdıraraq, öz işinə yəni “mətbəx fəhləsi” işinə qaytarmalı idi. xx.xx.2023-cü il tarixli, 130 nömrəli işdənçıxarma əmrində qeyd edilir ki, o xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığına görə mənə şiddətli töhmət verilmişdir. O halda sual olunur ki, onun barəsində intizam tənbeh tədbirinin tətbiq olunmasından heç bir xəbəri olmadığı halda bundan necə nəticə çıxara bilərdi. Əgər o, barəsində intizam tənbeh tədbirinin tətbiqindən xəbərdar olsaydı və bundan sonra yenə intizam pozuntusu törətməyə davam etsəydi işəgötürənin mövqeyi əsaslı olardı. Barədəsində intizam tənbeh tədbirinin tətbiq olunmasından xəbərsiz olduğu halda həmin intizam tənbehlərindən nəticə çıxarmağını gözləmək nə qədər absurddur. Əmək müqaviləsinə xitam verməklə bağlı əmrin sonuncu iş günündə verilməməsi AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin, onun işdən çıxarılma əmri xx.xx.2023-cü il tarixdə verilsə də, onun surəti xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Bu səbəbdən də 24 və 27 noyabr 2023-cü il tarixlərində iş vaxtı ərzində müəssisədə olaraq əmək funksiyalarını icra etmişdir. 24 və 27 noyabr tarixlərində işə gedərkən həmişə olduğu kimi, işçilərin gündəlik işə gediş-gəliş cədvəlinə (tabelə) qol çəkmişdir. Lakin, sonrada müəssisə müdiri S.Xudiyeva saxtakarlıq edərək, tabeli dəyişdirmiş, onun imzaları olan kağızları dəyişdirmiş və guya bununla həmin günlərdə onun işə gəlmədiyini sübut eləməyə çalışmışdır. Buna baxmayaraq, Səhiyyə Nazirliyinin Təcili və X10 Stansiyasının çağırış vərəqləri sübut edir ki, o, həmin tarixlərdə müəssisədə olmuş və ona müəssisədə olarkən ilkin tibbi yardım göstərilmişdir. Əmək və məşğulluq alt sistemində əmək müqaviləsinə xitam verilmə qaydasının pozulması AR Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Lakin, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixədək AR ƏƏSMN-nin “əmək və məşğulluq alt sistemində” onunla bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000301 nömrəli əmək müqaviləsi “qüvvədə” statusunda olmuşdur. Sonradan köhnə tarixə, yəni xx.xx.2023-cü il tarixə onunla əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı məlumatlar sistemə yerləşdirilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarının tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmişdir. Əmrlərdə yol verilmiş məzmun və texniki səhvlər 345 saylı körpələr evi – uşaq bağçasının müdiri S.Xudiyeva tərəfindən verilmiş yuxarıda göstərilən intizam tənbehi əmrlərinin və işdənçıxarma əmrinin qanunsuz və qərəzli olaraq verilməsini sübut edən hallardan biri də həmin əmrlərdə yol verilmiş texniki nöqsanlardır. Əmrlərin məzmunu ilə tanış olduqda aydın olur ki, onların hamısı eyni gündə, lakin fərqli tarixlər qoyulmaqla tərtib edilmişdir. Lakin, tələmtələsik tərtib edilmiş əmrlərdə nöqsanlara yol verilmişdir, bununla da onların qanunsuzluğu elə cavabdehin özü tərəfindən ortaya qoyulmuşdur. Əvvəla S.Xudiyeva tərəfindən intizam tənbehi əmrləri və işdənçıxarma əmrləri əlavə edilərək göndərilmiş 04 dekabr 2023-cü il tarixli məktubda tarix yerinə “xx.xx.2023-cü il” qeyd edilmişdir. Həmçinin, həmin sənəd məzmun baxımından məktuba uyğun gəlsə də heç bir rekvizitləri düzgün qoyulmamış, bununla da Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 128 nömrəli “əmək tənbehi” əmri adlı xəbərdarlıq əmrinin yuxarı hissəsində tarix yerinə “xx.xx.2023-cü il”, bir qədər aşağıya isə “xx.xx.2023” yazısı yazılmışdır. Bu əmr mahiyyət etibarı ilə xəbərdarlıqla bağlı olduğundan intizam tənbehi əmri hesab edilə bilməz. Buna baxmayaraq, əmrin verilməsi əsası kimi HİK-nin razılığı qeyd edilir. Həmçinin, xx.xx.2023-cü il tarixdə ilk dəfə müəssisəyə gəlmiş S.Xudiyevanın həmin gün HİK-ə müraciət etməsi, həmin gün HİK-in iclasının keçirilməsi, həmin gün onun müraciətinə baxılması, müraciətə dair qərarın qəbul olunması, iclas protokolunun və qərarın tərtib edilməsi, qəbul edilmiş qərarın müəssisəyə göndərilməsi və sonda həmin gün xəbərdarlığın verilməsi olduqca absurddur. Eləcə də intizam tənbehi hesab edilməməsinə baxmayaraq “xəbərdarlıq” verərkən HİK razılıq almış işəgötürən görəsən daha sonrakı “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmrlərini verərkən niyə HİK razılıq almamışdır? xx.xx.2023-cü il tarixli işdən çıxarma əmrində 07 noyabr 2023-cü il tarixli, 120 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrindən bəhs edilir. Lakin, əslində həmin əmr 120 deyil, 130 nömrəli əmr olmuşdur. Beləliklə hesab edir ki, yuxarıda qeyd edilən və işəgötürən tərəfindən yol verilmiş texniki səhvlər həmin əmrlərin qərəzli, qanunsuz və eyni gündə tərtib edildiyini, onun Bakı şəhəri üzrə Təhsil İdarəsinə etdiyi şikayətlərdən sonra həmin idarənin inzibati göstərişindən sonra bir günün içində tərtib olunduğunu göstərir. Əmrdə konkret olaraq əsaslandırma həyata keçirilməmiş, yol verilmiş pozuntuların ümumiyyətlə onun əmək funksiyalarına aid olmadığı nəzərə alınmamış, nəticə əsassız olaraq onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, onun əmək funksiyalarından irəli gələn öhdəliklərini icra etməməyi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilməmişdir. Belə ki, həmin maddəyə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin, onun müəssisədə işlədiyi müddət ərzində daim öz əmək funksiyalarımı qüsursuz və yüksək peşəkarlıqla həyata keçirdiyi, əmək fəaliyyəti dövründə ona heç bir intizam tənbehin verilmədiyi, eləcə də yol verilən pozuntularda onun heç bir təqsirinin olmadığı nəzərə alınmamış və əsassız olaraq işdən çıxarılmağına dair əmr verilmişdir. İşəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. xx.xx.2023-cü il tarixdə həkim G.Sadıqova tərəfindən müayinə olunmuş və həkim resepti əsasında ona 3 müxtəlif adda sakitləşdirici və müalicəvi dərmanlar yazılmışdır; - xx.xx.2023-cü il tarixdə sahə həkimi G.Zeynallının göstərişi ilə kardioloq və nevropatoloq müayinəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə həkim Aynur Salmanova tərəfindən müayinə olunmuş və həkim resepti əsasında ona 4 müxtəlif adda sakitləşdirici və müalicəvi dərmanlar yazılmışdır; xx.xx.2023-cü il tarixdə həkim Sevinc Vəliyeva tərəfindən müayinə olunmuş və həkim resepti əsasında ona 4 müxtəlif adda sakitləşdirici və müalicəvi dərmanlar yazılmışdır; xx.xx.2023-cü il tarixdə həkim Əsgərova Ruhəngiz tərəfindən müayinə olunmuş və həkim resepti əsasında ona 4 müxtəlif adda sakitləşdirici və müalicəvi dərmanlar yazılmışdır; xx.xx.2023-cü il tarixdə təkrarən sahə həkimi G.Zeynallının müayinəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə təkrarən sahə həkimi G.Zeynallının müayinəsində olmuşdur. Bu sübutlar mənəvi sarsıntı və iztirab keçirməyini təsdiq edir ki, bunları səbəbi isə cavabdehin qanunsuz hərəkətləridir. Bu səbəbdən də cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi – uşaq bağçası ona vurulmuş mənəvi zərərə görə 6.000 manat məbləğində kompensasiya tutularaq ona ödənilməlidir. Mənəvi zərərə görə kompensasiyanın məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edir ki, mənəvi zərərin müqabilində tələb etdiyi 6.000 manat kompensasiya məbləğinin xeyrinə tutulması pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasına yönəlmiş və həmin məbləğ onun zənginləşməyinə xidmət edəcək qədər yüksək məbləğ deyildir. Halbuki çəkdiyi mənəvi iztirab və sarsıntının qiyməti heç bir maddi nemət və ya pul ilə ekvivalentləşdirilə bilməz. Mənəvi ziyan məbləği mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda maddi qazanc əldə etmə kimi qiymətləndirilməməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbinin məqsədi zərərin kompensasiyası və ya cavabdehin cəzalandırılması deyil, məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Çəkdiyi əzabın, ağrıların, iztirabın mənə kompensasasiya verilməsi yolu ilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi mənə təsəlli edən bir vasitədir. Həmçinin həkim reseptləri əsasında keçirdiyi mənəvi sarsıntı və iztirabı yüngülləşdirən müxtəlif dərman vasitələri (məs: kardiomaqnil, kaptopril, alpatin, stimuloton, müxtəlif sistemlər və s.) almışdır. Belə ki, qeyd olunan dərman vasitələrinə xx.xx.2023-cü il tarixdə 35,57 manat, xx.xx.2023-cü il tarixdə 73,44 manat (4.28+4.28+56.32+8.56), xx.xx.2023-cü il tarixdə isə 41,50 manat pul xərcləmişdir. Bu səbəbdən də həmin çəkdiyi xərclər də cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin, mediasiya prosesindən keçərkən 60 manat mediasiya rüsumu tərəfindən müvafiq mediasiya qurumunun hesabına ödənilmişdir. Peşəkar hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamış ki, bunun üçün də hüquq müdafiəçisinə 1.000 manat məbləğində ödəniş etmişdir. Nəticə etibarı ilə ümumilikdə 1.210 manat maddi zərərə məruz qalmışdır. Beləliklə çəkdiyi maddi zərərə görə isə cavabdehdən 1.210 manat pul tutulub ona ödənilməlidir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-919/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 133 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasında “aşbaz” vəzifəsinə bərpa edilməsi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçası tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq, İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr eviuşaq bağçasının üzərinə qoyulması, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasından İddiaçı dəymiş mənəvi zərərə görə 500 manat, mediasiya xərcinin əvəzi olaraq 60 manat və hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasından dövlət rüsumu olaraq 50 manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutulması qət edilmişdir (hakim X18).
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı barəsində təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 129 nömrəli əmək töhməti əmri iki formada mövcuddur. Belə ki, birincidə 3 işçiyə- İddiaçı, D.Nuriyevaya və A.Abbasova töhmət verildiyi, digərində isə yalnız İddiaçı töhmət verildiyi göstərilir. Həmçinin, həmin hal xx.xx.2023-cü il tarixli, 130 nömrəli əmrdə də təkrarlanır. Bu da həmin əmrlərin qanunsuz və əsassız olaraq verildiyini göstərir. Digər hal isə cavabdeh iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyi əsas götürərək (mətbəxin sanitar-gigyenik qaydalara cavab vermədiyi üçün) işdən azad etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 iyul 1996-cı il 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin” Vahid X4 uşaq bağçalarında çalışan “aşpaz”ın vəzifə funksiyaları təsbit edilmişdir. Göründüyü kimi, yuxarıda göstərilən əmək funksiyaları içərisində çirkli qabların yuyulması və ya mətbəxin yığışdırılması ilə bağlı heç bir müddəa müəyyən edilməmişdir. Həmin işlər qeyd olunan Vahid X4 32-ci paraqrafında əks olunmuş 2-ci dərəcə “mətbəx işçisi”nin vəzifə funksiyalarına uyğun gəlir. Həmçinin məhkəmədə ifadə vermiş şahidlər də iddiaçının yemək bişirməsində heç bir problemin olmadığını təsdiq etmişlər. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixədək AR ƏƏSMN-nin “əmək və məşğulluq alt sistemində” iddiaçı bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000301 nömrəli əmək müqaviləsi “qüvvədə” statusunda olmuşdur. Bu xx.xx.2023-cü il tarixdə AR ƏƏSMN-nin “əmək və məşğulluq alt sistemindən” çıxarılmış məlumatda öz əksini tapmışdır. Bu halda cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarının tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verildiyini göstərir.
6. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının cavabdeh idarədə işlədiyi dövr ərzində hər hansı nöqsanlara yol verməsi, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması halları, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hərəkətlərə yol verməsi və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması halları müəyyən edilməmişdir. Onun intizam məsuliyyətinə cəlb edilməsi aşkar edilməmişdir. Yalnız işdən azad olunması qərəzli olmuşdur. Onun barəsində 1 ay ərzində 3 dəfə intizam tənbehi tətbiq edilmişdir. Həmin intizam tənbehlərinin formal xarakter daşıdığı, iddiaçının işdən çıxarmaq üçün verildiyi müəyyən edilir. Həmçinin iddiaçıya intizam tənbehi verilən zaman onu izahatı alınmamışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı işəgötürən cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozmaqla işdən azad edildiyindən, onun işdən azad edilməsi barədə əmr ləğv edilməli və o, işə bərpa olunmalıdır.
7. Eyni zamanda işçi əsassız və qanunsuz olaraq işdən azad edildiyi müəyyən edildiyindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi – uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 129 nömrəli və xx.xx.2023-cü il tarixli, 130 nömrəli intizam tənbehi əmrlərinin ləğv edilməsi hissəsində rədd edilməlidir. Eyni zamanda əmək mübahisələri üzrə Əmək Məcəlləsində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. O, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi – uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 129 nömrəli və xx.xx.2023-cü il tarixli, 130 nömrəli intizam tənbehi əmrlərini mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
9. Məhkəmə mənəvi zərərə münasibətdə qeyd edir ki, iddiaçı işdən azad olunması ilə əlaqədar mənəvi sarsıntı keçirməsi, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, yəni onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi iş materiallarına olan sübutlarla öz təsdiqini tapır. Lakin mənəvi zərərə görə tələb edilən məbləğ tənasübsüz hesab edilir. Odur ki, iddia tələbi mənəvi zərərin tutulması ağlabatan miqdarda, yəni 500 manat məbləğində təmin edilməlidir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən 60 manat mediasiya xərci və hüququ yardım üçün ödənilmiş 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən 60 manat məbləğində rüsum ödənilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 529 nömrəli müqaviləyə əsasən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “Kəngərli və Partnyorları” vəkil bürosunun hesabına 1000 manat məbləğində ödəniş edilmişdir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, tələb qismən təmin edildiyindən cavabdeh “Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasından dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 373-cü, 375-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 12-ci, 68-ci, 70-ci, 71-ci, 72-ci, 74-cü, 76-cı, 80-ci, 83-cü, 84-cü, 186-cı, 187-ci, 296-cı, 300-cü, “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddələrinə, AR Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 121.1-ci, 119.2-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış Qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə, AR Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarlarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçası apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək mübahisəsinin kökündə bağça mətbəxinin işinin təşkili dayanır. İşin qurulması ilə bağlı tərəflərin yanaşmaları arasında ciddi fərqlilik mövcud olduğundan, məsələnin obyektiv, hərtərəfli və tam araşdırılması üçün körpələr evində mətbəxlə bağlı işin xüsusi məqamların dəqiqləşdirməsi məqsədilə Təhsil Nazirliyinin və ya Bakı Təhsil İdarəsinin körpələr evi-bağçaların fəaliyyətini tənzimləyən struktur bölməsindən mütəxəssisin cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə bu önəmli məsələni “görməzdən gələrək” yalnız iddiaçının irəli sürdüyü sübutları əsas götürərək məsələni yekunlaşdırmışdır. Baş vermiş hadisələrin xronoloji ardıcıllıq ilə incələnməsi halında iddiaçının qərəzli şəkildə davrandığı və kollektiv içində kobudluqla müşahidə olunan davranışlarla yeni təyin olunmuş bağça direktoruna qurumun idarəetməsində çətinliklər yaratdığı işin mübahisəsiz halı olduğu aşkar olacaqdır. Belə ki, Bakı Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmri əsasında bağçaya yeni müdir təyin edilir və təhvil-təslim işlərinin aparılması üçün inventarizasiya komissiyası yaradılır. Həmin aralıqda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən uşaq bağçasında yoxlama aparılaraq mətbəxdə natəmizliyin olduğu aşkarlanır. Kollektivə təqdim olunmuş yeni müdir icrası gecikən işlərin normaya salınması üçün işçi heyətlə qruplar şəklində (aidiyyəti sahələr üzrə) görüşmüş, iş rejimində çətinliklərin olub-olmamasını müəyyən etməyə çalışmışdır. Həmin görüşlərdə iddiaçı mətbəxin təmizlik işlərinə məsuliyyət daşımadığını və ştatda “mətbəx işçisi” olan, lakin faktiki “tərbiyəçi-müəllim” işləyən Ramilə Ağaquliyevanın mətbəxə təhkim olunmasını tələb etmişdir. Yeni müdir bağçanın ştat cədvəlində, ümumiyyətlə “mətbəx işçisi” ştatının mövcud olmadığını və “yardımçı fəhlə” peşəsində olan işçinin də məzuniyyətdə olduğunu bildirmiş, hazırki gözlənilməz vəziyyətin birlikdə həll edilməsini təklif etmişdir. İddiaçı isə bununla razılaşmamış və digər aşbazlara da hədə qorxu gələrək mətbəxin natəmizliyinə şərait yaratmışdır. Bu fakt məhkəmə iclasında baxılmış video görüntülərlə də öz təsdiqini tapmaqdadır. Cavabdehin israrla “mətbəx işçisi” kimi vurğuladığı Ramilə Ağaquliyeva hələ əvvəlki müdir dövründə, xx.xx.2023-cü il tarixdə 120 saylı əmrlə tərbiyəçi-dayə vəzifəsinə keçirilmiş, bu barədə portala xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Bu baxımdan iddiaçının bu arqumentinin sadəcə heç bir əsası yoxdur. Maraqlı hal budur ki, həmin dövrdə əmək məzuniyyətində olmuş yardımcı fəhlə peşəsində olan (iddiaçının bacısı olan) digər işçi də bülletenlərə “işdə olmama” vaxtını uzatdığından 200-dən yuxarı körpə və azyaşlının gündəlik qidalandığı mətbəxin təmizliyi başlı-başlı qalmışdır. Belə bir məqamda, iddiaçının bacısının bağçanın əsas gündəliyİ olmuş bu mübahisəli zaman dilimində qanuni əsaslarla işdən “yayınmasının” məhz iddiaçının əməlləri ilə olduğuna əsaslı güman yaradır. Nəticədə iddiaçının hərəkətləri nəticəsində yaranmış bu xaotik vəziyyətdə bağçada anbardar vəzifəsində çalışan, yaşca böyük olan bir şəxs kimi uşaqların məsumluğu xətrinə qabların yuyulmasını təmin etmişdir və bunu məhkəmə iclasında açıqca bildirmişdir. İddiaçının digər bir arqumenti də bu idi ki, ştatda “mətbəx işçisi” ola-ola həmin işçinin əmək funksiyalarının ona gördürülməsinə çalışılıb. Halbuki iddiaçı tərəfin Məhkəməyə təqdim etdyi NK-nın xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Körpələr evi-uşaq bağçalarının” nümunəvi ştatında da hər hansı “mətbəx işçisi” ştatı olmamışdır. Hadisələrin baş vermə ardıcıllığından də rahat görülür ki, iddiaçı bağçada mətbəx işinin aparılmasında sadalanan problemlərin yaranması üçün qərəzli davranmışdır. Əvvəlki rəhbərlik dövründə sənədləşmədə yol verilmiş boşluqdan istifadə edərək özünə əlverişli şərait yaratmağa cəhd etmişdir. Bu davranış isə, birmənalı hüquqdan sui istifadə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bağçaya yeni gəlmiş müdirin bütün işçilərlə xoş rəftar etdiyi və çətinliklərin aradan qaldırılması üçün bütün işçi heyətini həvəsləndirdiyi şahid ifadələri ilə birmənalı təsdiqini tapdığı halda, iddiaçı ilə hər hansı qərəzinin olmasını düşünmək absurt olardı. Məhkəmə iclaslarında iddiaçı da bağçanın mətbəx işinin təşkilində yol verilən nöqsanları dolaylı etiraf etmiş, lakin bunu onun əmək funksiyalarına aid olmadığını bildirmişdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin vaxt bağçanın rəhbərliyinin dəyişməsi, yeni müdirin iş prosesinə yeni başlaması, mətbəxdə aşbazlara kömək edə biləcək yardımçı fəhlənin (iddiaçının bacısının) məzuniyyətdə olması və mətbəxə başqa işçinin həmin vaxt buraxılmasının qeyri-mümkünlüyünün olduğu bir vaxtda iddiaçının hərəkətlərinin məhkəmə tərəfindən araşdırmaması əsassız qətnamənin çıxarılması ilə yekunlaşmışdır. İddiaçı tərəfindən məhkəməyə hüquqi yardıma görə iddia tələbində göstərilən məbləğin ödənilməsi ilə bağlı hər hansı bank sənədi və ya posterminal qəbzi təqdim edilməmişdir. Halbuki, müqavilə pulun ödənilməsi faktını deyil, tərəflər arasında hüquqi xidmətlə bağlı ola biləcək öhdəliklər ilə bağlıdır. Məhkəmədən sonra həmin müqavilənin ləğvi və ya şərtlərinin dəyişdirilməsi ehtimal daxilindədir ki, bu halda ümumiyyətlə hər hansı ödəniş və zərərdən söhbət gedə bilməz. Digər tərəfdən, iddiaçının vəkilinin respublikada əmək hüququ üzrə 1 nömrəli hüquq mütəxəssisi olduğunu da nəzərə alsaq, müqavilədəki min manat məbləği heç bir formada ağlabatan deyil. Böyük ehtimal ki, məhkəmə icraatı yekunlaşdıqdan sonra da həmin müqavilə qarşılıqlı razılıqla ləğv ediləcək və ya hər hansı formada dəyişdiriləcəkdir. Bütün hallarda ödəniş qəbzi ilə sübut olunmayan, digər bir ifadə ilə, mövcud olmayan bir xəyali zərərə görə cavabdehin məsuliyyət daşıması sadəcə olaraq qanuna ziddir. Lakin Məhkəmə qeyd olunan faktın sübut olunmamasına fikir verməyərək əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə mənəvi ziyanla bağlı məsələyə hüquqi qiymət verərkən yanlışlığa yol vermişdir. İş materiallarından heç bir sübut iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlərin edildiyini təsdiq etmir. İddiaçının güya həmin vaxt təzyiqinin oynaması barədə mülahizələri də (məhkəmə zalında etiraf etdiyi kimi) işəgötürənlə deyil, tibb bacısı olan iş yoldaşı ilə mübahisə zəminində baş vermişdir. Məhkəmə iclasında iddiaçı həmin şəxsə “məni elə sən əsəbləşdirdin, pis oldum” məzmununda fikirlər səsləndirmişdir. Lakin məhkəmə anlaşılmaz şəkildə birbaşa sahəvi qanun olan Əmək Məcəlləsinin konkret maddəsini deyil, Mülki Məcəllənin ümumi normasını tətbiq etməklə maddi hüquq normalarını pozmuşdur. Ayrıca keçirilmiş bu “dərin narahatlıqlar” sonunda iddiaçının istifadə etdiyi dərmanlar da 40 yaşdan sonra həkimlərin hər kəsə tövsiyyə etdiyi kardiomaqnil kimi “zərərsiz dərmanlar kateqoriyasında” olan həblərdir. Bütün hallarda cavabdehin davranışı ilə iddiaçının iddia etdiyi narahatlıqları arasında qanunla müəyyən edilmiş hər hansı səbəbli əlaqə olmamasına baxmayaraq, Məhkəmə qanunsuz şəkildə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti sırf formal mülahizələrə əsaslanır. Cavabdehin nümayəndəsi konkret olaraq hansı maddi hüquq normasının tələblərinin məhkəmə tərəfindən pozulmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən, onunla bağlanmış əmək müqaviləsinin məhkəmə baxışına təqdim olunması istənilsə də, cavabdeh tərəf əmək müqaviləsini məhkəmə təqdim edə bilməmişdir. Bununla da cavabdehin xx.xx.2023-cü il tarixli əmrlə hansı əmək müqaviləsinə xitam verdiyi məlum deyil. Cavabdehin kağız üzərində bağlanmış əmək müqaviləsini təqdim edə bilməməsi cavabdeh müəssisənin AR İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini sübut edir. Cavabdehin nümayəndəsi 2024-cü ilin yanvar ayında keçirilmiş hazırlıq iclasında Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və AR X7 vəkil sorğusu verdiyini əsas gətirərək, məhkəmə prosesinin təxirə salınmasını xahiş etmiş, məhkəmə isə bu xahişi qəbul edərək hazırlıq iclasını 3 ayadək təxirə salmışdır. Bu zaman cavabdehin nümayəndəsinin məqsədi guya öz xeyirlərinə olan sənədlərin və sübutların toplanılması olmuşdur. Lakin, buna baxmayaraq vəkil sorğularına yuxarıda qeyd edilən müvafiq dövlət təşkilatları tərəfindən verilmiş cavablar da məhz elə cavabdehin əleyhinə olmuşdur. Hazırlıq iclası zamanı cavabdeh müəssisənin ştat cədvəlinin alınması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq sorğu verilmişdir. Halbuki hazırlıq iclasında cavabdeh müəssisənin ştat cədvəlinin “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il 61 nömrəli Qərarı ilə tənzim edildiyi barədə cavabdehin vəkilinə məlumat verilmişdir. Lakin, cavabdeh israrlı olaraq ştat cədvəlinin fərqli olduğunu iddia edərək vəkil sorğusuna cavab gözlədiyini bildirmişdir. Lakin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəkil sorğusuna cavabı da həmin Nazirlər Kabinetinin Qərarına uyğun olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş, İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə baxışında iştirak etmiş və onun iştirakı məhkəmə qətnaməsində öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli, 133 nömrəli əmrdə əmrin verilməsi əsası kimi AR X6 Aktına istinad edilmişdir. Lakin, məhkəmənin hazırlıq iclası zamanı məlum olmuşdur ki, AQTA-nın aktı heç cavabdehin özündə də yoxdur və həmin aktın məzmunundan ümumiyyətlə xəbərsizdir. Cavabdeh müəssisə xx.xx.2023-cü il tarixli işdənçıxarma əmrində üzünü belə görmədiyi, məzmunundan xəbərsiz akta istinad etmişdir. Sual olunur, AQTA-nın aktından xəbərsiz olduğu halda və aktda nə qeyd edildiyini bilmədiyi halda S.Xudiyeva necə iddiaçının işdən çıxararkən həmin akta istinad edə bilmişdir? Cavabdehin müəssisə Azərbaycan X7 sorğu verməsinə baxmayaraq, sorğuya Agentlik tərəfindən yox, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən cavab verilmişdir. Göründüyü kimi, AQTA-nın heç bir aktı ümumiyyətlə məhkəmə baxışına təqdim edilməmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən tərtib edilmiş akt isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Əvvəla, bu aktın necə tərtib edildiyi də böyük maraq doğurur. X15 İnstitutu Nizamnaməsində də qeyd edildiyi kimi elmi-tədqiqat fəaliyyəti həyata keçirən müəssisədir və onun hansısa ictimai iaşə müəssisəsini yoxlamaq səlahiyyəti Nizamnaməsi ilə müəyyən edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli işdən çıxarma əmrində xx.xx.2023-cü il tarixli akta istinad edilmişdir. Lakin, həmin aktın mövcud olub-olmadığı bu günədək bizə məlum deyil. Məhkəmə baxışında təqdim edilmiş cavabdeh müəssisəsinin işə davamiyyət kitabında (tabeldə) İddiaçı 24 və 27 noyabr 2023-cü il tarixlərində işə çıxması öz təsdiqini tapır. Halbuki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və bu barədə ərizə təqdim edərək, “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsində iddiadan imtina etdiyini bildirərək, qalan hissədə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.
Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələridir; 11-ci maddəsinin “c” bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 12-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsininin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3780/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsindən imtina qəbul edilmiş, həmin hissədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-919/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın tamamilə rədd edilməsi xahiş olunduğundan, habelə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3780/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində xitam verildiyindən, qətnamə xitam verilmiş hissə istisna olmaqla, iddianın təmin edilən qalan hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi “hüquqi yardıma görə ödənilmiş xərcin əvəzinin tutulması” hissəsi istisna olmaqla, iddianın təmin edilən digər hissələrində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin birinci instansiya məhkəməsi “hüquqi yardıma görə ödənilmiş xərcin əvəzinin tutulması” hissəsində sübutları düzgün qiymətləndirməmiş və nəticə etibarı ilə əsassız olaraq cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul tutmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməklə iddia rədd edilməlidir.
26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh müəssisəyə aşbaz vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh müəssisənin müdiri vəzifəsinə Səidə Xudiyeva təyin olunmuşdur. Bundan sonra müəssisə üzrə müvafiq əmrlərlə iddiaçıya xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunmuş, habelə xx.xx.2023-cü il tarixdə töhmət, xx.xx.2023-cü il tarixdə isə şiddətli töhmət növündə inzibati tənbehlər verimişdir. Bundan sonra cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini istədiyindən həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət etmiş və həmin təqdimata Komitənin xx.xx.2023-cü il tarixdə keçirilmiş növbədən kənar iclasında baxılaraq, təqdimatın təmin edilməsi və uşaq bağçasının aşbazı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilərək, cavabdeh müəssisəyə göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 133 nömrəli əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
27. Hazırda iddiaçı cavabdeh müəssisənin müdirinin ondan qabların yuyulmasını tələb etdiyini, o buna etirazını bildirdikdən sonra ona qarşı münasibətin kəskinləşdiyini, barəsində qəbul edilmiş intizam tənbehi və işdən azad edilməsi barədə əmrlərdən məlumatlı olmadığını, bunun nəticəsində 24 və 27 noyabr tarixlərində faktiki olaraq iş yerində olduğunu bildirir. Bu səbəbdən işdən çıxarma əmrinin ləğv edilməsini, onun işə bərpa edilməsini, məcburi işburaxma dövrü üçün əmək haqqının, habelə qeyd edilənlərin nəticəsi olaraq vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh müəssisə isə iddiaçının tam qanuni əsasla işdən azad edildiyini bildirərək, bu tələblərin rədd edilməsini xahiş edir. Apellyasiya şikayəti də bu istiqamətdə əsaslandırılmışdır.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəf həm apellyasiya şikayətində, həm məhkəmə iclasında özü də etiraf edir ki, iddiaçıdan “mətbəx işçisi” vəzifəsinə aid işlərin görülməsi və öhdəliklərin icra olunması tələb edilmişdir. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində bunu faktiki olaraq “mətbəx işçisi” ştatı üzrə işçinin olmaması və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlama zamanı mətbəxin natəmizliyinin qüsur kimi göstərilməsi ilə əlaqələndirir və məhz bu səbəbdən müəssisə rəhbərinin bu problemin birlikdə həll edilməsinin işçilərə, o cümlədən iddiaçıya təklif etdiyini vurğulayır. Halbuki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.1996-cı il tarixli, 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin” Vahid X5 təsbit edilmiş uşaq bağçalarında çalışan “aşbaz”ın vəzifə funksiyalarına qabların yuyulması, habelə mətbəxin təmizliyinin təmin edilməsi daxil edilməmişdir. İddiaçının əmək müqaviləsi üzrə belə bir vəzifə öhdəliyinin olduğu da müəyyən edilmir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi iş yerinə dair arayışa əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən aşbaz vəzifəsində çalışır, lakin həmin müqavilə məhkəməyə təqdim edilməmişdir). Hər bir halda, əmək münasibətləri sahəsində işəgötürən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir və əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsini daşıyır. Başqa sözlə, işəgötürən işçidən onun əmək funksiyalarına aid olmayan işlərin görülməsini, habelə əmək müqaviləsində nəzərdə tutulmamış işlərin icra edilməsini tələb etmək səalhiyyətinə malik deyil, işəgötürənin bu kimi hərəkətləri bilavasitə əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən işəgötürənin belə bir tapşırıqlarının yerinə yetirilməsindən imtina etməsi heç bir halda işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas ola bilməz. Bu əsasla qəbul edilmiş əmr isə ləğv edilməlidir.
29. Məhkəmə kollegiyası mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmrin məzmununa istinadən qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə məhz əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (72-ci maddənin “ə” bəndinə əsasən - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) xitam verilmişdir.
30. Həmin əmrin verilməsinə əsas kimi Şahid4 məlumatı və AQTA-nın aktı göstərilmişdir. Lakin bu akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, nəticə etibarı ilə cavabdehdə ümumiyyətlə belə aktın olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdehin vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə vəkil sorğusu ilə Azərbaycan Respublikasının X7 müraciət edərək, məhkəməyə yazılı sübut qismində təqdim olunması üçün Agentliyin qurumları tərəfindən cavabdeh müəssisədə 2023-cü ilin sentyabr-oktyabr aylarında keçirilmiş yoxlama zamanı tərtib olunmuş müvafiq sənədlərin, o cümlədən aktın surətinin təqdim edilməsini xahiş etmişdir. Başqa sözlə, cavabdeh xx.xx.2023-cü il tarixdə istinad etdiyi aktı əldə etmək üçün yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bu zamanda sorğuda konkret olaraq, aktın deyil, müvafiq sənədlərin təqdim edilməsini xahiş etmiş və müxtəlif sənəd adlarını sadalamışdır (akt, protokol, göstəriş, təlimat və sair). Bununla belə, cavabdeh xx.xx.2024-cü il tarixdə nəinki həmin aktın məzmunu ilə tanış olmamış, ümumiyyətlə belə bir aktın mövcudluğu barədə məlumatlı olmamış və hüquqi nəticə etibarı ilə xx.xx.2024-cü il tarixli əmrdə görmədiyi, məzmunu barədə məlumatlı olmadığı, bu baxımdan ümumiyyətlə mövcud olmayan akta istinad etmişdir. Bu səbəbdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkar edilmiş nöqsanların iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində yaranması, ümumiyyətlə onların iddiaçıya və onun əmək funksiyalarına hər hansı aidiyyətinin olması öz təsdiqini tapmamışdır. Əmrdə göstərilən Şahid4 məlumatı da məzmun etibarı ilə bu əmrin qəbul edilməsi üçün əsas ola bilməzdi. Bu halların mövcudluğu da xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi üçün əsasdır.
31. Digər tərəfdən əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş xəbərdarlıqdan və intizam tənbehindən nəticə çıxarmadığı və təkrarən əmək funksiyasını pozduğu göstərilsə də, iddiaçının ümumiyyətlə bu əmrlər (xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli) barədə məlumatlı olması, o cümlədən məsələ ilə bağlı onun izahatının alınması müəyyən edilmir. Həm xəbərdarlığın, həm töhmət, həm də şiddətli töhmətin verildiyi tarixlərdə iddiaçının izahat və yenidən izahat verməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. Lakin həmin akt müəssisənin müdiri, yəni bu əmrləri verən S.Xudiyevanın özü tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmiş, hər hansı digər əməkdaşın aktın tərtib edilməsində iştirakı təmin edilməmişdir. Qeyd edilənlər öz növbəsində həmin aktların mötəbərliyini, o cümlədən real olaraq iddiaçıya izahat verilməsinin təklif edilməsini, onun isə bundan imtina etməsini istisna edir. Ümumiyyətlə xx.xx.2023-cü il tarixli əmr qəbul edilənədək iddiaçının bu əmrlər barədə məlumatlı olması öz təsdiqini tapmır.
32. Nəzərə alınmalıdır ki, əmrlərdə iddiaçının hansı pozuntulara yol verdiyi də qeyrimüəyyəndir. Belə ki, xx.xx.2023-cü il tarixli əmrdə iddiaçının işində ciddi nöqsanlara yol verdiyi, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əmrlərdə isə iddiaçının rəhbərliyin tapşırıqlarına əməl etmədiyi və öhdəliyinə düşən vəzifəni icra etmədiyi göstərilmişdir. Lakin ciddi nöqsanların nədən ibarət olması, hansı tapşırıqlara əməl etməməsi və vəzifəni icra etməməsi qeyd edilməmişdir. 02 noyabr və 07 noyabr tarixli əmrlərin verilməsinə əsas kimi isə yalnız Əmək Məcəlləsinin 186.2-ci maddəsi göstərilmişdir. Cavabdehin mövqeyi nəzərə alındığı halda, bu əmrlərin də verilməsinin əsasında iddiaçının əmək funksiyalarına aid olmayan, “mətbəx işçisi” vəzifəsini tutan şəxsə aid əmək funksiyalarını yerinə yetirməkdən imtina etməsi durur. Digər tərəfdən həm xx.xx.2023-cü il tarixli, həm də xx.xx.2023-cü il tarixli əmrlər ikili məzmunda olmuşdur. Birində yalnız iddiaçıya xəbərdarlıq elan edilmiş və töhmət verilmiş, digərində isə eyni tədbirlərin hər 3 aşbaza tədbiq edildiyi göstərilmişdir. Qeyd edilənlər öz növbəsində həmin əmrlərin formal əsaslarla qəbul edildiyini təsdiq edir. Bu baxımdan cavabdehin həmin əmrdə iddiaçının bu intizam tənbehlərindən nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını pozmasına istinad etməsi və bu əsasla əmək müqaviləsinə xitam verilməsi özü-özlüyündə əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçının aşbaz olaraq öz əmək funksiyalarını yerinə yetirməməsi, habelə hər hansı pozuntuya yol verməsi barədə cavabdeh müəssisə ümumiyyətlə hər hansı fikir söyləmir, şahidlər də bu barədə ifadə verməmişlər.
33. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən cavabdeh müəssisədə aşbaz vəzifəsində çalışır. Lakin ötən dövr ərzində ona hər hansı intizam tənbehi verilməmişdir. Cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixdə yeni rəhbər təyin olunduqdan sonra isə xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixlərdə, yəni 8 gün ərzində iddiaçıya xəbərdarlıq, daha sonra isə töhmət və şiddətli töhmət verilmiş, xx.xx.2023-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, cavabdeh müəssisədə 3 aşbaz fəaliyyət göstərir. Əmrdə istinad edilən Şahid4 məlumatında da ümumilikdə mətbəx işçiləri barədə məlumat verilir. Lakin nəticədə məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Bu da öz növbəsində 31-32-ci bəndlərdə göstərilənlər də nəzərə alınmaqla, cavabdeh müəssisənin rəhbərinin, işində ciddi nöqsanlara yol verməsi səbəbindən deyil, ümumiyyətlə şəxsi istəyinə görə (şəxsi maraqlardan çıxış edərək və qərəzli olaraq) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi qənaətinə gəlmək üçün əsas yaradır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müəssisə tərəfindən iddiaçının işdən azad edilməsi proseduru zamanı da qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh müəssisə tərəfindən qeyd edilən məsələ ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış təqdimatda tarix göstərilməmiş, Həmkarlar İttifaqının məsələnin müzakirəsi məqsədilə keçirilmiş xx.xx.2023-cü il tarixli növbədənkənar iclas protokolunda iclasın katibi kimi X11 göstərilsə də, sonda iclasın katibi qismində protokol X19 tərəfindən imzalanmışdır. İclasın protokoluna əsasən iclasda Komitənin sədri Şahid5 çıxış edərək, iddiaçıya iclasın keçiriləcəyi barədə əvvəlcədən yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onun iclasda iştirak etməkdən imtina etdiyini bildirmişdir. Halbuki, iddiaçı iclasda şəxsən iştirak etmişdir. Bu halı öz ifadələrində şahidlər də təsdiq edir.
35. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, həmin əmr xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçıya dekabr ayının əvvəlləri təqdim edilibdir. Hətta 2023-cü ilin 24 və 27 noyabr tarixlərində iddiaçı iş yerində olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə məlumat X1 Sisteminə 2024-cü ilin dekabr ayının əvvəllərində daxil edilmişdir. Belə ki, bu sistem vasitəsi ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli iş yerinə dair arayışda iddiaçının həmin tarixdə də cavabdeh müəssisədə “aşbaz” vəzifəsində işlədiyi göstərilmişdir.
36. Bununla belə, yuxarıda göstərilənlər cavabdeh müəssisə tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini və onun işdən azad edildiyini təsdiq edir. Bu halların mövcudluğu da həmin əmrin ləğv edilməsini və iddiaçının cavabdeh müəssisədə “aşbaz” vəzifəsinə işə bərpa edilməsini şərtləndirir.
37. Məhkəmə kollegiyası iddia tələbinin “məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki tələb”əmrin ləğv edilməsi və işə bərpa” tələblərindən törəmə olması və iddianın həmin hissəsinin təmin edilməsi hüquqi nəticə etibarı ilə bu tələbin də təmin edilməsini şərtləndirir.
38. Məhkəmə kollegiyası digər tələblərə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəmə həm mediasiya prosesində iştirakla bağlı, həm də göstərilən hüquqi yardıma görə cavabdehdən iddiaçının xeyrinə pul vəsaiti tutmuşdur. Lakin mediasiya xərcinin ödənilməsi iş materiallarında olan ödəniş qəbzləri ilə öz təsdiqini tapsa da, göstərilən hüquqi yardıma görə hər hansı ödənişin edilməsini təsdiq edən sübut mövcud deyil. Bu barədə xx.xx.2023-cü il tarixdə müqavilənin bağlanması isə orada göstərilən məbləğin və ya onun hər hansı hissəsinin cavabdehdən tutulması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən hüquqi yardıma görə cavabdehdən iddiaçının xeyrinə pul tutmaqda haqlı olmamışdır, qətnamə həmin hissədə ləğv edilməklə iddia tələbi həmin hissədə rədd edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən hüquqi yardıma görə ödənilmiş pulun əvəzinin iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-919/2024 nömrəli qətnaməsi “cavabdehdən hüquqi yardıma görə ödənilmiş pulun əvəzinin iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 saylı körpələr evi-uşaq bağçasına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.