Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3782/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X6 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı “müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı X7 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 6 saylı Bakı Peşə Liseyi arasında bağlanmış 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxmaya görə ona kompensasiya ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 manat kompensasiya alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-1997-ci illər ərzində Bakı Sənaye Texnikumunda təhsil alaraq “Texnoloq, İstehsalat təlim ustası” orta ixtisasına yiyələnmişdir. 01 noyabr 1997-ci ildən 15 sentyabr 2017-ci il tarixə kimi, yəni 20 il fasiləsiz olaraq 6 saylı Bakı Peşə Liseyində “təlim ustası”, “müəllim”, “operator”, “dispetçer” kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. 6 və 9 saylı Peşə Liseyinin direktoru Mətləb Hüseynovun təklifi ilə 9 saylı Bakı Peşə Liseyinə köçürülmüş və 15 sentyabr 2017 - 30 iyun 2018-ci il tədris ilində ixtisası üzrə iş olmadığına görə eyni binada yerləşən 9 saylı Bakı Peşə Liseyində “İstehsalat təlim ustası” kimi fəaliyyət göstərmişdir. 17 sentyabr 2018-ci il tarixdən onun və eləcə də 6 saylı Bakı Peşə Liseyin direktoru Rəşad Xanlarovun razılığı ilə yenidən 20 il fasiləsiz işlədiyi əvvəlki iş yerinə, yəni 6 saylı Bakı Peşə Liseyinə “İstehsalat təlim ustası” vəzifəsinə qaytarılmışdır. 14 iyul 2019- cu il tarixdə 6 saylı Bakı Peşə Liseyinin direktor müavini ona şifahi bildirmişdir ki, artıq onun əmək müqavilənə xitam verilmişdir və o, işdən azaddır. Dəfələrlə müraciət etməyinə baxmayaraq işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını ala bilməmişir. 6 saylı Bakı Peşə Liseyinin direktoru Rəşad Xanlarovun 15 iyul 2019-cu il tarixli 184 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin vaxtı bitdiyi üçün onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrin qanunsuz və əsassız olmasına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 6 saylı Peşə Liseyinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi" tələbi ilə mülki iddia qaldırmışdır. Məhkəmənin 20 sentyabr 2019-cu il tarixli 2(001)-6691/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 6 saylı Bakı Peşə Liseyinin 15 iyul 2019-cu il tarixli, 184 nömrəli əmri ləğv edilməsi və ona 15 iyul 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi qət edilmişdir. Lakin o, məhkəmənin bu qətnaməsindən narazı qaldığı üçün ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmənin 09 dekabr 2019-cu il tarixli 2(103)-14433/2019 saylı qətnaməsi ilə onun şikayəti qismən təmin edilmiş və onun 6 saylı Peşə Liseyinə "İstehsalat təlim ustası" vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qarşı tərəfin vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş və Azərbayean Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(102)-2648/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lakin icra prosesində məlum olmuşdur ki, ilkin iddia zamanı o, hüquqşünas olmadığından onunla 6 saylı Peşə Liseyi arasında bağlanmış 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmamışdır. Onu işə bərpa edən 6 saylı Peşə Liseyinin direktoru 2 gündən sonra onu yenidəm işdən azad edərək onunla bağlanmış 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin müddətli olmasını və onun başa çatmasına iki gün qalmasını əsas tutmuşdur. Bu isə insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əmək hüquqlarına həqarətli yanaşmadan başqa bir şey deyildir. Belə çıxır ki, guya o, 2 iş günündən ötrü 1 il 6 ay məhkəmələrdə vaxt itirmişdir. O, uzun müddət işsiz qaldığı və maddi təminatdan məhrum olmağı səbəbindən psixi sarsıntı keçirmiş və hətta hamilə ikən uşağını itirmişdir. Ona görə də ona bu sarsıntıları yaşadan cavabdeh tərəf 10.000 manat həcmində mənəvi zərər ödəməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Məhəmməd Rüstəmli). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-97-ci illərdə Bakı Sənaye Texnikumunda təhsil alaraq "Texnoloq, İstehsalat təlim ustası" ixtisası qazanmışdır. 01.11.1997-ci ildən 15.09.2017-ci il tarixinə kimi, yəni 20 il fasiləsiz olaraq Bakı şəhəri 6 saylı Peşə Liseyində "Təlim ustası", "Müəllim", "Operator”, "Dispetçer" kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. Bakı şəhəri 6 və 9 saylı Peşə Liseylərinin direktoru Mətləb Hüseynovun təklifi ilə 9 saylı Peşə Liseyinə köçürülmüş və 15.09.2017-ci ildən 30.06.2018-ci tədris ilində ixtisası üzrə iş olmadığına görə eyni binada yerləşən 9 saylı Peşə Liseyində "İstehsalat təlim ustası" kimi fəaliyyət göstərmişdir. 17.09.2018-ci il tarixdə onun və eləcə də 6 saylı Peşə Liseyinin direktoru Rəşad Xanlarovun razılığı ilə yenidən 20 il fasiləsiz işlədiyi əvvəlki iş yeri olan 6 saylı Bakı Peşə Liseyinə "İstehsalat təlim ustası" vəzifəsinə qaytarlımışdır. 14.07.2019-cu il tarixdə 6 saylı Peşə Liseyinin direktor müavini iddiaçıya şifahi olararq bidirmişdir ki, artıq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir və o işdən azad edilmişdir. İddiaçı dəfələrlə müraciət etməyinə baxmayaraq işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını Liseydən ala bilməmişdir. 6 saylı Peşə Liseyinin direktoru Rəşad Xanlarov Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin "b" bəndinə əsasən yəni işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə iddiaçının işdən azad olunmağı barədə 15.07.2019-cu il tarixli 184 saylı əmr vermişdir. İddiaçı bu əmrin qanunsuz və əsassız olmasına görə Bakı şəhəri Binəqədi rayon məhkəməsində "6 saylı Peşə Liseyinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi" tələbi ilə mülki iddia qaldırmışdır. Məhkəmənin 20.09.2019-cu il tarixli, 2(001)-6691/2019 saylı qətnaməsi ilə (hakim X4) iddia qismən təmin edilmiş, 6 saylı Peşə Liseyinin 15.07.2019-cu il tarixli 184 saylı əmri ləğv edilmiş,15-17 iyul 2019-cu il tarixlərdə məcburi işburaxmaya görə əmək haqqının Lisey tərəfindən ödənilməsi qət edilmişdir. Lakin iddiaçı məhkəmənin bu qətnaməsindən narazı qaldığı üçün ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Məhkəmədə şikayətə baxılaraq 09.12.2019-cu il tarixli, 2(103)- 14433/2019 saylı qətnamə ilə iddiaçının şikayəti qismən təmin edilmiş və onun 6 saylı Peşə Liseyinə "İstehsalat təlim ustası" vəzifəsinə bərpa edilməyi qət edilmişdir. Qarşı tərəfin vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2(102)-2648/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lakin icra prosesində məlum olmuşdur ki, ilkin iddia zamanı iddiaçı hüquqşünas olmadığından onunla 6 saylı Peşə Liseyi arasında bağlanmış 17.06.2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmamışdır. İddiaçını işə bərpa edən 6 saylı Peşə Liseyinin direktoru 2 gündən sonra iddiaçını yenidən işdən azad edərək onunla bağlanmış 17.06.2019-cu il tarixli əmək müqaviləsinin müddətli olmasını və onun başa çatmasına iki gün qalmasını əsas tutmuşdur. Qeyd olunan müqavilənin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edilsə də məhkəmənin 28 yanvar 2021-ci il tarixli, 2(001)-1066/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmənin qətnaməsində göstərilir ki, Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı əsas götürülərək Binəqədi rayon məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi icra edilərək iddiaçı işə bərpa edilmiş və bu barədə müvafiq əmr verilmişdir. Bu əsasla iddiaçının əmək kitabçasında dəyişiklik etmək üçün guya o Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Liseyinə dəvət edilmişdir. Əslində bunların hamısı yalandır. İddiaçı nəinki Liseyə dəvət edilməmiş, həm də bu günə kimi əmək kitabçasında heç bir dəyişiklik edilməmişdir. Əmrin surəti də iddiaçıya verilməmişdir. Digər tərəfdən, iddiaçının işə bərpa edilməyi Liseyin rəhbərliyi üçün iddiaçıya qarşı qisas mövqeyni bir daha nümayiş etdirməyə təkan vermiş, onu faktiki olaraq qanun qarşısında müdafiəsiz qoymuşdur. Direktorun iddiaçı ilə olan müqaviləni bağlamayacağı açıq-aydın idi. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, 14.07.2019-cu il tarixli 184 saylı işdən azad edilmə barədə ərizənin etibarsız hesab edilməsi və 17.06.2019-cu il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Ə.Fərhadov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Rəhimov və cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(001)-6691/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X7 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 6 saylı Bakı Peşə Liseyinin 15 iyul 2019-cu il tarixli, 184 nömrəli əmrin ləğv edilməsi, X5 15 iyul 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli, 2(103)- 14433/2019 saylı qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6691/2019 saylı iş üzrə 20 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə təmin edilməsi və iddiaçı X2 6 saylı Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək müqaviləsinə uyğun əmək haqqının ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)- 2648/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli, 2(103)-14433/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Binəqədi rayon icra və probasiya şöbəsinə, həmçinin məlumat üçün X5 ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli, 321 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 01 sentyabr 2020-ci ıl tarixli icraata başlamaq haqqında qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci ıl tarixli qərarını əsas götürərək Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin 09 dekar 2019-cu il tarixli, 2(103)- 14433/2019 nömrəli qətnaməsini icra edilərək, X7 mübahisələndirilmiş müddətli (bir aylıq) əmək müqaviləsi əsasında işə bərpa edilmiş və bu barədə müvafiq əmr verilmişdir. Bu əsasla X7 onun əmək kitabçasına dəyişiklik etmək və son haqq hesabı alması üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Liseyinə dəvət edilmişdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən X5 ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli, 328 nömrəli məktubun surətindən görünür ki, 6 Saylı Bakı Peşə liseyi ilə X7 arasında bağlanmış 17 iyun 2019-cu il tarixli müddətli (bir aylıq) əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən həmin əmək münasibətlərinə müvafiq əmrlə xitam verilmişdir. Məlumat üçün bildirilmişdir ki, məhkəmədə mübahisələndirdiyi və məhkəmənin qəbul etdiyi qərar yalnız 6 Saylı Bakı Peşə liseyi ilə X7 arasında bağlanmış 17 iyun 2019-cu il tarixli müddətli (bir aylıq) əmək müqaviləsi üzrə olmuşdur. Eyni ilə nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarının son səhifənin ilk abzasında göstərilir ki, “Bu qaydaya uyğun olaraq işdən çıxarma əmri ləğv edilmiş işçi vəzifəsinə bərpa edilməli, onunla işəgötürən arasındakı sonrakı münasibətlər (əmək münasibətlərinin davam etdirilməsi, əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi və s.) əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir. Bu əsasla əmək kitabçasında müvafiq qeydin aparılması üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə dəvət olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh 6 saylı Peşə Liseyi əsl cavabdeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarı ilə 6 nömrəli Peşə Liseyi və 9 saylı Peşə Liseyinin bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallarına, iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına əsasən qeyd edir ki, İddiaçı cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, 6 saylı Bakı Peşə Liseyinin 15 iyul 2019-cu il tarixli, 184 nömrəli əmrin ləğv edilməsi, X5 15 iyul 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi qismən iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə təmin edilməsi və iddiaçı X2 6 saylı Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək müqaviləsinə uyğun əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməklə həmin müqavilənin müddətsiz hesab edilməsini, məcburi iş buraxmaya görə kompensasiya ödənilməsini və 10.000 manat mənəvi ziyanın ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələblərinin “17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, həmin əmək müqaviləsinin müddətsiz hesab edilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, həmin əmək müqaviləsinə yuxarıda göstərilən məhkəmələr tərəfindən etibarlı müddətli əmək müqaviləsi kimi hüquqi qiymət verilməklə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmiş və cavabdeh tərəfindən icra olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırda həmin müqavilənin etibarsız və ya müddətsiz sayılması tələbi təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsasla iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Belə ki, işin hallarına əsasən, iddiaçı 1997-ci il tarixindən 6 saylı Peşə Liseyində müxtəlif vəzifələrdə çalışmışıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşin hallarından görünür ki, iddiaçı 6 saylı Peşə Liseyində 20 ildən artıq çalışmışdır. Belə olan halda, Əmək Məcəlləsinin qeyd edilən maddəsinin tələblərinə əsasən, onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməlidir. İddiaçının sonradan 9 saylı Peşə Liseyinə keçirilməsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarı ilə 6 nömrəli Peşə Liseyi və 9 saylı Peşə Liseyinin bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının sonradan 9 saylı Peşə Liseyinə keçirilməsi onun bir müəssisədə 5 ildən az işləməsi kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir. Əmək Məcəlləsinin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlana biləcəyi halları təsbit edir. Həmin maddəyə görə, əmək müqaviləsi a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən müddətə bağlana bilər. İş materiallarından görünür ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasına əsas verən yuxarıda qeyd edilən Əmək Məcəllənin 47-ci maddəsində təsbit edilən hallardan hər hansı biri mövcud deyildir. Yəni, əmək müqaviləsinin müddətli bağlanması sadalanan hallardan hər hansı birinə əsaslanmır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı Bakı şəhəri 6 saylı Peşə Liseyində "Təlim ustası", "Müəllim", "Operator”, "Dispetçer" vəzifələrində çalışmışdır ki, həmin vəzifələr il boyu görülə bilməyən mövsümi işlər kateqoriyasına aid deyildir. Kollegiya qeyd edilən hüquq normasının tələblərinə, iş materiallarına və tərəflərin izahatlarına əsasən hesab edir ki, İddiaçı ilə 6 saylı Peşə Liseyi arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olmadığından əmək müqaviləsi müddətsiz hesab edilməli və 17.07.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqı iddiaçıya ödənilməlidir. Çünki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14433/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı işə bərpa edilmiş və məcburi iş buraxmaya görə əmək haqqı ödənilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı 2 gün işlədikdən sonra onunla olan əmək müqaviləsinə əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilmişdir. İddiaçı işə bərpa olunduğuna və məcburi iş buraxmaya görə əmək haqqı ödənildiyinə görə, ona hazırki iddia tələbi üzrə məcburi iş buraxmaya görə əmək haqqı 15.07.2019-cu il tarixindən deyil, 17.07.2019-cu il tarixindən ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırki iş üzrə iddiaçı 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilərək, 15.07.2019-cu il tarixli 184 saylı işdən çıxarılma barədə əmr etibarsız hesab edilməli, İddiaçı ilə cavabdeh 6 saylı Peşə Liseyi arasında bağlanmış 17.06.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməli, məcburi işburaxmaya görə iddiaçıya 17.07.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməli, iddia tələbi 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində isə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 15.07.2019-cu il tarixli 184 saylı işdən çıxarılma barədə əmr etibarsız hesab edilməli, İddiaçı ilə cavabdeh 6 saylı Peşə Liseyi arasında bağlanmış 17.06.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməli, məcburi işburaxmaya görə iddiaçıya 17.07.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməli, iddia tələbi 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 15.07.2019-cu il tarixli, 184 saylı işdən çıxarılma barədə əmr etibarsız hesab edilsin. İddiaçı ilə 6 saylı Peşə Liseyi arasında bağlanmış 17.06.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. 17.07.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqı cavabdeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən İddiaçı ödənilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3782/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3782/2021
07.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver