Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3782/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7, Maraqlı şəxs 2 saylı Bakı DOST Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(003)-182/2023 saylı qətnaməsindən maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunun Termo sexində 4-cü dərəcəli tablayıcı vəzifəsində işlədiyini bildirmişdir. 2.Lakin əmək kitabçasını müəmmalı şəkildə itirdiyini, buna görə də əmək stajını hesablaya bilmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunun Termo sexində 4-cü dərəcəli tablayıcı vəzifəsində işləməyi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.19*7-ci ildə Naxçıvan MR Culfa rayonunda anadan olmuşdur. Sonradan 1972-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gələrək öz ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunun Termo sexinedə 4-cü dərəcəli tablayıcı vəzifəsində işləmişdir. Hal-hazırda pensiya almaq üçün Xəzər rayon Əmək və Əhalinin Sosial müdafiəsi Fonduna müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə əsasən sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasında müəyyən edilir. O, əmək kitabçasını müəmmalı şəkildə itirmiş və bu barədə də Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət etmişdir. Onun 1977-ci il tarixdən 1993-cü il tarixə kimi tarixədək Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində vəzifəsində işləməyi faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. *.Məhkəmə iclasında iştirak edən maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı: Şahidlər ərizəçini birgə isdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (isə daxil olma və isdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin həmin zavodda işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları iddia ərizəsinə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 16-cı maddəsinə əsasən, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Lakin iş üzrə ərizəçinin əmak stajı 18 il müəyyən edilmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 1977-ci ildən ərizəçi Həsən ilə birlikdə Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda işləmişdir. O, həmin müəssisədə 1991-ci ilədək işləmişdir. O, işdən çıxanda Həsən hələ də orada işləyirdi. Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti-Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləmişdir. 7.Digər şahid X8 ifadəsində göstərmişdir ki, 1977-ci ilin noyabr ayından 200*-ci ilin fevral ayınadək ərizəçi ilə birlikdə Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda işləmişdir. Həsən termo sexdə işləyirdi. Metal konstruksiya olub. O, digər şahidin ifadəsindəki xüsusatları da təsdiq etmişdir. 8.Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim-Emin Məmmədli) 01 mart 2023-cü il tarixli, 2(003)-182/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) ərizə təmin edilərək, Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləməyi faktının müəyyən edilməsi qət edilmişdir. 9.İş materiallarında olan Müdafiə Nazirliyi Maştağa Hərbi Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Ərizəçi 1993-200*-ci il tarixdən müəssisədə təsərrüfat briqadiri vəzifəsində işləmişdir. 10.İş materiallarında olan DİN Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məxsus olan əmək kitabçasının tapılması barədə Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. 11.İş materiallarında olan ƏƏSMN 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi 2 saylı xidmət nümayəndəliyindən heç bir növ əmək pensiyası, sosial müavinət, təqaüd və ünvanlı dövlət sosial yardım almır. 12.İş materiallarında olan Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Tikinti Quraşdırma Nazirliyinin Metal Konstruksiya zavodunun arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. 13.İş materiallarında olan Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Elm və X6 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Tikinti Quraşdırma Nazirliyinin “Metal Konstruksiya zavodu”na aid sənədlər arxiv fonduna təhvil verilmədiyi üçün vətəndaş Ərizəçi barədə məlumat yoxdur. 14.Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında ərizəçinin özünün verdiyi izahatından, ərizəçinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrindən və həmçinin təqdim edilmiş sübutlardan aydın olmuşdur ki, həqiqətən də, Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləmiş, lakin bunun başqa qaydada təsdiq edilməsi mümkün olmadığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. 1*.Buna görə də məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməlidir. 16.Məhkəmə öz mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarına; Mülki Prosessual Məcəlləsinin 4.1, 30*.1.1, 307, 307.2.11, 308, 311, 77.1, 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamədən maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ərizənin təmin edilməmsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.11.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə: iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən biri ərizəçi ilə 1977ci il tarixdən 1991-ci il tarixədək işləmişdir. Yuxarıda da qeyd edildiyi kimi, şahidlər ərizəçi ilə eyni dövrdə işləməlidir. İ instansiya məhkəməsi qanunvericiliyin bu tələblərini pozaraq ərizəni təmin etmişdir. Hesab edir ki, məhkəmə MPM-in 80 və 88-ci maddələrinin tələblərini pozaraq, məsələni mahiyyəti üzrə həll edə biləcək sübutların təqdim edilməsini tələb etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs 2 saylı Bakı DOST Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi X* apellyasiya şikayətinin təmin edilərək, ərizənin təmin edilməməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının əvvəlki iclasında (xx.xx.2023) Ərizəçi apellyasiya şikayətini qəbul etməmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodu Bakı Yüngül Metal X3 Cəmiyyətinə çevrilməsindən məlumatı vardır. Lakin o, orada işləməsi ilə bağlı Bakı Yüngül Metal X3 Cəmiyyətinə müraciət etməmiş, həmin sənədi də təqdim edə bilməz. 23.Ərizəçi növbəti məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 2*.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 28.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Maddə 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 30.Maddələr 14.2, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 308.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 32.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 33.Maddə 38*.1.1, 38*.1.2 və 38*.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 3*.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası maraqlı şəxslərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 37.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən prosessual hüququ normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasənda yeni qətnamə qəbul edilməlidir. 38.Belə ki, iş materiallarında olan, ərizəçi ilə birgə işlədiyini iddia edən şahid X4 əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodu Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998ci il tarixli, 988 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 39.“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qeyd olunan cəmiyyət hazırda fəaliyyət göstərir. (VÖEN-ni **********, hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, H.Z.Tağıyev, ev 2*, Vergi uçotu orqanının adı: 2 saylı Ərazi Vergilər Baş İdarəsi) 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 41.Kollegiya qeyd edir ki, 26 iyul 2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında ərizəçiyə hazırda fəaliyyətini davam etdirən "xxxx" ASC ünvanı barədə məlumat verilməsinə və zəruri sənədlərin əldə edilməsi üçün (prosessual qanunvericiliklə apellyasiya mərhələsində qadağan edilsə də) vaxt verilməsinə baxmayaraq Ərizəçi tərəfindən məhkəməyə "xxxx" ASC-dən heç bir sübut təqdim etməmiş, hətta növbəti məhkəmə iclasına belə gəlməmişdir. 42.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodu təşkilati-hüquqi formasının dəyişərək "xxxx" ASC-yə çevrildiyindən və hazırda da fəaliyyətini davam etdirdiyindən iş materiallarında olan Milli Arxiv İdarəsindən olan məktublara əsasən Azərbaycan Respublikası Tikinti Quraşdırma Nazirliyinin “Metal Konstruksiya zavodu”na aid sənədlərin arxiv fonduna təhvil verilməməsi ilə bağlı məlumat gözlənilən olmaqla, bu hal MPM-in 308-ci maddəsində nəzərdə tutulan “lazimi sənədlərin başqa qaydada alına bilinməməsi” və ya “itirilmiş sənədlərin bərpasının mümkün olmaması” kimi şərh edilə bilməz. 43.Belə ki, hazırda sözügedən Cəmiyyət fəaliyyətdə olduğundan, vətəndaş Ərizəçi barədə məlumatın arxiv fonduna verilməsi üçün əsas yoxdur. 44.Bununla yanaşı ərizəçi sözügedən cəmiyyətin hazırda başqa adla fəaliyyətini davam etdirməsi barədə məlumatlı olsa da, məhkəmə kollegiyası tərəfindən lazımi sübutların təqdim edilməsi üçün şərait yaradılmasına baxmayaraq, ərizəçi tərəfindən bunun üçün heç bir təşəbbüs göstərilməmişdir. 4*.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunmuşdur: -1.2.Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. -1.7.Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 46.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim edilmədiyindən, habelə, müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunması ərizəçiyə təklif edilsə də, ərizəçi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də, ərizə təmin edilə bilməz. 47.Kollegiya şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid ifadələrində göstərilən hallar iş üzrə toplanmış digər sübutlarla təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. 48.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq norması pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. 49.Beləlikə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(003)-182/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməmlidir. *0.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 40*-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(003)-182/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev Fərrux Qasımov