Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3783/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” 2(001)- 1147/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx xxx 2020-ci il tarixdə 42 nömrə ilə Bakı şəhəri, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın etibarsız barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında olan nikah xx xxx 2020-ci il tarixdə 42 nömrə ilə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Nikahlarının qeydə alındığı vaxtdan yəni, xx xxx 2020-ci il tarixdən sonra ona məlum olmuşdur ki, cavabdeh onunla nikaha daxil olmaq niyyəti olmamışdır. Cavabdeh onu aldatmış və ailə qurmaq adı ilə onunla nikaha daxil olmaq üçün müxtəlif yalanlar uydurmuşdur. Bu səbəbdən aralarında nikah bağlanmasına baxmayaraq onlar birgə ailə münasibətlərinə daxil olmamış və heç bir əlaqələri olmamışdır. Bu günə kimi heç bir əmlak əldə etməmiş və birgə təsərrüfat aparmamışlar. Sadəcə formal kağız üzərində nikahları rəsmiləşmişdir. Bir-biri ilə ailə qurmaq fikirləri yoxdur və bu hər ikisinin qəti qərarıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1147/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları düzgün araşdırılmamış və qətnamədə qeyd edilmişdir ki, cavabdeh məhkəmə iclas zalında bildirmişdir ki, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmuş və ölkədəki pandemiya ilə əlaqədar toylarını keçirə bilməmişlər, sonradan aralarında söz-söhbətlər yaranmış və münasibətləri korlanmışdır. Cavabdehin iddiaçı ilə ailə qurmaq niyyəti olmamış, niyyət sadəcə yalanlar və aldatmalar nəticəsində iddiaçını ələ keçirmək olmuşdur. İddiaçının ayıq-sayıqlığı nəticəsində cavabdehin kimliyi barədə, onun niyyəti barədə maraqlandıqda onun evlənmək niyyətinin deyil, iddiaçıdan istifadə edərək özü üçün hansısa maraqlar və madiyyət güdməsi ortaya çıxmışdır. Düzgün olanları bildiyi halda iddiaçı onunla nikaha heç vaxt girməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və özünün deyil, cavabdehin ailə qurmağa niyyətinin olmadığını bildirərək nikahın etibarsızlığını tələb etsə də, cavabdehin ailə qurmaq niyyətinin olmaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində nikah hüququ təsbit olunmuşdur. Qeyd edilən beynəlxalq hüquq normalarına uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən aldadıldığını, onun ailə qurmaq niyyətinin olmadığını iddia etsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsinə dair mübahisələndirilən qətnamə qanuni və əsaslıdır. Ona görə apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1147/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3783/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3783/2021
20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver