Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3784/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X3, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs (həmçinin, cavabdehin nümayəndəsi) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 22 oktyabr 2012-ci il təvəllüdlü X7 və 25 may 2016-cı il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 26 oktyabr 2011-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 22 oktyabr 2012-ci il təvəllüdlü X7 və 25 may 2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən ümumilikdə 300 manat məbləğində sabit pul şəklində alimentin tutulması qət edilmişdir. O, ünvan 1-yə gəlin gəlmişdir. Onu, 30 avqust 2021-ci il tarixdə yaşadığı evdən nikahın pozulması ilə bağlı müraciət etdiyi üçün zorla çıxarmışlar. Hazırkı tarixədək onun cehiz əmlaklarının çox hissəsi həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)- 2629/2022 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı X6 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin işin mahiyyətindən kənara çıxması, köçürülməsini tələb etdiyi evin qaynatası X2 mülkiyyətində olan ev olmaması, həyat yoldaşı ilə sonradan tikdiyi və qısa müddətdə yaşadığı özbaşına tikili sayılan evə köçürülməsini tələb etməsi, evlərin eyni ünvanda, eyni torpaq sahəsində yerləşməsi, bu barədə məhkəmə iclaslarında dəfələrlə bildirməsi, iddia ərizəsində də özbaşına tikililərə dair normalara istinad etməsi, hazırda yaşamağa başqa yerinin olmaması, iddianın təmin olunmalı olması və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlə ailə qurduqdan sonra Ağsu rayonunda olan evə gəlin köçmüş, orada qısa müddət, təxminən 1 ay yaşamışlar, sonra isə qaynatasının mülkiyyətində olan evin yanında yerləşən 6 otaqlı geniş evdə yaşamışlar. Evin yerləşdiyi torpaq sahəsi 12 sot olmuş, təxminən 2019-cu ildə həmin torpaq sahəsində həyat yoldaşı ilə birlikdə köçürülməsini tələb etdiyi evi inşa etmişlər. Lakin, evin həyat yoldaşı ilə onun vəsaiti hesabına inşa olunmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Tikinti işləri 2020-ci ildə başa çatmış, sonra müəyyən təmir işləri görülmüş, nəhayət 2020-ci ilin yay aylarında hələ təmir tam başa çatmamış ora köçmüşlər. Həyat yoldaşı ilə inşa etdikləri həmin evin sənədi olmamış, özbaşına tikili sayılmış, yalnız qaynatasının adına bələdiyyə sənədi tərtib olunmuşdur. 2021-ci ilin oktyabr ayınadək mübahiəli evdə yaşamış, sonra isə oradan qovulmuşdur. Həyətdə ümumilikdə 4 ev vardır. Bu hal məhkəmə kollegiyasına təqdim etdiyi fotoşəkillərdən də görünür. Hesab edir ki, o, azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir. Birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən, işin hallarını düzgün nəzərə almamış, qaynatasının mülkiyyətində olan evə münasibətdə qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri (həmçinin, üçüncü şəxs) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçının bildirdikləri həqiqətə uyğun deyildir. İddiaçının iddia etdiyi ünvanda qaynatası olmuş X2 mülkiyyətində fərdi yaşayış evi və onun yerləşdiyi 12 sot torpaq sahəsi vardır. Torpaq sahəsində hələ iddiaçı gəlin gədlməmişdən əvvəl Hüseyn Nağıyev tərəfindən başqa ev inşa olunmuş, bu barədə Xəzər rayon Binə bələdiyyəsi tərəfindən 2011-ci ildə inventarlaşdırma sənədi tərtib olunmuşdur. Həmin sənəddən də göründüyü kimi, ev 2003-cü ildə inşa edilmişdir. İddiaçı toydan sonra Ağsu rayonunda olan evə gəlin köçmüş, mübahisəli ünvana isə 2014-cü ildə gəlmiş, mülkiyyətdə olan ev darısqal olduğundan, məhz çıxarışı olmayan həmin evdə yaşamağa başlamışdır. Həmin ev geniş olmaqla, 6 otaqdan ibarət olmuş, iddiaçının qaynatası da orada yaşamışdır. İddiaçı torpaq sahəsində guya 2019-cu ildə cavabdehlə birlikdə, alınmış kredit hesabına ev inşa etməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin üçüncü şəxs tərəfindən qeyd edilən torpaq sahəsində sahəsində 2021-ci ildə inşasına başladığı bir ev də vardır, lakin hazırda həmin evin təmirinin tam başa çatmamışdır. Həmin evin də iddiaçıya hər hansı aidiyyəti yoxdur. Orada, üçüncü şəxsin övladı yaşayır. Ümumiyyətlə, iddiaçının iddia etdiyi evin tərəflərin vəsaiti hesabına tikilməsi mümkün deyildir, çünki onların gəlirləri kifayət qədər olmamışdır. İddiaçının üçüncü şəxs X4 məxsus evlərə və onların yerləşdiyi torpaq sahəsinə hər hansı hüququ yaranmamış, hazırda da mövcud deyildir. Eyni zamanda, cavabdeh hazırda yeni ailə quraraq, həmin evdə yaşayır. İddiaçının ora köçürülməsinə qanuni və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)-2629/2022 saylı qətnaməsi ləğv olunaraq, iddia aşağıda göstərilən əsaslarla rədd olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 26 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan iki uşaqlarının olması, nikahlarının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulması, uşaqların ananın (iddiaçının) yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan qeydiyyat vəsiqəsinə və alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 fərdi yaşayış evi iddiaçı və cavabdehin deyil, üçüncü şəxsin mülkiyyətindədir. Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Evin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də iddiaçının mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bununla yanaşı, iddiaçının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından da etifadə hüququ yaranmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının tələbinin məhz mübahisəli ünvanda yerləşən, işdə iştirak etməyə cəlb olunmamış şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə münsibətdə yoxlayaraq, əsassız olması nəticəsinə gəlmiş, maddi hüquq normaları kimi həm Mülki Məcəllənin 228-ci maddəsinə, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həm maddi, həm prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki və həqiqi hallarını, xüsusilə iddiaçının tələbinin hansı yaşayış sahəsinə yönəlməsini dəqiq müəyyən etməmiş, araşdırmanı səhf istiqamətdə aparmışdır. Xüsusilə qeyd edilməlidir ki, birincisi, məhkəmə başqa şəxsin mülkiyyətində olan yaşayış sahəsi ilə bağlı araşdırma apardığı halda, onü üçüncü şəxs qismində icraata cəlb etməməklə, kobud prosessual səhvə yol vermişdir. İşdən də göründüyü kimi, mübahisəli ünvanda (ünvan 3ərdi yaşayış evi cavabdehin atası X2 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi isə həmin şəxsi üçüncü şəxs qismində icraata cəlb etməmişdir. Həmin şəxsin cavabdehin etibarnamə üzrə nümayəndəsi kimi birinci instansiya məhkəməsində iştirak etməsi halı da vəziyyəti dəyişdirmir. Çünki, MPM-in 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Bu səbəbdən də, apellyasiya baxışı zamanı X6 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Bununla yanaşı, məhkəmə iddia tələbinin mahiyyətini və predmetini tam dəqiqdəşdirmədən, iddiaçının üçüncü şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsinə qanuni əsasların olmamasını müəyyən etmişdir. Halbuki, tərəflərin izahatlarından açıq aşkar görünür ki, tərəflər ailə qurduqdan sonra, iddiaçı Ağsu rayonunda olan evə gəlin köçmüş, sonradan (iddiaçı 1 ay sonra, cavabdeh və üçüncü şəxs isə 2014-cü ildə mübahisəli ünvana gəldiklərini bildirir) mübahisəli ünvanda gəlmişdir. Bununla yanaşı, işdə olan qeydiyyat vəsiqəsinin və texniki pasportun təsdq olunmuş surətlərindən müəyyən edilir ki, mübahisəli ünvanda üçüncü şəxsin xüsusi mülkiyyətində ümumi sahəsi 42,5 m2 olan iki yaşayış otağından ibarət fərdi yaşayış evi 03 noyabr 2004-cü ildə dövlət qeydiyyatına alınmış, həmin evin yerləşdiyi torpağın sahəsi isə 1197,9 m2 (təxminən 12 sot) təşkil etmişdir. Eyni zamanda, işdə olan Xəzər rayonu Binə bələdiyyəsi və “”Bələdiyyə” MMC tərəfindən tərtib olunaraq, təsdiq edilmiş 07 avqust 2011-ci il tarixli inventarlaşdırma sənədlərindən görünür ki, üçüncü şəxsin adına ümumi sahəsi 203,6 m2 təşkil edən fərdi yaşayış evi qeydə alınmışdır. Həmin evin 2003-cü ildə inşa olunması da qeyd edilmişdir. Tərəflər izahatlarında qeyd edilən yaşayış sahəsinin mövcudluğunu, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin yanında (bir neçə metrliyində) həmin torpaq sahəsində inşa olunduğunu təsdiq etmişlər. Eyni zamanda, işin hallarından tərəflərin üçüncü şəxsin xüsusi mülkiyyətində olan evin yanındakı həmin yaşayış sahəsində yaşamaları müəyyən olunmuşdur. İddiaçı qeyd edilən torpaq sahəsində 2019-cu ildə cavabdehlə birlikdə (şəxsi vəsaitləri hesabına) fərdi yaşayış evi inşa edib, 2020-ci ilin yay ayları ora köçməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (iddiaçı sübutlarının olmadığını apellyasiya baxışı zamanı izahatında da bildirmişdir). Üçüncü şəxs torpaq sahəsində 2021-ci ildə inşasına başladığı bir evin də olduğunu, lakin hazırda həmin evin təmirinin tam başa çatmadığını, bunun iddiaçıya hər hansı aidiyyətinin olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən, şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövjud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə (yaşayış sahəsinə) köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Bu səbəbdən də ilkin olaraq iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranıb-yaranmaması, yaranmışsa həmin hüququnun hazırda da mövcudluğu yoxlanılmalıdır. İddiaçı tələbinin üçüncü şəxsin xüsusi mülkiyyəti kimi qeydə alınmış fərdi yaşyış evinə deyil, həmin torpaq sahəsində 2019-cu il tarixdən etibarən inşa etdikləri digər evə (özbaşına tikili) köçürülməsin yönəldiyini bildirmiş, lakin başqasına (üçüncü şəxsə) məxsus torpaq sahəsində mövcud olan digər tikiliyə hər hansı əmlak, əşya və s. hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılalıdır. Tərəflər arasında münasibətlər 2009-cu ildən sonra yarandığından, birinci instansiya məhkəməsi yanlış olaraq Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanmış, maddi hüquq normalarını pozmuşdur. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla yanaşı, cavabdehin mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının mövcudluğu ilə bağlı sübutlar təqdim olunmadığı halda, iddia tələbi ona qarşı yönəlmişdir. Qeyd edilməlidir ki, iddiaçının köçürülməni tələb etdiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və üçüncü şəxsə məxsus olan torpaq sahəsində yerləşir. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evin (özbaşına tikilinin) iddiaçının və onun həyat yoldaşının (cavabdehin) birgə vəsaitləri hesabına inşası ilə bağlıdır Belə ki, iddiaçı həmin evin birgə nikah dövründə, şəxsi vəsaitləri hesabına tikilməsini göstərsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Belə olan halda isə iddiaçının köçürülməsini iddia etdiyi yaşayış sahəsinə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun mövcudluğu da müəyyən edilmir. Göründüyü kimi, iddiaçının nə Mənzil Məcəlləsinin 30-cu və s. normaları baxımından, nə də birgə nikah dövründə əldə edilmiş (inşa edilmiş) əmlak olaraq cavabdehə qarşı tələbinin qanuni və faktiki əsasları mövcud deyildir. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi mübahisəli ünvan üzrə qeydiyyata alınmasını göstərsə də, həmin hal özü-özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını və ya mövcudluğunu ehtiva etmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1cimaddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Eyni zamanda, işdə olan Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin olunmuş, üçüncü şəxs İddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, döngə 12, ev 2 ünvanından qeydiyyat çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir (İddiaçı qeyd edilən qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasınin 17 aprel 2023-cü il tarixli qərarı ilə təmin olunmamışdır). Beləliklə, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, həmin yaşayış sahəsindən qanuni əsaslarla istifadə edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın yoxlanılan hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia yuxarıda göstərilən əsaslarla rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3784/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3784/2023
25.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver