Məhkəmə qərarları › İş №2(103)-3785/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3785/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3785/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 MMC-yə oğluna qarşı (“Buta- Farm” Apteklər Şəbəkəsi və X1 üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin iddiaçının mülkiyyətində olan sahədən çıxarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evdən istifadə etməklə qanunsuz olaraq orada yaşayan və fəaliyyət göstərən "xxxx" MMC-nin, Babək adlı şəxslə yanaşı digər şəxslərin ünvan 1 ünvandakı həmin evdən çıxarılması barədə, eyni zamanda, cavabdehlərin ona qarşı olan qanunsuz hərəkətləri nəticəsində, ümumilikdə dəymiş zərərin 1.200.000 manatının Cavabdeh3, 104.000 manatının isə Cavabdeh1 onun xeyrinə tutulması, cavabdehlərin hərəkətlərindəki cinayət əməlləri tam sübut edildiyindən, xüsusi qərardad çıxarmaqla Prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-175/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-175/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-175/2022 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Cavabdeh1 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına (VÖEN **********) 01.09.2012-ci il tarixdə qeydiyyata alnmışdır. İşdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, İddiaçı sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına (VÖEN**********) 13.08.2004-ci il tarixdə qeydiyyata alnmışdır. İşdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Cavabdeh3 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına (VÖEN**********) qeydiyyata alnmışdır. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh2 MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Eyni zamanda iddia ərizəsindən və digər iş materiallarından görünür ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiyya mübahisəsi olmaqla tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yaranmış mübahisədir. Belə ki, iddiaçı iddia tələbində göstərmişdir ki, “Göründüyü kimi, Cavabdeh3 İddiaçı 106.572 manat təşkil edən malların və 66.798 manat təşkil edən ehtiyat hissələrinin, ümumilikdə isə 173.340 manat dəyərində əmlakını, 25000 manat verdiyi "Sədərək" Ticarət Mərkəzindəki mağazasını, 2010-2013-cü illər üzrə aylıq 1500-2000 manat pul almaqla İddiaçı 26 ay ərzində 50.000 manat pulu ümumilikdə isə həmin dövr üçün 243.000 manat dəyərində əmlakına yiyələnmişdir. 2010-2013-cü illər üzrə bazar dəyəri 173.340 manat dəyərində əmlakın indiki, bazar qiyməti təxminən 700.000 manat təşkil edir. Bundan başqa, Cavabdeh3 ona məxsus ünvan 2 ünvanda yerləşən apteki icarəyə verməklə böyük məbləğdə pullar əldə etməklə ona külli miqdarda ziyan da vurmuşdur. Belə ki, iddiaçı qanunsuz həbsindən əvvəl həmin apteki 1000 ABŞ dollarına icarəyə vermişdir. 29.07.2015-ci ildən hazırki vaxta kimi aylıq icarə haqqından məhrum olmuş iddiaçıya 80.000 ABŞ dolları məbləğində ziyan vurulmuşdur. Onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda ona məxsus evin qeyri-yaşayış sahəsi Aptek kimi fəaliyyət göstərilməsi üçün icarəyə verilmiş, yaşayış sahəsinin 2 otağı Babək adlı şəxsə və onun ailəsinə icarəyə verilmiş, digər otaqlar isə istifadəsiz qalmaqdadır. Bundan başqa, iş üzrə digər Cavabdeh1 onun qanunsuz həbsindən sonra "AF" Ticarət Mərkəzində olan mağazasından 104.000 manat dəyərində çil-çıraqdan ibarət olan əmlakını qanunsuz ələ keçirmişdir. Bu əmlak cinayət işi zamanı qeydə alınaraq sayılmamış və Cavabdeh3 sahibliyinə və istifadəsinə də verilməmişdir, yəni bu əmlakı Cavabdeh1 şəxsən mənimsəmişdir.” Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun18 Sentyabr 2020-ci il tarixli 10N o-li Qərarında qeyd edilmişdir ki,, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.0.5-ci maddəsinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-175/2022 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilsin və mülki iş aidiyyatı üzrə Bakı kommersiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar