Məhkəmə qərarları › İş №2(103)-3788/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3788/2020

30.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3788/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçılar İddiaçı1 (həmçinin İddiaçı4 nümayəndəsi), X2və İddiaçı2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(011)-6931/2018 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, X4, İddiaçı4 və İddiaçı2 tərəfindən apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X4, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, onların həmin otağa köçürülmələri, həmin hissəyə cavabdehlərlə ayrıca kirayə müqaviləsi bağlanmaqla mənzilin ümumi istifadə yerlərindən birgə istifadə olunması, ümumi istifadədə olan və bölünməsi mümkün olmayan kommunal xidmət haqqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırırlar ki, Bakı şəhəri Oktyabr rayon X5 İcraiyyə Komitəsinin xx xxxx 1976-cı il tarixli 15 nömrəli qərarı əsasında verilmiş xx xxxxx 1976-cı il tarixli 158444 nömrəli orderlə 6 nəfərdən ibarət ailələrinə Bakı şəhərinin Əhmədli qəsəbəsində 2980-81-ci keçiddə, 10 nömrəli evin 5-ci blokunda, 7-ci mərtəbəsində, yaşayış sahəsi 63,33 kv.m. olan, 4 otaqlı, 86 nömrəli mənzil verilmişdir. Sonradan küçənin adı və evin nömrəsi dəyişdirilərək, Nəsrəddin Tusi küçəsi, ev 14 ilə əvəzlənmişdir. Mənzilin ilk kirayəçisi Əliyev X19 olmuşdur. X1 ilə nikahları pozulduqdan sonra, kirayəçi Atabala Əliyev mənzildən köçmüş və Xətai Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-819-94 nömrəli qətnaməsi ilə Atabala Əliyev N.Tusi küçəsi 14 nömrəli evin 86 nömrəli mənzilindən istifadə hüququnu itirmiş hesab edilmişdir. Məhkəmə qərarı əsasında xx.xx.1994-cü il tarixdən Atabala Əliyev mənzildən qeydiyyatdan çıxmışdır. Qızlardan biri X8 ailə qurması ilə əlaqədar başqa ünvana köçmüş və xx xxxxx 1994-cü ildə mənzildən qeydiyyatdan çıxmışdır. İddiaçılardan biri olaraq o, İddiaçı1 keçmiş əri Atabala Əliyev ilə nikahlarına xitam verdikdən sonra öz qızlıq soyadına qayıdaraq, Mahmudova soyadını götürmüşdür. Xətai Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 1995-ci il tarixli M1615 nömrəli sərəncamı ilə mənzilin kirayə müqaviləsi onunla, yəni İddiaçı1 ilə bağlanmış və o, mənzilin kirayəçisi kimi tanınmışdır. Hazırda mənzildə qeydiyyatda olmaqla 5 nəfərin istifadə hüququ vardır. Bunların 4 nəfəri hazırki iş üzrə iddiaçılar, 1 nəfər Cavabdeh1dur. Bundan başqa, Cavabdeh1 arvadı Cavabdeh2 mənzildən istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Ona görə də, mənzildən istifadə hüququ olanların sayı 6 nəfər olmuşdur. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 və onun arvadı Cavabdeh2 qazının mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmə qətnaməsində Cavabdeh1 və Cavabdeh2 mənzilə köçürülməsi qət edilsə də mənzildən istifadə qaydası müəyyən edilməmiş, onların mənzilin məhz hansı hissəsinə köçməli olması müəyyən edilməmişdir. Oğlunun və arvadının ona qarşı həddən artıq kobud rəftarı, onu təhqir etmələri, aşağılamaları, hətta ona şər atıb onların əşyalarını oğurlamaqda suçlamaları onunla və bacıları ilə Zaurun və onun arvadının arasında keçilməz uçurum yaratmışdır. Əslində onunla bir mənzildə yaşamaqları mümkün deyil. O, dəfələrlə oğluna və onun arvadına təklif etmişdir ki, mənzilin 1/3 hissəsini onun, 2/3 issəsini isə öz adına özəlləşdirib satsınlar, satışdan əldə edilən pulu isə paylarına uyğun bölüşdürsünlər. Bundan sonra da, hər kəs özü üçün şərait yaradıb sakit yaşasın. Onlar cavabdehlərlə bir evdə yaşamaqlarının mümkünsüz olduğunu bilsələr də, məhkəmə qərarının icrasına da mane ola bilməzlər. Ona görə də, onlar, hesab edirlər ki, gələcəkdə tamamilə ayrı-ayrı mənzillər alıb köçənədək, cavabdehlər mənzilə köçməkdə israrlı olduqları üçün, mənzildən istifadə qaydası, cavabdehlərin mənzilin məhz hansı hissəsinə köçürülməli olduqları, mənzilin onlara aid hissəsinə ayrıca kirayə müqaviləsi bağlanması, onlar tərəfindən mənzil kirayə haqqının və kommunal xərclərin hansı qaydada ödəməli olduqları məhkəmə qaydasında müəyyən edilməlidir. Mənzildən istifadə qaydası müəyyən edilərək mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, girişdən sol tərəfdə, sahəsi 16,53 kv.m. olan otaq cavabdehlərin istifadəsinə verilməklə, onların həmin otağa köçürülmələrini, həmin sahəyə onlarla ayrıca kirayə müqaviləsi bağlanmasını, istifadə eldikləri yaşayış sahəsinin kirayə haqqını ayrılıqda ödəməklərini, habelə ümumi istifadə yerlərindən birgə istifadə etməklə kommunal xərclərin (işıq, qaz, sudan istifadə haqqı və s.) 1/3 hissəsinin onlar tərəfindən ödənilməsini təklif edirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(011)-6931/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X2, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi və sair” tələblərinə dair iddialarının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçılar İddiaçı1, X4, İddiaçı4 və İddiaçı2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(011)- 6931/2018 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(011)-6931/2018 nömrəli qətnaməsinin ləğv olunması və iddianın qismən təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan və 3 nömrəsi ilə işarələnmiş sahəsi 13,6 kv.metr olan otaqların cavabdehlərin, digər iki otağın -4 nömrəsi ilə işarələnmiş sahəsi16,6 kv.metr və 5 nömrə ilə işarələnmiş16,6 kv.metr olan otaqların iddiaçıların istifadəsində saxlanması, mənzilin ümumi istifadə yerlərinin (giriş, dəhliz, mətbəx, hamam, sanitar qovşağı) tərəflərin birgə istifadəsində saxlanması, iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli Qətnaməsindən iddiaçılar kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddiaçılar mənzildən istifadə qaydalarının müəyyən olunmasına dair iddia tələblərində cavabdehlərin istifadəsinə mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan bir otağın verilməsini, qalan üç otağın isə onların istifadəsinə verilməsini xahiş etmişlər. İddiaçılar iş üzrə qətnamə qəbul edilənə qədər iddialarını dəyişməmiş və məhkəmədə verdikləri izahatlarında həmin tələblərin təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Göstərilən vəziyyətdə məhkəmə kollegiyası yalnız iddiaçılar tərəfindən irəli sürülmüş tələbin təmin edilməsinin mümkünlüyünə baxıb qətnamə qəbul etməli olduğu halda, həmin maddənin ziddinə olaraq iddia tələbindən kənara çıxaraq hər bir tərəfin istifadəsinə iki otağın verilməklə mənzildən istifadə hüququnun müəyyən olunması barədə qətnamə qəbul etmişdir.İddiaçılar belə bir tələb irəli sürmədiklərindən məhkəmə kollegiyası mənzildən istifadənin həmin qaydada müəyyən olunması barədə qətnamə qəbul etməklə qanunun tələbini pozmuşdur. Apellyasiya baxışı zamanı İddiaçılar apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdelehlərin mübahisəli mənzil sahəsində istifadə hüquqlarının olması və məhkəmə qətnaməsi əsasında mənzilə köçürülməli olmaları mübahisələndirilməyən haldır. Bu səbəbdən də, məhkəmə qətnaməsində cavabdehlərin mənzildən istifadə hüquqlarını əsaslandırmaq üçün qətnamənin 4-cü səhifəsinin 2-ci abzasından başlayaraq 5-ci səhifəsinin qədər Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək olmuş Mənzil Məcəlləsinin 4-cü, 5-ci,10-cu, 16-cı, 48-ci, 51-ci, 53-cü, 123-cü maddələrinə istinad edilməsinə heç bir ehtiyac yox idi. Yəni maddələrə əsassız olaraq, görüntü yaratmaq üçün istinad edilmişdir. Mənzil xüsusi müllkiyyətdə olmadığı halda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə, habelə Mülki Məcəllənin 228-ci maddəsinə istinad edilməsi yanlışdır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə Mənzil Məcəlləsinin 84-cü maddəsinə və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 81-ci maddəsinə istinad edilməli və həmin normalara əsasən iddia təmin edilməli olduğu halda, həmin maddələrə istinad edilməmişdir, qətnamə qəbul edilərkən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. İşin hallarından görünür ki, cavabdehlər mənzilin özəlləşdirilməsinə və sair formada mane olmaqla öz hüquqlarından sui-istifadə edirlər ki, bu da onlara qadağan edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 (həm də ddiaçı İddiaçı4 nümayəndəsi), İddiaçı3və İddiaçı2iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 vəkili X9 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, digər 3 otağın onların istifadəsində saxlanması mənzillərin yaşayış otaqlarının bölünməsi və ümumi istifadədə olan sahələr üzrə kommunal xidmət haqlarının ½ hissəsi cavabdehlər tərəfindən ödənilməklə mənzillərin istifadə qaydalarının müəyyən olunması hissəsində rədd edilməlidir.(Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası xx xxxx 2020-ci il tarixli 2(103)-3788/20 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağa cavabdehlərlə ayrıca kirayə müqaviləsi bağlanması tələbinə dair iddiası üzrə icraata xitam vermişdir.) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1976-cı il tarixli 158444 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, 2980-81-ci keçiddə, 10 saylı evin 86 saylı mənzili Əliyev X13 istifadəsinə verilmişdir. xx xxxxx 1995-ci il tarixli sərəncamdan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 nömrəli mənzilinin kirayəçisi A.B.Əliyevdir. Xətai Rayon Xalq Məhkəməsinin xx xxxxxxxx 1994-cü il tarixli, 2-819-94 No-li qətnaməsi ilə vətəndaş A.B. Əliyev N.Tusi küçəsi 14 nömrəli evin 86 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. 297524 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında olan nikah ləğv olunmuşdur. 6 saylı MKİS-si tərəfindən verilmiş arayışdan görünür ki, arayış verilir İddiaçı1, ona görə ki, o, həqiqətən N.Tusi üçəsindəki 14 nömrəli evin 86 nömrəli mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar isə İddiaçı1, X4, İddiaçı4, İddiaçı2 və Cavabdeh1 qızıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-842/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı mənzilə köçürülmə və sair tələbinə dair iddiaları qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 xx xxxxxx 2016-cı il təvəllüdlü X21 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 saylı evin 86 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9202/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-842/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-842/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-2071/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7884/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə barşı mənzilin özəlləşdirilməsi, payların bölünməsi və mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçılara mübahisəli mənzilin birinin yaxud bir neçəsinin adına özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduqları izah edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1235/2016 saylı xx xxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1, X2, İddiaçı4 Ata və İddiaçı2 Cavabdeh1 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5035/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1235/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün xx xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıların mübahisəli mənzilə dair hüquqları 2000-ci ilədək yarandığından mübahisənin həlli xx xxxx 1982-ci il tarixdən xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus olan yaşayış evləri başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir, Həmin Məcəllənin 5 və 10-cu maddələrinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış layihələri müddətsiz istifadə üçün verilir. Həmin Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində dövlət idarə etməsi SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Soveti, Azərbaycan SSR Nazirlər Soveti, Naxçıvan MSSR Nazirlər Soveti, yerli xal deputatları Sovetlərinin icraiyyə komitələri, nazirliklər, dövlət komitələri və baş idarələr tərəfindən, habelə SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə müvafiq surətdə xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar -adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa-çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mülki işin faktiki halları ondan ibarətdir ki, mübahisənin predmeti olan mənzil - Bakı şəhərinin Əhmədli qəsəbəsində 2980-81-ci keçiddə, 10Noli evin 5-ci blokunda, 7-ci mərtəbəsində, yaşayış sahəsi 63,33 kv.m. olan, 4 otaqlı, 86 nömrəli mənzili Bakı şəhəri Oktyabr Rayon X5 İcraiyyə Komitəsinin xx xxxx 1976-cı il tarixli 15 nömrəli Qərarı əsasında verilmiş xx xxxxx 1976-cı il tarixli 158444 nömrəli Orderlə Əliyev X13 istifadəsinə verilmiş, sonradan küçənin adı və evin nömrəsi dəyişdirilərək, Nəsrəddin Tusi küçəsi, ev 14 ilə əvəzlənmişdir. Əliyev X13 arvadı İddiaçı1 (həmin zaman Əliyeva) ilə nikahları pozulduqdan sonra, kirayəçi Atabala Əliyev mənzildən köçmüş və Xətai Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-819-94 Noli qətnaməsi ilə Atabala Əliyev N.Tusi küçəsi 14 nömrəli evin 86 nömrəli mənzilindən istifadə hüququnu itirmiş hesab edilmişdir. Xətai Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 1995-ci il tarixli M1615 nömrəli sərəncamı ilə mənzilin kirayə müqaviləsi İddiaçı1 ilə bağlanmışdır. Hazırda mənzildə qeydiyyatda olmaqla iddiaçıların və cavabdehlərin istifadə hüququ vardır. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 və onun arvadı Cavabdeh2 mübahisəli mənzilə köçürülmələri qət edilmişdir. Tərəflər arasında mübahisə mövcud olduğundan mübahisəli mənzil hələ özəlləşdirilməmişdir. Hazırda iddiaçılar ailələrinin istifadəsində olan və Dövlət Mənzil Fonduna məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 nömrəli mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, digər 3 otağı onların istifadəsində saxlamaqla, mənzilin yaşayış otaqlarının bölünməsi, ümumi istifadə yerlərini birgə istifadədə saxlamaqla cavabdehlərlə və onlarla ayrıca kirayə müqavilələrinin bağlanması, ümumi istifadədə olan kommunal xidmət haqqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iddia iddiaçılar İddiaçı1, X4, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, onların həmin otağa köçürülmələri, mənzilin ümumi istifadə yerlərindən birgə istifadə olunması, ümumi istifadədə olan və bölünməsi mümkün olmayan kommunal xidmət haqqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, nəzərə alınmalıdır ki, cavabdehlərin himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. xx.xx.2009-cu il tarixədək qüvvədə olan MM-in 40-cı maddəsi isə mənzil sahəsi normasını adambaşına 12 kv.m. müəyyən etmişdi. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddiaçılar mənzildən istifadə qaydalarının müəyyən olunmasına dair iddia tələblərində cavabdehlərin istifadəsinə mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan bir otağın verilməsini, qalan üç otağın isə onların istifadəsinə verilməsini xahiş etmişlər. İddiaçılar iş üzrə qətnamə qəbul edilənə qədər iddialarını dəyişməmiş və məhkəmədə verdikləri izahatlarında həmin tələblərin təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Göstərilən vəziyyətdə məhkəmə kollegiyası yalnız iddiaçılar tərəfindən irəli sürülmüş tələbin təmin edilməsinin mümkünlüyünə baxıb qətnamə qəbul etməli olduğu halda, həmin maddənin ziddinə olaraq iddia tələbindən kənara çıxaraq hər bir tərəfin istifadəsinə iki otağın verilməklə mənzildən istifadə hüququnun müəyyən olunması barədə qətnamə qəbul etmişdir.İddiaçılar belə bir tələb irəli sürmədiklərindən məhkəmə kollegiyası mənzildən istifadənin həmin qaydada müəyyən olunması barədə qətnamə qəbul etməklə qanunun tələbini pozmuşdur. Daha sonra Kollegiya qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları tanınsa da, onlar həmin mənzilə köçürülmədiyindən, həmin mənzildə hələ faktiki yaşamadığmdan iddiaçılar ümumi istifadədə olan kommunal xidmət haqqlarının 1/3 hisəsinin cavabdehlər tərəfindən ödənilməsini tələb etməkdə haqlı deyillər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7943/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçılar İddiaçı1, X4, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 14 nömrəli evin 86 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, onların həmin otağa köçürülmələri, mənzilin ümumi istifadə yerlərindən birgə istifadə olunması, ümumi istifadədə olan və bölünməsi mümkün olmayan kommunal xidmət haqqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar