Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3788/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-327/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı X5 (azyaşlı X2 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadə olan anbarın boşaldılaraq ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinin köməkçi sahəsinin ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyesterindəki qeyd, həmçinin buna dair X3 verilmiş texniki pasportun müvafiq hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (Hakim F.Əyyubov, iş № e-2(004)-4151/20) qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən X.Mərdanova, hakimlər Vəkil2, F.Babayev, iş № 2(103)-8112/20) qərardadı ilə şikayət qismən təmin edilərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixli qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə reyestr qeydinin ləğvi tələbi haqqında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən, dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verməmişdir. Qarşılıqlı iddiaçı həmin sənədləri çevik əldə etmək imkanına malik deyildir və həmin sənədlər qarşılıqlı iddiaçıya əlçatan sənədlər deyildir. Digər tərəfdən, qarşılıqlı iddia ilkin iddiaya baxılanadək verilməli olduğundan, prosessual qənaət, işə obyektiv baxılması, məhkəməyə əlçatanlıq qarşılıqlı iddiaçının hüquqlarının ləngimədən təmin edilməsi baxımından məhkəmə qarşılıqlı iddianı icraata qəbul etməli, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verdikdən sonra qarşılıqlı iddianın müqəddəratını həll etməli idi. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişDİr. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onUn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi verilərkən həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.3-cu və 155.1-ci maddələrinin də tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ərizəsində tələb kimi daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğvini və texniki pasportun müvafiq hissəsinin etibarsızlığını göstərdiyi halda, cavabdeh qismində X4 (X1 qanuni nümayəndəsi) qoymuşdur. Halbuki, F.Yusifli fiziki şəxsdir və onun dövlət reyestrindəki qeydi ləğv etmək və ya texniki pasportu etibarsız hesab etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin səlahiyyətindədir ki, tələb də ona qarşı yönəldilməli idi. Beləliklə, faktiki inzibati orqana qarşı yönəlmiş tələb, formal olaraq iddiaçı cavabdeh göstərilməklə qarşılıqlı iddia şəklində verilmişdir, başqa sözlə, cavabdeh kimi göstərilən F.Yusifliyə qarşı yönələn tələb qarşılıqlı iddia ərizəsində mövcud deyildir. Bununla da MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, tələbin yönəldiyi inzibati orqan cavabdeh kimi qoyulsaydı belə, hazırki iş üzrə iddiaçı olmadığından göstərilən tələbin qarşılıqlı iddia qaydasında irəli sürülməsi və bunun da məhkəmə tərəfindən qəbul edilməsi MPM-nin 155.1-ci maddəsi baxımından yolverilməzdir. Digər tərəfdən, hazırki vəziyyətdə qarşılıqlı iddia vermiş şəxs dövlət reyestrindəki qeydin ləğv edilməsini tələb etsə də, həmin tələbini əsaslandırmamış, yəni qeydin hansı əsasla verilməsini (mülki əqd və ya inzibati aktı) göstərməmişdir ki, bu da həmin iddianın məhkəmə aidiyyətinin müəyyən edilməsini mümkünsüz etmişdir. (qeyd mülki əqd əsasında aparılmışsa-mülki, inzibati-akt əsasında aparılmışsa inzibati icraat qaydasında baxılır) Məhkəmə Kollegiyası qeyd edir ki, MPM-in 149.2.3-cü maddəsi, iddiaçının və ya ərizəçinin tələbini, onların öz tələblərini əsaslandırdıqları halları iddia ərizəsində göstərməsini, iddianı qaldırmış şəxsə həvalə etmişdir. Yəni, həmin əsas məhkəmə tərəfindən deyil, iddiaçının özü tərəfindən iddia qaldırılarkən göstərilməlidir. Cavabdeh şikayətində həmin imkanının olmadığını göstərmiş, qeydin hansı əsasla aparılmasını (akt və ya əqdr) müəyyən edə bilmədiyini, bunun üçün məhkəməyə vəsatət versə də, vəsatətin təmin edilməməsini göstərmişdir. Birinci instansiya məhkəməsi buna münasibətdə qeyd etmişdir ki, inzibati icraatda tərəflər qeyri-bərabər imkanlara malik olduğundan sübutlar məhkəmə tərəfindən daha çevik şəkildə əldə edilir. Mülki qaydada işə baxan məhkəmə öz təşəbbüsü ilə sübut toplaya bilməz. İnzibati orqandan zəruri sübutların tələb edilməsi üçün inzibati prosessual məcəllədə prosessual vasitələr və bunların təminat vasitələri nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Göründüyü kimi, MPM-nin 78.2-ci maddəsi müvafiq iddia ərizəsi icraata qəbul edildikdən sonra, iddianın mahiyyəti üzrə araşdırma mərhələsindəki qaydaları tənzimləyir. Başqa sözlə, icraata qəbul edilməmiş iddia üzrə belə bir vəsatətə baxılması mümkün deyil, o cümlədən, qarşılıqlı iddia ərizəsini icraata qəbul etməzdən əvvəl onun əsaslarının məhkəmə tərəfindən müəyyən edilməsi və ya iddia qaldırmış şəxsə kömək etməsi ümumi məhkəmədə fəaliyyət göstərən hakimin səlahiyyətindən kənara çıxması deməkdir. Belə olan halda, qarşılıqlı iddiaçı yuxarıda göstərilən və özünün də şikayətdə göstərdiyi səlahiyyətə malik olan inzibati məhkəməyə, yaxud da MPM-nin 85-87-ci maddəsinə əsasən ümumi məhkəməyə və ya müvafiq orqana müraciət etdikdən sonra əldə etdiyi nəticəyə əsaslanaraq müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. 85.2-ci maddəsinə əsasən məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi hazırki qarşılıqlı iddia ərizəsinin MPM-in 153-cü maddəsinin tələbləri baxımından icraata qəbul edilməsi yolverilməzdir, həmçinin 155.1-ci maddəsinə əsasən sözügedən iddia hazırki iş üzrə qarşılıqlı iddia şəkilndə verilə bilməz. İddiaçının tələbini əsaslandıran hallarla bağlı müvafiq prosessual hərəkətləri etdikdən, MPM-nin 149-cu maddəsində nəzərdə tutulan və yuxarıda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra iddia qaydasında müvafiq məhkəməyə müraciət etməkdə haqlıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3788/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3788/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver