Məhkəmə qərarları › İş №2(103)-379/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-379/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-379/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: «bağ sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 prosessual hüquqi varisi X8 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha ölçüdə 646 saylı bağ sahəsi sonuncuya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir.

2. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X3 verilmişdir.

3. Mübahisə başlayanda 569 saylı və 569a saylı bağ sahələri müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə müqaviləsi əsasında onun sahibliyinə və istifadəsinə verilmiş 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, zəbt olunmuş torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş hasarın cavabdehlərin vəsaiti hesabına sökülməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən 1.000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilib ki, xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, iddiaçının istifadəsinə 0,12 ha ölçüdə torpaq sahəsi verilmiş və həmin vaxt topraq sahəsi məhz qeyd edilən ölçüdə olmuşdur. Həmin torpaq sahəsi ilə cavabdehlərə məxsus olan torpaq sahəsi qonşu olmaqla həmsərhəddir. Onların arasında torpaq sahəsinin zəbt edilməsi halı ilə bağlı 2009-2010-cu illərdə artıq bir dəfə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, həmin vaxt Cavabdeh1 ona məxsus olan 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edərək, onlara qarşı iddia qaldırmışdır. Mübahisə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001)-55/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnamə ilə 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən boşaldılaraq, əvvəlki vəziyyətə gətirilməsi qət edilsə də, bu şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)-432/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnamə ilə həmin qətnamə qismən ləğv edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlara sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun, yəni sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 metr enində və yol tərəfdə 8,3 metr enində olmaqla, ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Bununla bağlı icra tədbirləri həyata keçirilmişdir. Lakin bundan sonra cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsini zəbt etmişlər, o cümlədən bağ sahələrinə yol çəkmişdilər ki, həmin yol bilavasitə iddiaçının sahəsini təşkil edir. Bu hal aparılmış ekspert tədqiqatları ilə də öz təsdiqini tapır. Lakin iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün azalması yalnız zəbt etmə halı ilə deyil, həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin düzgün icra edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıya məxsus olan bağ sahəsi yalnız zəbt edilmə nəticəsində azalmamış, həmçinin həmin qətnamənin icrası zamanı ölçmə işlərinin düzgün aparılmaması nəticəsində azalmışdır. Bu da ilk növbədə ölçmə işlərinin qətnaməyə uyğun olaraq 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlamaqla aparılmaması ilə bağlıdır. Belə ki, 568 saylı bağ sahəsinin ölçüsü sənəd üzrə ona ayrılmış sahədən artıqdır və həqiqətdə 569 və 569a saylı bağ sahələrinin müəyyən hissəsi həmin bağ sahəsi tərəfindən zəbt edilmişdir. Nəticədə 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə ölçüsünü təmin etmək üçün 646 saylı bağ sahəsi istiqamətində sürüşmə olmuşdur. Bu hal da iddiaçının bağ sahəsinin ölçüsünün azalmasına səbəb olmuşdur.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbinin qismən təmin edilərək xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, İddiaçı icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 257 kv.metr ölçüdə hissəsinin ondan alınaraq İddiaçı verilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 257 kv.m. ölçüdə hissəsi üzərində inşa edilmiş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi; iddianın qalan hissədə rədd edilməsi; ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi; ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsinin İddiaçı, 50 (əlli) manat hissəsinin isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, X6 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 ha öçüdə 646 saylı bağ sahəsi iddiaçıya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir. Həmin ünvanda olmaqla bu sahənin qonşuluğunda yerləşən 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X3 verilmişdir. 569 saylı və 569a saylı bağ sahələri də hazırda müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyindədir. Həmin ərazidən dəmir yolu xətti keçir və bu xətdən şimala doğru ilk olaraq iddiaçıya məxsus 646 saylı bağ sahəsi yerləşir. Cavabdeh2 məxsus 569 saylı bağ sahəsi və hazırda Cavabdeh1 məxsus 569a saylı bağ sahələri 646 saylı bağ sahəsinə münasibətdə eninə (qarşı-qarşıya) yerləşməklə (ilk olaraq 569 saylı, ondan sonra 569a saylı) 646 saylı bağ sahəsinin şimal sərhəd qonşularıdır. 2009-2010-cu illərdə tərəflər arasında zəbt etmə halı ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə çərçivəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş cavabdehlər tərəfindən 569a saylı bağ sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qismən ləğv edilmiş, iddia təmin edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 m enində və yol tərəfdə 8,3 m enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportundan göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsi boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-3090 saylı, xx.xx.2020-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəlmiş və icra edildikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 8(103)-114/2012 saylı qərardadı ilə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 112 saylı arayışına əsaslanaraq ona məxsus olan 0,12 ha ölçüdə 646 saylı bağ sahəsinin 620 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən, 250 kv.m. hissəsinin isə Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə olunduğunu, o cümlədən həmin sahə üzərində daş hasarın inşa edildiyini iddia edir və zəbt edilmiş sahənin cavabdehlərdən alınaraq ona qaytarılmasını, inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsini və bu hərəkətlər nəticəsində ona vurulmuş 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 iddianı qəbul etmir, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyini, həmin sahə üzərində hasar inşa etmədiyini, 569a saylı bağ sahəsinə əvvəllərdə yolun olduğunu və həmin yolun, habelə hasarın onun sahəsi üzərində yerləşdiyini, ona məxsus olan bağ sahəsindən sonra yerləşən ərazinin bütünlüklə dəmir yolunun mühafizə zonasına daxil olduğunu, bu səbəbdən iddiaçının iddia etdiyi bağ sahəsinin orada yerləşməsinin qeyri-mümkün olduğunu, həmin sahənin ölçü baxımından heç vaxt 0,12 ha olmadığını, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin nömrəsi baxımından da onun qonşuluğunda yerləşməsinin mümkün olmadığını, həmin ərazidə olan bağ sahələrinin nömrəsinin 558- 569 arasında dəyişməsinə baxmayaraq, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin 646 nömrəli olduğunu bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 17666 nömrəli ekspert rəyində 569 nömrəli bağın sahəsinin əvvəllər 0,25 ha olduğu, sonradan həmin sahədən 0,12 ha hissəsinin 569 nömrəli bağ kimi müqavilə əsasında Cavabdeh2, digər 0,12 hissəsinin isə 569a nömrəli bağ sahəsi kimi müqavilə əsasında X2 istifadəsinə verildiyi, 0,12 ha sahəsi olan 646 saylı bağ sahəsinə dair İddiaçı adına icarə müqaviləsinin olduğu, "xxxx" MMC tərəfindən təqdim edilmiş sxemdə göstərilən ümumi 3.287 kv.m. mübahisəli sahənin bir hissəsinin 1.515 kv.m, bir hissəsinin isə 1.142 kv.m. olduğu və keçid yolu saxlanılmaqla hasarlandığı, hasarlanmış sahənin cənubunda yerləşməli olan 646 saylı bağ sahəsinin dəmir yolu xətti ilə arada qalan sahənin 630 kv.m. təşkil etdiyi, bağ sahələrinin yerləşdiyi ümumi cərgədə hasarlanma işlərinin sxematik xəritəyə və arxiv cizgisinə uyğun plan üzrə aparılmaması səbəbindən qonşu bağlarda tam sərhəd dəqiqləşdirilməsinin aparılmasının mümkün olmadığı, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlar daxilindəki sahənin 524 kv.m. hissəsinin dəmir yolunun mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Lakin həmin rəy qoyulmuş sualları tam həll etmədiyindən və nəticədə əlavə suallar yarandığından məhkəmənin müvafiq qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və buna uyğun olaraq, aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmamışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində 646 saylı bağın sənəd üzrə sahəsi 1.200 kv.m. olsa da, faktiki 630 kv.m. qalıb, 569 saylı bağın sahəsi 1.142 kv.m, 569a saylı bağın sahəsi isə 1.311 kv.m. və keçid yolu 204 kv.m. olmaqla cəmi 1.515 kv.m. hasarlanaraq ayrılıb. Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2.500 kv.m, sonradan 1.600 kv.m., sonuncu müqavilədə sənəd üzrə sahəsi 2.500 kv.m., sonradan 1.600 kv.m., sonuncu müqavilədə isə 1.200 kv.m. göstərilir. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1.630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1.200 kv.m. və həmin icarə müqaviləsində 1y/ot – 9.76 kv.m. olan tikilidə göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1.200 kv.m. aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sərhədlərini tam dəqiqləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1.200 kv.m. göstərilsə də, arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi 2.075 kv.m. sahə göstərilib. Bu səbəbdən 569 və 569a saylı bağların arxiv cizgisinə görə hər birinin 1.200 kv.m sahələrinin sərhədlərini dəqiqləşdirmək mümkün olmadı. 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3.287 kv.m. təşkil edir, lakin sənəd üzrə sahələri isə 3.600 kv.m. təşkil edir. Yuxarıda qeyd edildiyi kimi 646 saylı bağın 1.200 kv.m-nə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Ümumi 5.120 kv.m. sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü işləri aparılmalıdır. 646 saylı bağla 568 saylı bağ həmsərhəd deyil. Sxematik xəritəyə əsasən 568 saylı bağ sahəsi 569 saylı bağın şimal tərəfdəki qonşusudur. Arxiv araşdırılmasına əsasən 568 saylı bağ sahəsi, 568a və 568 b saylı bağ sahələrindən ibarətdir və onların hər birinin sahəsi sənəd üzrə 700 kv.m. göstərilibdir. Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xuraman adlı şəxsin bildirdiyinə əsasən 568 saylı bağ (700 kv.m.), 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1.833 kv.m. təşkil edir. Sahə 433 kv.m. artıqdır. Arxiv cizgisində 568, 568a və 568b sahələrinin qərb hissəsində hər birinin eni 7,5 m, şərq hissəsində isə 8,3 m göstərilibdir. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keçid yolu kimi sahə ştrixlə 569 saylı bağın cənub hissəsində göstərilibdir. 569a saylı bağ sahəsinə faktiki keçid yolu kimi hasarlanmış sahə və 646 saylı bağın icarə müqaviləsində göstərilən tikili 646 saylı bağın arxiv cizgisində göstərilən 1.630 kv.m sahəyə düşür. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunda 568a, 568b, 569, 569a, 646 saylı bağ sahələrinin sənəd üzrə və faktiki mövcud olan ölçüləri, habelə keçid yolu barədə məlumatlar yuxarıda göstərilən məlumatlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq edilmiş sübutlara əsasən gəldiyi nəticə üzrə qənaətində göstərib ki, iş materiallarında olan sübutları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunu nəzərə alıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17666 nömrəli və xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib qeyd etməyi zəruri hesab edir ki, iddiaçının və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan müvafiq olaraq 646 saylı, 569a və 569 saylı bağ sahələrinin hər birinin sahəsi 0,12 ha təşkil edir. Lakin faktiki olaraq 646 saylı bağın sahəsi 630 kv.m., 569 saylı bağın sahəsi 1.142 kv.m., 569a saylı bağın sahəsi isə 1.311 kv.m. ölçüdədir. 569a saylı bağın hasarlanaraq ayrılmış ümumi sahəsi isə 204 kv.m. ölçüdə olan keçid yolu da nəzərə alınmaqla 1.515 kv.m. təşkil edir. Başqa sözlə, mövcud vəziyyətdə 646 saylı bağın sahəsində (1.200-630 = 570) 570 kv.m. ölçüdə, 569 saylı bağın sahəsində isə (1.200- 1.142 = 58) 58 kv.m. ölçüdə kəsir var. 569a saylı bağın sahəsi isə sənəd üzrə müəyyən edilmiş sahədən (1.515-1.200 = 315) 315 kv.m. artıqdır. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keçid yolu kimi sahənin 569 saylı bağın cənub hissəsində göstərildiyi qeyd edilsə də, bu sahənin dəqiq ölçüsü (eni və uzunu), onun statusu (sahələr arasında neytral sahə olub-olmaması, 569a saylı bağın 0,12 ha sahəsinin daxilində olub-olmaması və sair) müəyyən edilməmişdir. Bu səbəbdən keçid yolu 646 saylı bağ sahəsi ilə 569a saylı bağ sahəsi arasında neytral sahə (bu bağların hər hansı birinin sahəsinə daxil olmayan sahə) kimi qiymətləndirilə bilməz (bu iki sahə əvvəllər 569 saylı bağ sahəsi olmuş və bu baxımdan vahid sahə olaraq onun avtomobil yolu tərəfindən girişi olmuşdur). 646 saylı bağ sahəsi isə nömrə baxımından orada yerləşən digər bağ sahələrindən fərqlənsə də, hüquqi nəticə etibarı ilə və faktiki baxımdan 569 və 569a saylı bağ sahələri ilə həmsərhəd olan bağ sahəsi kimi mövcuddur. Hər bir halda, uydurulmuş şəkildə deyil, məhz arxiv sənədlərinə əsaslanaraq iddiaçı ilə X6 və istismarı birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilədə bu bağın 0,12 ha ölçüdə olması göstərilmişdir. Başqa sözlə, mövcud vəziyyətdə Cavabdeh1 nəticə etibarı ilə iddiaçının istifadə və sahibliyində olan sahə hesabına özünə keçid yolu düzəltmiş və bu yolun sahəsi hesabına öz sahəsini artırmışdır. Nəticədə iddiaçı icarə müqaviləsi əsasında ona məxsus olan 646 saylı bağ sahəsinin müəyyən hissəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək imkanını və sərbəstliyini qanunsuz və əsassız olaraq itirmişdir. Məhkəmə, qanunsuz olaraq iddiaçının istifadə və sahibliyindən alınmış sahənin ölçüsü məsələsində mötəbər sübut kimi qiymətləndirdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən ekspert rəylərini əsas götürüb, hesab edib ki, iddiaçıya məxsus bağ sahəsinin iddia edildiyi kimi 620 kv.m. hissəsi deyil, 257 kv.m. hissəsi faktiki olaraq Cavabdeh1 istifadə və sahibliyindədir. Belə ki, nəinki 646 saylı bağın, həmçinin 569 saylı bağın sahəsində ölçü baxımdan kəsir var və bu bağların həmsərhəd olması nəzərə alındığı halda, məhz 569a saylı bağın artıq olan 315 kv.m. sahəsinin 58 kv.m. 569 saylı bağa aid edilməlidir. Bu səbəbdən 315 kv.m. sahədən həmin sahənin çıxılması nəticəsində yaranmış fərq də (315- 58=257) məhz 257 kv.m. təşkil edir. Nəzərə alınmalıdır ki, araşdırma zamanı cavabdehin həmin sahədən (257 kv.m.) istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında bu sahə ilə bağlı icarə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə həmin sahə bu cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və hazırda onun qanunsuz sahibliyindədir. İddiaçı, həmin sahənin qanuni sahibi olmasına baxmayaraq, hazırda qeyd edilən sahəyə sahiblik və ondan istifadə edə bilmir, o, bağın bu hissəsindən faktiki olaraq məhrum edilmişdir. Məhkəmə bir daha qeyd edib ki, bu hal iş materiallarında olan və məhkəmə tərəfindən mötəbər kimi qiymətləndirilmiş sübutlarla öz təsdiqini tapır. Sadə yanaşma ilə Cavabdeh1 sahəsi cənuba, yəni məhz iddiaçının bağ sahəsi istiqamətinə 257 kv.m. artıqdır. Lakin həm bu, həm də iddiaçının hazırda faktiki istifadəsində olan sahəsin ölçü baxımından cəmi (630 + 257 =887) 887 kv.m. təşkil etmiş olur ki, bu vəziyyətdə də onun sahəsi yenə də ona müqavilə üzrə ayrılmış 0,12 ha sahədən (1.200-887=313) 313 kv.m. ölçüdə az olur. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 8(103)-114/2012 saylı qərardadı ilə xitam verilməsinə baxmayaraq, hər bir halda hesab edib ki, iddiaçının sahəsinin az qalması məhz həmin icra sənədinin düzgün icrasının təmin edilməməsi ilə bağlı olmuşdur. Belə ki, həmin qətnamə ilə 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədin pozulduğu müəyyən edilmiş və bu səbəbdən bağ sahələrinin əvvəlki vəziyyətə gətirilməsi, yəni 569a saylı bağın sxem planına uyğun sahəsinin müəyyən olunması üçün 568 saylı bağ sahəsində olan ev “A” tikilisi istinad nöqtəsi kimi götürülməklə, 568 saylı bağın sərhəd zolağından plan sxemə uyğun olaraq 569a saylı bağın ölçülərinin müəyyən edilməli olması qənaətinə gəlinmiş və məhkəmə kollegiyası tərəfindən bu mövqe əsas götürülməklə qətnamə çıxarılmışdır. 568 saylı bağ sahəsinin isə 568a və 568b saylı bağ sahələrindən ibarət olması, onların sənəd üzrə hər birinin 700 kv.m. olmasına baxmayaraq, ümuni sahəsinin 1.833 kv.m. təşkil etməsi və nəticə (1833-1400=433) 433 kv.m. artıq olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu baxımdan həmin qətnamə icra edilən zaman 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq ölçmə işləri aparılmalı və bu zaman həmin 433 kv.m. sahənin də müqəddaratı həll edilməli idi. Belə ki, artıq olan 433 kv.m. sahənin Cavabdeh1 və ya digər cavabdehə aid olduğu müəyyən edildiyi təqdirdə onların sahələrinin yerləşdiyi yer yenidən müəyyən edilməklə məhz 433 kv.m. ölçüdə şimala doğru, yəni 568 saylı bağ sahəsi tərəfə çəkilməli idi. Bunun da nəticəsində 433 kv.m. artıq sahə yaranmış olur ki, onun da 313 kv.m. hissəsi hesabına iddiaçının sahəsi tamamlanır, qalan 120 kv.m. sahənin isə yol kimi istifadə edilməsi mümkün olur. Bu vəziyyət həm iddiaçı, həm də yol keçidinə ehtiyacı olan Cavabdeh1 üçün daha əlverilşli olardı. Lakin 568 saylı bağın sahəsi mübahisə predmeti olmadığından, habelə bu məsələyə artıq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən məhkəmə hazırki mübahisə çərçivəsində bu məsələyə hüquqi qiymət verə bilməz. Bununla belə, məhkəmə qeyd edib ki, bu cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq iddiaçıya aid olan sahənin 257 kv.m. hissəsindən istifadə və ona sahiblik etməsi iddiaçının icarə hüququndan irəli gələn hüquqlarının, o cümlədən bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının əmlak hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və iddia tələbi bu hissədə qismən təmin edilməklə Cavabdeh1 qanunsuz olaraq istifadə və sahibiliyində olan 257 kv.m. ölçüdə torpaq sahəsi ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda, məhkəmə o halı da nəzərə alıb ki, iddiaçıya məxsus olmaqla Cavabdeh1 qanunsuz istifadə və sahibliyində olan (zəbt edilmiş) sahə boş deyil, onun üzərində daş hasar inşa edilmişdir. Bu baxımdan həmin sahənin iddiaçıya qaytarılması onun bu sahəyə olan hüquqlarını tam bərpa etmiş olmur. Bu səbəbdən qeyd edilən sahənin iddiaçıya qaytarılması ilə yanaşı, həmin sahə üzərində bu cavabdeh tərəfindən inşa edilmiş hasar da cavabdehin vəsaiti hesabına sökülməli və həmin sahədən çıxarılmalıdır. Başqa sözlə, sahə cavabdehə məxsus olan hasardan tam azad edilməlidir. Məhkəmə, iddia tələbinin “zəbt olunmuş torpaq sahəsinin Cavabdeh2 alınması, hasarın onun vəsaiti hesabına sökülməsi və vurulmuş mənəvi zərərin əvəzinin ondan tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı onun tərəfindən 250 kv.m. sahənin zəbt edildiyini iddia etsə də, artıq müəyyən edildiyi kimi, bu cavabdehin istifadə və sahibliyində olan torpaq sahəsi sənəd üzrə müəyyən edilmiş ölçüdən 58 kv.m. azdır. Başqa sözlə, bu cavabdeh hər hansı digər şəxsə məxsus bağ sahəsinin hər hansı hissəsini zəbt etməmiş, əksinə özü sahə baxımından məhdudlaşmaya məruz qalmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.

9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq qətnamə qəbul edib. Belə ki, iddiaçı ilə X6 və istismarı birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli "Bağın icarəyə verilməsi haqqında" müqavilədə bağın 0,12 hektar ölçüdə olması göstərilmişdir. Lakin xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən, bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmamışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində iddiaçıya məxsus 646 saylı bağın sənəd üzrə sahəsi 1200 kv.m olsa da, faktiki 630 kv.m qalmışdır. Mövcud vəziyyətdə 646 saylı bağın sahəsində 570 kv.m ölçüdə kəsr var (1200-630=570). Eyni zamanda iş materiallarında olan plan cizgidə 646 saylı bağ sahəsinin dəmir yolunun mühafizəsi sahəsinə hansı məsafədə (qeyd olunan ölçü 18.40) yerləşməsi və bağ sahəsinin eni və uzunluğu dəqiq ölçülərlə öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən iş materialları hərtərəfli və obyektiv qaydada araşdırılmamış, iş materiallarında olan bütün sübutlara hüquqi qiymət verilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus bağ sahəsinin qanunsuz zəbt edilməsi, həmin sahədə hasarın tikilməsi və iddiaçının mülkiyyət hüquqlarının pozuntusu məhkəmədə şübhə yaratmamalı və iş materialları ilə bir daha təsdiq olunmalı idi. Məhkəmə tərəfindən işə baxılarkən yalnız Cavabdeh1 tərəfindən iddiaçıya məxsus bağ sahəsinin zəbt edildiyini qeyd etmişdir. Halbuki, digər Cavabdeh2 tərəfindən iddiaçıya məxsus bağ sahəsi qanunsuz olaraq zəbt edilmişdir və bu fakt aparılmış ekspertiza rəyləri ilə də öz əksini tapmışdır. Həmçinin məhkəmə tərəfindən 569 saylı bağ sahəsinin sahibi Cavabdeh2 və 569a saylı bağ sahəsinin sahibi Cavabdeh1 qohum olması və bir-birlərinə qarşı hər hansı iddia tələbinin olmaması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsinin icrası zamanı ölçmə işləri düzgün aparılmamış və iddiaçıya məxsus bağ sahəsinin ölçüləri yalnız cavabdehlər tərəfindən zəbtetmə deyil, həmçinin ölçmə işlərini nəticəsində azalmışdır. Belə ki, 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədlər pozulmuş və 646 saylı bağ sahəsi istiqamətində sərhədlər sürüşmüşdür. 568 saylı bağ sahəsinin ümumi sahəsinin sənəd üzrə ölçülərdən artıq olması iş materiallarındakı sübutlarla bir daha öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən hər iki cavabdehin 646 saylı bağ sahəsini qanunsuz olaraq zəbt etməsi və bu sahədə hasar tikilməsi faktı gözardı edilərək, iddianın qismən təmin edilməsi qət edilmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş və mövqeyini belə əsaslandırır ki, Goradil bağ massivində yerləşən, xx.xx.1999-cu il tarixli 26759 saylı İcarə müqaviləsi ilə X4 (anasına) məxsus 569a saylı bağ sahəsi ona anasından miras qalmışdır. O, bir müddət bağ sahəsinə getmədiyindən, həmin bağ sahəsi xalası oğlu, Biləcəri qəsəbəsi Xəqani küçəs ev 24 ünvanında yaşayan Cavabdeh2 tərəfindən və tanımadığı, ünvan 1 ünvanında yaşayan İddiaçı Bahərəddin oğlu tərəfindən zəbt edilmişdir. O, özünə məxsus bağ sahəsinin boşaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2009-cu il tarixli 2(001)- 55/2009 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlar sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə "A" tikilisi tərəfdə 7.5 m enində və yol tərəfə 8.3 m enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0.12 ha torpaq sahəsi boşaldılaraq Cavabdeh1, ona təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(102)-3090 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)- 432/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 13 oktyabr 2010-cu il tarixində qanuni qüvvəyə minmiş, icra vərəqəsi 05 noyabr 2010-cu ildə verilmişdir. Qətnamə xx.xx.2012-ci il tarixində Binəqədi rayon İcra şöbəsi tərəfindən icra edilmiş, ona məxsus torpaq sahəsi qətnaməyə uyğun, əvvəlki texniki pasporta uyğun ölçülməklə ayrılaraq zəbtdən boşaldılaraq ona təhvil verilmişdir. 2016-cı ilin sentyabr ayında ona məlum olmuşdur ki, İddiaçı Bahərəddin oğlu və arvadı ona məxsus bağ sahəsinin daş hasarlarını uçurmuşlar, ağacları kəsmişlər, ona maddi ziyan vurmuşlar, torpaq sahəsini zəbt etmişlər, bağ sahəsində ev tikmişlər. Odur ki, xx.xx.2016-cı il tarixində Binəqədi rayon Polis İdarəsinə, Binəqədi rayon prokuroruna şikayət ərizələri yazmış, lakin İddiaçı Bahərəddin oğlu özbaşına əməllərindən əl çəkməmişdir. Bunlarla yanaşı, icra sənədi icra ediləndən sonra İddiaçı Bahərəddin oğlunun Binəqədi Rayon Məhkəməsində ona qarşı yenidən qaldırdığı iddia tələbi rədd edilmişdir. Hazırkı mübahisə ilə bağlı da, Binəqədi Rayon Məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə həm xx.xx.2019cu il tarixli, 17666 nömrəli ekspert rəyinə, həmçinin xx.xx.2021-ci il tarixli 10/2003 nömrəli ekspert rəyinə əsaslanır, bağ sahələrinin ölçülərinin, cizgi planlarının olmadığı halda ekspert rəyinin, "Bağ sahələri arasında hasarlanma işlərinin arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmadığını təsdiq edir. Hazırkı yol əvvələr olmuşdur, indi də öz yerində bərpa edilmişdir. Bunlarla yanaşı, artıq barəsində məhkəmənin qüvvəyə münmiş qətnaməsi olan mübahisə zamanı müəyyən edilmişdir ki, bağ sahəsini sonradan kimdənsə almış İddiaçı Bəharəddin oğluna bağ sahəsi deyil, sadəcə onun sənədləri satılmışdır. Onun müqavilə bağlamış olduğu bağ sahəsinin böyük bir hissəsi, yeni inşa edilmiş dəmir yol xəttinin altında qalmışdır.Əks halda, dəmir yolunun mühafizə zonasında, bağ sahəsi verilməzdi? Çünki, əgər həmin dəmir yolu xətti əvvəlcədən mövcud olmuş olsaydı, dəmir yoluna bitişik sahədə bağ sahəsi olmazdı və bu bağ sahəsinin icarə müqaviləsini də iddiaçı ilə bağlamazdılar. Məhkəmə özü qeyd etdiyi halda ki, 646 saylı bağın 1.200 kv.m-nə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır, ancaq bunlara əhəmiyyət verməyərək sonda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən, ona məxsus bağ sahəsinin ölçülərinin artıq olması, bağ sahəsinin yolunun hazırkı yolla üst-üstə düşmədiyini qeyd etməsi, faktiki sənədlərlə sübut edilmir. Beləliklə, qətnamədə göstərilmiş nəticə məhkəmənin onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsinə dair, yeni yolun çəkilməsinə dair qənaəti işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabddehin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi.

12. Məhkəmə iclasında Cavabdeh2 prosessual hüquqi varisi X9 və Cavabdeh1 ayrıayrılıqda cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139-1.1 və 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı(AR Prezidenti)tərəfindən müəyyən edilmiş sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsas olsa da, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsi üçün əsas mövcud deyil.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətlərinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, hər iki apellyasiya şikayətin məzmunundan görünür ki, şikayətlərin obyektini iddia qismən təmin edildiyi üçün iddiaçıya münasibətdə qətnamənin bir hissəsi, yəni iddia tələblərinin təmin edilmədiyi və Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edildiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrə uyğun tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin hissədə inşa olunmuş hasarın sökülməsi hissəsində qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin hər iki cavabdehə münasibətdə qeyd olunan hissələrdə iddianı tam təmin etməməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin hissədə inşa olunmuş hasarın sökülməsi hissəsində haqlı sayılır.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinin yoxlanılmaqla iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə hesab etdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən dəqiq müəyyən edilməsi tələb olunan məsələlərə dair mütəxəssis (mühəndis,ekspert) rəyi alınmalıdır. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6350/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis (ekspert) rəyinin alınması qərara alındı. Çünki, müəyyən edilməsi tələb edilən hallara dair məlumatlar, yəni qeyd olunan bağ və torpaq sahələrinə dair arxiv məlumatları, digər zəruri sənədlər və məlumatlar yalnız qeyd olunan İdarədə mövcud olduğundan mübahisəli bağ və torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədlərini də ancaq o İdarə (mühəndisi, eksperti)tərəfindən müəyyən edilir. Hazırki işdə olan və analoji işlərdə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylərdən açıq-aşkar bəlli olur ki, bu rəylər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi rəyi olduğu kimi köçürməklə tərtib olunur. Bunun başqa cür olması da mümkün deyil. Çünki, Məhkəmə Ekspertiza Mərkəzində sırf bu növdə ekspertiza keçirilmir və bu sahədə xüsusi biliyə malik ekspertlər fəaliyyət göstərmir, eləcə də bağ-torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları yoxdur. Bu cür vəziyyətdə ekspertizanın keçirilməsinin həm də Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi yalnız bu xarakterli işlərə baxılması müddətinin süni surətdə uzadılmasına və digər neqativ hallara səbəb olur ki, nəticədə də ədalət mühakiməsinin maraqları zərər görmüş olur. Əlbətdə ki, gələcəkdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin ərazi idarələrindəki olan bağtorpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları Məhkəmə Ekspertiza Mərkəzində də olacağı təqdirdə yəqin ki, bu sahədə yeni ekspertiza növü yaranacağı istisna olunmur.

24. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli ....... rəyində: 1-ci sualla bağlı bildirilmişdir ki, arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikili də göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sərhədlərini tam dəqiqləşdirmək mümkün olmadı. Bu səbəbdən ərazidə 646 saylı bağ sahəsinin faktiki əskik olan 570,0 kv.m hissəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də, arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumu sahə 2075,0 kv.mdir. Əlavə olaraq bildiririk ki, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. 2-ci sualla bağlı bildirilmişdir ki, Vahid elektron kadastr bazası NECAS (TEKUİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən ) 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafızə zolağına düşür.

25. Qeyd olunan rəylə bağlı məhkəmə tərkibi hesab etdi ki, birinci suala verilən cavab natamam və ziddiyyətli olub. Belə ki, 646 sayl bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmasa belə həmin bağ sahəsinin dəqiq sərhədlərini tam dəqiqləşdirmək, o cümlədən 570 kv.m hissəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmalıdır. Çünki, elə birinci suala cavabın ikinci abzasında göstərilir ki, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. Deməli, 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmasa da bağın əvvəlki 1630 kv.m sahəsinin arxiv cizgisi ilə 646 saylı bağın sənəd üzrə olan 1200 kv.m sahəsinin dəqiq sərhədlərini tam dəqiqləşdirmək, o cümlədən əskik olan 570 kv. m hissəsinin dəqiq yerini müəyyənləşdirilməsinə heç bir maneə mövcud deyil. Çünki, 1200 kv.m sahə elə 1630 kv. m sahənin daxilində yerləşir. Bundan başqa, cavabdehlərin bağ sahəsi və bağa keçid yolu kimi hasarlanan sahənin və iddiaçının faktiki istifadəsində qalan bağın sahəsinin cəmi(514+282+204=1000+630=1630) 1630 kv. m təşkil edir. Deməli, çatışmayan 570 kv. m sahədə 1630 kv. m sahənin tərkibində yerləşdiyindən həmin sahənin (570 kv. m) cavabdehlərin istifadəsində hansı ölçülərdə qalmasını dəqiq müəyyən etmək açıq-aşkar mümkün idi.

26. Bundan əlavə, mütəxəsis(mühəndis, ekspert) qarşısında qoyulmuş 2-ci sualda ....646 saylı bağ sahəsinin (faktiki 630 kv.m.qalıb) 570 kv. metr hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahiblik və istifadələrində olan 569 və 569a saylı bağ sahələrinin ərazisinə qatılmamışdırsa (cavabdehlər tərəfindən 570 kv. sahə istifadə olunmursa yaxud zəbt olunmamışsa) onda əksik gələn 570 kv metr sahə hansı ərazidə(dəmiryolu keçən ərazidirsə dəqiq göstərilsin) yerləşir? soruşulsa da, həmin suala verilən cavabda 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafızə zolağına düşür kimi suala aidiyyəti olmayan cavab verilmişdir. Yəni, sualın məzmunundan da görünür ki, əskik gələn 570 kv. metr sahənin dəmiryolu xəttinin mühafizə zolağına düşüb-düşməməsi deyil, dəmir yolu keçən ərazidə yerləşib-yerləşməməsi soruşurlmuşdur. Ancaq mütəxəssis bilərəkdən yaxud bilmədən suala düzgün cavab verməmişdir.

27. Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-379/2023 saylı, 27 mart 2023-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən təkrar mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli məktubu ilə göndərilmiş ....... rəydə: 1-ci sual üzrə qeyd edilmişdir ki, arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikili də göstərilib. 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m -dir. 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmadığından, 1200,0 kv.m sahənin ölçüləri və koordinatları göstərilmədiyindən həmin 1200,0 kv.m sahənin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən ərazidə 646 saylı bağ sahəsinin faktiki əskik olan 570,0 kv.m-in hansı hissələri 514,0 kv.m, 282,0 kv.m və 204,0 kv.m sahələrə düşməsinin konkret rəqəmlərlə göstərmək mümkün olmadı. 2-ci sual üzrə: 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3287,0 kv.m təşkil edir, lakin sənəd üzrə sahələri isə 3600,0 kv.m-dir. Yuxarıda qeyd edildiyi kimi, 646 saylı bağın 1200,0 kv.m-nə və 569-569a saylı bağların hər birinin 1200,0 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmadı. Arxiv cizgisində göstərilən ölçülərə əsasən, 646 saylı bağın ərazisi 1630.0 kv.m, 569 və 569a saylı bağ sahələrinin ümumi yerləşdiyi sahə 2075,0 kv.m təşkil edib, cəmi 1630,0+2075,0=3705.0 kv.m olmalıdır. Buradan belə məlum olur ki, 569 və 569a saylı bağ sahəsinin 418,0 kv.m hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən 569 saylı bağın şimal tərəfdəki qonşusunda, 568 saylı bağ sahəsinin hasarı daxilində qalıb. 568 saylı bağ sahəsi isə arxiv araşdırılmasına əsasən 568, 568a və 568b saylı bağ sahələrindən ibarətdir (hər birinin sahəsi sənəd üzrə 700.0 kv.m göstərilib). Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xuraman adlı xanımın da bildirdiyinə əsasən 568 saylı bağ (700,0 kv.m) 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1833,0 kv.m təşkil edir. Sahə 433,0 kv.m artıqdır. Arxiv cizgisində 568, 568a və 568b saylı bağ sahələrinin qərb hissədə hər birinin eni 7.5 metr şərq hissədə isə 8.3 metr göstərilib. Araşdırma nəticəsində məlum oldu ki, ümumi 5120,0 kv.m sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə sahələri, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü və hasarlanma işləri aparılmalıdır. 3-cü sual: 1-ci sualın cavabda qeyd edildiyi kimi, 646 saylı bağ sahəsinin əskik qalan 570,0 kv.m hissəsi faktiki 569 və 569a saylı bağ sahələri və keçid yolu kimi ayrılmış sahəyə düşür, dəmir yolu xəttinin altında qalmır. Vahid elektron kadastr bazası NECAS (TEKUİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən) 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür.

28. Qeyd olunan rəydə qarşıya qoyulan suallara ümumən əhatəli cavab verilsə də məhkəmə tərkibi növbəti dəfə hesab etdi ki, mütəxəssis rəyində birinci suala verilən cavab yenə də natamam və ziddiyyətli olub. Belə ki, 646 sayl bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmasa belə həmin bağ sahəsinin dəqiq sərhədlərini tam dəqiqləşdirmək, o cümlədən 570 kv.m hissəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmalıdır. Çünki, elə birinci suala cavabın ikinci abzasında və üçüncü suala cavabın 1-ci abzasında göstərilir ki, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb, dəmir yolu xəttinin altında qalmır. Deməli, 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmasa da bağın əvvəlki 1630 kv.m sahəsinin arxiv cizgisi ilə 646 saylı bağın sənəd üzrə olan 1200 kv.m sahəsinin dəqiq sərhədlərini tam dəqiqləşdirmək, o cümlədən əskik olan 570 kv. m hissəsinin dəqiq yerini müəyyənləşdirilməsinə heç bir maneə mövcud deyil. Çünki, 1200 kv.m sahə elə 1630 kv. m sahənin daxilində yerləşir. Bundan başqa, cavabdehlərin bağ sahəsi və bağa keçid yolu kimi hasarlanan sahənin və iddiaçının faktiki istifadəsində qalan bağın sahəsinin cəmi (514+282+204=1000+630=1630) 1630 kv. m təşkil edir. Deməli, çatışmayan 570 kv. m sahədə 1630 kv. m sahənin tərkibində yerləşdiyindən həmin sahənin (570 kv. m) cavabdehlərin istifadəsində hansı ölçülərdə qalmasını yaxud ən azından bu hissələrin sxemini(cizgisini) dəqiq müəyyən etmək açıq-aşkar mümkün idi.

29. Göründüyü kimi, qeyd olunan İdarə (mütəxəssisi (mühəndisi)) məhkəmə qərardadında göstərilən sual(lar)a bu dəfə də natamam və ziddiyyətli cavab verməklə faktiki olaraq məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsinə maneə yaradırdı. Ona görə də iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə həmin İdarədən üçüncü dəfə təkrar mütəxəss (mühəndis) rəyi alınması qərara alındı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X1 və istifadələrində olan 569 və 569a saylı bağ sahələrinin ərazisinə qatılmış(646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahənin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılması nəzərə alınmaqla) yəni, əskik gələn 570 kv.metrin hansı hissələrinin - 514,0 kv.m, 282,0 kv. m və 204,0 kv.m sahələrə düşməsi konkret rəqəmlə ölçüsü göstərilməklə yaxud mövcud vəziyyətdə bu hissələrin(sahənin) sxemi(cizgisi, çertyoju və.s) çəkilməklə müəyyən edilməsi bir daha xahiş edildi.

30. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-379/2023 saylı, 05 iyun 2023-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən təkrar 3-cü dəfə mütəxəssis (ekspert) rəyinin alınması qərara alındı və İdarənin 02 avqust və 09 avqust 2023-cü il tarixli məktubu ilə göndərilmiş koordinatları əks etdirən sxem və rəylərdə qeyd olunur ki: Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstəriisə də, sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikifi də göstərilib. 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları həmçinin faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrrlmrş sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m,204.0 kv.m hissələri göstərilməklə sxem və koordinatları əlavə olundu. 646 saylı bağın arxiv cizgisindəki ölçülərə uyğun sahəsi ayrıldıqda 569 saylı bağa 860,0 kv.m, 569a saylı bağa isə 797.0 kv.m sahə qalır. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m -dir. 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə (860.0+797.0) 1657.0 kv.m təşkil edir. Digər tərəfdən bildirmişlər ki, arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.m-i faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalıb. Həmin sahəni nəzərə aldıqda 569 və 569a saylı bağ sahəsinin ümumi sahəsi (1657.0+418.0)=2075.0 kv.m olur. Vahid elektron kadastr bazası NECAS (TEKÜİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən) təqdim olunan 1630.0 kv.nn sahənin böyük bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür.

31. Beləliklə, apellyasiya instansiya məhkəməsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun və imkan verdiyi həddə, dəfələrlə edilən israrlı cəhdi nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən həqiqəti müəyyən etməyə imkan verən rəylər əldə edildi. Məhkəmə tərkibi ona görə bu halı xüsusi vurğulayır ki, qeyd olunan İdarə ilk dəfədən daha mütərəqqi, konkret, mübahisəni birdəfəlik həll etməyə imkan verən rəy təqdim edə bilərdi, ancaq etməyərək, hər dəfə natamam rəylər verirdi ki, bu da iş üzrə tam düzgün nəticəyə gəlməyə imkan vermirdi.

32. Bir daha, yuxarıda qeyd olunanlara əsasən bəlli olur ki, arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstəriisə də, sonuncu hüquqmüəyyənedici sənəd olan müqavilə üzrə sahəsi 1200 kv.m təşkil edib və iddiaçının subyektiv hüququ da məhz bu ölçü ilə məhdudlaşır. Başqa sözlə, 646 saylı bağın arxiv cizgisindəki ölçüsündən ümumilikdə 1000 kv. metri cavabdehlər tərəfindən zəbt edilsə də, iddiaçının cəmi 570 kv. metr hissənin qaytarılmasını tələb etmək hüququ mövcuddur. Düzdü, vaxtı ilə 646 saylı bağ sahəsinə aid olmuş, qalan 430 kv. metrinə dair iddiaçının subyektiv hüququ yaranmasa da, cavabdehlərin də həmin 430 kv.metr hissəyə subyektiv hüququ yoxdur. Ancaq hazırki iddianın predmeti bilavasitə 646 saylı bağa aid, çatışmayan 570 kv. metrlə məhdudlaşır ki, həmin sahənin də cavabdehlər tərəfindən zəbt edilməsi açıq-aşkar apellyasiya baxışı zamanı əldə edilmiş sübutlarla təsdiq olundu.

33. Sonuncu rəydə və ona əlavə edilmiş sxem və koordinatda qeyd olunduğu kimi 646 saylı bağın arxiv cizgisindəki ölçülərə uyğun sahəsi ayrıldıqda 569 saylı bağa 860,0 kv.m, 569a saylı bağa isə 797.0 kv.m sahə qalır. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m, 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda isə 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə (860.0+797.0) 1657.0 kv.m təşkil edir. Lakin cavabdehlərin istifadəsində olan bağ sahələrinin çatışmayan hissəsi iddiaçının istifadəsində olan bağ sahəsinin ərazisi ilə üstüstə düşmür. Arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.metri faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalıb. Həmin sahəni nəzərə aldıqda 569 və 569a saylı bağ sahəsinin ümumi sahəsi (1657.0+418.0)=2075.0 kv.m olur ki, bu da iddiaçının hazırki tələbi irəli sürməkdə haqlı olduğunu bir daha təsdiq etmiş olur. O da nəzərə alınmalıdır ki, 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.metrinin faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalması hazırki iddianın və icraatın predmetinə aid olmadığı üçün həmin məsələlər üzrə apellyasiya icraatında hüquqi dəyərləndirmə aparılmır.

34. Beləliklə, 646 saylı bağın əskik gələn 570 kv.metrin hansı hissələrinin - cavabdehlərin faktiki istifadəsində olan 514,0 kv.m, 282,0 kv. m və 204,0 kv.m sahələrə düşməsinin rəylərdə göstərilən səbəblərdən konkret rəqəmlərlə ölçüsü göstərilməsə də mövcud vəziyyətdə bu hissələrin(sahənin) cizgisi və koordinatları İdarə tərəfindən çəkilmişdir. Buna görə də, xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçıya icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X8 faktiki istifadəsində(zəbt etdikləri)olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun (icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onların hesabına sökülməli və 570 kv.metr bağ(torpaq) sahəsi cavabdehlərin istifadəsində olan ölçüyə müvafiq onlardan alınaraq iddiaçının istifadəsinə verilməlidir. Yəni, 570 kv. metr sahə cavabdehlərin zəbt etdiyi ölçüyə uyğun onlardan alınaraq iddiaçıya geri qaytarılmalıdır. Çünki, cavabdehlərin zəbt etdiyi ərazinin yeri və ölçüsü fərqli olduğundan onlardan geri alınmalı olan sahənin ölçüsü də istər-istəməz fərqli olacaqdır. Bu cür nəticə qətnamənin icrası zamanı yarana biləcək çətinliyin, anlaşılmazlığın və ziddiyyətin aradan qaldırılmasını da təmin edəcəkdir.

35. Buna baxmayaraq, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın rədd edilməsi əsassız olmamışdır. Çünki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təsdiq olunmur.

36. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməli; Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərmiş, X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X8 faktiki istifadəsində(zəbt edilmiş)olan, (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun(icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onların hesabına sökülməli və 570 kv.metr bağ(torpaq) sahəsi zəbt edilmiş hissələrə müvafiq ölçüdə cavabdehlərdən alınaraq iddiaçının istifadəsinə qaytarılmalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərmiş, X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X8 faktiki istifadəsində(zəbt edilmiş)olan, (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun(sxem və kordinatlar icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onların hesabına sökülsün və 570 kv.metr bağ(torpaq) sahəsi zəbt edilmiş hissələrə müvafiq ölçüdə cavabdehlərdən alınaraq iddiaçının istifadəsinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manatın 50 manat hissəsi İddiaçı, digər 50 manat hissəsi isə Cavabdeh2 prosessual hüquqi varisi X5 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar