Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3790/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Fərhad Cəfərovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1763/2021 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14.000 ABŞ dolları borc, bank uçot dərəcəsinə görə 875 ABŞ dolları əldən cıxmış fayda olmaqla, cəmi 14.875 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Cavabdeh1 mülkiyyətində olan “VAZ-2106 minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh2 mülkiyyətində olan “Ford Fusion minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı, “BMW 5281 minik” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı və “X1 minik” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1763/2021 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı pul tələbi barədə iddia verib, avtomobil isə daşınar əşya olduğundan onun çevik olaraq gizlədilməsi, hissə-hissə edilərək satılması, ölkədən kənara sürülməsi, toqquşma nəticəsində yararsız vəziyyətə düşməsi və qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Lakin məhkəmə bunu etməmiş və formal mülahizələrlə qərardad qəbul etmişdir. Gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına mane ola biləcək həqiqi və əsaslı hallar odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx xxxxxx 2021-ci il tarixli 016-4162-1221 saylı məktubunu və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehlərə məxsus avtomobillər dəfələrlə etibarnamələrlə başqa başqa şəxslərə verilir, belə demək olar ki satılır, bu da həmin avtomobillərin başqa şəxslərə satılması riskini artırır. Əgər indi avtomobillər satılsa, onda gələcəkdə qətnamənin icra edilməsi ilə bağlı böyük problemlər yara bilər. Məhkəmə isə iddianı təmin tədbiri seçməkdən imtina etməklə, işdə olan bu barədə sübutların tədqiq edilməsindən faktiki olaraq imtina etmişdir, İddiaçı hüquqlarını pozulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1763/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır....Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı ərizəsində avtomobillərin satılması ehtimalını nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus nəqliyyat vasitlərinin üzərinə həbs qoyulmasını xahiş etsə də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına mane ola biləcək həqiqi və əsaslı hallar göstərməmişdir. Kollegiya hesab edir ki, iddianı təmin tədbiri o zaman tətbiq oluna bilər ki, gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına hansısa qanuna zidd maneə yaradıla biləcəyini təsdiq edən kifayət qədər əsaslı, həqiqi və ağlabatan dəlillər irəli sürülmüş olsun. Ona görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1763/2021 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3790/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3790/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver