Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3790/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı "Kommunal Ödənişlər” MMC-nin direktoru X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Pirallahı Rayon Məhkəməsinin 2(094)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh binanin saxlanılması və kommunal xidmətlərin göstərilməsinə görə 1052,28 (min əlli iki manat, iyirmi səkkiz qəpik) pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 70 (giriş 3) 132 saylı mənzilin alqı-satqısına dair binanın inşasını həyata keçirmiş "xxxx" MTK arasında 01 noyabr 2004-cü ildə müqavilə imzalanmışdır. 14 fevral 2019-cu il tarixdə cavabdeh X2 ilə İddiaçı MMC arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən kommunal xidmətlərin göstərilməsi nəzərdə tutulmuş və göstərilən xidmətlərə görə, eyni zamanda müqavilədən irəli gələn şərtlər üzrə, bilavasitə qanunun tələbinə görə Cavabdeh ödənişlər edilməsini öz üzərinə öhdəlik (vəzifə) kimi götürmüşdür. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Reyestr Xidmətindən 29 may 2019-cu ildə ********** nömrəli mülkiyyət hüququ verən çıxarış almışdır. Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 70 (giriş 3) 132 saylı mənzilin Cavabdeh istifadəsinə verildiyi və müqavilə şərtləri üzrə öhdəliyə görə hər ay bir kv.metr sahəyə görə 36,65 (otuz altı, altmış beş) manat olmaqla, brutto sahəyə 16,62 (on altı, altmış iki) manat məbləğində, 29 may 2019-cu il tarixdən, yəni mənzilə çıxarış aldığı vaxtdan, 01 noyabr 2021-ci il tarixədək hər ay ümumi sahəyə görə 31,23 (otuz bir, iyirmi üç) manat olmaqla, 905,66 (doqquz yüz beş, altmış altı) manat məbləğində kommunal xidmətlərə və çoxmənzilli binanın saxlanılmasına görə borc yaranmışdır. Cavabdehin ümumilikdə kommunal xidmətlərə və çoxmənzilli binanın saxlanılmasına görə 1052,28 (bir min əlli iki, iyirmi səkkiz) manat borcu vardır. Mənzil qanunvericiliyinin tələbinə uyğun olaraq, mənzil münasibətlərinin iştirakçıları, yəni fiziki və hüququ şəxslər binanın saxlanmasına görə hüquq və vəzifələr yerinə yetirirlər. Belə ki, mənzilli binaların idarə edilməsi, yaşayış sahəsinə görə kommunal xidmət haqlarının müəyyən edilməsi və ödənilməsidir. Lakin bu günədək Cavabdeh binanın saxlanılması və kommunal xidmətlər göstərilməsinə görə heç bir ödəniş etməmiş, hətta ödəniş etməkdən hər cür yolla yayınmağa çalışır. Pirallahı Rayon Məhkəməsinin 2(094)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tərlan Əkbərov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Xətai rayon M. Hadi küc. ev 70 giriş 3, 132 saylı mənzilin alqı-satqısına dair binanın həyata keçirilmiş TBM MTK arasında 01 noyabbr 20024-cü ildə müqavilə bağlanmışdır. 14 fevral 2019-cu il tarixdə isə Cavabdeh çoxmənzilli binanın saxlanması və təmiri üzrə işlərin görülməsi cavabdeh isə müqavilədən irəli gələn şərtlər üzrə ödənişlərin edilməsinin öz üzərinə götürmüşdür. Cavabdeh 29 may 2019-cu il tarixdə ********** saylı cıxarış almış, lakin qərəzli olaraq qanunları və dəfələrlə müraciəti saymayaraq Kommunal MMC-yə təqdim etməmişdir. Məhkəmə də bunu araşdırmaqan qanunsuz qətnamə çıxarmışdır. İddia tələbinin əsassız oldugunu cavabdeh tərəf sübut edə bilməməsi və məhkəməyə sübut təqdim edə bilməməsi, eyni zamanda cavabdeh tərəfindən qərəzli olaraq iddia tələbindən yayınması MPM-nin 77 maddəsinin pozulması deməkdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Şahverdiyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu 2945-46-cı məhəllə Məhəmməd Hadi küçəsi ev 70 mənzil 132 Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 026/70 nömrəli 14 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı MMC ilə Cəfərov Abbasəli Hacı oğlu arasında kommunal xidmətlərin struktunu, təhlükəsizliyini və digər zəruri xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 026/70 saylı müqavilənin, 2.2-ci maddəsinin 2.2.5-ci bəndinə əsasən, İddiaçı MMC-nin nəzdində olan Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən binaların saxlanması, istismarı və digər kommunal xidmətlərinin göstərilməsi üçün, 01 avqust 2018-ci il tarixdən sakinlərə məxsus olan mənzilin çıxarışına əsasən, ümumi sahəsinin, mənzilin alqı-satqı müqaviləsində göstərilən brutto sahəsinin isə hər 1 kv.m-nə görə 0,30 manat məbləğində, komunal xidmət haqqı təyin edilmişdir. Həmin müqavilənin qeyd hisəsində “Asan xidmətdən alınan çıxarış surəti MMC-yə təqdim edildikdən sonra, növbəti ayın 1-dən kommunal xidmət haqqı ümumi sahəyə görə hesablanır. Çıxarışın alıb, MMC-yə aldığı tarixdən təqdim etməyən sakinlərə, kommunal hesablamalar aldığı tarixdən yox, təqdim etdiyi tarixin növbəti ayın 1-dən hesablanacağı qeyd edilmişdir. İş materiallarında olan 01 nömrəli 05 yanvar 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə "xxxx" MTK arasında müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi ona məxsus olan Bakı şəhəri Xətai rayonu 2945-46-cı məhəllə ünvanında yerləşən yaşayış binalarına tam xidmət və nəzarət etməyi icraçıya təhvil verilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0,20 AZN, qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0,15 AZN müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Cəfərov Abbasəli Hacı oğlundan kommunal xidmətlərə görə yaranmış 562,14 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1006/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Cəfərov Abbasəli Hacı oğlunun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı MMC-nin cavabdeh Cəfərov Abbasəli Hacı oğluna qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-209/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 08 dekabr 2015-ci il tarixli bildirişin surətindən görünürü ki, abonent kodu **********320 olan ünvan 2 ünvanın sahibi Cavabdeh sudan istifadəyə görə 19,45 manat borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 iyul 2017-ci il tarixli bildirişin surətindən görünürü ki, abonent kodu **********03X12 olan ünvan 3 ünvanın sahibi Cavabdeh işıqdan istifadəyə görə 0,58 manat borc yazılmışdır. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MTK arasında 01 noyabr 2004-cü ildə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 70 (giriş 3) 132 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında 14 fevral 2019-cu ildə kommunal xidmətlərin struktu, təhlükəsizliyi və digər zəruri xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci maddəsinin 2.2.5-ci bəndinə əsasən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən binaların saxlanması, istismarı və digər kommunal xidmətlərinin göstərilməsi üçün 01 avqust 2018-ci il tarixdən sakinlərə məxsus olan mənzilin çıxarışına əsasən, ümumi sahəsinin, mənzilin alqı-satqı müqaviləsində göstərilən brutto sahəsinin isə hər 1 kv.m-nə görə 0,30 manat məbləğində, komunal xidmət haqqı təyin edilmişdir. Həmin müqavilənin qeyd hisəsində “Asan xidmətdən alınan çıxarış surəti MMC-yə təqdim edildikdən sonra, növbəti ayın 1-dən kommunal xidmət haqqı ümumi sahəyə görə hesablanır. Çıxarışını alıb, MMC-yə aldığı tarixdən təqdim etməyən sakinlərə, kommunal hesablamalar aldığı tarixdən yox, təqdim etdiyi tarixin növbəti ayın 1-dən hesablanacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin qeyd hisəsində Asan xidmətdən alınan çıxarış surəti MMCyə təqdim edildikdən sonra, növbəti ayın 1-dən kommunal xidmət haqqı ümumi sahəyə görə hesablanması, çıxarışını alıb, MMC-yə aldığı tarixdən təqdim etməyən sakinlərə, kommunal hesablamaların aldığı tarixdən yox, təqdim etdiyi tarixin növbəti ayın 1-dən hesablanacağı qeyd edilməsinə baxmayaraq, Cavabdeh mülkiyyət hüququ verən çıxarış alsa da həmin çıxarışın surətini iddiaçı təşkilata təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılamır və mövqeyini onunla əsaslandırır ki, tərəflər arasında olan müqavilədə kommunal ödənişlərin çıxarışın təqdim edildiyi tarixdən hesablanması nəzərdə tutulsa da, hazırki mübahisəyə Mənzil Məcəlləsinin tələbləri əsas götürülməklə qiymət verilməlidir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranır. Mənzil Məcəlləsinin 137.5-ci maddəsinə görə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Müqavilədə çıxarışın təqdim edilməsinin nəzərdə tutulmasına baxmayaraq, kollegiya hesab edir ki, çıxarışın MTK-ya təqdim edilməsi tamamilə cavabdehin iradəsindən asılı olduğundan və MTK-nın həmin çıxrışı əldə etməsi yaxud MTK-ya təqdim edilmədiyi təqdirdə məsuliyyət ölçüsü olmadığından, həmin şərtin cavabdeh tərəfindən sui-istifadə imkanına şərait yaradan hal hesab edilməlidir. Qeyd edilən hal cavabdehin yaşadığı binada kommunal xidmətlərə görə əsassız şəkildə haqq ödəməməsinə gətirib çıxarır. Sadalanan hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin tələblərini düzgün tətbiq etməmiş, cavabdeh tərəfindən MTK-ya kommunal xidmətlərə görə haqqın ödənilməsini əsassız şəkildə təmin etməmişdir. Kommunal xidmətlərə görə ödənişin məbləğinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsində xx.xx.2019-cu il tarixindən kommunal xidmətlərə görə haqq ödənilməsini istəmişdir. Lakin kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Cəfərov Abbasəli Hacı oğlundan kommunal xidmətlərə görə yaranmış 562,14 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1006/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Cəfərov Abbasəli Hacı oğlunun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı MMC-nin cavabdeh Cəfərov Abbasəli Hacı oğluna qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməsi qət edilmişdir. Həmin qətnamə ilə cavabdehdən xx.xx.2020-ci il tarixinədək kommunal ödənişlərin cavabdehdən tutulmasına dair iddianın rədd edilməsi qət edilmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixinədək kommunal xidmətlərə görə iddiaya dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qərar preyudisial əhəmiyyət daşıdığından hazırki iddia tələbi xx.xx.2020-ci il tarixinədək olan hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, cavabdehdən kommunal xidmətlərə görə 01 sentyabr 2020-ci il tarixindən hər ay 31.23 manat olmaqla 14 ay müddətinə cəmi 437.22 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 437.22 manat tutularaq iddiaçı Kommunal Ödənişlər MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 437.22 (dörd yüz otuz yeddi manat iyirmi iki qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3790/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3790/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver