Məhkəmə qərarları › İş №2(103)-3791/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3791/2024

16.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3791/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqına əlavələrin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İş üzrə iddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə hər ay üçün əmək haqqının 20 faizi məbləğində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqına əlavələrin ümumilikdə 41.374,25 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh ASC ilə bağladığı xx.xx.2008-ci il tarixli "xxxx" uyğun olaraq ASC-nin Daşkəsən Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmışdır. ASC-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış müddətsiz bağlanmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddiaçı "xxxx" xx.xx.2022-ci il tarixdə ASC-nin Gəncə filialından qəbul etmişdir. İddiaçı bildirir ki, onunla ASC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə əlavə imzalanmışdır. Həmin əlavəyə görə əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə icra etdiyi (xüsusi şəraitdə) üçün əmək haqqına 20% məbləğində əlavə müəyyən edilmişdir. Həmin tarixdən etibarən işdən çıxdığı vaxtadək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında xx.xx.2002-ci il tarixli, 137 nömrəli Qərarına əsasən əmək haqqına əlavə iddiaçıya ödənilməli idi. Lakin xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün əmək haqqına əlavə edilməli olan məbləğlər iddiaçıya ödənilməmişdir. Həmin məbləğlərin cəmi 41.374,25 manat təşkil edir ki, həmin məbləğ ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar çəkmiş olduğu 50 manat mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh ASC-nin nümayəndəsi "xxxx" ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2008-ci il tarixdə artıq ASC-nin Daşkəsən Şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdu və dəniz səviyyəsindən yüksəkdə işlədiyini bilirdi və ya bilməli idi. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Digər tərəfdən, iddiaçının əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən etibarən edilməyə başlanmışdır. İddiaçının öz hüququnun pozulmasını aşkar etdiyi zamanın xx.xx.2008-ci il tarix deyil, məhz sözügedən əlavələrin edilməsinə başlandığı an olduğunu fərz etdikdə belə, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı həmin vaxta kimi onun yerləşdiyi ərazinin məhz dəniz səviyyəsindən yüksəklikdə olduğunu və ya onun əmək haqqına bunun üçün əlavələrin olduğunu bilməsə idi belə, artıq xx.xx.2019-cu il tarixdə bu pozuntunu özü-özlüyündə aşkar etmişdi və həmin zaman pozulmuş hüquqlarının müdafiəsi üçün müvafiq qaydada müraciət edə bilərdi. İddiaçının bunun üçün işdən çıxmasını və son haqq-hesab zamanı həmin məbləği tələb etməsi də məntiqi uyğunsuzluq təşkil edir. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad edir. Belə ki, həmin maddəyə əsasən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin hazırki iddianın heç bir elementi iddiaçının işçi olduğu dönəmdə onun həyatına və sağlamlığına zərər vurulması faktını özündə ehtiva etmir. Bu maddənin indiki iddia tələbi ilə heç bir bağlantısı yoxdur. Bütun bunlar onu təsdiqləyir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunan müddət tələbini kobudcasına pozmuşdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia müddətini buraxıldığı üçün iddia təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddia müddətinin axımı “Əmək kitabçasının” iddiaçıya təqdim edildiyi xx.xx.2022-ci il tarixdən başlanır. Lakin Rayon Məhkəməsi müddətin axımının başlanma anını səhv müəyyən etmişdir. Digər tərəfdən, hazırki tələbə iddia müddəti tətbiq edilə bilməz. Çünki iddiaçıya ödənilməli olan “əmək haqqına əlavə” iddiaçının mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözləntisini” təşkil edir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" ərizəni təqdim etmiş cavabdeh ASC-nin nümayəndəsinin səlahiyyəti olmamışdır. Belə ki, həmin nümayəndəyə etibarnamə ASCnin Hüquq Departamentinin müdiri tərəfindən verilmiş və həmin Departamentinin möhürü ilə təsdiq edilmişdir. Halbuki etibarnamə ASC-nin adından verilməli idi. Departament müdirinin belə səlahiyyətə malik olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Lakin Rayon Məhkəməsi qeyd edilən hallara qiymət verməyərək, iddiaya iddia müddətini əsassız tətbiq etmiş, bunla da maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Rayon Məhkəməsində iştirak etmiş nümayəndəyə etibarnamə ASC-nin Hüquq Departamentinin müdiri tərəfindən verilsə də, Departamentin müdirə bu kimi səlahiyyət ASC-nin İdarə Heyətinin sədrinin ona verdiyi etibarnamədə öz əksini tapmışdır və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün məhkəmələr bundan xəbərdardır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı ilə cavabdeh ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, cavabdeh ASC-nin Gəncə filialının xx.xx.2008-ci il tarixli 208 saylı əmrinə əsasən xx.xx.2008-ci il tarixdən 3 ay sınaq müddətinə xx.xx.2009-cu il tarixədək ASC-nin Daşkəsən Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

12. Həmin əmrdə iddiaçının əmək haqqısının 795 manat olması və yüksəkliyə görə əlavə olaraq əmək haqqının 20 %-i həcmində vəsait hesablanması barədə göstəriş yer almışdır.

13. İş üzrə tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərindən görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2010-cu il tarixədək uzadılmışdır. Eləcə də, ona hər ay 1.235 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

14. İş üzrə tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə görə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2012-ci il tarixədək uzadılmışdır. Eləcə də, ona hər ay 1.285 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

15. İş üzrə tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə görə, iddiaçıya hər ay 1.755 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

16. İş üzrə tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə görə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2013-cü il tarixədək uzadılmışdır. Eləcə də, ona hər ay 1.895 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

17. İş üzrə tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə görə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” 2.1-ci bəndinin müqavilənin müddətsiz bağlanması redaksiyasında yazılması, ona hər ay 1.625 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

18. İş üzrə tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə görə, iddiaçıya hər ay 1.720 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

19. İş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Əmək müqaviləsinə əlavənin” şərtlərinə görə, tərəflər əmək müqaviləsinin 4.4-cü bəndinin dəyişdirilməsi və aşağıdakı yeni redaksiyada verilməsi barədə razılığa gəlmişlər: “4.4. Əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə olan iş yerində icra etdiyi üçün (xüsusi şəraitdə) işçinin əmək haqqına 20 %-i məbləğində əlavə müəyyən edilir (Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il avqust tarixli 137 №-li qərarına əsasən)”.

20. İş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə görə, iddiaçıya hər ay 1.800 manat məbləğində vəzifə maaşı ödənilməsi, işçinin icbari tibbi sığortalanmasının təmin edilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır.

21. Tərəflər arasında bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir.

22. İddiaçı iddia ərizəsində qeyd etdiyi tələblə bağlı cavabdeh ASC-yə müraciət etmiş, ASC-yə mediasiyanın tətbiqi barədə təklif ünvanlamış, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən, Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/11-00642 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixə saat 16:30-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 9/6581 saylı rəydən görünür ki, tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən cavabdeh ASC tərəfindən iddiaçıya ödənilmiş məbləğin 192.340,28 manat, ödənilməli olan məbləğin 233.714,53 manat, yaranmış fərqin isə 41.374,25 manat olması müəyyən edilir. Tədqiqatla iş materiallarında olan sənədlərə əsasən xx.xx.2008-ci il tarixli “Əmək müqaviləsi” üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə əmək haqqına 20 % miqdarında əlavənin hesablanması müəyyən edilir.

24. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdeh ASC-nin Gəncə filialının xx.xx.2008-ci il tarixli, 208 saylı əmrinə əsasən xx.xx.2008-ci il tarixdən 3 ay sınaq müddətinə xx.xx.2009-cu il tarixədək əmək müqaviləsi bağlanılmaqla ASC-nin Daşkəsən Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Əmrdə əmək haqqının 795 manat olması və yüksəkliyə görə əlavə olaraq əmək haqqının 20 %-i həcmində vəsait hesablanması barədə göstəriş yer almışdır. Həmin əmrə əsasən xx.xx.2008-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Bundan başqa, iddiaçı işçi kimi bank və kommersiya sirrinin qorunması və s. ilə əlaqədar öhdəliklər götürmüş, həmin öhdəlik iddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə imzalanmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Buna qədər isə xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanılan əmək müqaviləsinə Əlavə imzalanmış, həmin Əlavəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə icra etdiyi üçün əmək haqqına 20% məbləğində əlavə müəyyən edilmiş və həmin tarixdən işdən çıxdığı tarixədək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. İddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə, həm də Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında xx.xx.2002-ci il tarixli 137 nömrəli Qərarına əsasən iddiaçının əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır.

23. Lakin iddiaçı bu ödəmələrin göstərilən tarixdən deyil, xx.xx.2008-ci il tarixdən ödənilməli olmasını iddia edərək cavabdeh ASC-dən xx.xx.2008-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan dövrdə hər ay üçün əmək haqqının 20 faizi məbləğində ödənilməli olan, lakin ödənilməyən əmək haqqına əlavələrin onun xeyrinə tutulmasını tələb edir.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1.200 metrdən 1.500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1.500 metrdən 2.000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2.000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3, məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1.200 metrdən 1.500 metrədək, 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Həmin Qərara edilmiş 1 saylı Əlavədə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı göstərilmişdir.

25. Bu siyahıdan aydın olur ki, iddiaçının əmək fəaliyyətini yerinə yetirdiyi Daşkəsən şəhəri dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək olan yaşayış məntəqələrinə aiddir.

26. Cavabdeh ASC isə bildirir ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyi üçün əsassız hesab edilməlidir.

27. Göründüyü kimi, cavabdeh ASC-nin iddiaya etirazının yeganə dəlili müddətin buraxılması ilə bağlıdır. İddiaçının tələb etdiyi ödənişlərin edilməməsi cavabdeh ASC tərəfindən mübahisələndirilmir və ödənişin edilməsi ilə bağlı hər hansı sübut da təqdim edilməmişdir.

28. Belə olan halda müəyyən edilir ki, cavabdeh ASC, iddiaçının işə götürülməsi barədə xx.xx.2008-ci il tarixli, 208 saylı əmrində nəzərdə tutulan əmək haqqına 20% əlavəni xx.xx.2019-cu il tarixədək ödəməmişdir.

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

30. Həmin maddənin 2-ci bəndinə görə, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

31. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı, əmək haqqısının tərkibinə daxil olan və ona ödənilməli olan 20% əlavənin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Lakin iddia müddəti buraxıldığı üçün hazırki iddia əsassız hesab edilməlidir.

33. Belə ki, əvvəla qeyd edilməlidir ki, "xxxx" ərizə cavabdeh ASC-nin nümayəndəsi X3 tərəfindən verilmişdir. Nümayəndənin səlahiyyəti isə ASC-nin Hüquq Departamentinin direktoru X4 tərəfindən verilmiş və Departamentin möhürü ilə təsdiq edilmiş etibarnamə ilə müəyyən edilir.

34. İşdə olan xx.xx.2023-cü il tarixli, 6-2-41/2-35527/2023 saylı etibarnamədən görünür ki, ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov tərəfindən X6 işçilərinin məhkəmələrdə bankı təmsil etmək üçün etibarnamələrin imzalanması, işin müvəffəqiyyətlə həll olunması istiqamətində bütün prosessual hüquqlardan istifadə olunması səlahiyyətləri etibar edilmişdir.

35. Göründüyü kimi, “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə səlahiyyətli şəxs tərəfindən verilmişdir. Apellyasiya şikayətinə əlavənin bununla bağlı dəlilləri əsassızdır.

36. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

37. Tərəflər arasındakı mübahisə pul tələbi ilə əlaqədar yaranmış əmək mübahisəsidir.

38. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözləntisini” təşkil edir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilmir.

39. İddiaçının qeyd etdiyi mövqe Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.

40. Lakin həmin qərarda Plenum belə qənaətə gəlmişdir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır.

41. Odur ki, Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi hazirki tələbə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

42. Tərəflər arasında mübahisə doğuran digər məsələ iddia müddətinin başlanma anı ilə bağlıdır.

43. İddiaçı hesab edir ki, iddia müddəti tətbiq ediləcəyi halda, müddətin başlanğıcı “Əmək kitabçasının” ona təqdim edildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır.

44. Cavabdeh isə hesab edir ki, iddia müddətinin axımı əmək müqaviləsinin bağlandığı gündən, ən geci isə iddiaçının əmək haqqısına 20% əlavə alması ilə bağlı xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə dəyişiklik edildiyi gündən hesablanmalıdır.

45. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

46. Mülki Məcəllədə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddətin axımının başlanması qaydası ilə bağlı hər hansı istisna nəzərdə tutulmadığı üçün hazırki tələb üzrə iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanmışdır.

47. İddiaçı əmək haqqısının 20% əlavə hissəsini almaq hüququnun pozulduğunu bildirir və bu hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğunu əmək kitabçasının ona təqdim edilməsi ilə bağlayır.

48. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçıya əmək haqqına 20% əlavə xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanmışdır. İddiaçının həmin vaxta qədər iş yeri dəyişmədiyindən ona ödənilməli olan əlavələrin ödənilməməsindən, eləcə də, bu əlavələrin qanunvericiliyə əsasən ödənilməli olmasından xx.xx.2019-cu il tarixdən ona məlum olduğu aşkardır.

49. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (“L.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli və “X.Xəlilovun şikayəti üzrə” xx.xx.2009-cu il tarixli qərarlar).

51. Göründüyü kimi, Rayon Məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti əsassız hesab edilərək təmin olunmamalıdır. g) apelyasiyanın nəticəsi

52. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur

53. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

56. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

57. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar