Məhkəmə qərarları › İş №2(103)-3793/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3793/2021

28.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3793/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(005)-550/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad olunmasını qanunsuz hesab edərək, işdən azad edilmə barədə əmrin ləğv edilərək, onun əvvəlki iş yeri olan cavabdeh cəmiyyətdə baş mühasib vəzifəsinə bərpa edilməsi, 02 iyun 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər olan müddət ərzində əmək haqqının hesablanaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qanunsuz və əsassız olaraq 02 iyun 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir. Onun dəfələrlə müraciət etməsinə baxmayaraq, bu barədə əmr ona verilməmiş və onunla son haq-hesab edilməmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı onun işdən azad edilməsini bütün iş günü ərzində işə gəlməməsi kimi göstərərək, müvafiq əmri çıxardarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müraciət etmiş, lakin bir nəticə əldə edilməmişdir. Qeyd edilməlidir ki, hazırkı vaxtadək işəgötürən olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin səbəblərinin izahı verilməmişdir. Bu maddənin heç bir bəndinin yaranmış məsələyə aidiyyəti yoxdur. O, cavabdeh cəmiyyətdə işə başladığı gündən heç vaxt icazə istəməmiş, iş saatlarından da artıq qalıb işləmişdir. Çünki, bu şirkətə məxsus mağaza şəbəkəsində olan beş iri mağaza, anbar (150 kv.metr) və yetmiş nəfər işçiyə tək onun özü baş mühasib olaraq, bütün mühasibat işlərini idarə etmişdir. İşlədiyi müddət ərzində cavabdeh şirkətin bütün hesabatlarını, əmək haqqı cədvəllərini, alış-satış sənədlərini, gömrük bəyannamələrini, bank əməliyyatlarını, müvafiq portallarda cavabdeh şirkətə aid olan bütün uçot sənədlərini, yaşıl dəhliz açılmasını, eləcə də pul dövriyyəsinin düzgün təşkilini təmin etmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq tam qanunsuzdur. O, 18 may 2020-ci il tarixdə işə gələrkən cavabdeh cəmiyyətin direktoru Olqa Movçan ona və icraçı direktor olan Anar Şeyxzamanlıya zəng edərək, onun ofisdən çıxmasını istəmişdir. O da öz növbəsində ofisdən çıxmışdır. 19 may 2020-ci il tarixdə cavabdeh cəmiyyətin təsisçisi ona zəng edərək, bütün işlərin Anar Şeyxzamanlıya təhvil verilməsini xahiş etmiş və ona üç aylıq kompensasiya veriləcəyi bildirilmişdir. 20 may 2020-ci il tarixdə o ofisə gedərək bütün işlərini təhvil vermişdir. Lakin cavabdeh cəmiyyətin direktoru və icraçı direktor olan Anar Şeyxzamanlı onu aldadaraq bütün işləri təhvil alandan sonra onun 18 illik mühasib işinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə zərər vurmuşlar. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə 25 noyabr 2020-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 18 noyabr 2019-cu il tarixdə əlavə iş yeri olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına baş mühasib vəzifəsinə qəbul edilmiş, 02 dekabr 2019-cu il tarixdə öz xahişi ilə əsas iş yeri kimi dəyişiklik edilmişdir. İddiaçı baş mühasib olduğu üçün yalnız onun tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin sistemində şirkətin elektron kabinetinə giriş parol və pin kod vasitəsi ilə həyata keçirilirdi. İşlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmişdir. Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri, Dövlət Statistika İdarəsinə və digər hesabatların müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə işdən çıxan işçilərə vaxtında son haqq-hesablarını ödənilməsini aparmamışdır. Hər ay kameral yoxlama nəticəsində göndərilən hesabatlarda uyğunsuzluqların olduğu aşkar olunurdu. Hesabatları vaxtı-vaxtında göndərmədiyinə görə şirkətə bir neçə dəfə xəbərdarlıq elan edilmişdir. Müdiriyyət tərəfindən araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə şirkətə qarşı 27 dekabr 2019-cu il tarixdə 1.000 (bir min) manat, 31 yanvar 2020-ci il tarixdə 3.000 (üç min) manat və 07 fevral 2020-ci il tarixdə 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyaları tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir və göstərilən məbləğlər hər dəfə avtomatik olaraq şirkətin hesabından silinmişdir. İddiaçı bu məlumatları hər dəfə müdiriyyətdən gizlətmişdir və məktublara cavab verməyərək etinasız yanaşmışdır. Bununla əlaqədar ona izahat vermək tələb olunsa da, o bundan imtina etmişdir. Bu səbəbdən də, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının 12/02-2020 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 02 iyun 2020-ci il tarixdə İddiaçı işdən azad edilmişdir. 03 iyun 2020-ci il tarixdə isə onun son haqq-hesabı bank hesabına köçürülmüşdür. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona göstərilməmiş və son haqq-hesab vərəqəsi verilməmişdir. Əslində isə bu məlumat həqiqətə uyğun deyildir, çünki şirkətin İnsan Resursları bölməsinin əməkdaşı X4 tərəfindən İddiaçı təklif edilmişdir ki, əmrin surətini və son haqq-hesab sənədlərini təhvil alsın. Həmin ərəfədə, yəni 10 iyun 2020-ci il tarixdə şirkətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olan məktubda göstərilmişdir ki, İddiaçı şirkətə qarşı şikayətinə baxılır və bununla əlaqədar sənədlər tələb olunur. Onlar da öz növbələrində məktuba cavabı və tələb olunan sənədləri (əmək müqaviləsinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, son haqq-hesab cədvəli və sair sənədləri) X6 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərdilər. Yəni İddiaçı istədiyi təqdirdə həmin sənədlərin surətlərini həmin qurumdan da götürə bilərdi. Göründüyü kimi, İddiaçı qərəzli və məqsədli olaraq əmrin surətini və son haqq-hesab sənədlərini qəsdən götürməmiş və bu barədə heç bir müraciət etməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddiası əsassızdır və buna görə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsininin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə 25 noyabr 2020-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, mübahisə edilən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının əmrinə əsasən İddiaçı 02 iyun 2020-ci il tarixdən işdən azad edilmişdir və 03 iyun 2020-ci il tarixdə son haqq-hesabı İddiaçı bank hesabına köçürülmüşdür. Şirkətin İnsan Resursları bölməsinin əməkdaşı X4 tərəfindən İddiaçı əmrin surətinin və son-haqq hesab sənədlərini təhvil alınmasını təklif etmişdir. Qeyd olunanlara əsasən, İddiaçı pozulmuş hüquqlarının bərpası tələbi ilə məhkəməyə ən geci 03 iyul 2020-ci il tarixdə (yəni hüququnun pozulduğunun aşkar etdiyi gündən 1 (bir) təqvim ayı müddətində) müraciət edə bilərdi. Lakin 2(005)-3987/2020 nömrəli işin materiallarına nəzər yetirilsə görmək olar ki, iddiaçı şəxs 3 (üç) aya yaxın müddət ərzində iddia müddətini ötürərək, yəni 26 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhəkəməsinə müraciət etmişdir, məhkəməyə təqdim edilən sənədlərdə çatışmazlıq olduğundan iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı yenidən, yəni 28 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş icraata qəbul edilmişdir, göründüyü kimi bu dəfə də səhlənkarlıq edərək iddia ərizəsi qaytarıldıqdan sonra yalnız 2 (iki) ay sonra yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, 2(005)-3987/2020 nömrəli iş üzrə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın rədd (imtina) edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(005)-550/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qanunsuz işdən çıxarılıb işsiz qaldığı bütün aylar üçün kompensasiya ödənilməsi, qisas məqsədi ilə tədbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv olunması (18 il tənqidsiz işləyənə xarici Moldova kiçik bir ölkədən gəlib 1 il fəaliyyət göstərən xarici vətəndaşın bu maddənin tətbiqi ağlasızmazdır, yolverilməzdir). Məhkəmə lazım bilərsə bu MMC-nin fəaliyyətini yoxlamalıdır, ekspertiza təyin etməlidir. Telefonda yazılara əsasən Cavabdeh MMC-nin direktoru Olqa Movcan Azərbaycan Respublikasında fəaliyyət göstərərək Azərbaycanı, Hakimiyyəti, Azərbaycanlıları təhqir etdiyi üçün təzminat ödəsin, 2000 manat təzminat “Yaşat” fonduna köçürülsün. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı, yəni X1 işəgötürən Cavabdeh MMC tərəfindən hüquqları kobudcasına pozularaq, qununsuz və əsassız onu aldadaraq, təsisçi və direktor tərəfindən 02.06.2020 il tarixində iddiaçının xəbəri olmadan Əmək Müqaviləsinə 70 maddəsinin “ç” bəndi ilə portaldan çıxarıblar. İddiaçı 18 il stajı Baş mühasib, burdan öncə İstehsalat fabrikində maliyyə direktoru olaraq bütün karyerasına zərbə vurublar. Əsl səbəb aprel 2020-ci ildə direktor tərəfindən xalqı, hakimiyyəti söyərək, iddiaçı tərəfindən dəfələrlə ona xəbərdarlıq edilməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətin müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, 03.06.2020-ci il tarixdə ona son haqq-hesab köçürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(005)-550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 bildirmişdir ki, o Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. İddiaçı 18 may 2020-ci il tarixdə bütün günü işə gəlməmişdir. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 95/19 nömrəli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi əlavə iş yerinə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). Əmək müqaviləsi 18 noyabr 2019-cu il tarixdən 17 fevral 2020-ci il tarixədək olan 3 (üç) ay müddətinə bağlanmışdır (2.1-ci bənd). İşçi 1 noyabr 2019-cu il tarixdən işə başlayır (2.2-ci bənd). İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir; daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir; maliyyə nizamına ciddi əməl edilməsini, inzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir; məsləhətlərin verilməsi, uçot siyasətinin tərtibi, büdcə və mühasibat nəzarətinin, habelə mühasibat fəaliyyətinin digər aspektlərinin və sistemlərinin qurulması; vergi bəyannamələrinin hazırlanması, vergitutma problemləri üzrə məsləhətlərin verilməsi, mübahisəli iddiaların vergi komissiyaları ilə razılaşdırılması; rəhbərliyin digər tapşırıqlarını icra etmək (3.1-ci bənd). İşçiyə hər ay 822,34 (səkkiz yüz iyirmi iki manat otuz dörd qəpik) manat GROSS məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd). İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 95/19 nömrəli əmək müqaviləsinin 02 dekabr 2019-cu il tarixli 01 nömrəli əlavənin surətindən və məzmunundan görünür ki, əmək müqaviləsində aşağıdakı dəyişikliklər edilmişdir: işçi əsas iş yerinə baş mühasib vəzifəsinə işə qəbul edilir (1.2-ci bənd). Əmək müqaviləsi 02 dekabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək bağlanmışdır (2.1-ci bənd). İşçiyə hər ay 1.660,33 (bir min altı yüz altmış manat otuz üç qəpik) manat GROSS məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd); Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialıişəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 95/19 nömrəli əmək müqaviləsinin 02 mart 2020-ci il tarixli 01 nömrəli əlavənin surətindən və məzmunundan görünür ki, əmək müqaviləsində aşağıdakı dəyişikliklər edilmişdir: işçiyə hər ay 1.883,80 (bir min səkkiz yüz səksə üç manat səksən qəpik) manat GROSS məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd). İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 dekabr 2019-cu il tarixli **********7318 nömrəli qərarın surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31 yanvar 2020-ci il tarixli **********1524 nömrəli qərarın surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verildiyinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 3.000 (üç min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 07 fevral 2020-ci il tarixli **********2036 nömrəli qərarın surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali iləhesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verildiyinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 6.000 (altı min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 03 mart 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı-işəgötürən ilə İddiaçı-işçi arasında onun əsas iş yeri kimi həmin cəmiyyətdə baş mühasib vəzifəsinə təyin edilməsi ilə bağlı 18 noyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, müvafiq müqavilənin qurtardığı tarix 30 noyabr 2020-ci il müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçı ünvanladığı 19 may 2020-ci il tarixli məktubun surətindən və məzmunundan görünür ki, o 18 may 2020-ci il və 19 may 2020-ci il tarixlərdə heç bir üzürlü səbəb olmadan iş yerinə işə çıxmamış və çıxmamağının səbəbləri barədə heç bir məlumat verməmişdir. Bununla bağlı olaraq, ondan işə çıxmamağının səbəbləri haqqında (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının 22 may 2020-ci il tarixli 12/02-2020 nömrəli əmrin surətindən və məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə sasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin Məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 02 iyun 2020-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan 02 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı ilə həmin filialda baş mühasib vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının 02 iyun 2020-ci il tarixli aktının məzmunundan görünür ki, həqiqətən də 02 iyun 2020-ci il tarixdən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialında baş mühasib vəzifəsində çalışan əməkdaş İddiaçı ilə mobil telefon əlaqəsi yaradılaraq, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, müvafiq əmrin surətinin təqdim edilməsi üçün ofisə yaxınlaşması haqqında bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 28 dekabr 2020-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubun məzmunundan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) 01 oktyabr 2019-01 may 2020-ci il dövrü və 2020-ci ilin birinci rübü üçün cari mənfəət vergisi üzrə aparılmış hesablamalar haqqında məlumatların təqdim edilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılaraq bildirilmişdir ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması qeyd edilən dövrlərdə aparılmışdır və həmçinin uçot baza məlumatlarına əsasən 2020-ci ilin birinci rübü üçün mənfəət vergisi hesablanmamışdır. Qeyd olunan aylar üzrə hesablamalar isə 2019-cu ilin oktyabr ayına hesablama yaranmış bu uyğunsuzluğa (Təqdim edilmiş bəyannamənin 308-ci Vergi Məcəlləsinin 75.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 37.827,55 (otuz yeddi min səkkiz yüz iyirmi yeddi manat əlli beş qəpik) manat məbləğində göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron vergi hesab-fakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır) əsasən aparılmışdır. Eyni zamanda, 2019-cu ilin dekabr ayına hesablama (təqdim edilmiş bəyannamənin 308-ci “Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 48.916,11 (qırx səkkiz min doqquz yüz on altı manat on bir qəpik) manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e- VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır) bu uyğunsuzluğa əsasən aparılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, 2020-ci ilin fevral ayında hesablama (Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlər idxal üzrə ödənilmiş ƏDV məbləğinin 33.143,46 (oruz üç min bir yüz qırx üç manat qırx altı qəpik) manat olmasına baxmayaraq, əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyannamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 56.543,46 (əlli altı min beş yüz qırx üç manat qırx altı qəpik) manat məbləğində olmuşdur ki, nəticədə 23.400 (iyirmi üç min dörd yüz) manat məbləğində kənarlaşma yaranmışdır) bu uyğunsuzluğa əsasən aparılmışdır. İş materiallarından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin 16.10.2020-ci il tarixli, 1775 saylı məktubuna əsasən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) tərəfindən (2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 4-əmək hesabatının, 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 12-ticarət hesabatının, 1-müəssisə 2019-cu il üçün təqdim edilməli illik hesabat) hesabatlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 07.04.2021-ci il tarixli, **********9 saylı məktubuna əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı **********9 saylı 08.06.2020-ci il tarixli, **********6 saylı 24.07.2020-ci il tarixli və **********2 saylı 19.08.2020-ci il tarixli müraciətlərinə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və **********3 saylı 26.08.2020-ci il tarixli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunur ki, araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunan sənədlərdən əmək müqaviləsinə 02.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmiş və son haqq-hesab əmək haqqı kartına köçürülmüşdür. Müəssisə ilə arasında yaranmış mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarından görünür ki, iddiaçı 25.08.2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, onun ərizəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(005)-3035/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(005)-3035/2020 saylı qərardadının surətini və sənədləri 07 sentyabr 2020-ci il tarixdə almış, məhkəməyə 19.10.2020-ci il tarixdə müraciət etmişdir. İş materiallarından 03.06.2020-ci il tarixli 1 saylı ödəniş tapşırığından gönünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı son haqq-hesab ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 47, 56.2, 62, 70-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı 18 noyabr 2019-cu il tarixdə əlavə iş yeri olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına baş mühasib vəzifəsinə qəbul edilmiş, 02 dekabr 2019-cu il tarixdə öz xahişi ilə əsas iş yeri kimi dəyişiklik edilmişdir. İddiaçı işlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinə 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 4-əmək hesabatını, 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 12-ticarət hesabatını, 1müəssisə 2019-cu il üçün təqdim edilməli illik hesabatı təqdim etməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə şirkətə qarşı 27 dekabr 2019-cu il tarixdə 1.000 (bir min) manat, 31 yanvar 2020-ci il tarixdə 3.000 (üç min) manat və 07 fevral 2020-ci il tarixdə 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyaları tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Bu səbəbdən də, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının 12/02-2020 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 02 iyun 2020-ci il tarixdə İddiaçı işdən azad edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iddia tələbi əsassızdır. Bundan əlavə iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan arətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia aydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya 03.06.2020-ci ildə son haqq-hesab ödənilmiş, o, 25.08.2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, onun ərizəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(005)-3035/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(005)-3035/2020 saylı qərardadının surətini və sənədləri 07 sentyabr 2020-ci il tarixdə almış, məhkəməyə 19.10.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı bir aylıq iddia müddətini də ötürmüşdür. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(005)-550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar