Məhkəmə qərarları › İş №2(103)-3797/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3797/2020

27.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3797/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə tikililərdən çıxarılma və həmin tikililərə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-3861/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun ünvan 1 mənzil 17 ünvanında yerləşən şəxsi pul vəsaiti hesabına inşa etdiyi ona aid digər əlavə tikililərdən və 17 saylı mənzilin altında yerləşən zirzəmidən çıxarılması və özünün həmin tikililərə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun cavabdehə qarşı tərəfindən inşa edilmiş tikilidən çıxarılması tələbinə dair iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh ünvan 1 mənzil 17 ünvanında onun şəxsi pul vəsaiti hesabına bitişik şəkildə inşa edilmiş ona məxsus 1 otaqlı tikilidən çıxarılması, özünün həmin ünvana köçürülməsi, Cavabdeh həmin mənzildən 2017-ci ilin dekabr ayından bu vaxta kimi yaşamaqla istifadə etdiyi dövr üzrə kirayə haqqı olaraq 750 manat pulun tutularaq ona verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdehin mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi dəyişdirilmədən saxlanılmış, qətnamə kirayə haqqı kimi 750 manat pulun tutulması hissəsində ləğv edilmişdir, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 2019-cu ilin fevral ayında cavabdeh tikilidən çıxarılmışdır. Tikilidən çıxarılan kimi cavabdeh həmin tikili ilə bir həyətdə yerləşən ona məxsus ünvan 1 mənzil 17 ünvanında həmin mənzilin arxa tərəfində yerləşən şəxsi pul vəsaiti hesabına inşa etdiyi ona aid digər əlavə tikililərə (əvvəlki qətnamə ilə çıxarılması qət olunan tikilinin yanında inşa edilmiş digər tikililərə) və mənzilin altında yerləşən zirzəmiyə girmiş, hazırda da oradan çıxmaq istəmir. Cavabdehin onun vəsaiti hesabına tikdirdiyi tikililərə və tikinti materiallarına heç bir aidiyyəti yoxdur. Cavabdehin girib çıxmadığı tikililər onun vəsaiti hesabına 2002-ci ildə tikilmiş, onun sahibliyində və istifadəsindədir. Mənzilin alt zirzəmisi isə mənzil onun mülkiyyətinə keçdikdən sonra onun qanuni istifadəsindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)- 3861/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 mənzil 17 ünvanındakı İddiaçı şəxsi pul vəsaiti hesabına inşa etdiyi iddiaçıya aid tikililərdən və həmin mənzilin altında yerləşən zirzəmidən çıxarılması və İddiaçı həmin tikililərə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, iddia tələbinə etirazında da qeyd etmişdir ki, iddiaçının zirzəmisindən, nədəki mənzilindən istifadə etməyib, iddiaçının yeləşdiyi mənzilin binasına yaxın olan, lakin binadan aralı məsafədə olan iki özbaşına tikililərdən birində yaşayır. Hazırda mübahisə predmeti olan özbaşına tikiliyə əmlak hüquqları yaranmadığı üçün tərəflərdən heç birinin həmin evə nə icarədar, nədəki mülkiyyətçi kimi hüquqları yoxdur, o cümlədən İddiaçı də həmin tikiliyə dair hər hansı əmlak hüququ (istifadə hüququ və s.) mövcud olmadığına görə həmin özbaşına tikiliyə istifadə hüququ da mübahisələndirilə bilməz. Bu səbəbdən hesab edir ki, İddiaçı ona qarşı özbaşına tikilinin istifadəsinə görə ondan kirayə pulun tutulması, həmin tikilidən onun çıxarılması, iddiaçının ora köçürülməsi tələbi rədd olunmalıdır. Digər tikilinin, iddiaçının mülkiyyətində olan mənzilin altında olan zirzəmi ümumiyyətlə mübahisə predmeti deyil. O, həmin zirzəmidən istifadə etmir, zirzəmin qapısı açıq, içərisində də heç bir şey yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12145/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni İddiaçı ünvan 1 mənzil 17 ünvanındakı tikililərdə və həmin mənzilin altında yerləşən zirzəmiyə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan, yəni cavabdehin iddiaçıya aid tikililərdən və həmin mənzilin altında yerləşən zirzəmidən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-1232/2020 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)- 12145/2019 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) isə məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslılığına qiymət verərkən ilk növbədə İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığını müəyyən etməli idi.İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının mübahisələndirdiyi tikililərin və tikililərin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və iddiaçının həmin tikililər və torpaq sahəsi üzərində nə kimi hüquqa malik olması aydınlaşdırılmalı, cavabdehin həmin tikililərdən istifadəsini məhkəmə qaydasında mübahisələndirmək üçün iddiaçının nə kimi subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla iddia tələbinə qiymət verilməlidir. Mübahisəli tikililərin və yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki şəxsin mülkiyyətində olduğu müəyyən edildiyi təqdirdə cavabdehə qarşı mübahisəli tikililərdən çıxarılma tələbi yalnız həmin şəxs tərəfindən, belə hal müəyyən edilmədiyi təqdirdə isə tikililərin, yaxud tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırıla bilər.” İşin faktiki halları ilə aşağıdakılar müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 17 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10042/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni X1 mənzildən 2017-ci ilin dekabr ayından bu vaxta kimi yaşamaqla istifadə etdiyi dövr üzrə kirayə haqqı olaraq 750 manat pulun tutularaq İddiaçı verilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə, yəni cavabdehin mübahisəli mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 19 saylı məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi, 7 saylı evin 17 saylı mənzilinə bitişik həyətdə əlavə artırma şəklində inşa edilmiş tikililər İddiaçı tərəfindən 2002-ci il tarixdə inşa etdirilmişdir, həmin tikililərə o, sahiblik edir və yaşayır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 mənzil 17 xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus evə bitişik tikililər tikmiş, cavabdeh həmin tikililərin birində kirayəçi qismində yaşamışdır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)- 3152/2018 saylı qətnaməsi ilə Cavabdeh ünvan 1 mənzil 17 ünvanındakı İddiaçı şəxsi pul vəsaiti hesabına bitişik şəkildə inşa edilmiş, ona məxsus 1 otaqlı tikilidən çıxarılması və İddiaçı həmin tikiliyə köçürülməsi qət edilmiş, qətnamə icraya yönəldilərək icra olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin sadalananlara əsaslanaraq gəldiyi qənaət doğrudur. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məxsus ünvan 2 mənzil 17 ünvanında yerləşən əlavə artırma şəklində inşa edilmiş tikililər iddiaçı tərəfindən (onun vəsaiti hesabına) inşa edilmişdir vəhəmin tikililərə o, sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmlaka sahiblik edən şəxs qismində hazırki iddia tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Beləliklə, müəyyən edilir ki, daha əvvəl cavabdehin iddiaçıya məxsus ünvan 1 mənzil 17 ünvanda bitişik şəkildə inşa edilmiş bir otaqlı tikilidən çıxarılması və iddiaçının ora köçürülməsi tələbinə dair mülki iş olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olubolmaması da əvvəlki məhkəmə aktları ilə araşdırılmışdır. Əlavə olaraq Kollegiya qeyd edir ki, özbaşına tikili hesab olunan və cavabdehin yaşadığı və boşaltmaq istəmədiyi yaşayış sahəsinin (otağın) məhz iddiaçının vəsaiti hesabına inşa olunması, habelə mənzilinin altındakı zirzəminin iddiaçının istifadəsində və sahibliyində olması mübahisəsizdir, belə olan halda isə hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququna malik olması da mübahisə doğurmur. Kollegiya hesab edir ki, bələdiyyə yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırki iş üzrə cavabdehə yox, iddiaçıya qarşı özbaşına tikilinin sökülməsi və s. barədə iddia qaldırıla bilər. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3861/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar