Məhkəmə qərarları › İş №2(103)-3797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3797/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3797/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri olan anası X3, bacıları X8 və Cavabdeh ilə birlikdə atası Həsənov Ağasəf vəfat etdikdən sonra yaşadıqları Salyan rayonundan Bakı şəhərinə köçmüşlər. X14 ilə Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində 1983-cü ildən işləmiş və kommunal təsərrüfar birliyi tərəfindən onlara yaşamaları üçün ev verilmişdir. Həmin illərdə bacısı Cavabdeh RF-da öz ailə üzvləri ilə birlikdə yaşamış, bacısı Rəna Həsənovada onlarla birlikdə yaşamışdır. 1988-ci ildə Rəna Həsənova vəfat etmiş və Cavabdeh 1989-cu ildə ailəsindən boşanaraq Bakı şəhərinə onun anası ilə yaşadıqları mənzilə gəlmiş və həmin mənzildə yaşamağa başlamışdır. Bir neçə vaxt sonra Cavabdeh ilə onun həyat yoldaşı və övladları arasında münaqişələr yaranmışdır. Bundan istifadə etməyə çalışan Cavabdeh hər zaman yalan və şər ataraq ondan polisə şikayət edirdi. 1989-cu ildə X14 vəfat etmiş və ondan sonra ailədə hər zaman söz-söhbət yaranırdı ki, bu da qonşular arasında narazılığa səbəb olmuşdur. O, ailə üzvləri ilə qərara gəlmişdir ki, müvəqqəti yaşayış yerini dəyişsin, bacısı tək qadındır, kirayədə qalmaq və yaşaması ağır olacaq, buna görə qardaş olaraq öz ailəsini götürüb kirayəyə köçmüş və bir vaxtdan sonra özü ağır xəstəliyə düçar olmuşdur. Əmək qabiliyyətini itirmiş və ağır fiziki işlərdə işləyə bilməmiş, övladları böyümüş, onların yaşaması, təhsili ilə yanaşı qidalanması onun üçün ağır olmuşdur. Eyni zamanda uzun illərdir kirayədə yaşadığı mənzilin kirayə ödənişlərini ödəyə bilməmişdir. Bununla əlaqədar dəfələrlə bacısına müraciət edərək ki, artıq kirayədə yaşaya bilmədiyini, maddi çətinlikləri olduğunu bildirmiş, öz mənzilinə köçüb birlikdə yaşamağı təklif etmiş, lakin bacısı Cavabdeh buna imkan yaratmamışdır. Həmin mənzilin alınmasında bacısı Cavabdeh tərəfindən heç bir vəsait qoyulmadığı halda, illərdir onun və ailə üzvlərinin mənzildən istifadə etməklə yaşamalarını qadağan etmişdir. Hazırkı mübahisəyə baxılan zaman hüquq münasibəti yaranan dövrdə qüvvədə olan məcəllə tətbiq olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən, onun istifadə hüququ 2000-ci ilədək artıq yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının əsaslandırdığı və mənzilə köçürülmə niyyətini aydınlaşdırmadan, onun 21 ildir ki, harda yaşamasını könüllü ya məcburi mənzili tərk etməsinə qiymət vermədən və kirayə qalması barədə iddiasını sübuta yetirmədən iddiaçının izahatına və yalnız Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə iddiaçının izahatına uyğun və heçbir rəsmi sübutu olmadan yalnız onun izahatını əsas götürməsi qanunsuz və əsassızdır. Beləki, iddiaçı özüdə qeyd etdiyi kimi mənzili başqa yaşayış yeri seçmək məqsədilə tərk etmişdir. İşin mübahisəsiz və rəsmi sübutlara əsaslanan hal ondan ibarətdir ki, iddiaçı 2000-ci ilin əvvəlindən yoldaşı ilə ailə qurmuş və mənzili tərk edərək Neftçala rayonuna Mayak kəndinə köçmüş, həmin kəntdə 16.07.2001ci il təvəllüdlü qızı X4 anadan olmuş, 12.06.2002-ci ildə rəsmi nikaha da Neftçala rayon Qeydiyyat şöbəsində daxil olmuş, davamlı olaraq orda yaşamış və 10.03.2007-ci il tarixdə də digər övladı olan X1 rayonuna Mayak kəndinə anadan olmuşdur. Belə olan halda Qüvvədən düşmüş Mənzil Məcəlləsi tətbiq edilməlidir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir (maddə 87). Qanunvericiliyin sadalanan normalarının məzmunundan göründüyü kimi, iddiaçı mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. Bütün təqdim edilən sübutlar və iddiaçının özünün dediyi kimi mənzili könüllü yaşayış yerini dəyişmək məqsədilə tərk etməsi və uzunmüddətli olaraq mübahisəli mənzildə yaşamamsı artıq göstərir ki, onun mübahisəli mənzilə istifadə hüququ itirilmişdir. Bundan əlavə, iddiaçı anası 31.10.2013-cü ildə vəfat etməmişdən əvvəl mübahisəli mənzili ona bağışlamış, iddiaçıda qeydiyyatda olduğu üçün könüllü və heçbir şərt olmadan mənzilin cavabdehin mülkiyyətinə keçməsinə razılıq ərizəsi vermiş və bugünə qədər də mənzilə dair mübahisə qaldırmamışdır. İddiaçının əsasına görə əgər cavabdehlə ailədaxili mübahisəsi olsa idi və kirayədə qalıb mənzili olmasa idi hesab edir ki, iddiaçı mənzilin onun mülkiyyətinə keçməsinə razılıq verməzdi. Bu səbəbdən də iddiaçının onun tərəfindən mənzilə buraxılmaması dəlilləridə əsassızdır. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda məhkəmənin qətnaməsi çıxarılmamışdan iddiaçının özünün və ailəsinin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması barədə Bakı inzibati Məhkəməsinə müraciət edilmiş və hazırda icraatdadır və baxış mərhələsindədir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyin bildirdi və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin, 31 saylı mənzilinə istifadə hüququ mövcuddur və gəldiyi nəticəni 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakı sübutları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı övladı X5 məxsus Seriya AZE № 17268219 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 16.07.2001-ci il tarixdə Neftçala rayonunun 1-ci Mayak kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, mənzil 31-də poasport qeydiyyatındadır. İş materiallarında olan, İddiaçı övladı X7 məxsus Seriya AZE № 11315331 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 10.03.2007-ci il tarixdə Neftçala rayonunun 1-ci Mayak kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, mənzil 31-də poasport qeydiyyatındadır. İş materiallarında olan, Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzində notariusu tərəfindən təsdiq edilmiş 31 oktyabr 2013-cü il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsində yerləşən 98 saylı evin 31 saylı mənzil X3 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi Hərbi şəhərcikdə yerləşən 25 kv.m yaşayış, 16.5 kv.m yardımçı, 41,5 kv.m ümumi sahədən ibarət olan 98 saylı evin, 2 otaqlı, 31 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 2009 nömrəli reyestr kitabının 185672 nömrəli vərəqində 18 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan yazılı sübutlar və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzil 1983-cü ildə Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçı və cavabdehin anası X2 özünün və ailəsinin yaşaması üçün verilmişdir. Ailə üzvlərinin tərkibinə oğlu İddiaçı da daxil olmuşdur. Mübahisəli mənzil özəlləşdirilmiş və 05.09.2002-ci ildə iddiaçının anasının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçının anası, mübahisəli mənzilin mülkiyyətçisi X3 mülkiyyətində olan mübahisələndirilən mənzili 31.10.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında (həmin bağışlama müqaviləsinin bağlanılmasına iddiaçının notarial qaydada təsdiq edilmiş razılığı ilə) hazırki iş üzrə cavabdeh olan qızı Cavabdeh bağışlamış və hazırki iş üzrə cavabdehin adına 18 noyabr 2013-cü ildə mülkiyyət hüququna dair çıxarış verilmiş və hazırda mənzil onun mülkiyyətindədir. Tərəflərin izahatları ilə həmçinin müəyyən edilir ki, İddiaçı 2000-ci ilin əvvəllərində ailə həyatı qurduqdan sonra mübahisəli mənzili tərk etmiş və həmin mənzildə iddia qaldırılan vaxta kimi yaşamamış, iddiaçının uşaqları da Bakı şəhərində deyil, Neftçala rayonunda doğulmuş, lakin, atalarının pasport qeydiyyatının olduğu mübahisəli mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçı bildirir ki, mübahisəli mənzil anasına verilən vaxt o da ailə üzvü kimi qeyd edilmiş, pasport qeydiyyatına alınmış və mübahisəli mənzildə yaşamışdır. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzili tərk etmək məcburiyyətində qalaraq, ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Hesab edir ki, 2000-ci ilədək istifadə hüququ yarandığından, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən həmin mənzilə köçürülməlidir. Cavabdeh bildirir ki, iddiaçı 2000-ci ilin əvvəlində mənzili tərk edib getdiyi üçün 2009cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən istifadə hüququ itirildiyindən, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən müəyyən edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ olub, lakin o, evi 2000-ci ilin əvvəllərində tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə (bu hal iddiaçı və cavabdehin izahatları, iddiaçının uşaqlarının Neftçala rayonunda doğulmaları faktı ilə təsdiq olunur) evdən istifadə hüququnu itirmişdir. Belə ki, İddiaçı evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından, mübahisə həmin Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müəyyən müddətdə başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış münasibətlərə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamasının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq edilməli və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Qanunvericiliyin sadalanan normalarının məzmunundan göründüyü kimi, İddiaçı mübahisəli mənzildə istifadə hüququnun itirilməsi üçün onun altı aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış məntəqəsinə köçməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, İddiaçı 2000-ci ilin əvvəllərində mənzili tərk etmiş və uzun müddət başqa yaşayış sahəsində yaşamış, 20 ildən artıq müddət ərzində başqa yaşayış məntəqəsində yaşamaqla, mənzildən istifadə hüququnu itirdiyindən, mənzilə köçürülmə barədə tələbinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı anası vəfat etməmişdən əvvəl mübahisəli mənzili iş üzrə cavabdeh olan Cavabdeh bağışlayarkən, İddiaçı da qeydiyyatda olduğu üçün könüllü və heç bir şərt olmadan mənzilin cavabdehin mülkiyyətinə keçməsinə notarial qaydada razılıq ərizəsi vermiş, bu vaxta qədər də mənzilə dair mübahisə qaldırmamış və hazırda da mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. Bu baxımdan da 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarındakı göstərişlərə əsasən İddiaçı Cavabdeh ailə üzvü hesab edilmir və buna görə də iddia tələbi təmin edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə almadan, yalnız qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq, iddianı təmin etmiş, bununla da gəlinən nəticə qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını səhv tətbiq və təfsir etdiyindən, qətnamə qanuni və əsaslı hesab edilmir. Ona görə də qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar