Məhkəmə qərarları › İş №2(103)-3797/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3797/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3797/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”na qarşı iş üzrə (Açar sözlər: əmanətə görə kompensasiyanın ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1034/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh2 ASC arasında xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərdə bağlanmış depozit (əmanət) müqavilələrinə əsasən iddiaçı müvafiq olaraq illik 20 faiz dərəcəsi ilə 107.000 manat və illik 19 faiz dərəcəsi ilə 36.017 manat məbləğində pul vəsaitini 3 il müddətinə Cavabdeh2 ASC-də açılmış depozit hesabına qoymuşdur. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Əmanət müqaviləsinə dəyişiklik edilməsi barədə” müqaviləyə əsasən hər iki əmanət müqaviləsinin müddəalarına dəyişiklik edilmiş və əmanətin illik faiz dərəcəsi, o cümlədən əmanət vaxtından əvvəl tələb edildiyi halda əmanətin illik faiz dərəcəsi 13 faiz müəyyən edilmişdir. Cavabdeh2 ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qərarı ilə müflis elan edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanət kimi iddiaçıya ayrı-ayrı vaxtlarda tranşlar üzrə müxtəlif məbləğlər olmaqla ümumilikdə 30.000 manat kampensasiya ödənişi həyata keçirilmişdir. Həmin müqavilələr üzrə ümumilikdə (129.585,93 + 23.588,62 = 153.174,55) 153.174,55 manat məbləğində pul bügünədək iddiaçıya qaytarılmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə (ləğv prosesində olan Cavabdeh2 ASC də cavabdeh qismində cəlb edilməklə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəllədə və Azərbaycan Respublikası qanunlarının ayrılmaz və tərkib hissəsi olan, Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmiş “Avropa İnsan Hüquqları Məhkəməsinin 1 saylı Protokolun”- da nəzərdə tutulmuş pozulmuş hüquqlarını bərpa etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan pulunun sığortalı 70.000 manat, ləğv edilmiş "RoyalBank ASC-nin depozitində olan 83.000 manat pulunun tez bir zamanda ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə 200.000 manat pulu əmanət olaraq Cavabdeh2 ASC-nin depozitinə qoymuşdur. Hətta həmin bank illik faizini də normal qaydada verirdi. Həmin vaxtlarda heç bir problemləri olmamışdır. Cavabdeh2 ASC-də depozitə qoyulmuş puldan təxmini 15.000 manat pulu götürmüşdür. Qalan hissəsi isə bankda qalmışdır. 2016-cı il tarixdə ona məlum olmuşdur ki, Cavabdeh2 ASC artıq müflis elan olundu və “Mərkəzi Bank” tərəfindən lisenziyası ləğv edildi. Bundan sonra o, Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Həmin Fonddan isə onun 200.000 manat puldan sığortalı pul kimi 30.000 manat məbləğində pul geri qaytarılmışdır. Daha sonra isə fond onun qalan digər pulunu verməkdən imtina etmişdi. Hətta həmin məbləğlə bağlı ilkin olaraq Mərkəzi Banka müraciət olunsa da, Mərkəzi Bank bu məsələnin həllini fondun üstünə atmışdır. Daha sonra Fonda da bu məsələ ilə bağlı müraciət olunsa da, Fond ona formal məktub göndərərək həmin məsələ ilə bağlı guya siyahı olduğunu və həmin siyahı ilə növbəli şəkildə ödənişlərin olduğunu qeyd etmişdir. Bir sözlə, Fond müxtəlif bəhanələr gətirməklə ödənişin edilməsindən boyun qaçırır. Lakin onda olan məlumata görə Cavabdeh2 ASC-də depozitdə pulu olan iki nəfər fiziki şəxs pullarını tam formada Fonddan alıblar. Hətta onlar növbəlik cədvəlindən kənar pullarını alıb. Ona isə gələndə Fond bildirir ki, növbəlik cədvəli vardır və həmin cədvəllə ödənişlər həyata keçirilir. Təbii ki, bu fondun gətirdiyi müxtəlif bəhanələrdir. Burdan da belə nəticəyə gəlmək olar ki, onun ləğv edilmiş "xxxx" ASC-də depozitə qoyduğu 153.000 manat pul xüsusi mülkiyyətdir və xüsusi mülkiyyət hüququ ilə tənzimlənir. O, Fonddan faiz dərəcəsi istəmir. Pulun əsas hissəsini istəyir. Onun depozitə qoyduğu pulundan bank vaxtı ilə xeyir götürüb. Amma ona onların faizi yox, öz pulu lazımdır

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1034/2024 saylı qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 ASC-dən 83.000 manat məbləğində pulun tutulması hissəsində xitam verilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iş üzrə icraata xitam verilmiş hissədə pul məbləğinə mütənasib olaraq 143 manat məbləğində pul dövlət büdcəsindən iddiaçıya qaytarılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1034/2024 nömrəli qətnamə ilə İddiaçı cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”na qarşı "pul" tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 443 manat məbləğində dövlət rüsumunun 300 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X5)

6. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı ilə bank arasında əmanət müqavilələri mövcud olmuş (məhkəməyə onların yalnız ikisi təqdim edilmişdir) və həmin müqavilələrə əsasən əmanətlərin qorunmalı əmanət olması üçün zəruri şərtlər müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hər iki müqavilə üzrə əmanətlərin qorunan əmanət hesab edilməsi üçün şərtlərdən biri kimi əmanətə görə hesablanan faiz dərəcəsi də qeyd edilmişdir. Bundan başqa, iddiaçı ilə bank arasında bağlanan müqavilələrdən bu nəticəyə gəlmək olur ki, sığorta hadisəsi baş verdikdə əmanətin 30.000 manatdan artıq olmamaq şərtilə kompensasiya edilməsi tənzimlənmişdir. İddiaçı ilə bank arasında bağlanan müqavilələr fərqli tarixlərdə və fərqli şərtlərlə olmasına baxmayaraq qanunun tələbinə əsasən iddiaçı Fond tərəfindən bir əmanətçi kimi qiymətləndirilmiş və ona 30.000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. İddiaçı iddia tələbində ona istinad etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş xx.xx.2020-ci il tarixli dəyişiklik ona münasibətdə tətbiq edilməli və onun əmanət məbləği hazırda 153.000 manat təşkil etdiyindən və ona daha əvvəlki dövrdə 30.000 manat məbləğində kompensasiya ödənildiyindən 70.000 manat məbləğində kompensasiya pulu da ona ödənilməlidir. İş materiallarında olan sənədlərdən və iddia ərizəsindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında olan hüquqi münasibətlərin yaranma tarixi 2010cu il tarixə təsadüf etdiyindən və onlar arasındakı münasibətlər iddiaçının əsaslandırdığı 100.000 manatadək qorunan əmanət məbləği barədə qanunun tətbiq dairəsinə düşmədiyindən, həmçinin, əmanət məbləğinin dövri tranşlar qaydasında növbəlilik əsasında iddiaçıya ödənilməsi həyata keçirildiyindən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə onu da qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə şəxsin vəziyyətini yaxşılaşdıran qanunun müddəasının ona münasibətdə daha əvvəl yaranmış münasibətlərə aid edilməsi mülki hüquq münasibətlərində mülki dövriyyənin sabitliyinin qorunması baxımından qanunun düzgün tətbiqi hesab edilə bilməz.

7. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddianın təmin edilməyən hissəsinə (70.000 manat kompensasiya) uyğun olaraq ödənilməli dövlət rüsumunu təşkil edən məbləğ, yəni 300 manat məbləği iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 443 manat məbləğindən çıxılmaqla onun özünə aid edilməlidir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü, 26.1-ci, 27.3-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü, 7-ci, 944.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 217.2-ci, 217.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini qanunvericiliyin bir sıra müddəalarına istinad etməklə iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir; 950-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

15. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; əvvəlki redaksiyada 8.1.20-ci maddəsinə əsasən X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 8.1.20-ci maddəsinə əsasən X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir; 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur; 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir; 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

16. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır; 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

19. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1034/2024 saylı qərardadı ilə mülki iş üzrə icraata cavabdeh ləğv prosesində olan "RoyalBank ASC-dən pulun tutulması hissəsində xitam verildiyindən, ona qarşı hər hansı tələb qalmadığından və iddia üzrə 70.000 manat pulun məhz Əmanətlərin Sığortalanması Fondundan tutulması tələb edildiyindən, hazırkı apellyasiya şikayətində isə qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. İddiaçının özü də iddia üzrə 70.000 manat pulun məhz Əmanətlərin Sığortalanması Fondundan tələb etdiyini və məhz bu məsələnin apellyasiya qaydasında mübahisələndirdiyini bildirir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə araşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinin məzmununa əsasən bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir.

25. “Əmanətlərin sığortalanması haqqında” Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır.

26. Hazırki mülki iş üzrə iddiaçı ilə Cavabdeh2 ASC arasında xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərdə bağlanmış depozit (əmanət) müqavilələrinə əsasən müvafiq olaraq illik 20 faiz dərəcəsi ilə 107.000 manat və illik 19 faiz dərəcəsi ilə 36.017 manat məbləğində pul vəsaiti əmanət olaraq 3 il müddətinə Cavabdeh2 ASC-də açılmış depozit hesabına qoymuşdur. xx.xx.2012-ci il tarixdə hər iki əmanət müqaviləsinin müddəalarına dəyişiklik edilmiş və əmanətin illik faiz dərəcəsi, o cümlədən əmanət vaxtından əvvəl tələb edildiyi halda əmanətin illik faiz dərəcəsi 13 faiz müəyyən edilmişdir. Cavabdeh2 ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qərarı ilə müflis elan edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanət kimi iddiaçıya ayrı-ayrı vaxtlarda tranşlar üzrə müxtəlif məbləğlər olmaqla ümumilikdə 30.000 manat kampensasiya ödənişi həyata keçirilmişdir.

27. Hazırda iddiaçı iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməsi barədə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2020-ci il tarixdə edilmiş dəyişikliyə istinad edərək, əmanət məbləğinin 153.000 manat təşkil etdiyini və ona artıq 30.000 manat məbləğində kompensasiyanın ödənildiyini nəzərə alaraq, qalıq 70.000 manat məbləğində kompensasiya pulunun da ödənilməsini tələb edir.

28. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əvvəla hazırki mübahisəyə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2020-ci il tarixli redaksiyası tətbiq edilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin əsasında dayanan əmanət müqavilələri 2010-cu il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Başqa sözlə, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilələrin bağlandığı dövrdə qüvvədə olmuş qanun tətbiq olunmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinin həmin vaxt qüvvədə olan məzmununa əsasən Fond tərəfindən əmanətin 100 faizi həcmində sığortalanması göstərilsə də, kompensasiyanın ödənilməsinin son həddi 30.000 manat məbləğində müəyyən olunmuşdur. Başqa sözlə, Qanunun normasına görə əmanətin valyutasından və həmin əmanətin yerləşdirmə tarixinə valyutanın Azərbaycan manatına məzənnəsindən asılı olmayaraq ödənişin son həddi 30.000 manat müəyyən olunmuşdur ki, həmin məbləğ də iddiaçıya ödənilmişdir.

29. Digər tərəfdən, hər iki tərəf mülki hüquq münasibətlərində eyni statuslu olduğundan qanuna edilmiş hər hansı əlavə və dəyişikliyin bir tərəfin vəziyyətini yaxşılaşdırılması digər tərəfin vəziyyətinin pisləşməsinə gətirib çıxarmamalıdır. Bu halın mövcudluğu ümumulikdə hüququn bərabərlik və ədalətlilik prinsiplərinə zidd olmaqla qanunun hazırki münasibətlərdə geriyə tətbiqini istisna edir. Həmçinin, hazırki iddia tələbi üzrə şəxsin vəziyyətini yaxşılaşdıran qanunun müddəasının ona münasibətdə daha əvvəl yaranmış münasibətlərə aid edilməsi mülki hüquq münasibətlərində mülki dövriyyənin sabitliyinin qorunması baxımından qanunun düzgün tətbiqi hesab edilə bilməz.

30. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, iddiaçının əmanətlərinin qalıq hissəsi kompensasiya olunmayan (sığortalanmayan) hissə olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçıların əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir.

31. Nəzərə alınmalıdır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2020-ci il tarixli redaksiyası hazırki mübahisəyə tətbiq olunmalı olsa belə, yenə də iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir qayda olaraq bir neçə ildən bir mütəmadi olaraq qərarlar qəbul edir. X4 sonuncu qərarına əsasən isə xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz (bundan əvvəl 12 faiz) müəyyən edilmişdir. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Əmanət müqaviləsinə dəyişiklik edilməsi barədə” müqaviləyə əsasən isə hər iki əmanət müqaviləsinin müddəalarına dəyişiklik edilmiş və əmanətin illik faiz dərəcəsi, o cümlədən əmanət vaxtından əvvəl tələb edildiyi halda əmanətin illik faiz dərəcəsi 13 faiz müəyyən edilmişdir.

32. Başqa sözlə, iddiaçı ilə bağlanan əmanət müqavilələrinə xx.xx.2012-ci il tarixdə edilmiş dəyişikliyə əsasən əmanət məbləğinin illik faiz dərəcəsi 13 faiz müəyyənləşdirildiyindən, ümumiyyətlə iddiaçının əmanət müqaviləsi üzrə Cavabdeh2 ASCyə depozitə qoyduğu məbləğlər faiz etibarı ilə qorunan əmanət hesab edilmir. Bu halın mövcudluğu isə iddia tələbinin bu əsasla da təmin edilməməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün dənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1034/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün dənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar