Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-380/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən əsas borca görə 12.000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarına gedən yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsinə görə cavabdeh ilə razılığa gəlmişdir. Qarşılıqlı razılaşmaya görə həmin işlərin iddiaçı tərəfindən görülməsi üçün cavabdeh iddiaçıya 36.000 manat məbləğində pul ödəməli idi. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirib qurtardıqdan sonra cavabdeh bu pulun 24.000 manatını verərək, qalan 12.000 manatı müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. İddiaçının şikayəti əsasında Xətai Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində aparılmış araşdırma zamanı cavabdeh borcunu etiraf etmiş, lakin bildirmişdir ki, iddiaçı tərəfindən görülmüş iş keyfiyyətsiz olduğu üçün o, yaranmış borcunu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar 30-cu Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin vaxtdan etibarən iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 12.000 manatı iddiaçıya ödəməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə qarşı cavabdehin etirazı barədə məlumat
3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandrılmışdır ki, cavabdeh xeyriyyəçilik məqsədilə Hövsan qədəbəsində dənizkənarına gedən yola asfalt örtüyünün döşənməsi üçün iddiaçı ilə razılığa gəlmişdir. Həmin razılığa əsasən iddiaçı yola 360 metr məsafədə asfalt çəkməli, cavabdeh isə iddiaçıya 36.000 manat məbləğində pul vəsaiti ödəməli idi. Cavabdeh iddiaçıya 24.000 manat məbləğində pul vəsaiti vermiş, 12.000 manatı isə iş bitdikdən sonra verməli idi. İddiaçı işlərinin bitdiyini bildirəndə cavabdeh iddiaçının asfalt örtüyünə baxmaq üçün əraziyə gəlmiş və iddiaçının həmin yerə asfalt çəkmədiyini, sadəcə tökdüyü çınqılın üzərinə mazut tökərək yolun asfaltla döşənmiş kimi görünməsinə çalışdığını görmüşdür. Bu səbəbdən 12.000 manatı verməkdən imtina etmiş və iddiaçı tərəfindən razılaşmaya uyğun olaraq asfalt çəkilməsini tələb etmişdir. Hazırda iddiaçı öz işlərinin keyfiyyətsiz, istifadə üçün yararsız olmasını bildiyinə görə, çəkdiyi asfaltın ilkin işlərin görülməsi üçün çəkildiyini bildirməklə, üzərinə götürdüyü öhdəlikdən yayınır. İddiaçının çəkdiyi asfalt örtüyü tam yararsız olmaqla, yolda hərəkət etməyi daha da çətinləşdirmiş, isti günlərdə demək olar ki, həmin yolu keçilməz etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi qaydada bağlanılmış “Podrat müqaviləsinin” şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və o, iddiaçı tərəfindən görülmüş işə görə iddiaçıya ödəməli olan pul məbləğini tam ödəməmiş, nəticədə onun iddiaçıya 12.000 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan məhz cavabdeh olduğundan iddiaçı bu müqaviləyə əsasən ödənilməli olan bütün pulu cavabdehdən tələb etməyə haqlıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. İddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi görülən işlərin keyfiyyətini və tikinti texniki qaydalarına uyğun olub-olmamasını araşdırmamışdır. İddiaçı öz işini keyfiyyətli yerinə yetirmədiyi üçün cavabdehin podratın nəticəsindən imtina etmək hüququ vardır. Rayon Məhkəməsi iddiaçının cavabdehlə asfalt çəkilməsi üçün ilkin işlərin görülməsi barədə razılıq əldə edilməsinin hansı sübutla təsdiq edilməsini öz qətnaməsində göstərməmiş, bununla əlaqədar heç bir sübuta istinad etməmişdir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-942/2023) ilə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
9. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (iş № 2(102)-2230/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
10. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasındakı hazırki mübahisənin yola asfalt örtüyünün çəkilməsi və ya asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsi ilə bağlı yaranıb-yaranmadığını dəqiqləşdirməyib. Çünki iddiaçı, iddia ərizəsinin girişində yola asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsinə görə cavabdehlə şifahi podrat müqaviləsi bağladığını qeyd etsə də, iddia ərizəsinin məzmunundan, tərəflərin izahatlarından görünür ki, onlar məhz yola asfalt örtüyünün çəkilməsi ilə bağlı razılığa gəliblər. Apelyasiya instansiyası məhkəməsi, qeyd olunan normaların tələblərini pozaraq, mübahisənin mahiyyətinə varmadan, iddiaçının istintaq orqanında və məhkəmə iclaslarında işin həcmi, ölçüsü, qiyməti və sair barədə fərqli izahatlar verdiyini, sübutların mötəbərliliyi və şübhədən kənar təkzibedilməzliyi baxımından tərəflərin istintaq orqanında və məhkəmə iclaslarında verdikləri izahatların iddianın təmini üçün əsas olmadığını, habelə işə əlavə edilmiş sübutların (istintaq orqanın qərarının, tərəflərin izahatlarının) iddiaçının tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar olmadığını, pul vəsaitinin dövriyyəsinə (hesablanmasına) dair halların isə yalnız müəyyən yazılı (təkzibedilməz) sübutetmə vasitələri ilə təsdiq edilməli olduğunu əsas tutub, iddianı rədd edərkən, əslində iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin, yəni cavabdehin etiraf etməsini və razılaşdırılmış 36.000 manat muzddan 24.000 manat muzdu ödəməklə sonuncunun faktiki olaraq görülmüş işi qəbul etməsini nəzərə almayıb. Apelyasiya instansiyası məhkəməsi, Mülki Prosessual Məcəllənin 106.1, 106.3-cü maddələrinin tələblərinə uyğun olaraq cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə həm istintaq orqanında, həm də məhkəmə iclaslarında verdiyi etirafedici izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçının podrat müqaviləsində nəzərdə tutulan işi şətrləndirilmiş keyfiyyətdə cavabdehə təhvil verib-vermədiyini, podratın nəticələrinin qusurlardan azad olub-olmadığını, habelə tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsində podratın nəticələrinin keyfiyyəti müəyyənləşdirilmədiyi üçün onun müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun gəlib-gəlmədiyini və ya adi istifadə üçün yararlı olub-olmadığını araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən bu suallara aydınlıq gətirmək üçün iş üzrə məhkəmə tikinti-texniki eksepertizası təyin edib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı rədd edib. g) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia tələbinə etirazın məzmununa uyğun izahat verdi.
12. İş üzrə cavabdeh və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq sonuncu məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
13. Onların iştirak etməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, işin tərəflər arasında mübahisə doğurmayan halları ondan ibarətdir ki, tərəflər arasında şifahi qaydada “Podrat müqaviləsi” bağlanılmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Əldə edilmiş razılaşmaya əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan yola asfalt çəkilməsi ilə bağlı iddiaçı tərəfindən işlər görülməsi, cavabdeh isə görülmüş işlərin dəyərini iddiaçıya ödəməlidir. Müqavilənin qiyməti 36.000 manat təşkil edir. Həmin məbləğdən 24.000 manat iddiaçıya ödənilmiş, 12.000 manat isə ödənilməmişdir.
17. İşin tərəflər arasında mübahisə doğuran iki halı mövcuddur. Birincisi, asfalt örtüyünün çəkilməsi ilə bağlı bütün işlərin tam görülməsi, yaxud asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsi ilə bağlı razılıq əldə edilməsi halıdır. İddiaçı bildirir ki, razılaşmaya əsasən onun tərəfindən asfalt örtüyünün çəkilməsi üçün yalnız ilkin işlər görülməli idi. Cavabdeh isə bildirir ki, iddiaçı bütün işləri görməyi öz öhdəsinə götürmüşdür.
18. Qeyd edildiyi kimi tərəflər arasında “Podrat müqaviləsi” şifahi formada bağlanmışdır. Tərəflər arasında razılaşmanın hansı formada olmasını əks etdirən yazılı müqavilə mövcud deyil. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsi qəbul etmiş olduğu qərarında qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsinin girişində yola asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsinə görə cavabdehlə şifahi podrat müqaviləsi bağladığını qeyd etsə də, iddia ərizəsinin məzmunundan, tərəflərin izahatlarından görünür ki, onlar məhz yola asfalt örtüyünün çəkilməsi ilə bağlı razılığa gəliblər.
20. Yuxarı instansiya məhkəməsinin mövqeyini və iş materiallarını nəzərə alan Məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər yola asfalt örtüyünün çəkilməsi üçün ilkin işlərin görülməsi ilə bağlı deyil, məhz yola asfalt örtüyünün çəkilməsi ilə bağlı razılığa gəlmişlər.
21. Tərəflər arasında mübahisə doğuran ikinci hal isə iddiaçı tərəfindən işlərin şərtləşdirilmiş keyfiyyətdə görülüb-görülməməsi ilə bağlıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 436-cı maddəsinə görə, əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir.
23. Kassasiya instansiyası məhkəməsinin də bununla bağlı göstərişini nəzərə alan Məhkəmə qeyd edilən halın araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9029 №-li ekspert rəyini əldə etmişdir.
24. Həmin rəy ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, “Türkan” üzümçülük sovxozuna gedən yolun kənarında 2 hissədən ibarət 6 metr enində, 300 metr uzunluğunda təmir işləri aparılan yolun maşın mexanizmi ilə hamarlandığı, yerə korbanat verilərək, işlənmiş asfalt örtüyü ilə üzləndiyi müəyyən olunmuşdur. Baxış zamanı təqdim olunmuş yolun istifadədə olduğu müəyyən olunmuşdur. Lakin iddiaçı ilə cavabdeh arasında yazılı podrat müqaviləsi bağlanmadığından, görülməsi nəzərdə tutulan işlərə dair layihə-smeta sənədləri olmadığından, eləcə də görülmüş işlərdən uzun müddət keçdiyindən görülmüş işlərin keyfiyyətlə iddiaçı tərəfindən cavabdehə təhvil verilibverilməməsini, qüsurların olub-olmadığını, podratın nəticələrinin istifadə təyinatına uyğun gəlib-gəlmədiyini və ya aid istifadə üçün yararlı olmasını müəyyən etmək mümkün olmamışdır.
25. Göründüyü kimi işlərin şərtləşdirilmiş keyfiyyətdə görülməməsinə istinad edən cavabdeh vaxtında bu dəlilini təsdiq edən sübutları əldə etməmiş, hazırda isə üzərindən uzun müddət keçdiyinə görə ekspertiza yolu ilə işlərin orta keyfiyyətdə görülübgörülməməsini müəyyən etmək mümkün deyil. Cavabdeh tərəfindən işlərin şərtləşdirilmiş keyfiyyətdə görülməməsi sübuta yetirilməmişdir.
26. Belə olan halda, işlərin şərtləşdirilmiş keyfiyyətdə görülməməsi barədə cavabdehin dəlili əsassız hesab edilir.
27. Beləliklə Məhkəmə tərəfindən işin halları kimi müəyyən edilir ki, tərəflər arasında şifahi “Podrat müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən podratçı olan iddiaçı Türkan üzümçüluk sovxozunda 600 metr uzunluqda, 6 metr enində yola asfaltın çəkilməsini öhdəsinə götürmüş, sifarişçi olan cavabdeh isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi icraçıya 26.000 manat məbləğində ilkin ödəniş etmiş, qalan məbləğ 12.000 manatı isə ödəməyi öhdəsinə götürmüş, lakin görülən işin keyfiyyətsiz olduğunu və bəyənmədiyini qeyd edərək bununla bağlı polis idarəsində xx.xx.2021-ci il tarixdə izahat verərək qalan pulu ödəməyəcəyini və bununla bağlı məhkəmədə iddia qaldıracağını qeyd etmişdir. Lakin görülən işin keyfiyyətsiz olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır.
28. İddiaçının tələbini əsaslandırdığı faktları cavabdeh etiraf etməklə, razılaşdırılmış 36.000 manat muzddan 24.000 manat muzdu ödəməklə faktiki olaraq görülmüş işi qəbul etmişdir.
29. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir (maddə 390.5.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (maddə 752.2.). Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır (maddə 753.4.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (maddə 759.1.). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (maddə 759.2.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (maddə 762.2.). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (maddə 762.3.). Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır (maddə 762.4.). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (maddə 763.1.). Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər (maddə 763.2.). Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər (maddə 763.3.). Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (maddə 770.). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (maddə 776.1.). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (maddə 776.2.).
30. Qeyd edilən maddi və prosessual hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaya qarşı etirazının dəlillərini sübuta yetirə bilməmişdir. İddianı təmin etməklə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla rədd edilməlidir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
31. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehin özünə aid edilməlidir.
34. Məhkəmə həmçinin bildirir ki, iddia tam təmin edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
35. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
36. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.