Məhkəmə qərarları › İş №2(103)-3801/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3801/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3801/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh2 vəkili X2iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.000 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin pulun ondan tutulması hissəsində ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, **-XL-*** dövlət qeydiyyat nişanlı, “X5 3 minik” markalı avtomobil Cavabdeh1lə birgə nikahda olduqları dövrdə alınmışdır. Cavabdeh2, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair məhkəmədə iddia qaldırmışdır. Buna görə də, Cavabdeh1 onun da həmin avtomobilə mülkiyyət hüququnun tanınmasını ehtimal etdiyindən, buna mane olmaq üçün İddiaçılə əvvəlcədən sövdələşərək hazırkı uydurma iddianı qaldırmışlar. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasının yeganə əsası isə, Cavabdeh1 tərəfindən borcun etirafı olmuşdur. Cavabdeh1, “xxxxxxx” ASC-də adına açılmış bank hesabına 40.000 manat qoymuş, ona qarşı nikahın pozulması və s. tələblərinə dair iddianın irəli sürülməsi barədə niyyət haqqında xəbər tutan kimi xx.xx.2019-cu il tarixdə həmin puldan 36.000 manatı çıxarmış, bank qaydalarına görə müəyyən müddət tamamlanmadığına görə isə 4000 manatı hesabda saxlamağa məcbur olmuşdur. Əgər Cavabdeh1 həqiqətən vicdanlı borclu kimi 19.000 manatı ödəmək niyyətində olmuşdursa, bu halda bankdan çıxardığı 36.000 manat hesabına iddiaçının bocunu tam şəkildə və birdəfəlik ödəyə bilərdi, lakin bunu etməmişdir. Bunun əsl səbəbi isə, avtomobilin üzərində Cavabdeh2 mülkiyyət hüququnun tanınmasından ehtiyat etməsi olub. Qətnamədə Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi bildirilsə də, o, həmin vaxt qeydiyyatda olduğu ünvanda deyil, başqa ünvanda kirayədə yaşamışdır. Cavabdeh1 isə, onun ünvanını və telefon nömrəsini bilməsinə baxmayaraq, məhkəməyə məlumat verməmiş, onun prosesdə iştirak etməsində maraqlı olmamışdır. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, sözügedən avtomobilin orta bazar dəyəri 29.000 manat müəyyən olunmuşdur. Avtomobilin iddiaçıya 19.000 manata, yəni faktiki dəyərindən 1/3 qat aşağı satılması isə ümumiyyətlə inandırıcı deyil. Eyni zamanda, Cavabdeh1 əldə etdiyi qazancı birgə nikah dövründə ailə tələbatlarına xərcləməsi barədə dəlilləri də həqiqətə uyğun deyil. Belə ki, nikahda olduqları dövr ərzində Cavabdeh1 başqa qadınla qeyri-rəsmi münasibətləri olmuş və əldə etdiyi qazancın əhəmiyyətli hissəsini ona xərcləmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin hədləri və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin vəkilini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, **-XL-*** dövlət qeydiyyat nişanlı, Universal tipli, 2006-cı il buraxılışlı, SALLAAA147A424889 ban nömrəli, qara metallik rəngli “X5 3 minik” markalı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1, İddiaçı həmin avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək kimi səlahiyyətlərlə 7E-3899 nömrəli “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə vermişdir. Hazırda iddiaçı, qeyd olunan nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən adına etibarnamə verilməklə ona satıldığını, lakin Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iş üzrə həmin avtomobilin üzərinə həbs qoyulduğunu bildirərək, avtomobilə görə ödədiyi 19.000 manatın cavabdehlərdən tutularaq, ona qaytarılmasını tələb edir. Cavabdeh1 nümayəndəsi, işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 sözügedən avtomobili 19.000 manata iddiaçıya satmışdır. Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iş üzrə məhkəmə qərardadı ilə avtomobilin üzərinə həbs qoyulduğundan iddiaçı avtomobili idarə edə bilmədiyinə görə geri qaytarmışdır. Hazırda avtomobil cavabdehin həyətində saxlanılır, o, müqavilə üzrə ödənilmiş pulu geri qaytarmağa etiraz etmir. Digər Cavabdeh2 isə, iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin əslində uydurma əqd olduğunu bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Kollegiya vurğulayır ki, hər hansı əqdin bu və ya digər tələbin hüquqi əsası qismində çıxış edə bilməsi üçün ilk növbədə həmin əqdin etibarlılıq şərtlərinə cavab verməsi zəruridir. Əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün isə onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin bildirilməsi, zəruri olduğu hallarda müqavilə bağlanarkən forma şərtinə əməl olunması vacibdir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-in 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. MM-in 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-in 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, müqavilə dedikdə, tərəflərin hansısa hüquqi nəticə əmələ gətirmək haqqında bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Sadalanan normalar, qanunda zəruri forma şərti (yazılı sənədin tərtibi, hər iki tərəfin mühüm şərtlər barədə sənəddə əks olunan iradə bəyanları və s.) tələb olunan müqavilələrin həmin formada bağlanmaması (MM, maddə 329, 405.1, 406.1 və s.), habelə tərəflərin əslində əmələ gətirmək istədikləri hüquqi nəticədən fərqli əqd sənədləşdirmələri (MM, maddə 340.2) hallarında bağlanmış müqavilələrin etibarsız olmasını nəzərdə tutur. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermisə həmin əqd də etibarlı sayılmır (MM-in 340.2-ci maddəsinin sonuncu cümləsi). Hazırkı işdən görünür ki, Cavabdeh1lə İddiaçı rəsmi reyestrdə qeydiyyatı aparılan nəqliyyat vasitəsi - **-XL-*** dövlət qeydiyyat nişanlı, “X5 3 minik” markalı avtomobilin 19.000 manata alqı-satqısı barədə razılaşmışlar. Başqa sözlə, tərəflərin öz aralarındakı anlaşma ilə əmələ gətirmək istədikləri hüquqi nəticə avtomobilin Cavabdeh1 tərəfindən İddiaçı satılması olmuşdur. Alqı-satqı müqaviləsi, satıcının əşyanın mülkiyyətini alıcıya verməsi, alıcının isə əşyanın dəyərini satıcıya ödəməsi barədə razılaşmadır (Mülki Məcəllənin 567-ci maddəsi). Lakin tərəflər avtomobilin alqı-satqı müqaviləsini bağlamamış, Cavabdeh1 avtomobilin İddiaçı istifadəsinə verilməsi haqqında etibarnamə (birtərəfli əqd) tərtibləmişdir. İddiaçının istinad etdiyi bu etibarnamə etibarsızdır, ona görə ki, tərəflər İddiaçı adına verilən etibarnamə ilə aralarında olan alqı-satqı razılaşmasını pərdələmişlər. Belə olan halda, həmin etibarnamə yalan əqd olması səbəbilə, əslində nəzərdə tutulan razılaşma isə avtomobilin alqı-satqısına dair dövlət orqanında yazılı şəkildə tərtiblənməli ikitərəfli müqavilə olmadığından və tərəflərin alqı-satqıya dair iradə bəyanlarını özündə əks etdirmədiyindən, yəni forma şərtlərinə əməl olunmadığına görə etibarlı müqavilə deyil. Ona görə də, bu münasibətə Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsinin tətbiqi də mümkün deyil. Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçılə Cavabdeh1 arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından iddiaçı, avtomobilə görə ödədiyi 19.000 manatın qaytarılmasını tələb etməkdə haqlı olsa da, bu tələbini cavabdeh kimi, həm də Cavabdeh2 qarşı irəli sürməkdə haqlı olmamışdır. Ona görə ki, Cavabdeh2 avtomobilin alqı-satqısı barədə razılaşmanın tərəfi olmamaqla, hazırkı iddiaya cavab verməli olan şəxs deyil. Kollegiya, yuxarıda qeyd edilən halların yoxlanılan hissədə iddianın rədd olunması üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparmağa və onlara hüquqi qiymət verməyə zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, qətnamənin yoxlanılan hissəsində iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də qətnamə 19.000 manatın müştərək qaydada Cavabdeh2 da tutulması hissəsində ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3346/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 pulun tutulması hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Cavabdeh2 19.000 manat pulun geri qaytarılması” tələbinə dair iddiası rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar