Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3802/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-622/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “işə bərpa” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli, 1000/1838ş nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi sanitar karantin xidməti şöbəsinin baş müfəttişi vəzifəsinə, xx.xx.2018-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi vaxt ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və xidməti nöqsanlara yol verməməyə çalışmış, rəhbərlik tərəfindən iki dəfə həvəsləndirmə tədbiri görülmüşdür. İşlədiyi dövrdə bir dəfə də olsun intizam məsuliyyətinə cəlb edilməmiş, xəbərdarlıq belə almamışdır. Bütün bunlara baxmayaraq, xx.xx.2018-ci ildə subyektiv mövqe əsasında barəsində xidməti araşdırma başlanmış, qərəzli şəkildə aparılmış və Komitə rəhbərliyinə yanlış məruzə edilmişdir. Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun xx.xx.2018-ci il tarixli 1700-011/0xx-xx/001227 nömrəli raportuna əsasən guya iddiaçi x xxxxxxx 2018-ci il tarixdə postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən həmin gün idarə etdiyi “Toyota camry” markalı M720OX43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşı X3 qulluq mövqeyindən sui-istifadə etməklə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu qeyd edərək aldatmış, malın ölkə ərazisinə buraxılması müqabilində 1000 Rusiya rubulu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş vermiş, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rubulunu özünə götürmüşdür. Xidməti araşdırmanın nəticəsi olaraq, xx.xx.2018-ci il tarixli, 1000/1838ş nömrəli əmrlə AR. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əməlində heç bir hüquq pozuntusu olmadığı halda barəsində əsassız materiallar hazırlanaraq, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Qeyd olunan hallar Azərbaycn Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə icraata gömrük orqanı əməkdaşı İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilməmiş və iş üzrə icraata xitam verilmişdir. Gömrük orqanlarında xidmətinə xitam verilərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülsə də cavabdeh qurum tərəfindən hərəkətlərində pozuntunun nədə ifadə edildiyi əsaslandırılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-622/2020 saylı qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürüldüyündən rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4461/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməs dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-129/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4461/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli, 1000/1838ş nömrəli əmrə görə İddiaçı x xxxxxxx 2018-ci il tarixdə postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən həmin gün idarə etdiyi “Toyota camry” markalı M720OX43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşı X3 qulluq mövqeyindən sui-istifadə etməklə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu qeyd edərək aldatmış, malın ölkə ərazisinə buraxılması müqabilində 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş vermiş, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürmüşdür. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin əmrdə qeyd olunan hallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və təsdiqini tapmamışdır. Belə ki, Baş İdarəsinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə icraata gömrük orqanı əməkdaşı İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin mövqeyini əsassız sayaraq aşağıdakıları məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, əmək kitabçasını Komitənin insan resursları İdarəsindən götürülməsi və ya poçt vasitəsi ilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli 26/Q1/034396 nömrəli ərizə ilə əlaqədar, gömrük orqanlarından işdən azad olunmaq barədə xx.xx.2018-ci il tarixli 1000/1838Ş nömrəli əmrdən çıxarış təqdim edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi sanitar karantin xidməti şöbəsinin baş müfəttişi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunun baş müfəttişi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxxxx 2018-ci il tarixli 1000/1838ş saylı əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi İddiaçı Azərbayca Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilən əmrdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun xx xxxxxxx 2018-ci il tarixli 1700-011/0xx-xx/001227 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi İddiaçı xx xxxxxxx 2018-ci il tarixdə postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən həmin gün idarə etdiyi “Toyota Camry” markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı X4 qulluq mövqeyindən sui-istifadə etməklə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu qeyd edərək aldatmış, həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 (bir min) Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş vermiş, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 (beş yüz) Rusiya rublunu özünə götürmüş, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı D.R.Qəhramanov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 1000/1838 nömrəli əmri ilə işdən azad edildiyindən ona xx xxxxxxx 2018-ci il tarixdən əmək haqqı ödənilməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli cinayətişi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Davud Qurbanovun vəzifə səlahiyyətlərindən suiistifadə etməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. - 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin «e» bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biridir. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. - 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxılmışdır. Lakin kollegiya bununla bağlı qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı işdən çıxarılması barədə əmri xx.xx.2019-cu il tarixdə almış və hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmadığından, xx.xx.2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia müddəti ötürülmədən müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının işdən azad edilməsinə səbəbin onun qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozması olub-olmamasına müvafiq qaydada qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. İşin materiallarından görünür ki, apellyator hazırda mübahisələndirdiyi əmrdə qeyd olunan halların qanunsuz olmasının əsası kimi ********* nömrəli cinayət işi üzrə icraata onun əməlində cinayət tərkibinin olmasının müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarına istinad edir. Lakin kollegiya qeyd edir ki, sözügedən qərarda İddiaçı əməlində yalnız cinayət tərkibinin olması müəyyən edilməmişdir. Bu isə o demək deyildir ki, o, Azərbayca Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əməlləri etməmişdir. İddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi hərəkətlərə, yəni iddiaçının xidmətdə olduğu zaman 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verməsi, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürməsi iş materiallarına əlavə edilmiş İddiaçı Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimova; Gömrük Xidməti X2 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova ünvanlanmış məktublarda öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxxxx 2018-ci il tarixli 1000/1838ş saylı əmri, həmin əmr verilən vaxtda qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə qəbul etdiyi əmri əsaslandırdığından iddiaçının tələbi əsaslı sayıla bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-622/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-622/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3802/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3802/2021
20.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver