Məhkəmə qərarları › İş №2(103)-3805/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3805/2021

20.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3805/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Bəysəfa oğlunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı Bəysəfa oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 142 nömrəli işdən azad olunma haqqında əmrinin onunla bağlı hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının faizləri ilə birlikdə ödənilməsi, maddi və sağlamlığına dəyən zərər nəzərə alınmaqla bir illik əmək haqqı miqdarında dəymiş zərərin ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması, iddiaçının həmin ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməklə, işə mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Bəysəfa oğlunun nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxlması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqan olduğundan, hazırki mübahisə cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Hərbi hissənin texniki şöbəsində mühəndis vəzifəsində işləmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 142 saylı əmri ilə isə onunla əmək müqaviləsinə xitam verilmişdir. Hazırda da iddiaçı həmin əmri mübahisələndirmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, əmək münasibətlərindən irəli gələn tələblərlə bağlı işlərə ümumi məhkəmələrdə baxılmalıdır. Kollegiya qeyd edir ki, göründüyü kimi, tərəflər arasındakı mübahisə əmək münasibətlərindən irəli gələn tələblərlə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxlması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bəysəfa oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxlması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar