Məhkəmə qərarları › İş №2(103)-3805/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3805/2022

18.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3805/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «01.07.2020-ci il tarixli əmək müqaviləsinin, Cavabdeh MMC-nin 2464 nömrəli, 13 oktyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-455/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 13 oktyabr 2021-ci il tarixli, 2464 nömrəli əmrinin, 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 12 saylı Poçt Şöbəsinin əməliyyatçısı vəzifəsində 10 ildən artıq müddətdə qüsursuz işləmişdir. 13 iyul 2017-ci il tarixdə onunla Cavabdeh MMC arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Baş direktor Əfqan Cəlilov tərəfindən imzalanmış 01 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13.10.2021-ci il tarixində bitir. Bu səbəbdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tərəflərindən xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verilməsinin qanunsuz və əsassız olması səbəbindən AR X1 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən göndərilmiş 01 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Cəmiyyət rəhbərliyi tərəfindən X1 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla Cəmiyyət arasında 13.07.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, lakin onunla müəssisə arasında 21.07.2020-ci il tarixdə müqavilə tarixinin sonuncu günü 13.10.2020-ci il tarix olmaqla yeni müddətli əmək müqaviləsi bağlanılmış və 13.07.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və son haqq hesabı ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 01.10.2021ci il tarixli məktubla, X1 Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi sənədlər arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ilə 2017-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, 21.07.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz olunmasına səbəb olan hallar məlum deyil. İddiaçı qanunsuz olaraq işdən azad olunduqdan sonra ona təqdim olunmuş əmək müqaviləsindən görünür ki, müqavilə saxtalaşdırılmışdır. Belə ki, həmin əmək müqaviləsini yalnız sonuncu səhifəsində iddiaçının imzası mövcuddur. Həmin imzanın çəkilməsinə səbəb əmək haqqının artırılması ilə bağlı razılıq tələb olunduğu bildirilmiş və bu səbəbdən də bəzi əməkdaşlar imzalamışdır. Mübahisəli 01.07.2020-ci tarixli əmək müqaviləsi səhifələnib qaytanlanmamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən sənədlərin saxtalaşdırılaraq iddiaçının əmək müqaviləsinə xitam verildiyini göstərir. Bundan başqa, iddiaçı Cavabdeh MMC-nin işlədiyi 10 ildən artıq müddət ərzində fəaliyyəti rəhbərlik tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Hazırda ailəsinin maddi ehtiyaclarını o qarşılayır. Əsassız yerə işdən çıxarıldıqdan sonra iddiaçı ilə birgə yaşayan ailə üzvü və o yeganə dolanışıq mənbəyindən məhrum olmuşdur. Səbail Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-nin 2464 nömrəli, 13 oktyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin 1 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi bağlanarkən işçinin də iradə ifadəsi orada aydın şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar olaraq, hüquq bərabərliyi prinsipi muddətli əmək müqaviləsi bağlanarkən həm işçinin həm də işəgötürənin bərabər vəziyyətidir. 13 iyul 2017-ci il tarixli əsas əmək müqaviləsinə edilən əlavədən göründüyü kimi, 01.07.2020-ci il tarixdə müddətli əmək müqaviləsinə əlavə bağlanan zaman bərabər şərtlər təmin edilmişdir. İddiaçı müstəqil şəkildə əmək müqaviləsinin şərtləri ilə razılaşmış və iradə ifadəsinin göstəricisi kimi, müqaviləni imzalamışdır. İş materiallarında iddiaçının iradəsi ziddinə onun aldadılaraq əmək müqaviləsini imzalaması ilə bağlı heç bir sübuta rast gəlinməmişdir. Buna baxmayaraq məhkəmə bu məsələyə heç bir mötabər sübutlara əsaslanmadan qeyri-huquqi münasibət bildirmişdir. İş materiallarında olan əmək müqaviləsindən və ona edilmiş dəyişikliklərlə bağlı elektron bildirişdən də aydın şəkildə göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsi 2017-ci il 13 iyul tarixində müddətli bağlanmış, ondan sonra isə digər müqavilələrdə onun vəzifəsinin dəyişilməsi ilə bağlı ərizələri nəzərə alınaraq əmək müqaviləsinə əlavələr bağlanmışdır. Sonuncu əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı elektron əmək bildirişinə əsasən onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitmə tarixi kimi, 13 oktyabr 2021-ci il qeyd olunmuşdur. Məhkəmə bu sübutu mötəbər hesab etməmiş və əsaslı olmasına baxmayaraq nəzərə almamışdır. Bunun nəticəsində də qətnamədə 13 oktyabr 2021-ci ildə işçinin əmək müqaviləsinə xitam verilməsinə dair əsasın olmadığını qeyd edərək yanlış nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə əmək muqaviləsinə dəyişiklik edilməsi ilə bağlı elektron əmək bildirişinə əsasən bütün muqavilələr müddətli olmasına baxmayaraq 19 mart 2019-cu il əmək müqaviləsini əsassız olaraq müddətsiz hesab etmiş və bu zaman işlə bağlı təqdim olunan dəlilləri lazımınca düzgün qiymətləndirməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər. İddiaçı isə şikayətə yazılı etiraz təqdim edib, etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirərək iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaldır. Belə ki, 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh MMC-nin baş direktoru X2 arasında bağlanmış və İddiaçı 13 iyul 2017-ci il tarixdən Cavabdeh MMC-nin 1 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə poçtalyon vəzifəsinə işə qəbul edilmişdir. 19 mart 2018-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir; 10 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir; 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 01.07.2020-ci il tarixdən 13.10.2020-ci il tarixədək bağlanmışdır. İddiaçı 30 may 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh MMCnin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində sosial analıq məzuniyyəti yerinə poçtalyon vəzifəsinə təyin edilməsini xahiş etmişdir; İddiaçı 01 mart 2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə keçirilməsini xahiş etmişdir; İddiaçı 12 sentyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə keçirilməsini xahiş etmişdir; İddiaçı 13 aprel 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, yeni struktur dəyişikliyi ilə əlaqədar Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə keçirilməsini xahiş etmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 19.03.2018-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 05 sentyabr 2019-cu il tarixdə qurtarır; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 13.11.2019- cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 11 yanvar 2020-ci il tarixdə qurtarır; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 22.07.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13 oktyabr 2021-ci il tarixdə qurtarır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 13 iyul 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 13 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılmış 13 iyul 2017-ci il tarixli və 19 mart 2018-ci il tarixli əmək müqavilələri üzrə, birinci əmək müqaviləsi üzrə iddiaçı Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinə və 2-ci əmək müqaviləsinə əsasən həmin Filialının 108 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə işə götürülmüşdür. Bundan sonra iddiaçı ilə 10 oktyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, MMC-nin 6 saylı Poçt Filialının 8 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə götürülmüş və həmin müqavilə müddətsiz olmuşdur. Sonda iddiaçı ilə bağlanmış 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti 13.10.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdehin 13 oktyabr 2021-ci il tarixli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur ki, həmin maddəyə əsasən əməyin prinsiplərindən biri əmək müqaviləsinin iştirakçıları kimi işəgötürən və işçinin hüquq bərabərliyidir. Hüquq bərabərliyi prinsipi həmçinin özlüyündə əmək müqaviləsinin hər iki tərəfi qane edən şərtlərlə bağlanılması azadlığını və onun qanunla müəyyən olunmuş qaydada ləğv olunmasını nəzərdə tutur. İşə götürənlə işçinin əmək münasibətlərində göstərilən qaydaların məcmusu əmək azadlığının konstitusion əhəmiyyətini və müvafiq olaraq işçinin maraqlarına cavab verməyən əmək müqaviləsi bağlanmasının qadağan olunmasını ifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. İş materiallarından göründüyü kimi 13 iyul 2017-ci il tarixdən başlayaraq tərəflər arasında bir neçə dəfə əmək müqaviləsi bağlanmış bununla əlaqədar, tərəflər arasında əmək münasibətlərinin ümumi davamlılığı 4 ildən artıq olmuşdur. Kollegiya qeyd edir ki, əmək funksiyalarının yerinə yetirilməsi xarakterinə görə iddiaçının tutduğu vəzifə daimi xarakter daşıyır, ona görə də, müddətli əmək müqavilələrinin bağlanması hüquqi əsaslarla şərtləndirilməmişdir. Belə olan halda isə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun gəlməsi barədə cavabdehin dəlili əsassızdır. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmasının şərti hüquq bərabərliyi prinsipinə əməl olunmaqla tərəflərin qarşılıqlı razılığıdır. Öz növbəsində qarşılıqlı razılaşma özlüyündə işçinin iş almaq arzusu ilə şərtlənən məcburi razılaşması deyil, həqiqi razılaşma deməkdir. Bununla əlaqədar olaraq, hüquq bərabərliyi prinsipi müddətli əmək müqaviləsi bağlanarkən həm işçinin, həm də, işəgötürənin bərabər vəziyyətidir. İddiaçı ilə 10.10.2019cu il tarixdə bağlanılmış müddətsiz əmək müqaviləsindən sonra 01.07.2020-ci il tarixdə yenidən müddətli əmək müqaviləsi bağlanan zaman bərabər şərtlər təmin edilməmişdir. Ümumiyyətlə isə mübahisəli 01.07.2020-ci tarixli əmək müqaviləsi səhifələnib qaytanlanmamışdır və müqavilənin yalnız sonuncu vərəqində iddiaçının imzası var. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 22.07.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13 oktyabr 2021-ci il tarixdə qurtarır. Bununla yanaşı, müəyyən edilmişdir ki, iddiaçı ilə ilkin olaraq bağlanmış 13 iyul 2017-ci il tarixli əmək müqaviləsindən sonra da bir neçə əmək müqaviləsi bağlanmış, sonuncu dəfə bağlanmış 01.07.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 13.10.2020-ci il tarixədək müəyyən olunmuşdur. Bundan sonra iddiaçı ilə hər hansı digər əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsi müddətinin məhz 13 oktyabr 2021-ci il tarixdə bitməsi ilə bağlı hər hansı əsası məhkəməyə təqdim etməmişdir. İddiaçı isə məhkəmə iclasında əmək müqaviləsində sonuncu dəyişikliklər barədə, müqavilənin müddətli olması barədə və müddətin nə vaxt bitməsindən məlumatlı olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, bu tipli mübahisələrdə nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə də ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kollegiya, həmçinin nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(002)-802/2019 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar