Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3805/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik üzrə məcburi payın verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: qanun üzrə vərəsəlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3442646Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik üzrə məcburi payın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(006)-335/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X14 ilə X12 14 iyun 1993-cü il tarixdə nikahlarını bağlamış, onların birgə nikahından 24 avqust 1994-cü il tarixdə İddiaçı anadan olmuşdur.
2. X14 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası müdafiəsi zamanı döyüşlərdə həlak olmuşdur.
3. Bakı şəhəri 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 23 oktyabr 2024-cü il tarixli 80 saylı məktubunda qeyd olunur ki, N.Məlikov küçəsi 13 saylı ünvan X9 adına olub. Mikayılzadə (Ələkbərova) Nişanə Fərman qızı bu ünvanda qeydiyyatda olub, 20 noyabr 1998-ci ildə qeydiyyatdan çıxıb. X1 09 noyabr 1993-cü ildə qeydiyyatda olub, 20 noyabr 1998-ci ildə qeydiyyatdan çıxıb. X5 02 iyul 1981-ci ildən qeydiyyatda olub vəfat etməsi ilə əlaqədar 17 aprel 1994-cü ildən qeydiyyatdan çıxıb, onlar sözügedən ünvanda yaşamırlar.
4. X15 26 sentyabr 2001-ci il tarixdə beyin qan dövranının kəskin çatışmamazlığından, X2 09 oktyabr 2001-ci il tarixdə kəskin ürək qan damar çatışmamazlığından vəfat etmişlər.
5. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 19 sentyabr 1997-ci il tarixli, 1377 saylı sərəncamına əsasən S.Əsgərova küçəsi, 184 №-li mənzil S.Ələkbərovaya mənzil növbəsi catana kimi müvəqqəti yaşayış üçün verilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, N.Məlikov küçəsi, 13 A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkarlanmamışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyəti Aktlarının Reyestri Xidmətinin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Q.Ələkbərovun nikahı haqqında məlumat aşkar edilmədi. Həmçinin məlumat verilir ki, valideynləri X15 ilə Ələkbərova (İbrahimova) Xanımnaz İbrahimxəlil qızı olan 28 sentyabr 1857-ci il təvəllüdlü Cavabdeh1 Qulu oğlunun doğumu 08 yanvar 1958-ci ildə, 09 avqust 1963-cü il təvəllüdlü Cavabdeh2un doğumu 17 avqust 1963-cü ildə, 17 iyun 1965-ci il təvəllüdlü X6 və X10 doğumu 30 iyun 1965-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Eyni zaman da bildirilir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən 14 may 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisində X11 adına vərəsəlik işi açılmış, lakin hazırkı tarixədək vərəsəlik şəhadətnaməsi verilməmişdir. Həmçinin qeyd olunur ki, informasiya sistemində X15 tərəfindən vəsiyyətnamə qoyulması aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən (mərhum atasına çatacaq) mənzilə dair miras payın ona düşən hissəsinin ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 24 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, dünyaya gəlməmişdən öncə atası X13 17 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikası torpaqlarının Füzuli rayonunda müdafiəsi zamanı şəhid olmuşdur. 1993-cü il tarixdə valideynləri rəsmi nikaha daxil olduqdan sonra Bak şəhəri Nəsimi rayonu, Namiq Məlikov 13A ünvanında yaşamışlar. Həmin ünvanda əmiləri Cavabdeh2 və Cavabdeh1 da yaşamışlar. Lakin adı çəkilən mənzil babası X11 mülkiyyətində idi. Atası aprel ayında şəhid olduqdan bir müddət sonra əmiləri evdə anasyla yola getməmiş və o, dünyaya gəldikdən sonra əmiləri anası həmin evdən qovmuşlar. İllər sonra o, böyüdükdən sonra atasından ona düşən payı əmilərimdən istədikdə onlar ona guya babası onlara ayrı ev almış və onlar anasıyla həmin evdə yaşayır. Bu səbəbdən onun orada hüququnun olmadığını ona heç bir payın verilməyəcəyini söylədi. Halbuki nə babası onlara ev almış, nə də ki atasından ona keçəcək olan paydan imtina etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(006)- 335/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı X5 iddiaçı dünyaya gəlməmişdən öncə - xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası torpaqlarının Füzuli rayonunda müdafiəsi zamanı şəhid olmuşdur. Ata babası X15 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. X15 vəfat etdikdən sonra onun 6 nəfər birinci növbə qanun üzrə vərəsəsi – övladları: Cavabdeh1, Cavabdeh2, Səmayə Ələkbərova, Məsmə Ələkbərova, Südabə Ələkbərova və nəvəsi - 1994- cü ildə vəfat etmiş oğlunun qızı İddiaçı (mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır) qalmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının babası Qulu Ələkbərovun sağlığında onun istifadəsində və sahibliyində olmuşdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisində X11 adına vərəsəlik işi açılmış, lakin hazırkı tarixədək vərəsəlik şəhadətnaməsi verilməmişdir. İddiaçı hazırkı məhkəmə mübahisəsində babasının sağlığında ona məxsus olmuş fərdi yaşayış evindən birinci dərəcəli vərəsə kimi mərhum atasına çatacaq payı almağa nail olmaq istəyir və dövlət tərəfindən şəhid ailəsi kimi evlə təmin olunduğundan ata mülkündən ona pay düşmədiyini zənn etdiyini, təxminən 5 il əvvəl digər şəhid övladları ilə danışıq əsnasında onların həm şəhid ailəsi kimi evlərinin olduğunu, həm də atalarına məxsus əmlakdan mirasın qaldığını öyrəndikdən sonra atasına çatacaq miras payı digər vərəsələrdən - əmilərindən tələb etmək qərarına gəldiyini bildirərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair miras payın ona düşən hissəsinin ayrılaraq verilməsi tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı müəyyən edilməlidir. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbi baxımından miras qoyanın birinci dərəcəli vərəsəsi – nəvəsi kimi İddiaçı atasına çatası miras payı tələb etmək üçün subyektiv hüququnun olduğu müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, bu hüququn realizə edilməsi üçün miras əmlakın olması mütləqdir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə sorğusu əsasında daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 13 A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçının miras payının ayrılaraq verilməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan miras əmlaka daxil ola bilməz. Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada miras qoyanın miras əmlakına daxil olan əmlakın həcminin, o cümlədən əmlakın hüquqi statusunun müəyyən edilməsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli əmlak miras kütləsinə daxil olsaydı belə, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyindən onun mirasdan pay tələb etmək hüququ da olmayacaqdı. Çünki Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (hazırkı iş üzrə miras açıldığı vaxt Mülki Məcəllənin qüvvədə olan redaksiyası). Vərəsə İddiaçı xx.xx.1994-cü il təvəllüdlü olması nəzərə alınarsa, xx.xx.2001-ci ildə miras açılan zaman o, məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Mülki Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur, 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin dövrdə mirası (əmlakın miras kütləsinə daxil olduğunu fərz etsək belə) bu cür qəbul etmənin həyata keçirilməsi müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı yetkinlik yaşına çatdığı 2012-ci ildən MM-nin 1202.2-ci maddəsinin tələblərinə uyğun olaraq, fəaliyyət qabiliyyəti şəxs kimi 1246-cı maddədə nəzərdə tutulmuş müddət ərzində də mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir (Burada söhbət, fərdi yaşayış evinin özbaşına tikili kimi deyil, dövlət qeydiyyatına alınaraq miras qoyanın mülkiyyətində olması və ya mülkiyyət hüququ qeydiyyata alınmasa da, onun həmin ev üzərində əmlak xarakterli subyektiv hüququnun olması ehtimalından gedir). Görünən odur ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının qəbul edildiyi tarixdən sonra (iddia ərizəsində də həmin qərarda vərəsəliyin qəbulu ilə bağlı müddətin ləğv edildiyinə istinad etməklə) iddiaçı tərəf vərəsəliklə bağlı məsələni mübahisələndirmək qərarına gəlmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli həmin Qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1146, 1151-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan hallarla əsaslandırılmış, qətnamənin əsassızlığı ilə bağlı heç bir dəlil irəli sürülməmiş, yalnız qətnamənin ləğv olunaraq iddianın təmin olunması xahiş edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3442646Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
17. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (əvvəlki redaksiya)
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz..
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, şikayət yanlız formal mülahizələrlə əsaslandırılmışdır.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(006)- 335/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(006)- 335/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.