Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3806/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ barədə çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1169/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ barədə çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X1 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ******* seriyalı ********** nomrəli reyestrdən çıxarışın, xx.xx.2013-cu il tarixdə X1 nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə-1-33 saylı aqı-satqı müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatının və müvafiq reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1169/2023 qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ barədə çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə “Daşınmaz Əmlakın Dövlət Reyestrində X1 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ******* seriyalı ********** nomrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi” hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
3. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə xx.xx.2013-cü il tarixdə Rzayev İsrail Əliağa oğlunun nümayəndəsi Quliyev Ağamurad Xalid oğlu ilə Cavabdeh2 arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə-1-33 saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi ilə əlaqədardır. Göründüyü kimi, söhbət mülkihüquqi əqd olan alğı-satqı müqaviləsinin və onun nəticəsində qeydə alınmış hüququn ləğvindən getdiyi üçün Ali Məhkəmənin Plenum qərarına əsasən işə Sabunçu rayon məhkəməsində baxılmalıdır. Rzayev İsrail Əliağa oğlunun mülkiyyət hüququ haqqında qeydin və çıxarışın ləğvi də, əvvəla yuxarıda adı çəkilən mülki xarakterli tələblərlə əlaqədardır. İkincisi isə, burada söhbət Rzayev İsrailin adına çıxarışın Reyestr Xidməti tərəfindən inzibati yanlışlıqla verilməsindən deyil, həmin çıxarışın əsasında duran torpaq sahəsinin hansı sahə olmasından, yəni 2092 yoxsa 3357 saylı olmasından gedir ki, bu da mülki-hüquqi mübahisədir. Yəni, məhkəmə müəyyən etməlidir ki, 2092 saylı bağ sahəsi kimə məxsusdur. Digər tərəfdən isə, X1 adına olan reyestrdən çıxarış hər hansı inzibati akt əsasında deyil, məhz Sabunçu Rayon Məhkəməsinin 2011-ci il tarixli qətnaməsi əsasında verilmişdir. DƏDRX-dan məhkəməyə daxil olmuş materiallardan da görünür ki, İ.Rzayevin mülkiyyət hüququ məhz 2011-ci il tarixli qətnaməyə əsasən qeydə alınmışdır. Hazırda həmin qətnamə mövcud olmadığından onun əsasında aparılmış qeydiyyat da əlavə inzibati icraata müraciət edilmədən avtomatik qaydada ləğv edilməlidir. Nəticə etibarilə, AR Ali Məhkəməsi Plenumunun “İşlərin mülki və inzibati məhkəmələrə aidiyyatı” barədə 2015-ci il tarixli qərarına əsasən işə mülki qaydada baxılmalıdır. Bundan başqa, 3 tələbdən biri inzibati icraata nuğyu“ gəlsəydi” belə, digər tələblər mülki-hüquqi mahiyyətdə olduğundan, mübahisəni düzgün həll etmək və prosessual qənaət prinsipinə görə bütün tələblərə bir icraatda baxılmalıdır.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı Bənd 17. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. İşdən görünür ki, iddiaçı Sabunçu rayon Ləhiş bağ massivindəki 3358 “a” nömrəli bağın nömrəsinin 2092 “a” nömrəsi ilə əvəz edilməsi və X1 həmin bağ sahəsinin istifadəçisi kimi tanınması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(008)-2309/2011 nömrəli qətnaməsinin ləğv edilməsinə istinad edərək, həmin qətnamə əsasında X1 adına verilmiş çıxarışı mübahisələndirdirir.
12. Göründüyü kimi, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanaraq aparılmamışdır. Odur ki, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.
13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı reyestrdəki qeydiyyatın ləğvi ilə bağlı ilk olaraq qeydiyyatı aparan inzibati orqana müraciət etməli, həmin inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə aidiyyəti inzibati məhkəməyə müraciət etməlidir.
14. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə inzibati mübahisələrə baxılması ixtisaslaşdırılmış məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir, həmin mübahisələrin mülki mübahisələrlə birlikdə baxılması yolverilməzdir.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1169/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.