Məhkəmə qərarları › İş №2(103)-3807/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3807/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3807/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, maraqlarına toxunan şəxs kimi qeyd edilən Maraqlı şəxs, X5 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X8 və qeyrisinə qarşı müqavilənin bağlanılmış hesab edilməsi və evdən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1937/2002 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1937/2002 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhəri Əbilov küçəsindəki 18/4 saylı evin X9 tərəfindən X1 dair müqavilənin bağlanmış hesab edilməsi, Bakı şəhəri Əbilov küçəsindəki 18/4 saylı evin X2 adına xüsusi mülkiyyət kimi qeydə alınmasının Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi, X7 Bakı şəhəri Əbilov küçəsindəki 18/4 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Maraqlarına toxunan şəxs kimi qeyd edilən Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1937/2002 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1937/2002 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Maraqlarına toxunan şəxs kimi qeyd edilən Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1937/2002 nömrəli qərardadından şikayət vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1937/2002 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı maraqlarına toxunulan şəxs kimi qeyd edilən Maraqlı şəxs şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Azərbaycan Respublikası MPM-nin 357.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3.-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi qanunverici məhkəmə aktlarının maraqlı şəxslərin mənafeələrinə toxunması halında məhkəməyə müraciət etməsi imkanını müəyyən edir. Eyni zamanda, Maraqlı şəxs məhkəməyə müraciət etdiyi ərizəsində xx.xx.2015-ci il tarixdə ölmüş X3 əmisi oğlu (xalası oğlu) olması ilə qeyd olunan qətnamənin onun maraqlarına toxunmasını bildirsə də, bu barədə mötəbər sübutlarını, ərizəsində qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Maraqlı şəxs qismində cəlb edilməsinə əsas olan halları təsdiq edən sübutlarını, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1937/2002 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən ərizənin təmin edilməməsi, apellyasiya şikayətinin isə geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ona görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1937/2002 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar