Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3807/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" QSC nümayəndəsi Emin Mursaqulovun və üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Babək İsmayılovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “müavinətin artırılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-730/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.1936-cı il təvəllüdlüdür, hazırda 89 yaşı var. O, 1967-ci ildən 1984-cü ilə kimi üçüncü şəxs "xxxx" QSC-də işləyib. 2.Üçüncü şəxs "xxxx" QSC-yə məxsus metro vaqonu ilə "xxxx" QSC-yə məxsus yük qatarı xx.xx.1984-cü ildə toqquşub, həmin vaxt “vaqon müşayiətçisi, qatar maşinsti” kimi əmək vəzifələrini icra edən iddiaçı toqquşma nəticəsində başından xəsarət alıb. Müvafiq tibbi müayinədən sonra xx.xx.1984-cü ildə iddiaçı 2-ci qrup əlil hesab olunub, əmək qabiliyyətinin 60 faizini, peşə əmək qabiliyyətinin isə 80 faizini itirib. Əlillik ilk dəfə təyin olunarkən onun müddəti xx.xx.1986-cı ilədək müəyyən edilib, daha sonra əlilliyin müddəti hər il uzadılıb, xx.xx.2014-cü ildə isə iddiaçı müddətsiz 2-cu qrup əlil hesab edilib. 3.Xəsarət almasına görə iddiaçıya müavinət ödənilib. Bu barədə Kirov Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qərarı olub. Müavinət cavabdeh tərəfindən ödənilib. Belə ki, iddiaçı xəsarəti əmək vəzifələrinin icrası zamanı alsa da, zərər vurulmasına təqsirkar üçüncü şəxs (işəgötürən) "xxxx" QSC deyil, cavabdeh "xxxx" QSC olub. 4.Sonuncu dəfə iddiaçıya xx.xx.2013-cü ildə zərərə görə hər ay 976,06 manat (2-ci dərəcəli maşinistin orta əmək haqqı olan 1.220,08 manat x 80%=976,06 manat) aylıq müavinət ödənilməsi barədə xx.xx.2013-cü il tarixli 104 nömrəli əmr verilib. İddiaçı 2022-ci ilin avqust ayına kimi həmin müavinəti alıb, lakin bu tarixdə müavinətin ödənilməsi dayandırılıb. İddiaçı müavinətin dayandırılmasını qanunsuz hesab edərək iddia qaldırıb. Həmin iddia üzrə qəbul olunmuş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1677/2023 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-45280/2023 nömrəli qətnaməsi ilə qət olunub ki, cavabdeh tərəfindən iddiaçıya ayılıq müavinətin ödənilməsi xx.xx.2022-ci ildən davam etdirilsin. 5.İddiaçı xx.xx.2024-cü ildə hazırkı iddia ərzəsi ilə məhkəməyə müraciət edib. O, iddia edir ki, "xxxx" QSC-də qatar maşinistinin (2-ci dərəcə üzrə) orta aylıq əmək haqqında artım olsa da, cavabdeh "xxxx" QSC tərəfindən ona ödənilən müavinətin miqdarı artırılmayıb. 6."xxxx" QSC-nin arayışına (iş v. 90) görə, həmin QSC-də qatar maşinistinin (2-ci dərəcə üzrə) orta əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”na müvafiq hesablanaraq 2022-2024-cü illər üçün göstərilən kimidir: 1) 2022-ci il – 1.767 manat; 2) 2023cü il – 2.013 manat; 3) 2024-cü il – 2.224 manat. İddiaçının tələbi 7.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) xx.xx.2022-ci ildən başlayaraq cavabdeh tərəfindən ödənilmiş 900 manat müavinət üzrə yaranmış fərq "xxxx" QSC-də qataq maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin illər (2022, 2023, 2024) üzrə orta aylıq əmək haqqına uyğun şəkildə birdəfəlik qaydada cavabdehdən tutularaq iddiaçıya verilsin; 2) xx.xx.2025-ci ildən başlayaraq cavabdeh tərəfindən iddiaçıya ödənilən müavinət "xxxx" QSC-də qataq maşinisti (2-ci dərəcə üzrə) vəzifəsi üzrə sonuncu artım (2024cü il) nəzərə alınmaqla, cavabdeh tərəfindən hesablanaraq hər ay iddiaçıya ödənilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi 8.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün ödənilməmiş artıma görə 21.129,60 manat birdəfəlik, xx.xx.2025-ci ildən başlayaraq hər ay 1.779,2 manat aylıq ödənc (ömürlük) tutulsun. 9.Qətnamədən görünür ki, hesablama məhkəmə tərəfindən aşağıda göstərilən qaydada aparılıb: 10.Birinci, 2022-ci il üzrə 1.767 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1413.6 manat – 900 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 513,6 manat x 4 ay (avqust 2022-ci ildən dekabr 2022-ci ilədək) = 2.054,4 manat. 11.İkinci, 2023-cü il üzrə 2.013 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1.610,4 manat - 900 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 710,4 manat x 12 ay (xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək) = 8.524,8 manat. 12.Üçüncü, 2024-cü il üzrə 2.224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1.779,2 manat – 900 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 879,2 manat x 12 ay (xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək) = 10.550,4 manat. 13.Yuxarıda göstərilən üç məbləğin (2.054,4 manat, 8.524,8, manat və 10.550,4 manatın) cəmi 21,129.60 manat təşkil etdiyinə görə, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün ödənilməmiş artıma görə birdəfəlik 21,129.60 manat tutulması qət olunub. 14.Bundan başqa, xx.xx.2025-ci ildən başlayaraq (sonuncu artım - 2024-cü il) hər ay 1.779,2 manat (2.224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi)) aylıq ödənc tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat 15.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 16.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Emin Mursaqulov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 17.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 18.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Babək İsmayılov mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 19.Apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı mühasibat ekspertizası təyin edilib və ekspertin qarşısında göstərilən sullar qoyulub: 1) "xxxx" QSC-də xx.xx.2013-cü ildən xx.xx.2025-ci ilədək olan dövrdə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı olubmu? 2) Əgər yuxarıda göstərilən kütləvi artım olubsa, "xxxx" QSC-də “vaqon müşayiətçisi, qatar maşinisti (2-ci dərəcə üzrə)” vəzifəsində işləmiş iddiaçıya peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə xx.xx.2022-cı ildən xx.xx.2025-ci ilədək ödənilməli olan aylıq ödəncin miqdarının təshih edilməsi nəticəsində aylıq ödəncin miqdarı əmək qabiliyyətinin itirilmə faizinə nisbətdə nə qədər təşkil etməlidir? 3) iddiaçıya cavabdeh "xxxx" QSC tərəfindən hər ay 976,06 manat ödənс verildiyi nəzərə alınmaqla xx.xx.2022-cı ildən xx.xx.2025-ci ilədək olan dövrdə ödənilməmiş qalan ödəncin məbləği nə qədərdir? 4) "xxxx" QSC-də işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımı nəzərə alınmaqla xx.xx.2025-ci ildən başlayaraq cavabdeh "xxxx" QSC tərəfindən iddiaçıya peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə hər ay hansı məbləğdə ödənc verilməlidir? 20.Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertizanın aparılmasından imtina edib. Ekspertizanın aparılmasından imtina barədə xx.xx.2025-ci il tarixli yazılı məlumatda bunun iki səbəbi göstərilib: 1) ekspertin tələb etdiyi sənədlər qismən ekspertiza tədqiqatına təqdim edilib; 2) X2 Xidmətinin mütəxəssisinin tədqiqatda iştirakı təmin olunmayıb. 21.Cavabdeh "xxxx" QSC və üçüncü şəxs "xxxx" QSC ekspertizanın keçirilməsi üçün tələb olunan bütün sənədləri təqdim etdiklərini məhkəməyə bildiriblər. 22.Bundan sonra, məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə qərara alınıb, yuxarıda göstərilən sullar üzrə X2 Xidmətindən mütəxəssis rəyi alınsın. Lakin həmin Xidmət məhkəməyə göndərdiyi xx.xx.2026-cı il tarixli cavab məktubu ilə rəy verməkdən imtina edib, imtinanı onunla əsaslandırıb ki, belə rəyin verilməsi Xidmətin səlahiyyətləri xaricindədir. Tətbiq edilən hüquq 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə görə, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 24.Mülki Məcəllənin 1124-cü maddəsində dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının da artırılmalı olduğu müəyyən edilib. 25.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nın 3.5-ci bəndində qeyd olunub: “İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 26.Mübahisənin düzgün həlli üçün Məhkəmə Ekspertizası Mərəkəzindən ekspert rəyi və ya X2 Xidmətindən mütəxəssis rəyinin alınması zəruri olsa da, yuxarıda göstərilən səbəbə görə belə rəylərin alınması mümkün olmayıb. Cavabdeh isə hər hansı səbəb göstərmədən hesablama (özünün düzgün hesab etdiyi qaydada hesablama) aparmaqdan imtina edib, baxmayaraq ki, mühasibatlığı var. Apellyasiya icraatı zamanı da məhkəmə tərəfindən cavabdehə təklif olunub ki, öz mühasibatlığı vasitəsilə özünün düzgün hesab etdiyi qaydada hesablama aparsın, hesablanan məbləğlə iddiaçı razılaşacağı təqdirdə məhkəmə icraatı yekunlaşdırılsın, iddiaçı razılaşmadığı təqdirdə isə cavabdehin həyata keçirdiyi hesablamanın düzgün olub-olmadığına məhkəmə tərəfindən qiymət verilsin. Lakin cavabdeh təklifdən imtina edib, hesablamanın məhkəmə qaydasında mühasibat ekspertizası keçirilməklə həyata keçirilməsini tələb edib. Ona görə də iddia tələbi üzrə hesablama işdə olan sənədlərə əsasən apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən aşağıdakı kimi həyata keçirilib. 27.Birinci, 2022-ci il üzrə 1.767 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1.413.6 manat – 976,06 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 437,54 manat x 4 ay (avqust 2022-ci ildən dekabr 2022-ci ilədək) = 1.750,16 manat; 28.İkinci, 2023-cü il üzrə 2.013 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1.610,4 manat - 976,06 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 634,34 manat x 12 ay (xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək) = 7.612,08 manat; 29.Üçüncü, 2024-cü il üzrə 2.224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1.779,2 manat - 976,06 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 803,14 manat x 12 ay (xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək) = 9.637,68 manat. 30.Yuxarıda göstərilən üç məbləğin (1.750,16 manat, 7.612,08 manat və 9.637,68 manatın) cəmi 18.999,92 manat təşkil etdiyinə görə, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrdə ödənilməmiş artıma görə birdəfəlik 18.999,92 manat tutulmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi birdəfəlik tutulmalı olan ödəcin məbləğinə aid hissədə dəyişdirilərək həmin məbləğ 18.999,92 manat müəyyən edilməlidir. 31.Qətnamədə xx.xx.2025-ci ildən etibarən tutulmalı olan aylıq ödənicin məbləği düzgün müəyyən olunduğuna görə, həmin məbləğ dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2025-ci ildən başlayaraq (sonuncu artım - 2024-cü il) hər ay 1.779,2 manat (2.224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi)) aylıq ödənc tutulmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-730/2025 nömrəli qətnaməsi cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrə görə birdəfəlik ödənc kimi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilərək həmin məbləğ 18.999,92 (on səkkiz min doqquz yüz doxsan doqquz tam yüzdə doxsan iki) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3807/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3807/2025
13.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver