Məhkəmə qərarları › İş №2(103)-3810/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3810/2021

12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3810/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi İsmayıllı rayon Notariat Ofisi maraqlı şəxs olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)- 2653/2020 saylı qərardadından ərizəçinin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Şıxəliyev X1 rayon Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 2653/2020 saylı qərardadı ilə ərizəçi Şıxəliyev X1 rayon Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək onlara hər hansı bildiriş göndərilmədiyini qeyd edərək, iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-2653/2020 saylı qərardadı ilə mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə vəsatət təmin edilməmişdir. Hazırda həmin qərardaddan ərizəçinin nümayəndəsi-vəkili şikayət verərək, onun ləğv edilməsini, şikayətin təmin edilməsini, əks təqdirdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin nümayəndəsi-vəkili kimi məhkəmənin hazırlıq iclasında iştirak etmiş, İsmayıllı rayon Notariat Ofisindən tələb edilmiş materialların göndərilməsi üçün məhkəmə baxışı qeyri-müəyyən vaxta təxirə salınmış, sonradan karantin rejimi dövründə xx.xx.2020-ci il tarixdə məhkəmə baxışı təyin edilmiş, bu barədə onlara rəsmi məlumat verilməmiş və mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə məhkəmə iclasında iştirak edilməməsi və bu haqda məhkəməyə məlumat verilməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında məhkəməyə heç bir sübut təqdim edilməmiş, ərizədə rəsmi qaydada bildiriş verilməməsi göstərilsə də, iş materiallarından göründüyü kimi bildiriş ərizəçi tərəfindən rəsmi qaydada alınmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. İş materiallarından görünür ki, ərizəçinin nümayəndəsi-vəkili Vəkil xx.xx.2020-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş və həmin tarixdə məhkəmə iclasının xx.xx.2020-ci il tarixə təyin edilməsi barədə qəbzə imza etməklə məlumatlandırılmışdır. Karantin dövründə işə baxılması ilə bağlı şikayətin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatında “Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: Mülki və kommersiya mübahisələri üzrə - ailənikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin. ...” Göründüyü kimi həmin dövrdə işlərə baxılmasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar məhduddiyyətlər tətbiq edilsə də, xüsusi icraat qaydasında mülki işlərə baxılması məhdudlaşdırılmamışdır, belə olan halda, məhkəmə haqlı olaraq həmin tarixdə işə baxmışdır. Ərizəçinin şikayətinin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni baxılmamış saxlamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)- 2653/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar