Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3810/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təhsil şöbəsinə qarşı “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqı və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmri qanunsuz və əsassız olduğundan həmin əmrin ləğv olunması, onu əvvəlki işinə bərpa edib, məcburi iş buraxma günlərinə gorə ona əmək haqqının ödənilməsi və ona dəymiş 1000 (bir min) manat maddi ziyanın ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı 06 iyul 2007-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix İctimaiyyət ixtisası üzrə ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi almaqla həmin universiteti (qiyabi) fərqlənmə diplomu ilə bitirmişdir. 23 fevral 2011-ci ildə Gəncə Dövlət Universitetinin Tarix ixtisası (qiyabi) üzrə magistr dərəcəsini almışdır. Qeyd edir ki, o, 2003-cü ildən müəllim kimi fəaliyyətə başlamış, 2014cü ildən nümunəvi fəaliyyətinə görə onu Astara rayon İcra Hakimiyyətinin yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi uzrə komissiyanın məsul katibi təyin etmişlər. 2016-cı ilə qədər həmin işdə işlədikdən sonra, nümunəvi iş fəaliyyətinə görə onu Astara rayon Təhsil şöbəsinin metodkabinetə direktor təyin etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 oktyabr 2020- ci il tarixli K-1028-ci əmri ilə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinə 07 oktyabr 2020-ci ildən direktor təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli K -1234 saylı əmrilə o, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən işdən azad olunmuşdur. Həmin əmrin 1-ci hissəsində göstərilir ki, sosial şəbəkələrdə qeyri - əxlaqi videogörüntülərm yayıldığı və bununla əlaqədar Astara rayon Təhsil şöbəsinin ilk həmkarlar ittifaqı komitəsi tərəfində məktəb direktorları ilə bağlanmış Əmək müqavilələrinin ləğvi barədə qərar qəbul olunduğu göstərilmişdir. Həmin əmrin 2-ci abzasında qeyd olunmuşdur ki, “Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktorları “X4 Qaydalarının" 2 2.1.3 və 2.1.7 -ci bəndlərinin tələblərini pozmuşlar. Əmrin verilməsi üçün əsas Astara rayon Təhsil şöbəsinin 27 sentyabr 2021-ci il tarixli, 35(01)\TQ -902580 nomrəi məktubu, Astara rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsinin 27 sentyabr 2021-ci il tarixli, 18 nömrəli iclas protokolu, müvafiq izahat və aktlar olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təhsil şöbəsi iddia ərizəsinə etiraz verərək etirazda bildirmişdir ki, İddiaçı işə bərpaya dair iddia tələbində qeyd edir ki, (təhsil şöbəsinə ünvanladığı məktublarına əsasən), Astara rayon Təhsil Şöbəsi heç bir araşdırma aparmadan xx.xx.2021-ci il tarixində Astara RTŞ-nin X3 iclasında onun Şağlazüzə kənd tam orta məktəbindən direktor və müəllim kimi işdən azad olunmasına qərar vermiş və həmin qərara əsasən də Azərbaycan Respublikasının Təhsil Naziri əmr verərək onu işdən azad etmişdir. Həmçinin İddiaçı müraciətlərində onu da qeyd edir ki, onu məktəbdən heç bir əsas olmadan müəllimlikdən də çıxardıblar. Məlumat üçün bildirilir ki, İddiaçı 1981-ci il təvəllüdlü, ali təhsilli, evlidir. İki övladı var. Lənkəran Dövlət Universitetinin “Tarix və ictimayyət” ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, magistr təhsili almışdır. 2003-cü ildən Şağlazüzə kənd tam orta məktəbində tarix müəllimi işləyib. 2014cü ildən 2016-cı ilə qədər Astara rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsul katib- böyük məsləhətçi vəzifəsində işləmişdir. 2016-cı ildən 2020-ci ilə kimi Astara rayon Təhsil Şöbəsinin yanında Metodkabinetin direktoru işləmişdir. 17 oktyabr 2020-ci il tarixindən Şağlazüzə kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. İddiaçı Astara RTŞ yanında Metodkabinet direktoru vəzifəsində işləyib və həmin vəzifədən birbaşa işinə xitam verilməklə Şağlazüzə kənd tam orta məktəbində vakant direktor vəzifəsinə təyin olunmuşdur. Əmək Məcəlləsinə əsasən məktəb direktoru həmçinin işəgötürən olduğundan İddiaçı məktəbdə ixtisasına uyğun olaraq özünə tarix dərsi ayırmışdır. Təhsil Nazirliyi və Astara rayon Təhsil şöbəsi tərəfindən İddiaçı məktəbə müəllim kimi təyin edilməmiş və onunla müəllim kimi əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı Astara RTŞ-nin yanında Metdokabinetin direktoru və Şağlazüzə kənd tam orta məktəbinin direktoru kimi çalışdığı müddətlərdə təhsildə uğurları çox olub. Lakin, İddiaçı direktor kimi əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun əməlləridir. Çünki özünün də yazdığı izahatına əsasən qeyd edir ki, facebook sosial şəbəkəsində tanımadığı bir şəxslə ünsiyyət əlaqəsi qurmuşdur, mesajlaşmadan sonra qarşı tərəf ilə açıq videobağlantı yaratmışdır. Bir müddət sonra qarşı tərəf İddiaçı təzyiq göstərərək onun soyunmasını məcbur etmişdir. Nəticədə İddiaçı videosu çəkilərək onun özünə göndərilmiş və ondan 3500 ABŞ dolları tələb olunmuşdur. Həmin pul ödənilməsə İddiaçı ifşa edəcəklərini bildirmişlər. Nəticədə İddiaçı həmin pulu ödəməkdən boyun qaçırmış və onun çılpaq şəkildə videosu sosial şəbəkələr vasitəsilə rayonda və onun yaşadığı kənddə yayılmışdır. Bu videogörüntülər müxtəlif orqanlara və o, cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinə də daxil olmuşdur. Astara rayon Siyaku inzibati ərazi nümayəndəliyindən daxil elan vətəndaş müraciətlərində də qeyd olunmuşdur ki, İddiaçı kimi şəxs məktəbdə işləməməlidir. Çünki onun qeyri-etik hərəkətləri gənc nəslin təlim tərbiyəsinə mənfi təsir göstərəcəkdir. Məsələnin araşdırılması ilə bağlı Təhsil Şöbəsi tərəfindən RTŞ X7 məktubla müraciət olunmuşdur. 27 sentyabr 2021-ci il tarixində keçirilmiş X3 iclasında (bütün məktəb rəhbərləri (kişilər) iştirak edib) İddiaçı yol verdiyi qeyri-etik hərəkətlərinə görə məktəbdə müəllim və direktor kimi işdə qalıb qalmaması məsələsi müzakirə olunmuşdur. Geniş müzakirədən sonra Astara RTŞ X9 rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı qeyri-etik hərəkətlərinin sosial şəbəkələrdə yer aldığından, fəaliyyətinin X8 Qaydalarına zidd olduğundan, müəllim adına ləkə gətirdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin uç” bəndinə əsasən çalışdığı məktəbdə müəllim və direktor kimi vəzifədən azad edilməsi və onun əmək müqavilələrinə xitam verilməsi ilə bağlı qanunamüvafiq tədbir görülməsi üçün qərar vermişdir. Qəbul edilmiş qərar təqdimatla birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-1234 nömrəli əmri ilə Fətəliyev X1 Etik Davranış Qaydalarını kobud şəkildə pozduğuna gorə Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən direktor kimi bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçı dəfələrlə etdiyi müraciətlərində də ona yazılı olaraq izah edilmişdir ki, məktəbdə ixtisası üzrə müəllim işləmək üçün 2022-ci ildə MİQ müsabiqəsinə müraciət etməklə ixtisası üzrə rayonda vakant yerlərdə işləyə bilər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(005)- 426/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı fərqinin iddiaçı şəxsə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh Azərbaycan Respublkası Təhsil Nairliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılsını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iş üzrə məhkəmənin gəldiyi nəticə əsassız olduğundan və ekspert rəyinə düzgün hüquqi qiymət vermədiyindən qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə Təhsil Nazirliyinin K-1028 saylı əmri ilə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Astara Rayon Təhsil Şöbəsindən nazirliyə daxil olan sənədlərdən görünür ki, iddiaçının sosial şəbəkələrdə qeyri-əxlaqi video görüntülərinin yayıldığı, bununla əlaqədar TŞ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verdiyi məlum olmuşdur. Astara Rayon TŞ-i tərəfindən nazirliyə təqdim olunmuş sənədlər araşdırılmış və Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1234 nömrəli əmri ilə Fətəliyev X1 Etik Davranış Qaydalarını kobud şəkildə pozduğuna gorə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən direktor kimi bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı sosial şəbəkədə “Hülya Cesur” adlı istifadəçi ilə tanış olmuş və onunla bir neçə gün mesajlaşdıqdan sonra, videobağlantı yaratmışdır. Bağlantı zamanı qarşı tərəf iddiaçının soyunmasını təmin edərək onun videosunu çəkmiş və çəkilişi onun özünə göndərmişdir. İddiaçı izahatında bildirmişdir ki, sonradan qarşı tərəf ondan pul tələb etmiş və tərəflər razılığa gəlmədiyindən qarşı tərəf videonu paylaşmışdır. Baxmayaraq ki, videoçəklişin 1-ci hissəsində (1-ci görüntüdə olan iddiaçı) edilən hərəkətlərin iddiaçıya məxsus olması ilk baxışdan müşahidə olunsa da, lakin iddiaçı məhkəmə iclasında həmin hərəkətlərin də montaj olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli 4/26 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Ekspertizaya təqdim olunmuş 2 ədəd "Kodak” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan video yazılarda tədqiqi hissədə qeyd olunan montaj əlaməti üçün xarakterik olan səhnə keçidləri qeydə alınmışdır. Videoyazılar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından digər dəyişkliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd olunan rəyin əsaslandırıcı hissəsində göstərilmişdir ki, Əsas fondakı (1 saylı görüntüdəki) səhnə keçidi 3 halda mümkündür: Yazılışdan sonra videoyazının xüsusi proqram təminatı ilə kəsilməsi yolu ilə; Bir neçə kameranın eyni anda yazılış apardığı şəraitdə rejissor stolunda yazma qurğusunun əvəzlənməsi yolu ilə; Yazma qurğusunun kameranın birinin digəri ilə (ön kameranın arxa kamera ilə və ya əvəzinə) əvəzlənməsi yolu ilə. Ekspert rəyinin məzmunundan görünür ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşerlənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı, qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Hesab edir ki, işə baxan məhkəmə ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişdir. Belə ki, ekspert rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Lakin videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərin iddiaçıya məxsus olması görüntüdə təsdiq edilir. Lakin, məhkəmə videogörüntünün hər iki fonunun montaj olması qənaətinə gələrək nəticədə iddia tələbini təmin etmişdir. “X4 Qaydaları”nın tələbinə görə, müəllim pedaqoji etika və əxlaq normalarına riayyət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümunəsi göstərməlidir. Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır. Müəllim peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı formasına yol verməməli, həmkalar, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quraraq, müəllim adını və şərəfini uca tutmalıdır. Lakin, təqdim olunmuş videogörüntünün sosial şəbəkələrdə yayılmasını nəzərə alaraq, bildirlər ki, bu hadisələrdən sonra iddiaçının nə məktəbdə və nə də cəmiyyətdə heç bir nüfuzu qala bilməz. Belə olan halda, iddiaçının məktəb direktoru kimi vəzifəsinə bərpa edilməsi, cəmiyyətin, habelə təhsil alanların mənəviyyatına ciddi zərər vura bilər. Hesab edirlər ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr əmək qanunvericiliyinin tələblərinə cavab verdiyindən və müqavilənin ləğvində hər hansı qanun pozuntularına yol verilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin təkrar məhkəmətexniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Məhkəməyə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert rəyi daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçıya zəng gəldiyi vaxt iddiaçı nə baş verdiyini bilə bilməzdi.Zəng edən şəxs iddiaçının üz görüntüsünü qeydə alıb xüsusi qurğu əsasında qeyri-etik səhnələrə montaj etmişdir.Bununla bağlı isə cinayət işinin istintaqı gedir və məxfi olduğundan məlumat təqdim etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(005)- 426/2022 nömrəli qətnaməsini tam hissdə mübahisələndirərək, qətnamənin ləğv olunub iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli 2021-06619 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021ci il tarixli K -1234 saylı əmrindən görünür ki, Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin İlk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktoru "X4 Qaydalarının 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur). 3.8-ci (Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən Astara rayonu Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqavilələri “X4 Qaydaları”nın tələblərini pozduğuna görə 30 sentyabr 2021-cı il tarixdən ləğv edilmişdir. İş materiallarında olan təşəkkürnamələrdən görünür ki, İddiaçı işdə nümunəvi fəaliyyətinə görə təşəkkürnamələr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli 4/26 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak" markalı DVD diskdə olan və tədqiqatı tələb olunan videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlaməti üçün xarakterik olan səhnə keçidləri qeydə alınmışdır. Videoyazəlar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadıgından digər dəyiışkliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd olunan rəyin əsaslandırıcı hissəsində göstərilmişdir ki, Əsas fondakı (1 saylı görüntüdəki) səhnə keçidi 3 halda mümkündür: - Yazılışdan sonra videoyazının xüsusi proqram təminatı ilə kəsilməsi yolu ilə; - Bir neçə kameranın eyni anda yazılış apardığı şəraitdə rejissor stolunda yazma qurğusunun əvəzlənməsi yolu ilə; - Yazma qurğusunun kamresanın birinin digəri ilə (ön kamerasnın arxa kamera ilə və ya əvəzinə) əvəzlənməsi yolu ilə. Yazılışdan sonra videoyazının dəyidirİməsi (kəsilməsi) halında həm əsas fonda həm də arxa fonda kəskin kadr keçidi baş verməli idi. Digər 2 halda isə arxa fondakı görüntülərdə səhnə keçidi baş verməli idi. Qeyd olunan əlamətlər göstərir ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşerlənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, işə baxan məhkəmə ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişdir. Belə ki, ekspert rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır.Lakin videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərin iddiaçıya məxsus olması görüntüdə təsdiq edilir. Lakin, məhkəmə videogörüntünün hər iki fonunun montaj olması qənaətinə gələrək nəticədə iddia tələbini təmin etmişdir.Təqdim olunmuş videogörüntünün sosial şəbəkələrdə yayılmasını nəzərə alaraq, bildirlər ki, bu hadisələrdən sonra iddiaçının nə məktəbdə və nə də cəmiyyətdə heç bir nüfuzu qala bilməz. Belə olan halda, iddiaçının məktəb direktoru kimi vəzifəsinə bərpa edilməsi, cəmiyyətin, habelə təhsil alanların mənəviyyatına ciddi zərər vura bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin təkrar məhkəmə-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır.Məhkəməyə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert rəyi daxil olmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş texniki ekspertiza ilə bağlı 26 iyul 2022ci il tarixdə məhkəməyə daxil olmuş 08 iyul 2022-ci il tarixli, 4/870 saylı Ekspertiza Rəyindən görünür ki, 1.2 Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan videoyazılardakı əsas fondakı (1saylı) görüntülərdə vdeoyazının əvvəlindən olmaqla 02,567-ci ( 77-78 kadrlar), 02,633-cü (79-80 kadrlar), 03,667-ci (110-111 kadrlar), 09,733-cü (292-293 kadrlar), 43,133-cü (1294-1295 kadrlar) və 1 dəq 08,900-cü (2067-2068) saniyələrdə kəskin səhnə keçidləri baş vermişdir. Qeyd olunan səhnə keçidləri əsas fondakı görüntülərin qeydə alındığı videosiqnalın yazılışdan sonra emal olunaraq (kəsilərək) arxa fondakı görüntülərin qeydə alındığı videosiqnala mikşerlənməsi nəticəsində və ya əsas fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən yazı qurğusunun kamerasının dəyişdirilməsi nəticəsində yarana bilər. Videoyazılardakı əsas fonda qeydə alınan kəskin səhnə keçidlərinin hansı səbəbdən yaranmasını videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından müəyyən etmək mümkün olmadı. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının qeyri-etik görüntülərinin həqiqi olması mötəbər, təkzib olunmaz sübutlarla təsdiqini tapmır.Cavabdehin iddiaçının vəzifəsindən azad olunmasına səbəb iddiaçının belə qeyri-etik görüntülərinin yayılmasını əsas göstərsə də bu görüntülərin həqiqi olmasına dair sübutlar mövcud deyildir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ekspert rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır.Lakin videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərin iddiaçıya məxsus olması görüntüdə təsdiq edilir. Bunla bağlı kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad edərək əlavə olaraq bildirmişdir ki, iddiaçıya zəng gəldiyi vaxt iddiaçı nə baş verdiyini bilə bilməzdi.Zəng edən şəxs iddiaçının üz görüntüsünü qeydə alıb xüsusi qurğu əsasında qeyri-etik səhnələrə montaj etmişdir.Bununla bağlı isə cinayət işinin istintaqı gedir və məxfi olduğundan məlumat təqdim etmək mümkün olmamışdır. Beləliklə, 1-ci görüntülərdən üz görüntüsündən əlavə hansı görüntünün (yəni qeyri-etik görüntünün) də həqiqi olması iş materiaaları ilə təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş texniki- ekspertiza ilə bağlı 26 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 08 iyul 2022-ci il tarixli, 4/870 saylı Ekspertiza Rəyindən görünür ki, qeyd olunan səhnə keçidləri əsas fondakı görüntülərin qeydə alındığı videosiqnalın yazılışdan sonra emal olunaraq (kəsilərək) arxa fondakı görüntülərin qeydə alındığı videosiqnala mikşerlənməsi nəticəsində və ya əsas fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən yazı qurğusunun kamerasının dəyişdirilməsi nəticəsində yarana bilər. Videoyazılardakı əsas fonda qeydə alınan kəskin səhnə keçidlərinin hansı səbəbdən yaranmasını videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası daha sonra iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında İddiaçı bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində göstərilir: Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmri ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa edilməli, məcburi iş buraxma günlərinə gorə ona əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası iddiaçının 1.000 manat maddi zərər tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə əsaslı deyildir və təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmrinin ləğv olunması, iddiaçının əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma günlərinə gorə ona əmək haqqı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının xərci olaraq 300 (üç yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE********************; büdcə təsnifatının kodu 142595; büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(005)- 426/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının xərci olaraq 300 (üç yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE********************; büdcə təsnifatının kodu 142595; büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3810/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3810/2022
15.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver