Məhkəmə qərarları › İş №2(103)-3812/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3812/2021

22.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3812/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək müqaviləsinin ləğvi haqqında əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(006)-2175/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış əmək müqaviləsinin ləğvi haqqında 29 dekabr 2019-cu il tarixli 278/A nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 22 noyabr 2019-cu il tarixindən etibarən Cavabdeh İKB ASC-nin adı "xxxx" ASCyə dəyişdirilmişdir. 29 dekabr 2019-cu il tarixli 278/A saylı əmrlə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə səbəb İddiaçı bankın müştərisi olan X1 borc alıb vaxtında qaytarmaması və həmin müştərinin bankın rəhbərliyinə şikayət etməsi olmuşdur. Belə ki, həyat yoldaşının səhhəti pisləşdiyinə görə 27 dekabr 2019-cu il tarixdə bankın başqa bir mütəxəssisinin müştərisi olan Məcnun Həsrətovdan 900 manat borc almış, borcu 28 dekabr 2019-cu il tarixdə saat 18-də qaytaracağını vəd etmişdir. Lakin həmin pulu yalnız saat 21-də qaytara bildiyindən, müştəri bankın rəhbərliyinə onun barəsində şikayət etmişdir. Müştəri pulu alandan sonra bankın rəhbərliyinə müraciət edərək şikayətinin olmadığını bildirmişdir. 30 dekabr 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Halbuki, o, 19 dekabr 2019-cu il tarixdə ərizə ilə bankın rəhbərliyinə müraciət edərək öz xahişi ilə işdən çıxmaq istədiyini bildirmişdir. Hesab edir ki, şəxsi ehtiyacları üçün kimdənsə borc alması işəgötürənin və yaxud mülkiyyətçinin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmadığından, bu barədə əmr kifayət qədər əsaslandırılmadığından, əmr qanunsuz hesab edilərək ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(006)- 2175/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi hüquq normalarını pozmuş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(103)-6323/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən Ali Məhkəmənin 28 yanvar 2021-ci il tarixli 2(102)-1095/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(103)-6323/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndələri isə şikayətin təmin edilməməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Polat Sadıxov izahatında göstərdi ki, oğlu İddiaçı müştəridən 900 manat borc almış, 1 gün sonra borcunu qaytarmışdır. Bank rəhbərliyi qərəzli olaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Oğlu Əfqanın bu maddə ilə işdən çıxarılması onun gələcəkdə öz ixtisası üzrə işləməsinə maneçilik törədə bilər. Buna görə də o yalnız əmrin ləğv edilməsini xahiş edir, əvvəlki işinə bərpa olunmaq niyyəti yoxdur. Cavabdeh bankın nümayəndəsi Elbəyi Məcidov izahatında bildirdi ki, kredit mütəxəssisi İddiaçı bankın müştərilərinə kredit verilməsi müqabilində onlardan mükafat alması barədə bank rəhbərliyində məlumat olmuşdur. Bu hal isə bankın nüfuzuna xələl gətirən hal hesab olunur. İş materiallarına əlavə olunmuş müştəri X8 rəhbərliyinə ünvanlanmış ərizəsindən və izahatından da görünür ki, İddiaçı müştəri M.Həsrətovdan aldığı 900 manat pulu ona kredit verilməsində köməklik göstərdiyinə görə qaytarmaqdan imtina etmiş, bundan sonra müştəri tərəfindən bank rəhbərliyinə şikayət olunmuş, şikayətdən sonra İddiaçı pulu geri qaytarmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(006)-2175/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC üzrə verilmiş əmək müqaviləsinin ləğvi haqqında 29 dekabr 2019-cu il tarixli 278/A saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) son iş günü 30 dekabr 2019-cu il tarixi olmaqla ləğv edilmişdir. Əmrin məzmunundan görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialının İstehlak kreditləşməsi üzrə mütəxəssisi İddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrinin kobud pozuntusuna yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bununla da Bankın hüquqlarına və qanunla qorunan mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi onunla əsaslandırılmışdır ki, İddiaçı öz izahatında da qeyd etdiyi kimi, Bankın müştərisi olan X4 Bank tərəfindən kredit verildiyi gün zəng edərək borc pul almış və daha sonra müştəriyə qaytarmamaqla müştərinin yazılı narazılığına səbəb olmuşdur. Əmrin verilməsinə əsas filial müdirinin təqdimatı, işçinin və müştərinin izahatları olmuşdur. İş materiallarında olan X3 "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 28 dekabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, 3000 manat məbləğində kredit alınması üçün 26 dekabr 2019-cu il tarixdə kredit mütəxəssisi İddiaçı müraciət etmiş, İddiaçı onun sənədlərini yoxladıqdan sonra ona 3000 manat kredit veriləcəyini bildirmişdir. Krediti aldıqdan sonra İddiaçı ona zəng edərək görüşmək istədiyini bildirmiş, görüş zamanı İddiaçı ailəsində ciddi problem olduğunu bildirərək ondan 900 manat borc pul istəmişdir. İddiaçı söz vermişdir ki, bir gün ərzində borcu qaytaracaq. O, İddiaçı 900 manat borc vermişdir. 28 dekabr 2019-cu il tarixdə İddiaçı zəng edərək borcunu geri istəmiş, sonuncunun təklifi ilə kafelərin birində görüşmüşlər. İddiaçı yanında özünü bank işçisi kimi təqdim edən iki nəfər də olmuşdur. Söhbət zamanı İddiaçı ona kredit verilməsində köməklik göstərdiyini, buna görə də pulu qaytarmayacağını bildirmişdir. Buna görə də İddiaçı barəsində Bank rəhbərliyinə şikayət edərək pulun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 29 dekabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, 26 dekabr 2019-cu il tarixdə bankın müştərisi Məcnun Həsrətovdan iki gün müddətinə qaytarmaq şərtilə 900 manat məbləğində borc almış, 28 dekabr 2019-cu il tarixdə M.Həsrətov ona zəng edərək pulu geri istəmiş, həmin günün sonunda o aldığı pulu geri qaytarmışdır. Pul gec qaytarıldığına görə M.Həsrətov ondan bank rəhbərliyinə şikayət etmiş, pul qaytarıldıqdan sonra şikayətini geri götürmüşdür. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Cavabdeh İKB ASC-nin nizam-intizam prosedurunun 6.1.3.51-ci və 6.1.3.55-ci maddələrinə əsasən, müştəridən borc almaq və ya ona borc vermək, bankın rəhbərliyinin icazəsi olmadan Bankın müştərisi ilə şəxsi maraqlarını güdərək onunla şəxsi münasibətlərə girişmək, onunla maddi əməkdaşlıq yaratmaq (misal üçün, hər hansı məqsəd üçün müştəridən pul almaq, ona köçürmələr etmək, ona konsultasiya və digər xidmətlər qarşılığında ondan mükafat (pul) almaq) nizam-intizam qaydalarının pozuntusu kimi qiymətləndirilməklə yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC-nin Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssisi vəzifəsində işləmiş İddiaçı Bankın müştərisi X1 900 manat məbləğində borc alıb müştəriyə kredit verilməsində köməklik etdiyini bildirərək pulu qaytarmaqdan boyun qaçırması "xxxx" ASC-nin işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Göründüyü kimi, İddiaçı bankın müştərisi X6 ilə iş prosesində tanış olmuş, Məcnun Həsrətova kredit verilməsinin sənədləşdirilməsində iştirak etmiş, məhz kredit mütəxəssisi kimi statusundan istifadə edərək M.Həsrətovdan borc almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(006)- 2175/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar