Məhkəmə qərarları › İş №2(103)-3818/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3818/2022

31.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3818/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilməyən əmək haqqının ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)- 1177/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin mart və aprel ayları üçün ona ödənilməyən 1200 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi və onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə fiziki şəxs Cavabdeh məxsus şirniyyat sexində qənnadçı, şirniyyatçı vəzifəsinə işə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 02.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə işə bərpa edilməsi, 2020-ci ilin mart və aprel ayları üçün ona ödənilməyən 1200 manat məbləğində əmək haqqının və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin fərdi sahibkarlıqla məşğul olduğu “Darçın” şirniyat evində 2019-cu ilin sentyabr ayından işə başlamış, həmin dövrdən də aylıq 600 manat olmaqla əmək haqqı almışdır. O, bu vaxta qədər rəsmi işçi kimi 17 dekabr 2019-cu il tarixdən işə düzəlməyini və əmək haqqının rəsmi olaraq 250 manat olmasını bilməmişdir. O, 02 may 2020-ci il tarixədək həmin yerdə işləmiş, qeyd edilən tarixədək isə onun mart və aprel ayları üçün olan əmək haqqı ödənilməmişdir. 02 may 2020-ci il tarixdə cavabdeh ona karantin rejimi ilə əlaqədar işə gəlməməyini bildirmiş, iddiaçı bir ay işə gəlməmiş, iyun ayında işə gəldikdə isə onu işə buraxmamışdır. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, həmin idarədə onun müraciəti araşdırılmış və ona ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli məktubda Cavabdeh qanunvericiliyin tələblərini pozaraq onunla bağladığı əmək müqaviləsinə xitam verməsi, son haqq-hesabının isə ödəmədiyi, bununla əlaqədar onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi bildirilmişdir. Cavabdehin əmək qanunvericiliyini pozaraq onu işdən çıxarması artıq inzibatı qaydada araşdırılıb, öz təsdiqini tapmış, bu halı sübut elmək zərurəti qalmamışdır. Lakin cavabdeh qanunvericiliyin tələbini pozmaqla onu işdən çıxarılmağı barədə məlumat verməmiş, bu barədə ona müvafiq əmri verməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1177/2021 saylı iş qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 02.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməsi, 2020-ci ilin mart və aprel ayları üçün ödənilməyən 500 manat əmək haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulduğundan ləğv edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbində qeyd edilir ki, iddiaçı 2019-cu ilin dekabr ayından “Darçın” şirniyyat sexində işləmiş və onu guya orda aldatmaqla işə qəbul ediblər və guya qanunsuz işdən çıxardıblar. 2020-ci ilin mart ayında artıq ölkədə qismən pandemiya elan olunandan və aprel ayında artıq pandemiya elan olunandan və iş yerlərinin hamısı məcburən bağlandığından bu şəxs ondan xahiş etmişdir ki, onu işdən çıxartsın və o, 190 manat işsizliyə görə müavinət alsın. O da, öz növbəsində artıq sex işləmədiyindən və işçiləri saxlamağa maddi vəsaiti olmadığından onun dediyi kimi edərək ona son haqq hesabını verib və ərizə almaqla 2020-ci ilin may ayında işdən azad etmişdir. İddiaçı şəxsən özünün xahişi ilə işdən azad edilmiş və onun həmin vaxtı son haqq hesabını alması barədə sənədi də var. Həmin vaxtı pandemiya olduğundan eyni gündə ərizəsini ala bilməmişdir. Özü təkid etmişdir ki, onu portaldan çıxartsınlar, o ərizəni verəcək. Çünki xüsusi karantin rejimi olduğundan evdən çıxa bilmirdi. Bilindiyi kimi 2020-ci ilin aprel ayından iyun ayına kimi xüsusi karantin rejimi olmuşdur. Hətta həmin vaxtı marketə, aptekə və həkimə görə evdən çıxmaq olmurdu. Bu səbəbdən o, iddiaçıdan eyni gündə ərizə ala bilməmişdir. Həmçinin, iddiaçı özü 2020-ci ilin may ayında işdən azad olunmasına baxmayaraq məhkəməyə 24.11.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, iddiaçı məhkəməyə iyun ayının müraciət etməli idi. Məhkəmə onun elektron qaydada müddətin ölürülməsi ilə bağlı məhkəmə qətnaməsində ümumiyyətlə münasibət bildirməyib. Məhkəmə onun ərizəsinə baxsaydı görərdi ki, iddiaçı işdən may ayında çıxarılmış və məhkəməyə noyabr ayında müraciət etmişdir. Həmçinin iddiaçı 2020-ci ilin avqust ayının sonunda Əmək Müfəttişliyinə müraciət etmişdir. Müraciətinə əsasən 2020-ci ilin sentyabr ayının 10-da protokol tərtib edilmişdir. Həmçinin, 2020-ci ilin 28 sentyabrda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2nin Bakı şəhər İdarəsinin 28.09.2020-i il tarixli, ******* saylı inzibati qərarı qəbul edilmiş və o, inzibati cərimə olunmuşdur. İddiaçı əvvəlcədən 2020-ci ilin may ayında işdən azad edilməsini bilirdi. Onun təqdim etdiyi sübutlarla və iddiaçının özünün Əmək Müfəttişliyinə 2020-ci ilin avqust ayında müraciət etməsi onu sübut edir ki, artıq iddiaçı avqust ayında onun işdən azad olunmasını bilirdi. Belə olan halda iddiaçı məhkəməyə müəyyən olunmuş müddət ərzində müraciət etmədiyindən iddia müddəti keçmişdir. Bununla bağlı 09.03.2021-ci il tarixdə məhkəməyə elektron müraciət edilmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Şirniyyat sexi may ayında bağlanıb. O necə məhkəmə qətnaməsi ilə iddiaçını işə qəbul edə bilər və ya ona əmək haqqı verə bilər. Bu qeyri-mümkündür. Həmçinin, məhkəmə həmin iddiaçının işləmədiyi dövrə görə 190 manat sosial müavinəti alıbalmamasını da aydınlaşdırmamışdır, əgər bu dövlətdən bunu alıbsa niyə ona yenidən pul ödəməlidir. İddiaçı bir müddət sonra işə də düzəlmişdir və əmək haqqı almışdır. Belə olan halda məhkəmə ona 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqını təmin edə bilməzdi, məhkəmə bu halları da araşdırmadan qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)- 6828/2021 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1177/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-653/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin qəbul etmədiyini bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin edilmiş “Cavabdeh 02.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməsi, 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi” hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə 15 mart 2022-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə tərəfi olan cavabdehin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiqi barədə müraciətinə münasibət bildirmədən, başqa sözlə iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyənləşdirmədən, onun 08 iyun 2020-ci il tarixli müraciətində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixini, yəni gününü, ayını, habelə Əmək Məcəlləsinin hansı maddəsı ilə işdən çıxarıldığını göstərməsini, lakin iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə yalnız 24 noyabr 2020-ci il tarixdə (5 aydan sonra) müraciət etməsini nəzərə almadan və iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilən 1 aylıq müddəti ötürüb-ötürməməsini araşdırmadan, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 17.12.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02.05.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi iddiaçının müraciətinə 13 oktyabr 2020- ci il tarixdə verdiyi cavab məktubunda qeyd etmişdir ki, Cavabdeh iddiaçı ilə 02.05.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən qanunvericiliyin tələbini pozaraq xitam verdiyi, son haqq-hesabı isə ödəmədiyindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən qanunverciliklə müəyyən edilmiş tələbləri pozduğundan, 02.05.2020-ci il tarixli əmr ləğv edilməli və iddiçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıya 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilmiş həmin hissələrinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi tərəflərdən (işçi və işəgötürən) birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinin ümumi əsasını müəyyən edir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin konkret əsasları Əmək Məcəlləsinin 69-cü maddəsində, işəgötürən tərəfindən ləğv edilməsinin konkret əsasları və qaydası isə Əmək Məcəlləsinin 70-74-cü, habelə 77-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırkı mülki mübahisə üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etsə də, birinci instansiya məhkəməsi tərəfindən bu hala qiymət verilməmişdir. Kollegiya bununla bağlı bildirir ki, iddiaçı əmrin ləğv edilməsi ilə bağlı tələb üzrə iddia müddətini ötürmüşdür, bu səbəbdən də iddia əmrin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materialları ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya təqdim edilməsi müəyyən edilməsə də, iddiaçının 17.06.2021-ci il tarixli ərizəsindən, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının həmin əmrin mövcud olmasından xəbərdar olmuşdur. İddiaçının 08 iyun 2020-ci il tarixli müraciətində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixini, yəni gününü, ayını, habelə Əmək Məcəlləsinin hansı maddəsı ilə işdən çıxarıldığını göstərməsindən belə nəticə hasil olur ki, qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür, çünki iddiaçı iddia ərizəsi ilə məhkəməyə 24 noyabr 2020-ci il tarixdə müraicət etmişdir. Kollegiya bildirir ki, iddianın “işə bərpa və məcburi iş müddəti üçün əmək haqqı verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələblər iddianın əmrin ləğv edilməsi tələbinə münasibətdə törəmə tələbdir və bu tələblə bilavasitə hüquqi bağlılığı var və hüquqi nəticə etibarı ilə onun təmin edilib-edilməməsindən asılıdır, bu səbəbdən də, iddia həmin hissələrdə də təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “əmək haqqının tutulması” hissəsində qismən təmin etməklə haqlı olmuşdur. Əmək müqaviləsi ləğv edilərkən iddiaçıya son iki ayın əmək haqqının verilməməsi iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi iddiaçının müraciətinə 13 oktyabr 2020ci il tarixdə verdiyi cavab məktubunda qeyd etmişdir ki, Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən son haqq-hesab iddiaçıya ödənilməmişdir. Lakin iddiaçı hər ay 600 manat əmək haqqı aldığını iddia etsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının aylıq əmək haqqı 250 manat olmuşdur. İddiaçı isə aylıq 600 manat əmək haqqı alması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Apellyasiya şikayətinin “iddiaçıya son haqq hesabını verilməsi” hissəsinə münasibətdə kollegiya bildirir ki, apellyasiya şikayətinin həmin hissədəki dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinə bu halları sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1177/2021 saylı qətnaməsi iddianın təmin edilmiş “Cavabdeh 02.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməsi, 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi” hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd edilən hissələrdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar