Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-382/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaç İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsinin mənsubiyyəti, qanuni sahiblik, sahiblikdən istifadəyə yaradılan maneələrə son qoyulması, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, torpaq sahəsinin boşaldılması, sübutetmə yükü, subyektiv hüquq, prosessual pozuntu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh və X4 qarşı “torpaq sahəsindən çıxarılma, hasarın əvvəlki vəziyyətinə qaytarılması və sahənin təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə, Əzizbəyov rayonu Qala qəsəbəsinin ərazi hüdudları daxilində, Qala qəsəbə ərazisində istifadə olunan 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmasına qərar verilmişdir.
2. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qala qəsəbəsi Yeni Massiv ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi İddiaçı verilmişdir.
3. İddiaçı Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qala qəsəbəsi Yeni Massiv ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini sahibliyinə qəbul etmişdir və hazırda həmin sahənin 800 kv.m hissəsi onun sahibliyindədir.
4. Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli 1347 saylı əmrlə X4 ev tikmək üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır.
5. Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli 1750 saylı əmrlə Cavabdeh ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır.
6. Cavabdeh ilə X10 ər-arvaddırlar.
7. Qala bələdiyyəsi tərəfindən verilmiş tədiyyə bildirişləri və fiziki şəxsin vergi uçotuna alınması barədə şəhadətnamədə göstərilmişdir ki, Cavabdeh Qala qəsəbəsi X16 ərazisində yerləşən evdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir.
8. İddiaçı Cavabdeh qarşı “Qala qəsəbəsində yerləşən 1200 kv.metr torpaq sahəsinə maneçiliklərin aradan qaldırılması və itirilmiş faydaya görə maddi-mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılmaçıış saxlanılmışdır.
9. Həmin işə baxılarkən təyin olunmuş ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “Bakı şəhəri Xəzər rayonu Qala qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş sxemdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş təsdiq olunmamış koordinatlı sxemdə göstərilən ərazi faktiki vəziyyətdə iddia olunan torpaq sahəsi ilə və Qala bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş sxemdə göstərilən torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi ərazisi 970 kv.m təşkil edən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrdən çıxarışa əsasən Cavabdeh fərdi ev tikmək üçün ayrılmış 0,08 ha torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyənləşdirməyə imkan verən miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilən sxemin təqdim edilməməsi səbəbindən sözügedən ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Lakin cavabdehin iddia etdiyi və naturada göstərdiyi ərazisi 400 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qala qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 nömrəli qərarı ilə və Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrdən çıxarışa əsasən ayrılmış torpaq sahələrinin coğrafi yerləşmə yerlərini müəyyən etmək mümkün olmadığından üst-üstə düşüb-düşməməklərini də müəyyənləşdirmək mümkün olmamışdır. Lakin iddiaçının və cavabdehin iddia etdikləri və naturada göstərdikləri torpaq sahələri tam olaraq üst-üstə düşür. Qala qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş sxemdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən inşa edilmiş hasarın ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır”.
10. Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Təhqiqat araşdırması zamanı izahatı alınmış X10 bildirmişdir ki, 1990-cı ildə Binə qəsəbəsi Donuzkökəltmə Sovxozu ünvanında yerləşən torpaq sahəsi ona işlədiyi fermanın məsul şəxsi olan X8 tərəfindən əmək haqqı əvəzində verilmişdir, lakin bu barədə heç bir sənədi yoxdur, iddia etdiyi torpaq sahəsini zəbt etmədiyini və əvvəllər işlədiyi fermada müdiriyyət tərəfindən ona əmək haqqı əvəzinə verildiyini izahatında qeyd etmişdir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Xəzər rayonu Qala Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 9 saylı qərarı ilə ona alqı-satqı yolu ilə satılmış Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsindən ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması, mövcud hasarın yenidən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Xəzər rayonu Qala Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 9 saylı qərarı ilə Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi alqı- satqı yolu ilə ona satılmış, bu barədə dövlət rüsumu bələdiyyənin büdcəsinə ödənilmiş və torpaq sahəsinin sxemi tərtib edilərək ona təqdim olunmuşdur. Torpaq sahəsini aldıqdan sonrakı müddətdə ərazini daşdan hasara aldırmış və giriş darvazası qoymuş, həyətdə kanalizasiya quyusu qazdırmış, ərazi bir qədər çökək olduğuna görə əlavə torpaq sahəsi tökmüşdür. 2021-ci ilin ortalarında cavabdeh ona məxsus torpaq sahəsinin 4 sotunu zəbt eləmiş, bununla bağlı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilmiş, Xəzər RPİ-nin 3-cü Polis şöbəsində araşdırma aparılmış, sonda xx.xx.2021-ci il tarixli qərar əsasında cinayət işinin başlanılması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Bir müddət sonra cavabdeh yenidən həmin sahəni hasara almaq istəmiş, mübahisə zəminində xx.xx.2022-ci ildə cavabdeh oğlanları ilə birlikdə torpaq sahəsində işləyən X11 və X5 xəsarət yetirmiş, həmin fakt üzrə də müvafiq araşdırma aparılmış, sonda xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar tərəfindən aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə araşdırması müddətində cavabdeh ərazini könüllü boşaltdığına görə, iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə müraciət etmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. 2024-cü ilin yanvar ayında cavabdeh yenidən torpaq sahəsini zəbt etməyə cəhd etmiş və ərazinin bir hissəsini zəbt etmişdir. Tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamış, nəticədə hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə X10 cavabdeh qismində prosesə cəlb olunmuşdur.
14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehlər, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qala bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər.
15. Birinci instansiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək iddia qaldırsa da, həm ekspert rəyi ilə, həm də sübutları tədqiq etməklə iddiaçının torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi, cavabdehin inşa etdiyi hasarın onun hüquq və mənafeyinə hər hansı qaydada toxunmadığı müəyyən edilmişdir. Beləliklə iddiaçı, müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil.
17. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Mülki Məcəllənin 170.1-ci, 170.2-ci, 180-ci, Torpaq Məcəlləsinin 48.2-ci, 48.4-cü, 49.1-ci, 49.2-ci, 50.1-ci, 55-ci, 65ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 14 fevral 2003-cü il tarixli qərarına istinad etmişdir.
18. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, cavabdehin təqdim etdiyi saxta və əsli olmayan sənədlərə əsaslanaraq qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Xəzər rayonu Qala Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 9 saylı qərarı ilə Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı satılmış, bu barədə dövlət rüsumu bələdiyyənin büdcəsinə ödənilmiş, alqı-satqı aktı və torpaq sahəsinin sxemi tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Həmin qərarın arxivi vəkil sorğusuna əsasən Qala Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1-1/76 saylı cavab məktubu ilə təqdim edilmişdir. Qeyd olunan torpaq sahəsi 2007-ci ildən iddiaçıya məxsus olmasına baxmayaraq, Yevlax rayon sakini olan Cavabdeh torpağın cizgi-sxemi və arxivi olmayan Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən çıxarışlara istinad edərək, Qala qəsəbəsi ərazisində bir çox boş torpaq sahələrini ailə üzvləri ilə birlikdə zəbt etdiyi kimi, iddiaçıya məxsus torpaq sahəsinin də bir hissəsini zəbt etmiş, işə baxan məhkəmə isə iddiaçının mülkiyyət hüquqlarını kobudcasına pozaraq, ən azından həmin ərazinin hüquqi rejimini müəyyən etməmişdir. Xəzər rayonu Qala Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 9 saylı qərarı ilə Qala qəsəbəsində yerləşən və alqı-satqı yolu ilə iddiaçıya satılmış 1200 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.20222-ci il tarixli cinayət işi başlanmasını rədd edilməsi haqqında qərarlarla öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilkin olaraq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş, lakin cinayət işinin bağlanması rədd edilərək, mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəmə araşdırması müddətində tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim etsə də, birinci instansiya məhkəməsi bu sübutlara birtərəfli qaydada hüquqi qiymət vermişdir. Halbuki, qanunverciliyin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçı məhz cavabdehi məhkəmə qaydasında torpaq sahəsindən çıxartdıqdan sonra, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edəcək. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində hüquqların qqeydiyyatının aparılmasını əsaslarından biri kimi bələdiyyə qərarları da hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutlmuşdur. Qanunverciliyin tələblərində də göründüyü kimi, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hazırki vəziyyətdə qeyd olunan mübahisəli torpaq sahəsi Qala bələdiyyəsinin ərazisi olmaqla, Abşeron rayon Donuzkökəltmə sovxozuna heç bir aidiyyəti yoxdur. Cavabdeh nə Xəzər, nə də Abşeron rayonunda yaşamamış, eləcə də Donuzkökəltmə sovxozunda əmək fəaliyyəti ilə məşğul olmamışdır. Sovxoz ərazisinin mübahisəli ərazidən azı 101 metr aralıda yerləşməsi barədə xx.xx.2024-cü il tarixli mütəxəssi rəyi və torpaq sahəsinin yerləşmə cizgisi məhkəməyə təqqdim edilməsinə baxmayaraq, hakim həmin rəyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Tərəfimdən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kserosurət sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsatət verilməsinə baxmayaraq, hakim həmin vəsatəti təmin etməmiş, əsas kimi bizim iştirkaımız olmayan iclasda qarşı tərəfin təqdim etdiyi sənədlərin əsli olmasına dair mötəbər olmayan fikir səsləndirmişdir. Halbuki, qarşı tərəfdəki sənədlərin əsllərinin məhkəmədə təqdid olunması tələb edilsə də, bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə işi birtərəfli araşdırmış, iddiaçı tərəfin təqdim etdiyi bütün sənədləri arxivi və əsllərini tələb etsə də, bu araşdırmanı cavabdehə münasibətdə həyata keçirməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, iş üzrə heç bir araşdırma aparmamış, başqa mülki işdə olan xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Hansı ki, həmin işdə nə ekspert, nədə mütəxəssis ümumiyətlə torpaq sahəsinə baxış keçirməmişlər, torpaq sahəsinin harada yerləşməsini heç bilmirlər. Yalnız dövlət qurumunun mütəxəssisi rəy vermək hüququna malikdirmi? Tərəfimizdən məhkəməyə sübut kimi təqdim edilmiş xx.xx.2024-cü il tarixli 100 saylı mütəxəssis rəyini tərtib edən yerquruluşu mühəndisi Ayaz Şıxəliyev 15 ildən artıq müddətdə 2015-ci ildə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı olmuşdur. Ən azından rəy verməmişdən əvvəl torpaq sahəsinə baxış keçirmiş və iddiaçının təqdim etdiyi sənədləri tədqiq etmişdir. Həmin mütəxəssisin verdiyi rəydə qanunazidd və ya işdə olan sübutlara əks olan hal var idisə, məhkəmə həmin ziddiyəti araşdırmağa borclu idi”.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlər isə şikayətin əsassız olduğunu bildirmişlər.
21. İddiaçının nümayəndəsi (vəkili) suallara verdiyi cavablarda həmçinin bildirmişdir ki, cavabdehlərin zəbt etdiyi sahə 4 sotdur, onlar iddiaçının çəkdiyi hasarı uçurub ərazinin 4 sotunu zənt etmiş və zəbt etdikləri hissəni özlərinin çəkdikləri hasarla iddiaçıya məxsus digər hissədən ayırmışlar.
22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Qala bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir.
23. Apellyasiya baxışı zamanı şikayətin dəlilləri nəzərə alınaraq iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- İddiaçı Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsinin (mübahisəsi gedən torpaq sahəsinin) hüquqi statusu və mənsubiyyəti (dövlət, bələdiyyə, yaxud xüsusi mülkiyyətdə olub-olmadığı) müəyyən edilsin.
- Həmin torpaq sahəsi Abşeron rayonu Donuzkökəltmə sovxozunun istifadəsinə verilmiş torpaqlara aiddirmi?
- İddiaçı Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsinin yeri naturada müəyyən edilsin.
- Hazırda İddiaçı istifadəsində torpaq sahəsi varmı? Vardırsa sahəsi nə qədərdir?
- Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli 1347 saylı əmrlə X4 ayrılmış torpaq sahəsinin yeri naturada müəyyən edilsin.
- Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli 1750 saylı əmrlə Cavabdeh ayrılmış torpaq sahəsinin yeri naturada müəyyən edilsin.
- İddiaçı Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsinin ilə Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə verilmiş əmrlərlə X4 və Cavabdeh ayrılmış ayrılmış torpaq sahələri üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə və ölçülərdə düşür?
24. Həmin təyinat əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2025-ci il tarixli rəyində göstərmişdir ki, “...Göstərilən torpaq faktiki olaraq 1200 kv.m təşkil edir, torpaq sahəsi üzərində tikili yoxdur. Sahəyə dair yerləşmə çizgisi ilə faktiki sahə arasında ciddi uyğunsuzluq və perimetrik ölçü fərqləri mövcuddur. Faktiki olaraq göstərilən 1200 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd edilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin yaxınlığında (100-120 m) ləğv olunmuş neft quyuları məlumatı mövcuddur. Sahənin hər hansı bir dövlət təşkilatının balansında olması barədə məlumat yoxdur”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
32. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
34. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
35. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
36. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
37. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
38. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
39. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Torpaq Məcəlləsi
40. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
41. Maddə 5 (2-ci hissə). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
42. Maddə 47 (1-ci hissə). Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
43. Maddə 47 (2-ci hissə). Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
44. Maddə 47 (4-cü hissə). Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
45. Maddə 66 (1-ci hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
46. Maddə 66 (2-ci hissə). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
47. Maddə 67 (1-ci hissə). Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
48. Maddə 67 (3-cü hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
49. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
50. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
51. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
52. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.1.0. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək.
53. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
54. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
57. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
64. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının subyektiv hüquq sahibi olmadığını vurğulamaqla müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, X6 cavabdeh qismində işə cəlb etməsinə baxmayaraq, onu “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” statusunda saxlayıb prosessual qanunvericiliyin pozuntusuna yol vermişdir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil....MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
66. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
67. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 33-36) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən torpaq sahəsi üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.
68. Qeyd olunmalıdır ki, sahiblik bir faktdır və torpaq üzərində sahiblik hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması sahibliyi aradan qaldıran hal deyildir.
69. İşin hallarından görünür ki, iddiaçı bələdiyyə ilə bağladığı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini cavabdehlərdən daha əvvəl faktiki sahibliyinə qəbul etmiş, onun bu sahibliyi nə bələdiyyə, nə də hər hansı digər dövlət qurumu tərəfindən mübahisələndirilməmiş, ər-arvad olan cavabdehlər isə sonradan həmin sahənin 0,04 ha hissəsinə münasibətdə iddiaçının sahibliyinə qəsd etmişlər.
70. Əgər şəxs bələdiyyənin ləğv olunmamış qərarı (yaxud bələdiyyə ilə bağladığı müqavilə) əsasında torpaq sahəsinə sahiblik edirsə, o, həmin torpaq üzərində sahiblik hüququ olmayan şəxslərin sahiblikdən özbaşına məhrumetmə və ya sahibliyinə qəsd etməsi ilə bağlı hərəkətlərinə qarşı iddia verə bilər (§ 33, 34, 36).
71. Başqa sözlə, torpaq sahəsinə faktiki sahiblik edən şəxsin üçüncü şəxslərin müdaxiləsindən müdafiə olunmaq hüququ vardır (§ 36).
72. Həmin torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətində olması da sahiblik faktını aradan qaldırmır.
73. Cavabdehlər, mübahisəsi gedən torpaq sahəsinə (onun 4 sot hissəsinə) qanuni sahiblik etdiklərinə və ümumiyyətlə həmin sahəyə hüquqlarının mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmiş, irəli sürdükləri təsdiqini tapmayan formal mülahizələr olaraq qalmışdır.
74. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
75. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi “cavabdehlərin Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin 0,04 ha hissəsindən məcburi qaydada çıxarılması və mövcud hasarın yenidən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi” hissəsində təmin olunmalıdır.
76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat cavabdehlərdən alınıb ona ödənilməli, ekspertiza xərci cavabdehlərdən alınıb müvafiq hesaba kğçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1465/2024 saylı iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh və X10 Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı sahibliyinə verilmiş Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qala qəsəbəsi Yeni Massiv ərazisində yerləşən, ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsinin 0,04 ha hissəsindən məcburi qaydada çıxarılsınlar. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qala qəsəbəsi Yeni Massiv ərazisində yerləşən, ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsinin ətrafında mövcud olmuş hasar Cavabdeh və X10 tərəfindən əvvəlki vəziyyətinə qaytarılsın və İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat Cavabdeh və X3 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat Cavabdeh və X3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh və X3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən, rəsmi təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva