Məhkəmə qərarları › İş №2(103)-3820/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3820/2023

12.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3820/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir: - onunla bağlanmış "xxxx" xitam verilməsi barədə cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrinin ləğv edilməsi; - onun cavabdeh MMC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Departamentinin Əsas Şəbəkə Əməliyyatları şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə əvvəlki vəzifəsinə bərpa edilməsi; - xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövr üçün ona ödənilməli olan, lakin ödənilməmiş 11.858,98 manat əmək haqqı məbləğinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövr üçün ona ödənilməyən aylıq əmək haqlarının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 25.289,78 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - MMC-nin xx.xx.2021-ci il tarixli B018-T21 nömrəli əmri ilə onun "xxxx" xitam verilərkən düzgün hesablanmayan qalan 1.131 manat məbləğində son haqq-hesabın ona ödənilməsi; - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövrdə məcburi işburaxma müddəti üçün 948,24 manat əmək haqqının cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - MMC-nin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmri ilə onun "xxxx" xitam verilərkən düzgün hesablanmayan qalan 3.741,55 manat son haqq-hesabın cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - mediasiya prosesi ilə əlaqədar ödənilmiş xidmət haqqının əvəzi olaraq 50 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdən etibarən uzun müddət cavabdeh MMC-nin Texnoloji Departamentində müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu vəzifəsi MMC-nin İKT departamentinin əsas şəbəkə əməliyyatları şöbəsinə kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi olmuşdur. "xxxx" Şirkəti ilə cavabdeh MMC-nin təsisçiləri eyni şəxs olduqlarına görə 2016cı il tarixində şirkətlərin texniki şöbələrinin birləşməsi barədə qərar qəbul edilmiş, həmin şöbələr birləşərək "xxxx" MMC yaradılmış, sonra cavabdeh MMC iddiaçıya və iddiaçının işlədiyi şöbədə ixtisara düşən işçilərə "xxxx" MMC-yə işə qəbul edilmə barədə ərizə yazmağı bildirmişdir. İddiaçı şirkətə gedərək orada işə qəbul edilmə barədə ərizə yazmış, cavabdeh MMC-dən isə işdən azad olunma barədə ərizəsini yazmaq istədikdə, ona hələlik ərizəsini yazmamasını demişlər. Bu da o deməkdir ki, onların məqsədi iddiaçını ümumiyyətlə "xxxx" MMC-yə işə qəbul etmək deyildi, sadəcə olaraq vaxt qazanıb, iddiaçını ümumiyyətlə işdən çıxartmaq idi. Sonra iş prosesinin daha səmərəli aparılması və iş həcminin azaldılması səbəbindən 2 ay əvvəlcədən xəbərdar edilməklə iddiaçıya ixtisara salma barədə xx.xx.2016-cı il tarixli, 859 nömrəli əmr təqdim edilmişdir. Həmin əmrlə cavabdeh MMC-nin işçilərinin ştatının ixtisar edilməsi ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq, bağlanmış xx.xx.2010-cu il tarixli "xxxx" cavabdeh MMC tərəfindən ləğv ediləcəyi barədə xx.xx.2016-cı il tarixli "xxxx" xitam verilməsinə dair bildiriş təqdim edilmiş, həmin tarixdə də işi ilə bağlı şirkət tərəfindən Komissiya yaradılmış və iclasda qərar qəbul edilmişdir ki, iddiaçı, "xxxx" MMC-yə keçirilməsin, ona ixtisar əmri verilib, ehtiyata buraxsınlar. Yəni məsuliyyətlərini "xxxx" MMC-yə təhvil verməyi üçün iddiaçıya iki həftə vaxt verməyi təklif etmişlər, iş təhvil verildikdən sonra ehtiyata çıxmış və bütün girişləri bağlanmışdır. İddiaçının bu məlumatlardan iddia ərizəsinə əlavə etdiyi e-mail danışıqlarına əsasən xəbəri olmuşdur. İddiaçı, cavabdeh MMC-də işləyən zaman, xx.xx.2016-cı il tarixində MMC-yə məxsus avtomobili idarə edərkən avtomobilin təkəri partlamış, nəticədə yandakı avtomobilə toxunaraq inzibati xəta və sığorta hadisəsi baş vermişdir. Hadisə iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir, lakin sentyabr ayında həmin hadisənin üzərindən 3 ay müddət keçdikdən sonra, MMC-nin İnsan Resursları üzrə mütəxəssisi inzibati xəta hadisəsi ilə bağlı iddiaçının töhmət aldığını bildirmiş, həmin əmrə imza atmağını təklif etmişlər. Lakin iddiaçının həmin töhmət almağı barədə əmrdən xəbəri olmamışdır. Töhmət barədə əmr verilirdisə, iddiaçı qabaqcadan bununla bağlı yazılı və ya şifahi qaydada xəbərdar edilməli, sonra əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək töhmət verilməli idi. MMC isə 3 ay müddətdən sonra töhmət vermişdir. Halbuki həmin töhmət 1 ay keçənədək verilməli idi. Cavabdeh MMC-nin məqsədi iddiaçını işdən çıxartmaq idi. İddiaçı sonradan cavabdeh MMC-yə xx.xx.2016-cı il tarixli, 293847 nömrəli inzibati xəta haqqında qərarı təqdim edərək bildirmişdir ki, sığorta tərəfindən də müəyyən edilib ki, həmin hadisədə iddiaçının təqsiri olmamışdır. Bundan sonra cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli, MR/181 nömrəli əmrə əsasən verilmiş xx.xx.2016-cı il tarixli, 612 nömrəli töhmət verilməsi barədə əmr ləğv edilmişdir. Lakin sonradan heç bir əsas olmadan əvvəlcədən xəbərdar edilməklə, xx.xx.2017-ci il tarixindən işdən çıxarılacağı üçün bununla bağlı araşdırma aparılmışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən, öhdəsində İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilər əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına aiddir. İddiaçı, cavabdeh MMC-yə ƏƏSMN-nin TSEK tərəfindən verilən müayinə sənədini təqdim edərək bildirmişdir ki, himayəsində İ dərəcə əlilliyi olan atası vardır. Nəticədə MMC tərəfindən xx.xx.2017-ci il tarixli, 186 nömrəli əmrə əsasən, iddiaçı barəsindən verilmiş xx.xx.2016-cı il tarixli, 859 nömrəli əmr ləğv edilmiş və rəsmi xəbərdarlıq etibarsız sayılmışdır. İddiaçı yenidən işə bərpa olunduqda rəhbərlik ona ehtiyatda olduğunu və atasının İ dərəcəli əlil olması ilə bağlı işə gəlməməsini, atası ilə məşğul olmasını, hansı tarixdə işə çıxmağı ilə bağlı məlumatın onlar tərəfindən deyiləcəyini bildirmişlər. Bu səbəbdən iddiaçı işə çağıralacağı günü gözləmiş, bəzən MMC ilə əlaqə saxlayaraq işə getmiş, lakin bu barədə heç bir məlumat verilməmişdir. Hətta iddiaçıya yenə MMC tərəfindən xx.xx.2017-ci il tarixində e-mail vasitəsilə "xxxx" MMC-yə işə qəbul edilmə ilə bağlı sənədlərini hazırlayıb, e-mail ünvanlarına göndərməyi tapşırılmış, bununla bağlı sənədlərini hazırlayıb, e-mail ünvanlarına göndərsə də yenə də "xxxx" MMC-yə transfer olunmamışdır. İddiaçının işlədiyi şöbədə digər bütün işçilər "xxxx" MMC-yə keçmiş, yalnız iddiaçı qalmışdır. İddiaçı 5 il boş qalmışdır. Ona access loginini bağlayıb, evdə oturmasını demişlər. Sonradan iddiaçının e-mail ünvanına xx.xx.2018-ci il tarixində şirkət tərəfindən məlumat göndərilərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər olan işə davamiyyətinin tərəflərindən araşdırıldığı, 16, 17, 18 və 30 aprel 2018-ci il tarixlərində, bu dövr ərzində iş yerinə gəlmədiyi, işə gəlməməyinin səbəbi ilə bağlı izahatını və uyğun sənədlərini xx.xx.2018-ci il tarixli günün sonuna qədər onlara təqdim etməyini bildirmişlər. İddiaçı ilə bunun cavabında cavabdeh MMC-nin rəhbərliyinin göstərişinə əsasən ehtiyatda olduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixində yenə şirkət tərəfindən e-mail göndərilmiş, əmək müqaviləsinə müvafiq olaraq xx.xx.2018-ci il tarixindən etibarən iş qrafikinə uyğun olaraq iş başında olmağı xahiş olunmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixində e-mailə cavab olaraq barəsində rəhbərlik tərəfindən öncə verilmiş ehtiyata buraxılmağı barədə göstərişin artıq etibarsız olduğunun təsdiq edilməsini onlardan xahiş etmişdir. Həmin tarixdə MMC tərəfindən yenə rəhbərliyin qərarına əsasən, işə çıxmasının tələb olunduğu bildirilmiş, tərəflərindən həmin tarixdə iddiaçıya ehtiyat göstərişini təsdiq edən e-mail və ya yazılı sənədi ondan təqdim etməyi xahiş etmişlər. İddiaçı onlara sözügedən göstərişin rəsmiyyətinin artıq “İnsan Resursları” şöbəsində mövcud olduğunu və sorğularını ora ünvanlamağı xahiş etmişdir. Daha sonra, onların göstərişinə əsasən, 2018-ci ilin iyun ayından cavabdeh MMC-nin ixtisar olunmuş şöbəsində işə çıxmağa başlamışdır. Həmin şöbədə, ancaq iddiaçı özü qaldığı üçün hüquqi olaraq şöbə sənəddə olsa da faktiki olaraq həmin şöbə mövcud deyildi. Artıq həmin şöbə "xxxx" şirkətində fəaliyyət göstərirdi, cavabdeh MMC-nin ixtisar olunmuş şöbəsində işləyən işçilər "xxxx" MMC-yə transfer olunmuşdu. İddiaçı özü isə cavabdeh MMC-nin ixtisar olunmuş şöbəsində qalmışdı. İddiaçı işə gedib-gəlsə də heç bir əmək fəaliyyəti ilə məşğul olmamış, onu hər hansı işə cəlb etməmiş, işdən kənar saxlamışdılar. Ona görə də iddiaçı cavabdeh MMCdən əmək fəaliyyəti ilə məşğul olmağı tələb etmiş, qarşılığında ona “hələ ki fəaliyyətin işə gedib-gəlməkdən ibarət olsun” demişlər. Cavabdeh MMC iddiaçının əmək fəaliyyəti ilə məşğul olması barədə əmək müqaviləsini pozmuş, əmək şəraiti yaratmamış, iddiaçı heç bir əmək funksiyalarını həyata keçirə bilməmişdir. İddiaçının bütün access-lərini, login parolunu bağlamışlar, özü isə Cavabdeh MMC-də qalmışdır. Sonradan iddiaçıya xx.xx.2019-cu il tarixində, cavabdeh MMC tərəfindən “əmək fəaliyyətinin dəyişdirilməsi” ilə bağlı məktub göndərilmiş, həmin məktubda təklif edilmişdir ki, Şirkətin Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli 01/BD/02.2017 nömrəli qərarına əsasən, şirkətdə aparılan struktur dəyişikliklər nəticəsində bir sıra struktur bölmələrin, o cümlədən İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin "xxxx" MMC-yə transfer olunmasına əsasən, həmin idarənin işçiləri ilə bağlanmış əmək müqavilələrinə sonuncuların ərizələrinə əsasən xitam verilmiş və tutduqları vəzifələr ştat cədvəlindən çıxarılmaqla ixtisar edilmişdir. İddiaçının isə şirkətdə tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən təxirə salınmışdır. Ona görə də hazırda "xxxx" MMC-nin Texnologiyalar İdarəsi tərəfindən cavabdeh MMC-nin ləğv edilmiş İKT İdarəsinin bütün funksiyaları, o cümlədən tutduğu vəzifə üzrə əmək funksiyalarının icra edildiyi bildirilmişdir. Bu səbəbdən Şirkətdə əməyinin təşkilində dəyişikliklər edilməsi məqsədilə məktub ünvanlanmış, lakin qeyd edilən təkliflər ilə razı olmamışdır, çünki özü texnologiyalar şöbəsinin işçisidir, şirkət isə ona satış şöbəsində işləməyi təklif etmişdir. İddiaçı aylıq 1.778,96 manat əmək haqqı alır, onlar isə iddiaçıya aylıq əmək haqqı 500 və 650 manat təklif etmişlər. Cavabdeh MMC yuxarıda qeyd olunan təklifdə həmin şöbənin işçilərinin ixtisara düşdüyünü və əmək müqavilələrinə xitam verildiyini qeyd etmişdir. Lakin həmin işçilərin yenidən "xxxx" MMC-də yaradılmış həmin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinə işə qəbul edilməsini qeyd etməmişdir. İddiaçı sonra işə gedib-gəlsə də, əmək funksiyalarını həyata keçirə bilməməsi ilə bağlı araşdırma aparmağa başlamış, İnsan resursları departamentinin yeni rəisi ilə danışmış, ona bildirmişlər ki, problem NEQSOL Holdingin təhlükəsizlik şöbəsi ilə bağlıdır, nə əlaqə olduğu ilə bağlı onların da məlumatı yoxdur, təhlükəsizlikdən onlara rəy gəldikdə məsələ həll olunacaqdır. İddiaçı, NEQSOL Holdingin təhlükəsizlik şöbəsinə getmiş, şöbənin rəisi ilə görüşmüş, o bildirmişdir ki, NEQSOL Holdingin təhlükəsizlik şöbəsi ilə bağlı heç bir problem yoxdur, təhlükəsizlik şöbəsinin rəisi 2019-cu ilin oktyabr ayında bu məsələ ilə bağlı şirkətin nümayəndələri ilə görüşmüş, ondan sonra, 2019-cu ilin dekabr ayında şirkətin nümayəndələri ilə, İnsan Resursları üzrə mütəxəssisi və başqa şöbələrin nümayəndələri ilə, hətta "xxxx" MMC-nin rəis müavini Dövlət Dövlətov ilə də görüşmüşdür, Dövlət Dövlətov demişdir ki, məsələ həll olunub, Şirkətin direktoruna hər bir məsələ deyilmişdir, iddiaçı işə bərpa edilir, çalışdığı "xxxx" MMC-yə transfer olunmuş şöbədə vakansiya var idi, proses uzanmış, ona biraz səbirli olmasını demişlər. Lakin sonradan cavabdeh MMC-dən "xxxx" MMC-yə transfer edilən şöbədə olan vakansiyaya artıq kimisə təyin etdiklərini bilmişdir. 2020-ci ilin mart ayının ortalarına qədər, yəni xəstəliklə əlaqədar karantin olana qədər iddiaçı işə gedib-gəlmişdir, ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən karantin olduqdan sonra bütün işçilər evdə olmuşdur. Sonra onlar iddiaçının atasının rəhmətə getdiyini bildikdən sonra iddiaçıya xx.xx.2020-ci il tarixində ştat vahidlərinin ixtisarına dair bildiriş göndərmişlər və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi bildirilmişdir. Ancaq bildirişə heç bir əmr əlavə edilməmişdir. İddiaçıya verilmiş bildirişin hansı əmrə əsasən verildiyi və hansı əmrə əsasən onu işdən azad edəcəkləri və hətta həmin məktubun məzmununda belə əmrin imzalandığı qeyd olunmamışdır. İddiaçı əmrlə ümumiyyətlə tanış olmamışdır, həmin xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişindən sonra xx.xx.2020-ci il tarixinəcən işə gedibgəlmişdir. Sonra ondan asılı olmayan səbəblərdən xx.xx.2020-ci il tarixindən əmək qabiliyyətini itirməsi ilə bağlı xx.xx.2020-ci il tarixinə qədər bülletenə çıxmışdır. Həmin müddətlərdə bülletendə olmuşdur. Bu müddətlərdə karantin ilə əlaqədar olaraq şirkət tərəfindən iş rejimi ilə bağlı hər kəsin e-mail ünvanlarına məlumat göndərilirdi. Göndərilmiş məlumatlarda əməkdaşların evdən iş rejimindən normal iş şəraitinə qayıtma tarixinin xx.xx.2020-ci il olaraq təyin edildiyi və həmin tarixdən 50% əməkdaşın ofisdən çalışma rejiminə qayıtmasının planlaşdırıldığı qeyd edilmişdi. xx.xx.2020-ci il tarixindən isə ofisdə çalışma rejimi 30% oldu. xx.xx.2020-ci il tarixində isə yenidən evdən çalışma barədə rəhbərlik tərəfindən məlumat verilmiş, işə qayıtma prosesi olduqda isə rəhbərlik tərəfindən bildiriləcəyi qeyd edilmiş və hansı işçilərin işə çıxması nəzərdə tutulduqda rəhbərliyin özü tərəfindən şəxsin özünə məlumat veriləcəyi qeyd edilmişdir. İddiaçı, xx.xx.2020-ci il tarixinə qədər xəstə olması ilə bağlı "xxxx" barədə vərəqəni cavabdeh MMC-yə təqdim etmişdir. Hər kəs evdən çalışma iş rejiminə keçdiyi üçün iddiaçı da evdən çalışma iş rejiminə keçmişdir. Ancaq evdən çalışma iş rejiminə keçsə belə əmək fəaliyyəti ilə məşğul olmağına imkan yaratmamışlar. Sonra artıq rəhbərlik birbaşa iddiaçıya xx.xx.2021-ci il tarixindən etibarən işə çıxması ilə bağlı rəsmi olaraq e-mail göndərmişdir. İddiaçı həmin tarixdən xx.xx.2021-ci il tarixinə qədər işə çıxmağa başlamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixi “Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü” olduğundan və həmin gün də şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi, yəni xx.xx.2021-ci il tarixi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günü olduğundan, iddiaçı xx.xx.2021-ci il tarixində şirkətə bildirmişdir ki, yenidən əmək qabiliyyətini itirməsi ilə bağlı bülletenə çıxası olmuşdur və işə qayıtdıqda bu barədə vərəqəni təqdim edəcəkdir. Lakin cavabdeh MMC xx.xx.2021-ci il tarixli, B018-T-21 nömrəli əmrlə xx.xx.2013-cu il tarixli "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən xitam verərək iddiaçını şirkətdə tutduğu vəzifədən azad etmişdir. Həmin əmr onunla əsaslandırılmışdır ki, guya iddiaçı vəzifələrini kobud şəkildə pozmuş, yəni heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işə gəlməmiş, xx.xx.2021-ci il tarixindən isə əmrin verildiyi günə qədər heç bir üzrlü səbəb olmadan işə çıxmadığı üçün əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Halbuki yuxarıda qeyd edilən hallardan da görünür ki, xx.xx.2020-ci il tarixindən sonra iddiaçının işə çıxması onların e-mail məlumatlarında qeyd etdikləri kimi rəhbərliyin birbaşa göstərişinə əsasən olacaqdır və rəhbərliyin göstərişinə əsasən iddiaçı xx.xx.2021-ci il tarixində işə çıxmağa başlamışdır. Sonradan isə rəhbərlik xx.xx.2021-ci il tarixindən etibarən işə çıxmaması ilə bağlı heç bir məlumat vermədiyini qeyd etmişdir. Ancaq iddiaçı cavabdeh MMC-yə yenidən əmək fəaliyyətini itirməsi ilə bağlı bülletenə çıxdığını və müalicə qurtardıqdan sonra buna dair vərəqəni də təqdim edəcəyini bildirmiş və həmin xx.xx.2021-ci il tarixli vərəqə xx.xx.2021-ci il tarixdə cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr də Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, həmin əmrdə iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyinə dair xəbərdarlıq etdiklərini qeyd etmişlər. Həmin xəbərdarlıq məktubu da xx.xx.2020-ci il tarixlidir və həmin məktubda da iddiaçının hansı əmrə əsasən işdən azad olunacağı qeyd olunmamışdır. İddiaçı elə bir əmrlə də tanış olmamışdır. Amma hal-hazırda şirkətin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsaslanaraq, iddiaçını xx.xx.2020-ci il tarixindən etibarən işdən azad etməsinə əsas gətirməsi və əmək müqaviləsinə xitam verilməsi onlar cavabdeh MMC tərəfindən qanunvericiliyin pozulması deməkdir. Çünki xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrdə qeyd edildiyi kimi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək iddiaçı əmək qabiliyyətini itirməyi ilə bağlı bülletenə çıxdığı üçün əmək müqaviləsinə xitam verilməyib, ancaq sonra həmin əmək qabiliyyətini itirməyi ilə bağlı vərəqəni təqdim etdikdən sonra işdən azad edəcəkdilərsə, həmin tarixdə 2020-ci ilin oktyabr ayında işə qayıdan zaman əmək müqaviləmə xitam verməli idilər. Lakin əmək müqaviləsinə xitam verməyərək, xx.xx.2021-ci il tarixindən rəhbərliyin qərarına əsasən iddiaçının işə çıxmasını bildirmişdilər. Bu da o deməkdir ki, həmin xəbərdarlıq məktubu artıq öz etibarlılığını itirmişdir və həmin xəbərdarlıq məktubu 2020-ci ilin oktyabr ayında tətbiq edilməli olduğu halda edilməmişdir. Həmin xəbərdarlıq məktubunun üzərindən də artıq uzun müddət keçməsinə baxmayaraq, həmin xəbərdarlıq məktubunu etibarlı göstərərək ona əsaslanmaları qeyri-qanunidir. Əgər iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən işə bərpa olunduqdan sonra şirkət tərəfindən yenidən işdən azad ediləcəkdisə şirkət onu işdən azad etməmişdən əvvəl azı doqquz təqvim həftəsi müddətlərində tərtib etdikləri əmrə əsasən işdən azad edəcəkləri barədə əmri və rəsmi xəbərdarlıq məktubunu təqdim etməli idilər. Həmin müddəti gözlədikdən sonra işəgötürən işçini işdən azad edə bilərdi. Cavabdeh MMC iddiaçını azı doqquz təqvim həftəsi müddətlərdə xəbərdarlıq etməmişdir. Buna görə də iddiaçı hesab edir ki, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Bundan başqa xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər iddiaçıya əmək haqqı ödənilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, sənədlərin, işdən azad olma barədə əmrin, son-haqq hesabın və digər ödəmələrə dair təfsilatlı arayış və izahatın hazırlanıb təqdim edilməsini xahiş etsə də, ona qeyd etdiyi heç bir sənəd təqdim olunmamışdır. Nəticədə cavabdeh MMC qeyd olunan dövrdə iddiaçıya əmək haqqı ödəməyərək, ona maddi ziyan vurmuşdur. Son haqq-hesab il ərzində verilən əmək haqqının məbləğinə uyğun olaraq hesablanır. Cavabdeh MMC əmək haqqını düzgün hesablamadığından, son haqq-hesab məbləği də düzgün olmamışdır. Həmçinin əmək haqqı verilmədiyi, gecikdirildiyi üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bundan başqa iddiaçıya istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir, Cavabdeh MMC həmin məbləği düzgün hesablamamışdır. İddiaçının kart hesabına 184 gün əsas məzuniyyət günləri üçün 9.706,23 manat ödənilmişdir. İddiaçı şirkətə onun haqq-hesabının düzgün aparılmadığını bildirsə də, müraciətinə cavab verilməmişdir. Şirkət məzuniyyət günlərini ayrı-ayrı illər üçün hesablamaq yerinə, ümumilikdə 184 gün hesabladığından və həmin məbləğ Vergi Məcəlləsinin tələblərinə əsasən 8.000 manatdan çox olduğundan, məzuniyyət pulundan vergi tutulmuşdur. Halbuki belə hesablanmamalı idi. Cavabdeh MMC geriyə qalan son haqq-hesabı ona ödəməlidir. Bununla yanaşı cavabdeh MMC xx.xx.2021-xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün əmək haqqını, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma görə ödədiyi 200 manatı və mediasiyaya görə çəkdiyi 50 manat xərci də iddiaçıya ödəməlidir. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi tamamilə qanuni olmuş, qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Belə ki, iddiaçının işlədiyi ştat vahidinin ixtisar olunması ilə bağlı rəhbərliyin xx.xx.2020-ci il tarixli, 001-S-20 nömrəli əmri mövcuddur. Əmrə görə müəssisədə həqiqətən də korporativ struktur dəyişikliyi ilə əlaqədar Kommutasiya stansiyası əsas əməliyyatları üzrə baş mühəndis ştat vahidinin ixtisarı baş vermişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli, 001-S-20 nömrəli əmrlə cavabdeh MMC-nin yeni korporativ strukturu da təsdiq edilmişdir. Cavabdeh MMC xx.xx.2020-ci il tarixində iddiaçıya xəbərdarlıq bildirişi göndərməklə bu tələbə də əməl etmişdir. Xəbərdarlıq bildirişi göndərilməsi ilə yanaşı, xx.xx.2020-ci il tarixində iddiaçıya bildiriş göndərilərək cavabdeh MMC-də həmin tarixdə mövcud olan boş iş yerləri haqqında məlumat təqdim edilmiş və həmin iş yerləri iddiaçıya təklif olunmuşdur. MMC tərəfindən iddiaçının işdən çıxarılması ilə əlaqədar olaraq 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinə xx.xx.2020-ci il tarixli hesabat təqdim edilmişdir. İddiaçıya müvafiq şəraitin yaradılacağı barədə məlumat verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində xitamın sənədləşdirilməsi barədə fərqli bir qayda nəzərdə tutulmamış, iddiaçının "xxxx" ləğv edilməsi cavabdeh MMC-nin xx.xx.2021ci il tarixli, B041-T-21 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmr qanunvericilikdə tələb olunan bütün məlumatlar göstərilməklə tərtib olunmuşdur. Odur ki, əmr məzmun baxımından qanunvericiliyin bütün tələblərinə cavab verir. İddiaçıya təqdim olunmuş xx.xx.2021-ci il tarixli son haqq-hesaba dair arayışdan da göründüyü kimi, cavabdeh MMC iddiaçıya son haqq-hesab qismində ümumilikdə 13.214,08 AZN məbləğində vəsait, o cümlədən 3.557,92 AZN məbləğində işdənçıxarma müavinəti ödəmişdir. İddiaçının "xxxx" ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli B041-T- 21 nömrəli əmrin surəti, əmək kitabçası və son haqq-hesab iddiaçıya təhvil verilmişdir. Əmək kitabçasının və əmrin üzərindəki qeydlər, həmçinin son haqq-hesab barədə arayış onların iddiaçıya təhvil verilməsi faktını təsdiqləyir. İddiaçının "xxxx" ləğv edilməsi qanuni və əsaslı olmuşdur. İddiaçının bildirdiyinə görə onun işdən azad edilməsi ilə bağlı xəbərdarlıq məktubu cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş, həmin məktubda iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi qeyd olunmuşdur. Lakin faktiki olaraq "xxxx" həmin tarixdə deyil, xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Odur ki, iddiaçının mövqeyinə görə, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu artıq üzərindən uzun müddət keçdiyi üçün guya öz etibarlılığını itirmişdir. Qanunvericilik işəgötürən tərəfindən işçiyə xəbərdarlıq məktubunun göndərilməsindən sonra əmək müqaviləsinə xitam verilməsi üçün minimum müddəti müəyyən edir, xəbərdarlıq məktubundan sonra əmək müqaviləsinə xitam verilməsi üçün maksimum müddət ilə bağlı isə qanunvericilikdə heç bir tələb yoxdur. Sözügedən norma işçinin hüquqlarının müdafiəsinə yönəlib və ixtisar zamanı işçi üçün minimum əmək müddəti təminatını müəyyən edir. Daha uzun müddət gözlənildikdən sonra işçi ilə əmək müqaviləsi ləğv olunursa, işçinin bununla əlaqədar hər hansı hüququ pozulmur. Digər tərəfdən ixtisar əsası ilə işçinin əmək müqaviləsini ləğv etmək hüququnun müvafiq xəbərdarlıq müddətində istifadə edilməməsi, qanunvericiliyin tələbinə görə heç bir halda işəgötürənin bu hüququnun itirilməsinə səbəb olmur. Yəni cavabdeh MMC xəbərdarlıq müddəti bitdikdən sonra da, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsini” ləğv etməkdə haqlı olmuşdur. "xxxx" vaxtında xitam verilməsi üçün cavabdeh MMC bütün ağlabatan tədbirləri görmüşdür. MMC "xxxx" xəbərdarlıq bildirişində göstərilən xx.xx.2021-ci il tarixində ləğv olunması üçün bütün lazımi tədbirləri görmüşdür. Lakin MMC-dən asılı olmayan səbəblərdən bu baş tutmamışdır. İddiaçı, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış "xxxx" həmin müddət ərzində xitam vermək mümkün olmamışdır. Bundan sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə iddiaçı işə çıxmamışdır. MMC, iddiaçının özünün şifahi şəkildə və e-mail vasitəsilə bildirdiyi məlumatlara əsasən və əvvəllər də dəfələrlə bu hal baş verdiyi üçün onun əmək qabiliyyətini itirməsi ilə bağlı yeni bir xəstəlik vərəqəsi təqdim edəcəyinə inanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində e-mail vasitəsilə xəstəlik vərəqəsini cavabdehə təqdim edərkən müalicəsinin hələ də davam etdiyini bildirmişdir. 2020-ci ilin oktyabr ayı üçün olan xəstəlik vərəqəsini isə rəsmi qaydada cavabdehin özünə deyil, mühafizəçiyə vermişdir və xəstəlik vərəqəsi cavabdehə mühafizəçi tərəfindən təqdim olunmuşdur. Bu müddət ərzində iddiaçıya dəfələrlə telefonla zəng vurulmuş, həmçinin qeydiyyatda olduğu və yaşadığı ünvana iki dəfə kuryer vasitəsilə məktub göndərilmişdir. “Azari” Express poçt-daşıma kuryer xidmətinin xx.xx.2021-ci il tarixli, 305957 nömrəli qaiməsinin üzərindəki qeydlər isə təsdiq edir ki, kuryer həmin tarixdə iddiaçının yaşadığı ünvanda olmuşdur. Lakin iddiaçı özü evdə olmadığı və ailə üzvlərinə sənədi imzalamağa icazə vermədiyi üçün zərf qəbul edilməmişdir. Kuryer xidmətinin xx.xx.2021-ci il tarixli, 310375 nömrəli qaiməsi və xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akt isə İddiaçının ünvanına zərfin aparıldığını, lakin qapı bağlı olduğundan zərfin qəbul edilmədiyini, iddiaçının isə telefon zənginə cavab vermədiyini təsdiqləyir. 2021-ci ilin fevral ayında cavabdeh MMC-nin İnsan Resursları departamentinin əməkdaşı Samir Əliyevlə iddiaçının arasında telefon danışığı olmuş, bu danışıq zamanı iddiaçı şifahi olaraq “yaxında bülletendən qayıdacağını və bütün məsələlərə aydınlıq gətirəcəyini” bildirmişdir. X3 şahid ifadəsi ilə təsdiqlənə bilər. Hətta xəstəlik vərəqələrinin həqiqi olub-olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində TƏBİB-ə, xx.xx.2020-ci il tarixində isə Səhiyyə Nazirliyinə məktub ünvanlanmışdır. Cavabdeh MMC bütün üsul və vasitələrdən istifadə edərək, iddiaçının işə çıxmamasının səbəbini maraqlanmaq üçün tədbirlər görmüş və iddiaçını məlumatlandırmış. İddiaçı isə həmin müraciətə heç bir münasibət bildirməyərək işə gəlməməsinin səbəbini əsaslandırılmış şəkildə açıqlamamış, işə üzrlü səbəblərdən çıxmamaya dair hüquqlarından sui-istifadə etmişdir. Halbuki, işə çıxmamaya üzrlü səbəb olan hadisə barədə işçi işəgötürəni xəbərdarlıq etməli idi. Çünki işə çıxmamaya səbəb olan hadisə barədə işçi məlumatlı olur, həmin məlumatı işəgötürənə verməməklə və ya gizlətməklə işçi işəgötürənə qarşı vicdansız və bununla da ədalətsiz davranmış olur. Beləliklə işçi hüququndan sui-istifadə etmiş olur. İddiaçı işə çıxmamasının səbəbini uzun müddət işəgötürənə bildirməməklə və işəgötürənin onunla rəsmi şəkildə maraqlanmasına münasibət bildirməməklə dürüst və vicdanlı davranmamış, hüquqlarından sui-istifadə etmiş, cavabdehin əmək müqaviləsini ləğv etmək hüququna hörmət bəsləməmiş, cavabdehin hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir. Yuxarıda qeyd olunan səbəblərdən əmək müqaviləsinin ləğv edilməsi prosesi ləngimişdir və mümkün olan ən tez müddətdə müqavilə ləğv edilmişdir. İddiaçı həmçinin bildirmişdir ki, xəbərdarlıq məktubuna əmr əlavə olunmamış, məktubun məzmununda onun hansı əmrə əsasən verildiyi, iddiaçının hansı əmrə əsasən işdən azad olunması və belə əmrin imzalandığı barədə qeyd olunmamışdır. Bununla bağlı bildirilir ki, xəbərdarlıq məktubuna əmrin əlavə olunması və ya xəbərdarlıq məktubunda onun hansı əmrə əsasən verildiyinin yaxud imzalandığının qeyd olunması tələb olunmur. İddiaçının işdən azad edilməsi əmri isə xəbərdarlıq məktubu göndərilərkən deyil, işçinin əmək müqaviləsi ləğv edilərkən tərtib edilir və sonuncu iş günü işçiyə verilir. İddiaçı həmçinin qeyd etmişdir ki, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində öz rəhbərliyindən işçilərin evdən işləməsi ilə bağlı göstərişi əks etdirən e-mail almışdır və xx.xx.2021-ci il tarixinədək işə çıxmaması bununla bağlı olmuşdur. İddiaçının bu dəlili tamamilə yanlışdır. Belə ki, iddiaçının MMC-nin rəhbərliyi tərəfindən onun evdən işləməsi ilə bağlı hər hansı göstəriş verilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli e-maillər iddiaçının nə birbaşa, nə də dolayı rəhbəri tərəfindən verilməmişdir. Lakin həmin e-maillər cavabdeh MMC tərəfindən deyil, "xxxx" MMC-nin iddiaçıya heç bir aidiyyəti olmayan əməkdaşı tərəfindən göndərilmişdir. Eyni zamanda həmin e-maillərin məzmunundan görünür ki, müvafiq e-maillər şəxsən ona ünvanlanmamışdır, qeyd olunan e-maillər "xxxx" MMC və cavabdeh MMC arasında avtomatik kommunikasiya vasitəsidir və iddiaçının e-mail ünvanı ora avtomatik daxil edilmişdir. E-maillər vasitəsilə göndərilən məktublar yalnız ümumi məlumat xarakterlidir və heç bir halda rəsmi göstəriş kimi qəbul oluna bilməz. Belə e-mail işçinin birbaşa rəhbəri tərəfindən göndərilməmişdirsə, belə olan vəziyyətdə iddiaçı ən azından həmin e-maillərin ona həqiqətən aid olub-olmamasını öz rəhbərliyindən dəqiqləşdirməli idi. Lakin belə dəqiqləşdirmələr olmamışdır. Çünki iddiaçı əslində başa düşürdü ki, onun vəzifəsi ixtisar olunduğundan həmin e-maillərin ona heç bir aidiyyəti yoxdur. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli e-maillər iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə alındığından həmin e-maillərin ona heç bir aidiyyəti olmamışdır. Sözügedən e-maillər iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə göndərilmişdir. İddiaçı bilir ki, o bülletendə olarkən ona işlə əlaqədar rəsmi göstərişlər verilə bilməz və onun e-mailinə gələn hər hansı ümumi xarakterli məlumatların ona aidiyyəti yoxdur. Buna baxmayaraq, yenə də həmin göstərişlərin ona aid olub-olmaması ilə heç bir dəqiqləşdirmələr aparmamışdır. İddiaçının vəzifəsi ixtisar olunduğundan həmin e-maillərin ona heç bir aidiyyəti yoxdur. İddiaçı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ona əmək haqqı ödənilməmişdir və buna görə ona həmin müddət üzrə əmək haqqı və gecikdirilmiş günlərə görə faiz ödənməlidir. Hazırki iş üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsiri olmamışdır. Cavabdeh iddiaçının yenidən xəstəlik vərəqəsi təqdim edəcəyini güman edərək, ona həmin müddətlər üçün əmək haqqı ödəməmişdir. Əmək haqqının ödənilməməsində cavabdehin təqsiri olmadığından ödənilməmiş əmək haqqı və gecikdirilmiş günlərə görə faizin ödənilməsi tələbi də təmin edilməməlidir. xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020-xx.xx.2021ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdeh MMC-nin təqsirini təsdiq etmir. Eyni zamanda xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halını inkar etmir və işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə əsaslandırmanı təkzib etmir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020 - xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir. xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsinin digər əsası sırf prosedur pozuntusudur. Əmr ona görə ləğv edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya verilən “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” növündə intizam tənbehi işəgötürən tərəfindən pozuntunun aşkar edildiyi tarixdən (xx.xx.2020-ci il) 1 ay keçənədək deyil, daha gec müddətdə verilmiş, işəgötürən kimi cavabdeh intizam tənbehini vermə müddətini ötürmüşdür. Məhz bu səbəbdən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr xx.xx.2021ci il tarixli B022-T-21 nömrəli əmrlə qüvvədən düşmüş hesab edilmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrdən göründüyü kimi, həmin əmr xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrdə təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasını qanunsuz hesab etməmiş, sadəcə prosedur pozuntusu ilə əlaqədar olaraq əmr qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edilən səbəblərdən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrlə qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı həm son haqq-hesabın ödənməsini, həm də məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini eyni anda tələb edə bilməz. Sözügedən tələblər bir-biri ilə ziddiyyət təşkil edir. Son haqq-hesab yalnız əmək müqaviləsi qanuni və əsaslı ləğv edilərkən ödənilir. Məcburi iş buraxma müddəti üçün əmək haqqı isə işçi qanunsuz işdən çıxarılması ilə əlaqədar yenidən işə bərpa edilərkən məhkəmə tərəfindən təyin edilir. xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr cavabdeh tərəfindən ləğv olunduğu üçün son haqq-hesabın işçiyə verilməsi üçün heç bir əsas qalmamışdır. Son haqq-hesabın hesablanması ilə əlaqədar işçi işdən çıxarkən sonuncu iş günü ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər bütün ödənişlər tam şəkildə ödənilməlidir. Əmək qanunvericiliyinin hər hansı normasında bu ödənişlərin ayrı-ayrı illər üzrə ödənilməsi barədə tələb nəzərdə tutulmamışdır. İddiaçı həmçinin əvvəlki vəzifəsinə bərpa edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbini irəli sürülmüşdür. Bununla əlaqədar bildirilir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr qanuni və əsaslı olduğundan iddiaçı işə bərpa edilməməli və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi də təmin edilməməlidir. Həmçinin iddiaçının işlədiyi ştat vahidi və şöbə ixtisarla əlaqədar artıq mövcud olmadığı üçün onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi faktiki cəhətdən də mümkün deyil. İddiaçı vicdansızcasına davranaraq öz hüquqlarından sui-istifadə etmiş, onlardan cavabdehə ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. İddiaçı bununla bağlı cavabdehə heç bir müraciət etməmişdir. Çünki xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində özü işdən azad edilməkdən yayınmaq məqsədilə işə çıxmamış, xəstəlik vərəqəsini belə işə çıxdığı gün özü təqdim etməli olduğu halda, başqa şəxs vasitəsilə təqdim etmişdir. İddiaçı hal-hazırda ona əmək haqqı ödənməməsini bildirsə də, həmin müddət ərzində əmək haqqı ödənilmədiyini bilə-bilə, bununla bağlı heç vaxt cavabdehə tələb ünvanlamamışdır. Onun tərəfindən əmək haqqının tələb edildiyi dövr ərzində faktiki olaraq heç bir əmək funksiyası icra edilməmişdir. İddiaçı işə gəlmək vəzifəsi ola-ola, bu vəzifəni icra etməyərək kobud şəkildə pozmuşdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16 mart 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 200 manatın iddiaçıdan tutularaq “X1” MMC-nin hesabına ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları və cavabdeh MMC-nin izahı ilə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilərkən xx.xx.2020-ci il tarixli məktubla lazımi qaydada xəbərdarlıq edildiyi, onun iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, doqquz həftə ərzində hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi, cavabdeh MMC tərəfindən müvafiq iş ştatlarının ləğv edilməsi və yeni ştat cədvəlinə uyğun olaraq 4 vəzifə üzrə (marketinq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) iş təklif edilməsi öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Rayon Məhkəməsi, iddiaçının “uzun müddət keçdiyindən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun artıq öz etibarlılığını itirməsi” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, on ildən çox əmək stajı olan işçinin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməli olması nəzərdə tutulmuş, işəgötürən qanunvericiliyin bu tələbinə əməl etmiş, işçinin azı 9 həftə əvvəldən xəbərdar etmiş, qanunvericiliklə xəbərdarlıqdan bu müddət keçdikdən sonra əmək müqaviləsinə həmin gün (9 həftə müddətinin bitdiyi gün) və ya qanunla nəzərdə tutulan üzrlü səbəb halları istisna olmaqla digər müddət (1 ay, 1 il və s.) ərzində xitam verilməli olmasına dair imperativ norma nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən xəbərdarlığı etibarlı hesab etməklə əmək müqaviləsinə xitam verməkdə qanun pozuntusuna yol verməmişdir. Rayon Məhkəməsi, iddiaçının “işəgötürənin ona qarşı qərəzli olması səbəbindən işdən azad edilməsi” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək göstərmişdir ki, həmin dəlilləri əsassız hesab edir. Belə ki, əvvəla, iddiaçı işəgötürən cavabdeh MMC-nin ona qarşı qərəzli olduğundan onu işdən azad etdiyini bildirsə də, qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir ki, bu hüquqla da işəgötürənin qanunvericiliyin tələblərini gözləməklə ştat vahidinin ixtisar olunması əsası ilə işçinin əmək müqaviləsinə xitam verməsi işəgötürənin işçiyə qarşı qərəzli olması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Rayon Məhkəməsi həmçinin, işçinin “xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənilməməsi” barədə dəlillərinə münasibət isə qeyd etmişdir ki, işçi qeyd olunan tarixlərdə işə çıxmamasının əsası kimi “rəhbərliyin göndərdiyi e-mailləri” göstərsə də, iş materiallarından iddiaçının qeyd edilən müddətdə işə çıxmamasının işəgötürən Cavabdeh MMC-nin göstərişi əsasında olması müəyyən olunmur. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, işəgötürən olan cavabdeh MMC olmasına baxmayaraq, işçi onun törəmə şirkəti olan "xxxx" MMC-nin göstərişlərini (e-maillər) rəhbər tutmaqla, qeyd edilən dövrdə işə çıxmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, işçi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işəgötürən MMC-nin hər hansı bir göstərişi, habelə üzrlü səbəb olmadan işə çıxmadığından, həmin dövr üzrə ona əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsindən asılı edilmiş əmək haqqının, habelə buna uyğun son haqq-hesabın hesablanması məsələsi də işəgötürənin mülahizəsindən asılıdır (tərəflər arasında bağlanmış müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür) və bu müddət ərzində onun tərəfindən işçiyə əmək haqqının ödənilməməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış əmək müqaviləsinə zidd hesab oluna bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını səhv tətbiq etmiş, nəticə etibarilə birbirinə tam zidd olan absurd nəticəyə gəlmişdir ki, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli ştat vahidlərinin ixtisarına dair xəbərdarlıq məktubu iddiaçıya rəsmi qaydada ümumiyyətlə cavabdeh MMC tərəfindən göndərilməmiş, həmin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu iddiaçıya "xxxx" MMC-nin (İnsan Resursları departamentinin əməkdaşı) işçisi Samir Amirov tərəfindən (Elektron ünvan ) elektron poçt vasitəsilə göndərilmiş və həmin xəbərdarlıq məktubunda iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi bildirilmişdir. Digər tərəfdən Rayon Məhkəməsi iddiaçının üzrsüz səbəbdən işə çıxmamasını əsaslandırmaq üçün cavabdeh MMC-yə aidiyyəti olmayan "xxxx" MMC-nin işçilərinin göstərişlərini rəhbər tutduğunu göstərsə də, digər tərəfdən həmin "xxxx" MMC-nin işçisi tərəfindən iddiaçıya elektron poçt vasitəsi ilə göndərilən xəbərdarlıq məktubuna əsaslanaraq cavabdeh MMC tərəfindən həyata keçirilmiş ixtisarın guya qanuna uyğun aparıldığını əsaslandırmağa çalışmışdır. Həmin məktubda ümumiyyətlə heç bir əmrə əsaslanma mövcud deyil. İddiaçıya e-mail vasitəsilə göndərilmiş xəbərdarlıq məktubunun hansı əmrə əsasən verildiyi və iddiaçını hansı əmrə əsasən işdən azad edəcəkləri və hətta həmin xəbərdarlıq məktubunun məzmununda da belə əmrin imzalandığı qeyd olunmurdu. İddiaçı ştatının ixtisar edilməsi ilə bağlı qeyd edilən əmrlə ümumiyyətlə tanış edilməmiş və həmin xx.xx.2020-ci il tarixli 001-SR-20 nömrəli əmr cavabdeh tərəfindən yalnız məhkəmə baxışında təqdim edilmişdir ki, bu hal da qanunvericiliyin tələblərinə əsasən ziddir. Cavabdeh MMC iddiaçının ştatının ixtisar edilməsinin zəruriliyini əsaslandıran xx.xx.2020-ci il tarixli 001-SR-20 nömrəli əmrinin iddiaçıya rəsmi qaydada təqdim edilməsi və ya sonuncunu həmin əmrlə tanış edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı lazımi qaydada xəbərdar edilməməsinə baxmayaraq, Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və iddiaçının xəbərdar olunması ilə bağlı səhv qənaətə gəlmişdir. Rayon Məhkəməsi iddiaçının üzrsüz səbəbdən (ofisdən işləmə şəraitində) işə çıxmadığı qənaətə gəlsə də, iddiaçının pandemiya dövründə işə fiziki olaraq çıxmağı üçün cavabdeh icazənin alınması üçün “icazə.e-gov.az” saytına (portalına) müraciət etməməsini nəzərə almamışdır. Rayon Məhkəməsinin iddiaçıya guya boş vakansiyaların göndərilməsi və sonuncunun həmin vakansiyalardan imtina edilməsi ilə bağlı mövqeyi də əsassızdır. Çünki boş iş yerlərinin təklif olunmasına dair bildiriş iddiaçıya cavabdeh MMC tərəfindən deyil, "xxxx" MMC-nin (İnsan Resursları departamentinin əməkdaşı) işçisi Samir Amirov tərəfindən e-mail vasitəsilə məlumat xarakterli olaraq göndərilmişdir. Rayon Məhkəməsi “işçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənilməməsi” barədə dəlilləri nəzərə almadığı kimi xx.xx.2020-ci il tarixli ştat vahidlərinin ixtisarına dair xəbərdarlıq məktubu və boş iş yerlərinin təklif olunmasına dair xx.xx.2020-ci il tarixli bildiriş də məhkəmə tərəfindən nəzərə alınmamalı idi. Belə ki, həmin xx.xx.2020-ci il tarixli ştat vahidlərinin ixtisarında dair xəbərdarlıq məktubu və boş iş yerlərinin təklif olunmasına dair xx.xx.2020-ci il tarixli bildiriş iddiaçıya rəsmi şəkildə poçt vasitəsilə cavabdeh MMC tərəfindən göndərilməmiş, həmin xəbərdarlıq məktubu və boş iş yerlərinin təklif olunmasına dair bildiriş iddiaçıya "xxxx" MMC-nin işçisi Samir Amirov tərəfindən email vasitəsilə göndərilməklə, bildirilmişdir. Qeyd edilənlərə və apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən digər dəlillərinə əsasən, apellyator hesab edir ki, Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

8. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdilər.

9. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə məzmununa uyğun izahat verdi.

10. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməmiş üçüncü şəxs X2 Xidmətinin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1140, xx.xx.2011-ci il tarixli 1140/1 və xx.xx.2013-cü il tarixli 1140/2 №-li "xxxx" əsasən, iddiaçı müvafiq olaraq MMCnin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinə kommutasiya stansiyalarının idarə olunması və nəzarət üzrə mühəndis vəzifəsinə, Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə mühəndis vəzifəsinə, Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə işə təyin edilmişdir, əmək müqaviləsinin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.325,30 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 1 №-li, 2 №-li, 3 №-li 5 №-li, 7 № dəyişikliklərə əsasən, əmək haqqı müvafiq olaraq 1.445,78 manat, 1.619,28 manat, 1.700,24 manat, 1.768,25 manat, 1.778,96 manat müəyyən edilmişdir. 4 №-li Protokola əsasən, işçi xx.xx.2014-cü il tarixdən cavabdeh MMC-nin Texnoloji departamentin Əsas şəbəkə Əməliyyatları şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə, 6 №-li Protokola əsasən, xx.xx.2016-cı il tarixdən MMC-nin İKT Departamentinin Əsas Şəbəkə Əməliyyatları şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə keçirilmişdir.

13. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli “Memorandumundan” görünür ki, İnsan Resursları Komitəsinin xx.xx.2016-cı il tarixində keçirilən iclasında verilən qərarlara əsasən, İnsan Resursları Komitəsi Direktorlar Şurasına sadalanan - şəbəkə texnologiyaları, informasiya texnologiyaları, hüquq, satınalma, dövlət və tənzimləyici işlər, SƏTƏM - funksiyaların kənardan təmini və bütün müvafiq işçilərin öz törəmə şirkəti olan "xxxx" MMC-yə köçürülməsi təsdiq və tövsiyə edilmişdir.

14. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli 859 №-li əmrindən görünür ki, həmin əmr ilə MMC-nin İKT Departamentinin Əsas Şəbəkə Əməliyyatları şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə (1 ştat/vəzifə) ehtiyac olmadığı üçün bu ştat/vəzifənin ləğv edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ixtisar olunması əmr edilmişdir.

15. Nikolai Beckers tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, MMC tərəfindən işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixli 859 №-li əmr verilmişdir, həmin əmrə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq iddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli “Əmək müqavilənin” xx.xx.2017-ci il tarixindən etibarən ləğv edilməsi, 2 ay xəbərdarlıq müddətini gözləmədən "xxxx" xitam verilməsini istədiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə 2 ay əmək haqqını 1 dəfəyə almaq hüququna malik olduğu bildirilmişdir.

16. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli HR/181 №-li əmrindən görünür ki, MMC-nin Texnoloji departamentin Əsas şəbəkə Əməliyyatları şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən iddiaçıya verilmiş xx.xx.2016-cı il tarixli 612 saylı töhmət əmri ləğv edilmişdir.

17. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 186 №-li əmrindən görünür ki, Əmək və Əhalinin Sosial Mühafizəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının müayinəsinə dair verilən sənədə əsasən, iddiaçının öhdəsində İ qrup əlil ailə üzvü (atası) olduğundan və Əmək Məcəlləsinin 79-cu (6) maddəsi əsas tutaraq onun tutduğu vəzifənin/ştatın ixtisar olunması barədə verilmiş xx.xx.2016-cı il tarixli 859 nömrəli əmrin ləğv edilməsi və iddiaçıya verilmiş rəsmi xəbərdarlıq etibarsız sayılmışdır.

18. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 001-SR-20 №-li əmrindən görünür ki, MMC-nin Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis 1 ştat vahidinin ixtisar edilməsi, Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən iddiaçının "xxxx" qanunvericiliyə uyğun olaraq xitam verilməsi, MMC-nin yeni strukturunun təsdiq edilməsi və xx.xx.2020-ci il tarixindən qüvvəyə minməsi əmr edilmişdir. Əmr imzalandığı andan qüvvəyə minmişdir.

19. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli B018-T-21 №-li əmrindən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən xitam verilməsi və MMC-də tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, aidiyyəti idarə tərəfindən qeyd edilmiş işçi ilə son haqq-hesab aparılması və istifadə edilməmiş əsas məzuniyyət günləri üçün 184 manat pul əvəzinin ödənilməsi, hazırki əmrin icrası ilə bağlı işlərin görülməsinin aidiyyəti idarəyə həvalə edilməsi əmr edilmişdir.

20. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli B022-T-21 №-li əmrindən görünür ki, həmin əmrlə iddiaçının işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli B018-T-21 №-li əmrin xx.xx.2021-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir.

21. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli B041-T-21 №-li əmrindən görünür ki, həmin əmrlə iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı "xxxx" xx.xx.2021-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi və MMC-də tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, iddiaçıya orta aylıq əmək haqqını 2 misli miqdarında işdənçıxma müavinətinin bir dəfəyə ödənilməsi, aidiyyəti idarə tərəfindən qeyd edilmiş işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir.

22. “X1” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənilməli olan əmək haqqının məbləği 11.858,98 manat təşkil edir. MMC tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənilməyən aylar üzrə əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 faiz ödənişin məbləği ümumilikdə 25.252,46 manat təşkil edir. MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə iddiaçının "xxxx" xitam verilərkən ona ödənilməli olan son haqqhesabın cəmi (9.689,24 (184 gün məzuniyyət) + 1.116,09 (14 gün ə/h) = 10.805,33 manat təşkil edir. MMC xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr ilə iddiaçının "xxxx" xitam verilərkən ona ödənilməli olan son haqq-hesab məbləği 7.237,73 manat təşkil edir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər olan məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı 936,87 manat məbləğindədir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur (maddə 15.2.). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.).

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 2; hissə 3.). Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir (maddə 11; hissə 1; bənd “ə”.). Əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (maddə 45; hissə 5.). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68; hissə 1.). İşəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi ləğv edilə bilər (maddə 70; bənd "xxxx".). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür (maddə 71.). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır (maddə 77.). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır (maddə 79.1.). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə 83; hissə 2.). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir (maddə 84; hissə 1.). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154; hissə 1.). İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz (maddə 158; hissə 3.).

25. MPM 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Bu əsaslardan biri həmin maddənin "xxxx" bəndində göstərilmiş işçilərinin sayının və ya ştatların ixtisar edilməsi əsasıdır. Normanın tələbindən göründüyü kimi, işçilərin sayı və ya ştatların ixtisar edilməsinin işəgötürənin müstəsna hüququ kimi müəyyən edilmişdir.

27. İş materiallarından müəyyən edilir ki, cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 01/BD/02.2017 saylı qərarına əsasən iddiaçının çalışdığı İnformasiya Kommunikasiya Texnologiyaları Departamentinin əsas əməliyyatlar şöbəsində kommutasiya stansiyasının əsas əməliyyatlar üzrə baş mühəndis vəzifəsi ləğv edilmiş, lakin iddiaçının himayəsində 1ci dərəcəli əlil atasının olması nəzərə alınaraq ona münasibətdə ixtisar təxirə salınmışdır.

28. İş materiallarında olan elektron poçt yazışmalarına (cil İ; iş.v. 47-57) əsasən müəyyən edilir ki, Kadrlar İdarəsi iddiaçıdan uzun müddət işə çıxmadığı barədə izahat istəyir, lakin iddiaçı buna dair hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının bu tələbə dair yeganə arqumenti rəhbərliyin ona işə çıxmasını şifahi şəkildə qadağan etməsi kimi qeyd edilmişdir. Lakin iş materiallarında buna dair hər hansı sübut təqdim edildiyi müəyyən edilmir.

29. İddiaçının çalışdığı MMC-nin rəhbərliyinin ona qarşı qərəzli mövqedə olmasını qeyd etməsinə, bununla bağlı müxtəlif dəlillər gətirməsinə baxmayaraq, iddiaçının bu dəlilləri iş materialları sübuta yetmir.

30. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixinədək olan müddət ərzində: xx.xx.2018-ci il tarixində 17:01-də işə gəlmiş 18:06-də işdən getmiş, xx.xx.2018-ci il tarixində 17:41-də işə gəlmiş və 18:06-də işdən getmiş, xx.xx.2018-ci il tarixində 17:20-də işə gəlmiş və 17:50-də işdən getmiş, xx.xx.2018-ci il tarixində 17:40-də işə gəlmiş və 16:48-də işdən getmişdir.

31. Göründüyü kimi, iddiaçının xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan müddət ərzində cəmi 5 gün ortalama hər gün üçün 1 saat işdə olmasına, başqa günlərdə işə gəlməməsinə, gəlmədiyini rəhbərliyin göstərişi ilə olduğunu sübut edə bilməməsinə baxmayaraq, cavabdeh onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozulması əsası ilə əmək müqaviləsinə xitam verə biləcəyi halda, bunu etməmişdir.

32. İddiaçı ona qarşı qərəzli mövqeni eyni zamanda ona qarşı töhmətin verilməsi ilə ələqələndirmişdir. İddiaçının mövqeyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsində onun günahı olmamış lakin ona əsassız olaraq töhmət verilmişdir.

33. Məhkəmə bu arqumentlə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan İXP 293847 saylı “İnzibati Xəta haqqında qərardan” görünür ki, iddiaçı 50 manat məbləğində cərimə olunmuşdur. Cərimənin əsası kimi İnzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsi qeyd edilmişdir. Həmin maddədə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən hadisədə təqsirinin olması sübuta yetir.

34. Digər tərəfdən iddiaçıya hadisədən üç ay keçdikdən sonra töhmət verilməsi hissəsində Məhkəmə iddiaçının bu dəlili ilə razılaşır və qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən hadisədən bir ay keçdikdən sonra iddiaçıya töhmət verilə bilməzdi.

35. Lakin Məhkəmə iddiaçıya töhmət verilməsini qərəzli hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ona verilmiş töhmətdən narazı qalmasını cavabdeh MMC-nin rəhbərliyinə bildikdən sonra cavabdeh MMC öz qərarı ilə iddiaçıya verilmiş töhmət barəsində əmri ləğv etmişdir. Bu da bir daha sübut edir ki, töhmət verilməsində qərəz olmamışdır.

36. İddiaçıya ünvanlanmış CEO 23070 saylı xx.xx.2019-cu il tarixli məktubdan göründüyü kimi, cavabdeh MMC iddiaçıya 2 ayrı-ayrı vəzifə təklif etmişdir, lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır.

37. Beləliklə, iddiaçının çalışdığı ştat vahidi ləğv edildiyi üçün onun işə çıxması mümkün olmamışdır. Lakin iddiaçı cavabdehin çıxılmaz vəziyyətdə olmasıdan sui-istifadə edərək nə işə çıxmış, nə də ki ona təklif edilmiş vəzifələrə keçmək istəmişdir. Bununla yanaşı həmin dövr üçün əmək haqqı tələb etmişdir. Halbuki iddiaçının özü belə etiraf edir ki, həmin dövr üçün onun əmək fəaliyyəti olmamışdır.

38. Göstərilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı yaranmış vəziyyətdən, yəni ştatın faktiki olaraq ləğv edilməsi və işəgötürənin onunla əmək müqaviləsinə xitam vermək imkanının qanunla məhdudlaşdırılmasından sui-istifadə halına yol vermişdir.

39. Məhkəmə qeyd edir ki, iddiaçı 2018-ci ilin iyun ayından faktiki olaraq işə başlamışdır. Belə olan halda tərəflər arasında mübahisə olmuş olsa belə, iddiaçının faktiki işə başlaması tərəflər arasında bütün mübahisələrin həll edildiyini təstiq edir.

40. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 001-SR-20 saylı əmrinin 5-ci bəndində əmrin aidiyyəti şəxslərin nəzərinə çatdırılması və əmrdən irəli gələn işlərin görülməsini İnsan resursları İdarəsinə tapşırması mümkün deyildi. Çünki həmin vaxt artıq İnsan resursları İdarəsinin fəaliyyəti "xxxx" MMCyə köçürülmüşdür. Lakin iddiaçı cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi Memorandumun qoşma hissəsində ştat cədvəlində ixtisardan əvvəlki xx.xx.2019-cu il tarixli və sonrakı xx.xx.2020-ci il tarixli korporativ strukturunda insan resursları göstərilmədiyinə əsaslanır və qeyd edir ki, cavabdeh MMC-nin insan resurslarının fəaliyyətinin birbaşa "xxxx" MMC-yə həvalə edilməsini pozuntu kimi qəbul etmişdir.

41. Buna dair qeyd edilməlidir ki, hüquqi şəxsin daxili ştat cədvəli və hər hansı xidmətlərin digər (kənar) hüquqi və ya fiziki şəxslər tərəfindən ona göstərilməsi mümkündür, burada hər hansı pozuntu yoxdur. Bundan əlavə cavabdehin əmrində əmrin aidiyyəti şəxslərin nəzərinə çatdırılması və əmrdən irəli gələn işlərin görülməsini insan resursları idarəsinə tapşırması və həmin zaman insan resursları idarəsinin onun srtukturuna daxil olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Çünki əmək qanunvericiliyi bu növ əmrlərin kim tərəfindən icra edilməsi ilə bağlı imperativ qayda müəyyən etməmişdir. Eyni zamanda əmək qanunvericiliyində insan resursları idarəsinin (şöbəsinin, departamentinin) hüquqi şəxsin tərkibində olub-olmamasının imperativliyi təsbit edilməmişdir. Hər bir hüquqi şəxs öz tələbatlarından çıxış edərək müəyyən struktur, idarə, şöbə, departament yaradıb-yaratmamaq hüququna malikdir.

42. Digər tərəfdən iddiaçı qeyd edir ki, sözügedən əmrdə ona xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılacağı barədə məlumatı olmamışdır.

43. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 77-ci Maddəsinin 2-ci bəndində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları qeyd edilmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Sözügedən maddə işçinin hüquqlarını təmin edir, daha dəqiq bu qanunla müəyyən edilmiş bir hüquqdur və işəgötürənin razılığını tələb etmir. Eyni zamanda normanın tələbində həftənin hansı günü işçinin işdən azad edilməsi qeyd edilməmişdir. Çünki bu işçinin subyektiv hüququdur və seçimi işçi etməlidir, işçi həftə ərzində özünə uyğun olan bir gün seçməli və işəgötürənə müraciət edərək həmin günü onu işdən azad etməsini xahiş etməlidir. İşəgötürən işçiyə qanunla müəyyən edilmiş imkanı yaratmasa idi o zaman məsuliyyət onun üzərinə düşərdi. Lakin işin hallarından göründüyü kimi, işçi bu tələblə bağlı işəgötürənə müraciət etməmişdir.

44. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsi vətəndaşların vəzifələrinin əsasını qeyd edərək vurğulayır ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Odur ki, iddiaçının özünün qanunla müəyyən edilmiş hüququndan istifadə etməməsi cavabdeh üçün məsuliyyət yarada bilməz.

45. İddiaçıya ünvanlanmış və yuxarıda qeyd edilən məktubdan göründüyü kimi, MMC iddiaçıya 2 ayrı-ayrı vəzifə təklif etmişdir, lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır. İddiaçının apellyasiya şikayətində qeyd edilir ki, iddiaçıya təklif cavabdeh MMC tərəfindən yox "xxxx" MMC tərəfindən göndərilmişdir. Bu dəlilə dair Məhkəmənin mövqeyi yuxarıda qeyd edilmişdir. Hüquqi şəxs istənilən hüquqi və fiziki şəxslə xidmətlərin göstərilməsinə dair müqavilə bağlaya bilər. Bunlar eyni zamanda cavabdeh MMC-nin "xxxx" MMC ilə olan münasibətlərinə şamil olunur. Digər tərəfdən iddiaçının iş təklifinin real olub-olmamasına dair cavabdehə sorğulaması və cavabdehin ona bunun sadəcə konkursa qatılmaq üçün bir məlumat olduğunu söyləməsi iş materiallarında öz əksini tapmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya iki vəzifəyə dair iş təklifi göndərilmiş lakin iddiaçı onlardan imtina etmişdir.

46. Bundan başqa iddiaçı qeyd edir ki, xx.xx.2021-ci il tarixli B018-T-21 saylı əmr ona cavabdeh MMC tərəfindən yox "xxxx" MMC tərəfindən göndərilmişdir. Beləliklə iddiaçı bildiriş aldığını etiraf edir, sadəcə onun başqa hüquqi şəxs tərəfindən göndərilməsinin əsassız olduğunu vurğulayır. Eyniliklə Məhkəmə əvvəlki mövqeyinə əsaslanaraq qeyd edir ki, hər bir hüquqi şəxs müəyyən işlərin (xidmətlərin) görülməsi üçün öz mülahizəsinə uyğun olaraq istənilən hüquqi və fiziki şəxslə müqavilə bağlamaq hüququna malikdir. Bu hissəyə dair Məhkəmə tərəfindən araşdırma aparılmış və məhkəmə baxışı zamanı cavabdeh MMC-nin nümayəndəsi "xxxx" MMC ilə cavabdeh MMC arasında insan resursları sahəsində xidmət göstərilməsinə dair razılaşmanın olduğunun təstiqləmişdir.

47. İddiaçının dəlillərindən biri də ondan ibarətdir ki, cavabdeh MMC tərəfində iddiaçının işə çıxması barədə xx.xx.2021 tarixli 310375 qaimə və xx.xx.2021-ci il tarixli akt olmuşdur. İddiaçı həmin sübutlara dair etirazını onunla əsaslandırır ki, iddiaçının ünvanına kuryer gəlməmiş və belə bir məktub gətirməmişdir. Lakin iddiaçı qeyd edilənlərə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan (cild İ; iş v. 35) iddiaçının "xxxx" 12-ci bəndində “Tərəflərin Rekvizitləri” hissəsində iddiaçının ünvanı ünvan 1 edilmişdir. İş materiallarında olan qəbzlərdən və aktdan (cil İ; iş v. 225-228) görünür ki, iddiaçıya ünvanlanmış məktublar həmin ünvan üzrə göndərilmişdir. 48 Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları göstərilmişdir. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən edilmiş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Belə olan halda məhkəmə iddiaçının əmək müqaviləsinin 12-ci bəndində “Tərəflərin Rekvizitləri” hissəsində olan ünvanına cavabdeh tərəfindən rəsmi xəbərdarlığın (bildirişin) göndərilməsini əsaslı hesab edir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsi rəsmi xəbərdarlığın göndərilməsi vəzifəsini işəgötürənin üzərinə qoymuşdur, onun çatdırılıb-çatdırılmasını, işçi tərəfindən alınıb-alınmamasına görə işəgötürən cavabdehlik daşıya bilməz, çünki bu işçinin subyektiv hüququdur, birinə məxsus subyektiv hüquq digəri üçün məsuliyyətə səbəb ola bilməz.

49. Bundan başqa Məhkəmə, işçinin “xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənilməməsi” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, işçi qeyd olunan tarixlərdə işə çıxmamasının əsası kimi “rəhbərliyin göndərdiyi e-mailləri” göstərsə də, iş materiallarından iddiaçının qeyd edilən müddətdə işə çıxmamasının işəgötürən olan cavbadeh MMC-nin göstərişi əsasında olması müəyyən olunmur.

50. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, işəgötürən olan cvabadeh MMC olmasına baxmayaraq, iddiaçı tərəfindən "xxxx" MMC-nin onun törəmə şirkəti olmasını qeyd edir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən "xxxx" MMC müstəqil hüquqi şəxsdir və cavabdeh MMC-nin törəmə şirkəti deyil. Belə olan halda iddiaçının "xxxx" MMC-nin göstərişlərini (e-maillər) rəhbər tutmaqla, qeyd edilən dövrdə işə çıxmamasının heç bir hüquqi əsas olmamışdır.

51. Məhkəmə həmçinin hesab edir ki, işçi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işəgötürən olan cavabdeh MMC-nin hər hansı bir göstərişi, habelə üzrlü səbəb olmadan işə çıxmadığından, həmin dövr üzrə ona əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsindən asılı edilmiş əmək haqqının, habelə buna uyğun son haqq-hesabın hesablanması məsələsi də işəgötürənin mülahizəsindən asılıdır (tərəflər arasında bağlanmış müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür) və bu müddət ərzində onun tərəfindən işçiyə əmək haqqının ödənilməməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış əmək müqaviləsinə zidd hesab oluna bilməz.

52. Beləliklə, Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. İddiaçının ona edilmiş xəbərdarlığın etibarsız olması və ona qarşı işəgötürən tərəfindən qərəzə yol verilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir.

53. İddiaçının iddia tələbinin əsassız olmasını nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi “X1” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyi sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Çünki həmin rəydə göstərilənlər işin müəyyən edilmiş halları ilə inkar olunur. g) apelyasiya baxışının nəticəsi

54. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi faktlar nöqtəyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

56. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar